Boz ay bozara-bozara keçər

 

Yurdumuzun uluları-əcdadlarımız təbiətin qoynunda yaşayıb, onunla həmsöhbət olublar. Göy gurultusunu, ildırımın çaxmasını, tufanın qopmasını, yağışı, dumanı, çəni-çiskini, küləyi öz gözləri ilə görüb, yazın dirilən, canlanan çağında ağacların çiçəklənməsini, yarpaqlanmasını, quşların gəlməsini, leysan yağışlarını, daşqınları, yayında quru və isti havaların başlanmasını, mer-meyvənin yetişməsini, payızında köçəri quşların uçub getməsini, qayıtmasını, qışında quşbaşı qar tökməsini, şaxtalı-çovğunlu günlərin başlanmasını müşahidə etmişlər.

 

Zaman ötüb keçdikcə onlar həyat uğrunda, yaşamaq uğrunda daima inamla çarpışıb, yeni-yeni yollar arayıb tapıblar, ona möcüzə kimi gələn təbiət hadisələrini, sirli-sehrli görünən cisimləri, beləcə ruzigarın hər gərdişini açmaq, aydınlaşdırmaq üçün cürbəcür tədbirlərə əl atmışlar, onu əhatə edən mühiti öyrənməyə, bilməyə çalışmışlar. Qışın şaxtasında, çovğununda yaz arzulamış, quraqlığında yağmur, yağmurunda Günəşin çıxmasını. Təbiəti özünə ram etməyə, onda olanları dəyişməyə, olmayanları yaratmağa can atmışlar.

Beləliklə, Azərbaycanın qədimdən qədim sakinləri çoxəsrlik müşahidələrindən, zəngin həyat və təsərrüfat təcrübələrindən, inam və etiqadlarından doğan xalq təqvimlərini yaratmışlar.

Azərbaycan xalq təqviminə görə qış fəslinin axırıncı ayı boz ay (a l a ç a l p o v) adlanır. Kiçik çillənin qurtardığı vaxtdan - fevralın 21/22-dən Novruza qədər davam edir və hərəsi bir həftə çəkməklə dörd ç i l l ə b e ç ə y ə bölünür. El-obada bu müddət boz çillə, ala çillə, ağlar-gülər ayı adları ilə də tanınır.

İndi ki, söz boz aydan düşdü, qoy onda bu müddətdə havanın qəfil dəyişməsinə, gündə neçə cildə girməsinə aid geniş yayılmış bir el deyimi barədə məlumat verək: Çox qədim zamanlarda insanlar ay haqq-hesabını bilmirdilər, elə ona görə də günü-günə, ayı-aya qarışdırırdılar. Belə çaşbaşlıq insanları bu qənaətə gətirdi ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə, hər aydan bir gün götürüb boz ayın günlərinə əlavə edirlər. Görürlər ki, bunda da haqsızlıq baş verdi; hər ayın 31 günü, boz ayın isə cəmi 25 günü oldu. Onda yenidən aylara müraciət edirlər ki, hərəniz 1 gün də verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır, nəhayət, biri 1, digəri 2, fevral isə hətta 3 gününü verir. Beləliklə, boz ay olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün biri o birisinə oxşamır. Boz ayda havalar tez-tez dəyişir, yamaclar bozarır, dağların yaxası dumana bürünür, şimşəyin gurultusu eşidilir, yağış yağır. Bir neçə gün çovğun, qasırğa olur. O biri gün bir də gördün hava açılır, gün çıxır, isti düşür. Heç bilmirsən, sabah hava necə olacaq - günəşlimi, yoxsa küləkli-yağışlımı, qarlı-çovğunlumu. Bir sözlə, boz ayda təbiətin sərtliyi də olur, həlimliyi də.

Həmin müddət ərzində hava tez-tez bozardığından, tutqun, günəşsiz günlərin sayı çox olduğundan bu dövr xalq təqvimində boz ay adlanır. Boz ay - aldadıcı mart ayı bax belədir. Bu vaxtlar havadan etibar gözləmə. Əbəs yerə deyil ki, xalq bu aya öz münasibətini, "Boz ay öz boz sifətini göstərir" və yaxud "Boz ay bozara-bozara keçər" şəklində ifadə edir. Burada da yəqin ki, daha çox onun sərtliyi nəzərdə tutulub.

