Tərtər: insana zövq verir görülən işlər

 

Tərtər gözəldir - təbiəti də, havası da, suyu da. Murovun ətəklərinə sığınmış Tərtər çayının sahili boyu uzanan qənirsiz mənzərələrdən doymaq olmur. Böyük şairimiz Səməd Vurğun demişkən, təbiət quranda... onu sığallamış qüdrətin əli. Əbəs yerə Tərtərə "kiçik İsveçrə" demirlər ki...

 

Buna, necə deyərlər, sözümüz yoxdur. Ancaq biz burada daha çox insan əli, insan əzəməti, insan zəkası ilə yaradılan gözəlliklərdən danışacağıq. Doğrudan da, bəlkə heç bir yerdə təbiətin yaratdığı əzəli gözəlliklə insan əlinin yaratdığı gözəllik bu qədər uyuşmur, bir-birini tamamlamır, bu qədər vəhdət təşkil etmir. Hər ağaca, hər çiçəyə həssas münasibət, yüksək zövq, milli elementlər və müasirlik binadan gözəl olan bu yerləri bir az da gözəlləşdirib.

Bu günlər Bərdə tərəfdən Tərtərə gələn hər kəsin qəlbini xoş bir duyğu, maraq və heyrət hissi bürüyur. Onları başa düşmək çətin deyil. Elə bil ki, şəhər öz müsafirlərini qarşılamağa tələsir, onlara doğru addımlayır. Asfalt yol bir az da genişləndirilmiş, yollar boyunca ağac və gül kolları əkilmiş, istirahət zonası, bulaq və şəlalə kompleksləri yaradılmış, giriş qapısı quraşdırılmışdır. Bir sözlə, şəhər bu istiqamətdə - Tərtər boyunca xeyli irəliləmiş, böyümüşdür.

Bizcə, bu simvolik xarakter daşıyır və son illər, ümumiyyətlə, Tərtərdə həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərini, bütün sahələri əhatə edən dinamik inkişafı çox gözəl əks etdirir.

Mart ayının 2-də Tərtərdə 2010-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bütün bunlar barədə ətraflı danışılmışdır.

Məruzədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə bölgəsi olan Tərtər rayonuna diqqət və qayğısı nəticəsində əvvəlki illərdə görülən işlər 2010-cu ildə də uğurla davam etdirmiş, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası təmin olunmuşdur.

Dövlət Proqramında rayon üçün nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində burada infrastruktur daha da inkişaf etmiş, bir sıra sosial-iqtisadi problemlər həll edilmiş, iqtisadiyyatın daha sürətlə inkişaf etməsinə münbit şərait yaradılmışdır.

Hesabat dövründə rayonda 95,4 milyon manat dəyərində ümumi məhsul, 2,9 milyon manat dəyərində sənaye, 53,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, əsas kapitala 8,8 milyon manat investisiya yönəldilmiş, nəqliyyat setkorunda 414 min ton yük daşınmış, 342,4 min manat rabitə xidməti göstərilmiş, əhaliyə 88,9 milyon manat dəyərində mallar satılmış, 16,2 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. Əvvəlki ilə nisbətən ümumi məhsul buraxılışının həcmi 20,3 faiz, sənaye məhsulunun həcmi 5,5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 7,3 faiz, əsas kapitala yönəldilən investisiyalar 8,7 dəfə artmışdır. Göstərilən müddətdə əmək haqqı 2,1 faiz artaraq 147,9 manat təşkil etmişdir.

Tərtər əsasən aqrar rayondur. Ona görə də iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Ötən il 30389 hektar sahədə müxtəlif növ kənd təsərrüfatı bitkiləri, o cümlədən 13530 hektarda buğda, 3127 hektarda arpa, 191 hektarda dən üçün qarğıdalı, 1209 hektarda pambıq, 379 hektarda şəkər çuğunduru və s. əkilmişdir.

"Aqrolizinq" yolu ilə mülkiyyətçilərə 2011 ton azot və 69 ton fosfor gübrəsi güzəştli qiymətlərlə satılmış, rayona əlavə 8 ədəd SK-5 taxılbiçən kombayn alınmışdır.

Son illər toxumçuluğun inkişaf etdirilməsi sahəsində görülmüş tədbirlər öz bəhrəsini verməkdədir. Bu baxımdan Tərtər Bölgə Təcrübə Stansiyasında 229 ton, özəl toxumçuluq təsərrüfatlarında isə 1000 tondan çox yüksək keyfiyyətli taxıl toxumu istehsal edilərək mülkiyyətçilərə satılmışdır.

