1995-ci ilin mart hadisələri - Azərbaycan dövlətçiliyinə arxadan vurulan zərbə və xəyanət

 

1993-cü ilin iyununda xalqın iradəsi, çağırışı və təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəni düçar olduğu bəladan xilas etmək üçün gərgin fəaliyyətə başladı. AXC-Müsavat iqtidarının yaratdığı anarxiya, xaos və özbaşınalıq müstəqil Azərbaycanı məhv olmaq həddinə çatdırmışdı. Ümumiyyətlə, 1988-ci ildən başlayaraq Azərbaycanda bir-birini əvəz edən rəhbərlərin səriştəsizliyi, dövlət idarəçiliyindəki naşılığı ölkəni beynəlxalq aləmdən təcrid etmişdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik uçurumun bir addımlığında idi.

 

Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ümummilli lider Heydər Əliyev ölkədə davamlı ictimai-siyasi sabitlik yaratmaq üçün qeyri-qanuni silahlı birləşmələri ləğv etdi. Azərbaycan vətəndaşların vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən idi. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə ölkəyə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndər Heydər Əliyevin siyasi xəttinin əsasını ilk növbədə iqtisadiyyatı möhkəmləndirmək, nüfuzlu beynəlxalq qurumlarla əlaqələr qurmaq və Ermənistanla atəşkəsə nail olmaq təşkil edirdi.

1991-1993-cü illər ərzində hər gün döyüş bölgələrindən şəhid cənazəsi gətirilirdi. Azərbaycan xalqı bu illər ərzində iyirmi mindən çox şəhid vermişdi. Yüzlərlə igid döyüşçümüz Vətən uğrunda gedən döyüşlərdə yaralanmış, sağlamlığını itirmiş, ağır bədən xəsarətləri almışdı. Qarşıda duran vəzifələrin mürəkkəbliyi, cəbhə bölgələrində istər hərbi, istərsə də mənəvi durumun ağırlığı Ermənistanla atəşkəs barədə razılığın əldə olunması zərurətini meydana gətirirdi. 1994-cü il mayın 12-də bu vacib sənəd imzalandı və qarşıda duran çətin vəzifələrin həyata keçirilməsi üçün əlverişli imkan yarandı. Bütün bunlar atəşkəsin tarixi əhəmiyyət kəsb etməsindən xəbər verirdi.

Xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun həlli üçün bütün vasitələrdən istifadə edən müdrik siyasi xadim Heydər Əliyev Azərbaycanın nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin möhkəmləndirilməsi və bu qurumlara üzv olmaq üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirirdi. Bununla bərabər ulu öndər milli ordunun formalaşması və gücləndirilməsinə də xüsusi diqqət yetirirdi. Atəşkəs barədə razılıq əldə edildikdən sonra milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ordu quruculuğunun daha da inkişaf etdirilməsi üçün ölkəmizin iqtisadi qüdrətinin artırılması zəruri idi.

AXC-Müsavat iqtidarı dövründə respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılmış, xalqın rifah halı aşağı düşmüşdü. Ulu öndər çox yaxşı bilirdi ki, ölkəmizin sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri respublikanın iqtisadi qüdrətini artırar və ölkəni ağır böhrandan çıxarmağa imkan verərdi. Bundan ötrü iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək və iri şirkətləri Azərbaycana cəlb etmək lazım idi.

İri şirkətləri ölkəyə cəlb etməklə həm iqtisadiyyatı möhkəmləndirmək, həm də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, əlaqələri genişləndirmək olardı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılmış qətiyyətli addım oldu. Respublikamızın siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təşkil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması çox böyük əhəmiyyət kəsb edirdi. Artıq Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini getdikcə möhkəmləndirirdi.

Hakimiyyəti idarə etməkdə aciz olan, çətin məqamda xalqı atıb gecə ilə aradan çıxan, sonradan müxtəlif xarici ölkələrdən soraqları gələn AXC-Müsavat qruplaşmasının nümayəndələri Azərbaycanda yaranmış ictimai-siyasi sabitlikdən istifadə edərək geriyə qayıtdılar. Ölkənin demokratik inkişaf yolunda sürətlə irəliləməsi, beynəlxalq aləmdə nüfuzunun artması hakimiyyət hərislərini ciddi narahat edirdi. Azərbaycanda sabitliyi gözü götürməyən xarici qüvvələrin himayədarlığı ilə hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək istəyən antimilli qüvvələr 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd etdilər. Lakin ulu öndər Heydər Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, eyni zamanda, sarsılmaz xalq - Heydər Əliyev həmrəyliyi sayəsində xəyanətkar qüvvələrin planları iflasa uğradı. Adlarını müxalifət qoyan antimilli qüvvələr ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi qarşısında çox cılız olduqlarını bir daha da dərk etdilər.