Xalq arasında bu müddətdə, yəni ala çalponun son həftəsi ilə yazın birinci həftəsində əsən quru soyuq, şiddətli küləklərə "Xıdır Nəbi küləyi" deyilir. Adətən, həmin küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başladığından ona bəzi hallarda lpuçur yeli" də deyilir.

Azərbaycan xalq təqvimində boz ay döl ayı kimi də tanınır. "Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayıdı", - deyimi bununla bağlıdır. Bu ayda qoyunlar quzulayar, quzular mələyər, ata-babalarımız nahaq yerə deməyiblər ki, "Döl düşdü, bərəkətdən göl düşdü". Bir də belə vaxtda deyərlər ki, "Quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər".

Keçmişlərdə dölün başlanması çobanların sevincinə səbəb olurdu. Uğurlu quzu almaq onlar üçün böyük bayram idi. Bu münasibətlə keçirilən şənliyə qonum-qonşu dəvət olunardı. Xalq etiqadına görə, hər kəs belə şənlik təşkil etməzdisə, onda döl bərəkətli olmazdı.

Dölün uğurlu keçməsi ilə bağlı bir sıra inam və mərasimlər keçirilərdi: qovut hazırlayar, kətəməz və sulux bişirərlər. Qonum-qonşuya bulama payı göndərərlər. Döl vaxtı evin ayağı sayalı ağsaqqalı, ağbirçəyi qoçun belinə oğlan uşağı mindirib sürünün içinə buraxardı. Dünyagörmüşlərimizin fikrincə, onda quzunun erkəyi çox olar.

Döl ərəfəsində qoyun sürüsü yanında qurddan, canavardan söhbət salmazdılar. Deyirlər ki, elədə qoyun qorxudan ölü quzu doğar.

Bayramda hamı bir-birinə gözaydınlığı verər, xeyir-bərəkət diləyər, sayaçı nəğmələri oxunardı:

 

Qoyunun yüzü gəlir,

Dolanır düzü gəlir.

Çobanın qucağında

Bircə cüt quzu gəlir.

 

Anam, a şişək qoyun,

Yunu yumuşaq qoyun.

Bulamanı çox elə

Gözləyir uşaq qoyun.

 

Qoyunlar quzulayanda uşaqların üzü gülərdi, bulaması sonbeşiklərin olardı. Ağız südünün əvəzi hanı? Kənd-kəsəyimizdən süd qoxusu gələrdi, dələmənin, yağın, şorun, pendirin, ətin bol olmasını arzulayarlar. Qoyun-quzu dırnağından başlayır bərəkət..., - deyirlər.

Dölçülər quzuları qardan gözləyərlər, əgər quzuları birdən-birə qara çıxartsan, deyərlər: quzunu yelqursaq eləyərsən. Boz ayda ara-bir mal-qaranı örüşə çıxararlar, heyvanın ağzı ota, dada çatsın. Elə ki, mal-qara boz aydan salamat çıxdı, bundan sonra elat camaatı rahat nəfəs alardı.

Mal-qaranın da, əkinin də, təsərrüfat həyatının da taleyi həll olunur boz ayda. Xalq etiqadına görə, bütün ilin necə keçəcəyi məhz boz ayın necə gəlməsindən asılıdır. Boz ay müddətində yaz-tarla işlərinə ciddi hazırlıq görülər: ağacların dibləri bellənər, boşaldılıb qurtarar. Bağlara-bağçalara qulluq edərlər, qoyun-quzu yatağını, otlağını səliqə-sahmana salarlar. Bu zaman təcrübəli arıçılar qışdan çıxmış arıları qüvvətləndirmək məqsədilə onlara şirə, ruzi payı hazırlayıb verərlər.

Suvarma suyunu əkinçiliyin əsası hesab edən kəndlilər boz ayın ortalarında taxıl əkinlərini suvararlar. Bu suvarma xalq arasında gülənbər adlanır. Daha sonrakı suvarmalara döndərmə, çiçək suyu deyərlər.

Yaz şumu ilə bağlı xışı, kotanı, dəhrəni-baltanı, bıçağı-qayçını qaydaya salarlar, atlar, öküzlər nallanar, səpin üçün saxlanan buğda, arpa quyuları açılardı. Qışlığı tükənənlərə dən verilər. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanar. Təzə bağ salmaq istəyənlər torpağa şitili boz ayda basdırarlar. Hamı bir-birinə kömək edər, "birlik harada, dirilik orada", "cəfa çəkməsən, səfa sürməzsən" inamları ilə yaşayırlar.

