Xətai rayonu: tarixi "Qara şəhər" "Ağ
şəhər"ə
çevrilir
Bakımızın
inkişafı davam edir, şəhərimiz gözəlləşir,
abadlaşır. Hazırda yeni böyük layihə icra edilməyə
başlanmışdır - "Ağşəhər"
layihəsi. Bu layihənin də çox böyük rəmzi
mənası vardır. Çünki tarixi "Qaraşəhər"
adlandırılan ərazidə yeni inkişaf layihəsi təqdim
edilibdir. Beynəlxalq sərgilərdə "Ağşəhər"
layihəsi təqdim olunur. Bu layihə kiçik bir şəhərə
bərabər inkişaf layihəsi olacaqdır. Yəni, əslində
Bakının içində ekoloji cəhətdən ən
yararsız yerlərdə, neftlə, neft tullantıları ilə
çirklənmiş ərazidə müasir, ekoloji təmiz,
gözəl yeni bir tikinti layihəsi icra ediləcəkdir.
Orada
yaşayış, ofis binaları, ticarət mərkəzləri,
istirahət parkları tikiləcək, dənizə
çıxışı olacaq yeni bulvar salınacaqdır...
"Ağşəhər"
layihəsinin icrası, mən hesab edirəm ki, şəhərimizin,
ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü
kimi də dünya şəhərləri xəritəsində
öz yerini tutacaqdır"... Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin
paytaxtı və şəhərətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafına dair keçirilən
müşavirədə dövlət
başçısının dediyi bu fikirlər Xətai
rayonunda böyük ruh yüksəkliyi və dərin sevinc
hissi ilə qarşılanmışdır. Çünki
haqqında söhbət gedən "Ağşəhər"
layihəsi məhz Xətai rayonunun ərazisində gerçəkləşəcəkdir.
Daha doğrusu, Xətai rayonu Azərbaycan paytaxtının ən
gözəl, cazibədar guşəsinə çevriləcəkdir.
Bu
barədə Xətai Rayon İcra Hakimiyyətində
keçirilən müşavirədə geniş və əhatəli
söhbət açıldı. Bakının və şəhərətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar
müşavirədə Prezident İlham Əliyevin giriş və
yekun nitqlərində irəli sürülmüş tələblərlə
əlaqədar Xətai rayonu qarşısında duran vəzifələr
barədə məruzə edən RİH
başçısı Razim Məmmədov bildirdi ki, son illərdə
ölkəmizin hər yerində gedən quruculuq və
abadlıq işlərinin dinamik inkişafı bəhrələrini
xətaililər də öz gündəlik həyatlarında
görür və hiss edirlər. Böyük qürur hissi ilə
demək olar ki, ölkəmizin paytaxtı bu gün,
sözün əsl mənasında, dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrilmişdir. Bu işdə Xətai rayonu sakinlərinin
də danılmaz zəhmət payı vardır. Son illərdə
rayonumuzda genişmiqyaslı abadlıq-quruculuq işləri
uğurla aparılmış, bir sıra infrastruktur layihələri
həyata keçirilmişdir. Bunları hamımız bilirik.
Bu gün əsas diqqəti problemlərimizə, görüləsi
işlərə, qarşıda duran vəzifələrə
yönəltməliyik. Bakı Şəhər İcra Hakimiyyətində
keçirilən müşavirədə möhtərəm
Prezidentimizin proqram xarakterli geniş nitqində
qaldırdığı məsələlərin bir çoxu
bizim rayona aiddir və birgə səyimizlə onlar öz həllini
tapmalıdır.
Rayon
icra hakimiyyətinin başçısı R.Məmmədovun məruzəsində,
habelə müzakirələrdə iştirak edən RİH
başçısının Əhmədli qəsəbəsi
üzrə nümayəndəsi Füzuli Ələsgərovun,
Xətai Rayon Bələdiyyəsinin sədri Ədalət Fərəcovun,
rayon elektrik enerjisi satışı və təchizatı idarəsinin
rəisi Nemət Qasımovun və başqalarının
çıxışlarında qeyd olundu ki, rayonda elektrik
enerjisi, qaz, su və istilik təchizatının
yaxşılaşdırılmasına, yeni kanalizasiya xətlərinin
çəkilməsinə, bir sıra yaşayış
binalarının zirzəmilərində kommunikasiya sisteminin dəyişdirilməsinə,
küçə və xiyabanların
işıqlandırılmasına, təhsil və səhiyyə
müəssisələrinin, mədəniyyət obyektlərinin,
bəzi yolların və prospektlərin əsaslı təmirinə
ciddi ehtiyac var. Rayonun Əhmədli qəsəbəsində bu
məsələlərin həlli xüsusilə kəskin
şəkildə durur. Müşavirədə həmçinin
müasir istixanaların, quşçuluq fabriklərinin
yaradılması, zeytunçuluğun inkişafı, xüsusən
evlərin qeydiyyata alınmasında şəffaflığın
təmin olunması məsələlərinə də diqqət
ayrıldı.
Sonda
belə bir inam ifadə olundu ki, Xətai rayonu Bakı Şəhər
İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə keçirilən müşavirədə irəli
sürülən vəzifələrin həyata keçirilməsində
fəal iştirak edəcək, doğma
paytaxtımızın daha da gözəlləşməsinə
layiqli töhfəsini verəcəkdir.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 12 mart.- S. 5.