Qüdrətli şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasi xətti ölkə həyatının demokratikləşməsi, hüququ dövlət quruculuğu istiqamətində inamlı addımlar atılmasında müstəsna rol oynayırdı. Əhalinin güzəranının yaxşılaşdırılması və sosial müdafiəsi məsələləri ulu öndərin daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən idi. İqtisadiyyata qoyulmuş xarici investisiyalar ölkəmizin mövqelərini getdikcə möhkəmləndirirdi. Bununla yanaşı, Azərbaycanın diplomatik əlaqələri də genişlənirdi. Bütün bunlar 1994-cü ilin oktyabrında hakimiyyət çevrilişi etməyə cəhd göstərən Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşları və onlarla həmrəy olan radikal müxalifət nümayəndələrini yandırıb-yaxırdı. Onlar öz xəbis niyyətlərini həyata keçirmək üçün yenidən qeyri-qanuni silahlı qruplaşmalar vasitəsi ilə dövlət çevrilişinə cəhd göstərdilər.

Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri 1995-ci il martın 13-də səhər saat 4-də Qazax rayonunda hərbi hissəyə, inzibati orqanların binalarına və poçta hücum edərək onların normal fəaliyyətini xeyli müddət pozmuş, sonra isə Ağstafa rayonunda öz çirkin niyyətlərini davam etdirmişdilər. Dövlət mənafeyini, dövlətçiliyi müdafiə edən Ağstafa Polis Şöbəsinin bir əməkdaşı öldürülmüşdü. XTPD-nin üzvləri getdikcə daha da azğınlaşmış, çoxlu sayda silah-sursat ələ keçirərək öz təcavüzlərini daha da genişləndirmişdilər.

Azərbaycan Respublikasının daxili işlər naziri general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv olunsa da XTPD-nin başçısı Rövşən Cavadov bu əmrə tabe olmamış, Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoymuşdular. Həmin vaxt Surət Hüseynovla Ayaz Mütəllibov "Arqumentı i faktı" qəzetində bəyanat vermişdilər ki, guya, onlar vətəndaş ittifaqı yaratmışlar. Bu, bir daha göstərirdi ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə inteqrasiyası nə onlar, nə də radikal müxalifət üçün önəmli deyilmiş. Belələri şəxsi məqsədlərinə nail olmaq üçün hər cür çirkin vasitədən istifadə etməyə hazır idilər.

Azərbaycan Prezidenti 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdinə aydınlıq gətirərkən demişdi: "Bunların bir sıra səbəbləri var. Bu səbəb də ondan ibarətdir ki, biz demokratiya şəraitində yaşayırıq. O vaxtkı dövlət quruluşu ilə indiki dövlət quruluşu arasında fərq var. Mən demokratiya yolu ilə gedirəm, Azərbaycanda demokratiya prinsiplərini bərqərar edən bir adam kimi çox şeyləri güzəştə gedirəm. Demokratiya yolu ilə getmək, insanlar arasında sülh, əmin-amanlıq, vətəndaş həmrəyliyi, birliyi yaratmaq lazımdır".

Ulu öndər Heydər Əliyev Cavadov qardaşlarına, onların başçılıq etdiyi qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası ilə danışmışdı, ona oğlanlarını vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi. Rövşən Cavadov da o vaxt verdiyi müsahibələrinin birində bunu təsdiqləyərək demişdi: "Biz Heydər Əliyevlə neçə dəfə danışmışıq. Bunlar bizimlə bacaran deyillər, bacara da bilməzlər... Biz hakimiyyətə gələcəyik. Artıq heç özümüzdən ağıllısını görmürük... Sabah bütün qüvvələrimizi səfərbərliyə alacağıq, artıq sabah, birisi gün, bir neçə günə Heydər Əliyev istefa verməsə, onu zorla devirərik, yəni zorla, silahla".

Göründüyü kimi, Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirmək üçün tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmək istəmirdilər. Rövşən Cavadovun böyük iddiası vardı: dövlət başçısı olmaq. Hətta hakimiyyətə gələndən sonra kimlərlə, hansı partiyalarla işləyəcəyini də bəyan etmişdi. O, müsahibələrinin birində demişdi: "Siz bilirsiniz ki, mən birinci gündən Xalq Cəbhəsində olmuşam". Onun bu etirafından sonra məlum oldu ki, Rövşən Cavadovu bu çevrilişə şirnikləndirənlərdən biri də AXC-Müsavat funksionerləri idi... Lakin müdrik siyasi xadim Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi bu dövlət çevrilişinin də qarşısını aldı.

1995-ci ilin mart hadisələri müxalifətin növbəti məğlubiyyəti oldu. Həm 1994-cü ilin oktyabr, həm də 1995-ci ilin mart hadisələri bir daha təsdiqlədi ki, xalq öz prezidentinə, ümummilli lideri Heydər Əliyevə inanır və onunla həmrəydir. Bunu o zaman dövlət başçısına ünvanlanmış saysız-hesabsız teleqramlar da təsdiqləyirdi.

Ulu öndərin daxili və xarici siyasəti Azərbaycanın adını, şərəfini daha uca zirvələrə yüksəltdi. Biz bu gün də bu siyasətin uğurlarının şahidiyik.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 13 mart.- S. 5.