Boz ay müddətində Novruza qədər ev-eşiyin, həyət-bacanın təmizlik işlərinə başlarlar; yorğan-döşəyin, yastıq-mütəkkənin üzünü "soyub" yuyarlar, yununu çırpar, təzələyib üst-üstə yığarlar. Evin üst gözlərini sahmana salar, qonaq-qara üçün hazırlarlar.

Novruza qədər xalça-palazı çaya töküb yuyar, sərib qurudarlar. Özü də işin ağırlığına baxmayaraq, onu elə şuxluqla yerinə yetirərlər ki, axırda yorğunluqdan heç əsər-əlamət də qalmazdı.

Boz ayda ağbirçəklərimiz, qız-gəlinlərimiz bayram donluğu üçün ip əyirən cəhrəyə, evlərdə güzəranlıq və bolluq rəmzi olan nehrəyə güc verər, bu müddətdə toxucu qız-qadınlar, həmçinin cəhrə darağını əyirib qurtarar, xalça-palazı yaza qalan qadınlara məzəmmətlə baxardılar:

 

Cəhrə darağı yaza qalanın

Dili yansın, əli qurusun.

 

Boz ay... Bu, təbiətin elə bir çağıdır ki, qış nə qədər sərt, amansız olsa da, gücdən düşür, yazın iradəsi qarşısında məğlub olur, bahar gücə, qüvvətə dolur, havalar yavaş-yavaş mülayimləşir, bənövşə, nərgiz, novruzgülü dirçəlib dünyaya boylanmağa hazırlaşır.

Boz ayın qış nəfəsində yazın işartısı sezilir. Çayların, göllərin ayna buzları çilinglənir, sular çağlayır, bulaqlar qaynayır, torpağın donu açılır. Çölləri, yamacları turacların, kəkliklərin, bildirçinlərin nəğməsi bürüyür. Arılar pətəklərindən boylanır. Torpağın köksündən bahar cücərtiləri çırtdayır. Yazın şux və qaynar çağı, torpağın dirilən və oyanan çağı başlayır.

Yazın ətirli nəfəsini duyan babalarımız əməli işlər görər, torpağın qəlbinə yol tapar, nəfəsiylə onu isidər. Bərəkət-ruzu çeşnəsi torpaq da ürəyini min bir nemətli süfrə kimi açardı.

Boz ayda, adından da göründüyü kimi, tez-tez bozardığından, qaşqabaqlı, çiskinli, tutqun olduğundan adamlar onun ağırlığından və qəzəbindən qorunmağa çalışıblar. Bundan ötrü boz ayı çərşənbədən çərşənbəyə həftələrə bölüblər və bu çərşənbələrin hər birini Ulu Tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan su, od, hava və torpaqla mənalandırıblar. Yazda - suyun, yayda - odun (istiliyin), payızda havanın (küləyin), qışda - torpağın hökmü özünü daha güclü göstərir. Etiqada görə, ilaxır çərşənbələrdə təbiətdə və cəmiyyətdə canlanma, oyanma, dirilmə prosesi gedir. Xalqımız yaz soraqlı çərşənbələrin dördünü də müqəddəsləşdirmiş və onların hər birini ayrı-ayrılıqda böyük şənliklərlə qeyd etmiş, bununla da qarşıdan gələn təzə ili bolluq, firavanlıq, xoşbəxtlik, əmin-amanlıq və sağlamlıq ili kimi görməyi arzulamışlar. İlk çərşənbədən Novruz bayramı axşamınadək insanı yaşadan, həyatı mənalandıran bu əbədi varlıqların hər biri ilə bağlı azərbaycanlılar özlərinin mənəvi dəyərlər sistemini - ayin, etiqad, inanc, oyun-tamaşa və mərasimlərini yaratmışlar. Bu ayin və mərasimlər, icra olunan oyun və tamaşalar qışın yola salınması, yazın qarşılanması ilə bağlı olub Novruz bayramına ilkin hazırlıqdır.

 

 

Baba TOFİQ,

əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2011.- 13 mart.- S. 7.