11373 mülkiyyətçiyə 1 milyon 641 min manat kompensasiya ödənilmiş, 11888 hektar buğda əkininə görə 3245 istehsalçıya 475524 manat yardım verilməsi isə bu günlərdə təmin ediləcəkdir.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2010-cu ildə 30789,5 ton buğda, 6215,8 ton arpa, 1824 ton pambıq, 15774,5 ton şəkər çuğunduru və s. istehsal olunmuşdur ki, bu da Dövlət Proqramı üzrə tədbirlərdə nəzərdə tutulmuş göstəricilərə uyğundur.

Hesabat dövründə heyvandarlığın inkişaf etdirilməsi, onun cins tərkibinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Rayonda gündəlik emal gücü 10 ton olan süd zavodunun tikintisi başa çatmış, Borsunlu kəndi ərazisində 80 min başlıq quşçuluq fabrikinin tikintisinə başlanılmışdır. Hazırda rayonda 24243 baş mal-qara, 67807 baş qoyun, 241390 baş quş, 1501 arı ailəsi var.

2010-cu ildə 2071,2 ton diri çəkidə ət, 12030,4 ton süd, 5670 min ədəd yumurta və 104 ton yun istehsal edilmişdir. Ötən illə müqayisədə 373 ton diri çəkidə ət, 729 ton süd, 110 min ədəd yumurta və 400 kq çox yun istehsal olunmuşdur.

Respublika Nazirlər Kabinetinin iclasında ölkə Prezidentinin göstərdiyi kimi, iri təsərrüfatların yaradılması sahəsində işlər gücləndirilməlidir. Bu sahədə həyata keçirilmiş tədbirlər nəticəsində Qızıloba və Şıxarx kəndlərində könüllülük əsasında xırda təsərrüfatların birləşdirilməsi nəticəsində 4 min hektardan çox torpaq sahələrində əkin aparılmış, keçən ilin yekunlarına görə bu təsərrüfatlarda orta rayon səviyyəsindən yüksək məhsuldarlıq əldə edilmişdir. Bu təcrübə genişləndirilməlidir.

Son illər həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri hesabat dövründə də davam etdirilmişdir. Məsələn, il ərzində rayonun tikinti təşkilatları tərəfindən 12,7 milyon manat həcmində tikinti quraşdırma işləri aparılmışdır ki, bunun 8,6 milyon manatı və ya 67,6 faizi dövlət tikinti müəssisələri, 4,1 milyon manatı və ya 32,4 faizi qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 2009-cu illə müqayisədə 2,3 dəfə artmışdır.

Rayonda müasir tələblərə cavab verən qum-çınqıl karxanası, ANAMA-nın Təlim Tədris mərkəzi, 220 şagird yerlik Savcalı kənd orta və 80 şagird yerlik Azad Qaraqoyunlu kənd ibtidai məktəbləri, Sarov kəndində təhlükəsiz oyun meydançası tikilmiş, avtovağzal kompleksinin və gündəlik gücü 10 ton olan süd emalı zavodunun, onlarla ticarət və xidmət obyektlərinin inşası başa çatdırılmış, motel kompleksinin və onlarla digər obeyktlərin tikinitisi isə davam etdirilir.

Təzə körpüdən Bərdə istiqamətində 2 km-ə yaxın məsafədə yolun hər iki tərəfində dərin yarğanlar doldurulmuş, əraziyə münbit torpaq verilmiş, on minlərlə bəzək ağacları və qızıl gül kolları əkilmişdir. Yolun hər iki tərəfində 2 km məsafədə yaşıllıq sahəsi yaradılmışdır.

Tərtər - Bərdə magistral avtomobil yolunun 3-cü km-də əzəmətli giriş qapısı quraşdırılmışdır.

Heydər Əliyev xiyabanı, şəhərin mərkəzi meydanı yenidən qurulmuş, əraziyə 6750 kv.metr müasir üzlük daşı döşənmiş, mərkəzi meydandakı fontan təmir edilmiş, müasir işıqlandırma sistemi yaradılmışdır.

"Ekologiya ili" ilə əlaqədar ötən dövrdə rayonda 284,6 min, o cümlədən magistral avtomobil yollarının kənarlarında 210,9 min ağac, 98 mindən çox gül kolları əkilmişdir. Hazırda ağac əkini davam etdirilir.

