Muğam
müsabiqəsi Füzuli dünyasında davam etdi
Böyük
səbirsizliklə gözləyib, həyəcanla izlədiyimiz
III Muğam Televiziya Müsabiqəsinin daha bir həftəsi
başa çatdı. Məhəmməd Füzulinin qəzəllərinə
həsr olunmuş bu həftədə bir-birindən gözəl,
yadda qalan ifalarla yanaşı, dəyərli münsiflərin
müsabiqə iştirakçılarına tutduqları irad və
nöqsanları da az olmadı.
Bu da
təbiidir. Əruzu, fars və ərəb dillərini bilmədən
Füzulinin şeir, qəzəl dünyasını
anlamağın, ifa zamanı on iki hecalı bir beytin musiqi ilə
uzlaşdırıb oxumağın nə qədər çətin
olduğunu da desək, heç də yanılmarıq. Məktəblərimizdə
fars-ərəb dillərinin tədrisinə yetərincə
diqqət göstərilmədiyi, Füzuli
yaradıcılığı hələ də lazımi səviyyədə
təbliğ olunmadığı bir vaxtda gənc xanəndələrin
beş əsr əvvəlki dilimizdə yazılmış
Füzuli qəzəllərinə müraciət etməsini
yalnız alqışlamaq olar. Muğam həftəsi ənənəvi
olaraq televiziyanın qızıl fondunda hörmətlə
qorunub saxlanan, görkəmli xanəndə, respublikanın xalq
artisti Hacıbaba Hüseynovun oxuduğu Füzuli qəzəllərindən
ibarət muğam və təsniflə başladı.
Ustad xanəndənin səlis və rəvan qəzəl oxumasının, muğam ifaçılığı, həqiqətən də, gənc xanəndələrə örnək olduğunun bir daha şahidi olduq. Belə unikal lent yazılarının bir ənənə olaraq hər həftə səsləndirilməsini müsbət hal kimi dəyərləndirən münsiflər ilk növbədə televiziya rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Muğam müsabiqəsi getdikcə daha geniş vüsət alır. Dörd peyk vasitəsilə dünyaya yayımlanan muğam müsabiqəsini əlli milyondan artıq soydaşlarımızın necə maraqla izlədiklərini qeyd etmişdik. Bütün türk dünyasının, eləcə də, Avropa və Asiyanın nəzəri bu gün doğma Bakımıza yönəlib. Televiziyanın ünvanına, internet saytına hər gün yüzlərlə məktub və teleqram gəlməkdə davam edir. Ünvanlar, ölkələr müxtəlif olsa da məzmun eynidir. Hamı bu layihəyə, ulu muğam sənətimizə göstərilən diqqət və qayğıya görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.
- Dünyanın heç bir ölkəsində muğam sənətinə, folklor nümunələrinə bu qədər diqqət və qayğı göstərilmədiyini qeyd edən əməkdar incəsənət xadimi, münsif Nadir Axundov muğam sənətimizin təbliği və tərəqqisi istiqamətində Mehriban xanımın son illərdə həyata keçirdiyi çoxsaylı layihələrdən, ürək açan işlərdən söz açmaqla müsabiqə iştirakçılarına öz üzərlərində daha çox çalışmağı tövsiyə etdi. Bunun üçün onlara hər cür şərait yaradıldığını xüsusi qeyd etdi.
Həftənin ilk iştirakçısı Nigar Şabanova oldu. Ötən həftə oxuduğu "Mənsuriyyə" zərb muğamına görə heç də yüksək bal almayan Nigar bu həftə "Segah" muğamı və təsnifi ilə ən yüksək - 70 bal toplaya bildi. Ümumiyyətlə, həftənin birinci onluğuna daxil olan Mirələm Mirələmov "Çahargah", Alış Həmzəyev "Şur", və Ariz Hüseynov "Segah" muğam və təsnifinə görə yüksək bal toplaya bildilər. Təəssüf ki, ötən həftələrdən öz ifalarıyla xalqın dərin rəğbətini qazanmış Kamilə Nəbiyeva, Zabitə Alıyeva və Məmməd Nəcəfovun çıxışları münsiflər heyətini bir o qədər qane etmədi. Və bu uğursuzluğun başlıca səbəbini münsiflər iştirakçıların özlərinə arxayınçılığın və müsabiqəyə ciddi hazırlaşmamaqda gördülər. Bununla belə, müsabiqəni tərk etmək ehtimalı olan Elsevər Muradovun bu həftədəki uğurlu çıxışı, demək olar ki, hamı üçün gözlənilməz oldu. Gənc xanəndənin ifa etdiyi "Şur" muğam və təsnifini tamaşaçılar kimi, münsiflər də çox bəyəndilər.
"Sevgilimə könül açdım", "Dilkəş" təsnifi və ən nəhayət, ötən həftə "Kəsmə şikəstə"silə böyük tamaşaçı auditoriyasının dərin rəğbətini qazanmış Səbinə Ərəbli bu həftə də məlahətli, könül oxşayan səsi, səhnə mədəniyyəti, geyim və ifaçılıq məharətilə yenə hamını heyran etdi. Bülbül adına məktəbin yetirməsi, hal-hazırda isə Milli Konservatoriyanın II kurs tələbəsi olan Səbinə Ərəblinin ünvanına deyilən xoş sözləri münsiflər ilk növbədə onun müəllimi Qəzənfər Abbasova da ünvanladılar. Səbinənin oxuduğu "Mahur" muğam və təsnifinə, Füzuli qəzəllərinin səlis və rəvan oxunuşuna münsiflər 70 bal verdilər.
Muğam müsabiqəsi davam edir. Müsabiqənin şərtlərinə görə həftənin ən az bal toplamış iştirakçısı Pərvin Məmmədli müsabiqəni tərk etdi.
Gələn həftə müsabiqə iştirakçıları Ağcabədi və Füzuli rayonlarında olacaq, Qarabağ şairlərinin qəzəl və şeirlərinə bəstələnmiş muğam və mahnılarla çıxış edəcəklər.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 13 mart.- S. 7.