Hesabat dövründə əhalinin elektrik enerjisi, təbii qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchiz edilməsi üçün 2010-cu ildə 110/35/6 kv-luq Tərtər yarımstansiyasında 10 MVA gücündə 10/6 kv-luq transformator quraşdırılmışdır. Transformatorların 28 ədədi əsaslı, 111 ədədi cari, hava xətlərinin 28,65 kilometri əsaslı, 10,3 kilometri cari təmir edilmişdir. Ötən il şəbəkədə 88 min manat, o cümlədən qaçqın və məcburi köçkünlərə xidmət edən şəbəkədə 4,8 min manat dəyərində əsaslı və cari təmir işləri görülmüşdür. 2010-cu ildə istehlakçılara satılmış enerjinin dəyəri 100 faiz ödənilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Tərtər çayının sağ sahilində yerləşən kəndlərin qazlaşdırılması üçün Azad Qaraqoyunlu kəndi ərazisində qazpaylayıcı stansiya quraşdırılmış, 15 kilometr magistral qaz kəməri çəkilmişdir.

Bundan başqa, şəhərin müxtəlif küçələrində çürümə gedən və qaz sızması aşkar olan kəmərlər yenisi ilə əvəz edilmiş, 75 yaşayış evinə, "N" saylı hərbi hissəyə təbii qaz verilmişdir.

Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, il ərzində rayonda qəza baş verməmiş, abonentlərin sayının 78 ədəd artmasına baxmayaraq, istehlak edilmiş qazın həcmi 15,8 faiz azalmışdır. İl ərzində əhalinin istehlak etdiyi qazın dəyəri 92,7 faiz ödənilmişdir.

Təhsil, səhiyyə və mədəniyyət məsələləri də diqqət mərkəzində olmuş, onların maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Savcalı kəndində 220 yerlik orta və Azad Qaraqoyunlu kəndində 80 yerlik ibtidai məktəb binaları tikilib istifadəyə verilmiş, abadlıq işləri aparılmışdır. Bununla yanaşı, yerli büdcə vəsaiti hesabına Qarağacı kənd orta və Qaynaq kənd əsas məktəbləri əsaslı, şəhər 3 saylı əsas, Hüsənli kənd orta, Kovdadıq kənd ibtidai, məktəbəqədər iş mərkəzi cari təmir edilmişdir. Rayon mərkəzində yerləşən 4 uşaq bağçası əsaslı təmir edilmiş, binaların həyətlərində və ətrafında abadlıq işləri aparılmışdır.

Təhsil şöbəsi, 1, 2, 5, 6 saylı şəhər, Qaradağlı, Hacıqərvənd, 2 saylı Savcalı, Ələsgərli, Qarağacı kənd orta və 3 saylı şəhər əsas məktəbləri internet şəbəkəsisnə qoyulmuşdur.

Məzunlardan 369 nəfəri respublikanın müxtəlif ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 100 nəfəri və ya 2009-cu ilə nisbətən 49,3 faiz çoxu ali məktəblərə, 23 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Şagirdlərin 7 nəfəri C.Naxçıvanski adına hərbi liseyə qəbul edilmişdir. Məzunlardan 3 nəfəri 600-dən, 21 nəfəri isə 500-dən çox bal toplamışdır.

Rayonun tarixində ilk dəfə olaraq məzunlar Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına, Volqoqrad Biznes Universitetinə daxil olmuşlar.

Hesabat dövründə rayon icra hakimiyyəti və onun yerli strukturlarının iş üslub və metodları, təşkilat-idarəetmə məsələləri daha da təkmilləşdirilmiş, insan amili, vətəndaşların ərizə və müraciətlərinə baxılması diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə "Yeni Tərtər" qəzetində rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi vahidləri üzrə nümayəndələrin qəbul vaxtları dərc edilərək əhaliyə çatdırılmışdır.

Ümumiyyətlə, il ərzində icra hakimiyyəti başçısı aparatında 6522 nəfər, o cümlədən rayon icra hakimiyyəti başçısı tərəfindən 1860 nəfər vətəndaş qəbul edilmişdir. Hər həftə yerlərdə keçirilən səyyar qəbul-görüşləri ardıcıl olaraq davam etdirilmişdir.

İcra hakimiyyəti başçısının yerlərdə 46 qəbul-görüşləri keçirilmiş, bu qəbul görüşlərdə 10118 nəfər iştirak etmiş, 431 nəfər vətəndaşın müraciətləri dinlənilərək yerində həll edilmişdir. Nəticədə rayon icra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlər 51 ədəd və ya 8,4 faiz azalmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rafil Hüseynov və Milli Məclisin deputatı Sahib Alıyev yığıncaqda çıxış etmişlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 12 mart.- S. 5.