Yeni kitablar "Qaldır türkün bayrağını"
İstedadı və zəhmətkeşliyi
ilə tanınan şair, yazıçı, publisist, əməkdar
jurnalist Eldar İsmayıl yeni əsərləri ilə
oxucularla görüşünü davam etdirməkdədir. Əlbəttə,
söhbət məhsuldar qələm sahibinin təkcə
çap olunan əsərlərinin kəmiyyətindən
deyil, həm də bədii dəyərindən gedir. Ömrünün
son iyirmi ilini bədii sözə həsr etmiş Eldar
İsmayıl ciddi yaradıcılıq yolu keçmişdir.
Müəllif
tarixi romanlarında və publisistikasında erməni
vandalizminin xalqımıza qarşı törətdiyi ağır
cinayətlərdən - soyqırımlardan, sürgünlərdən,
talanlardan söz açır, arxasını güclü
dövlətlərə söykəmiş düşmənə
qarşı vuruşmuş igidlərimizin qəhrəmanlıq
dastanını vərəqləyir. Narahat bir ürəyin atəşindən
körüklənən Eldar İsmayıl poeziyası yüksək
mənəvi dəyərləri özündə ehtiva etdirən
sənət nümunələridir.
Xalqına, Vətəninə ürəkdən bağlı olması onun bütün şeirlərində özünü göstərməkdədir. Eldar İsmayıl yaradıcılığı təkcə Qarabağ, Göyçə, Zəngəzur mövzusu ilə bitmir, dünyada baş verən ictimai-siyasi hadisələr də onun diqqətindən kənarda qalmır. Ümumiyyətlə, şairin qəlbini riqqətə gətirən hər hansı sevindirici, yaxud kədərli əhvalat diqqət mərkəzində olur. O, öz münasibətini bildirmədən rahatlıq tapa bilmir. Bu, onun yaşam tərzidir.
Eldar İsmayıl sonuncu kitabını "Qaldır türkün bayrağını" adlandırmışdır. Kitaba şairin qardaş Türkiyə ilə bağlı son illərdə yazdığı şeirlər və poemalar toplanmışdır. Qardaş Türkiyəni ürəkdən sevən, onun uğurları ilə qürur duyan Eldar İsmayıl bu ölkədə cərəyan edən yenilikləri və hadisələri ardıcıl izləyir və bir şair- yazar olaraq öz səmimi münasibətini bildirir.
"Qaldır türkün bayrağını"
kitabına ön sözdə
professor Elçin İsgəndərzadə yazır:
"Türkiyədəki ictimai-siyasi hərəkat Eldar
İsmayılı daim düşündürür.
Qeyri sabitlik olanda narahatlığını
gizlətmir. O, qardaş ölkədə
həmişə sülh,
əmin-amanlıq və
sabitlik görmək
istəyir". Bütün hadisələrə həssaslıqla yanaşan,
dərhal münasibət
bildirən Eldar İsmayıl
qardaş ölkədə baş
vermiş dəhşətli
zəlzələ zamanı deyirdi ki, bu fəlakətin bütün Turan ellərini,
türkəm deyən hər insanı üzüb,
əldən saldığını
ürək ağrısı ilə, göynəyə-göynəyə
qələmə alıb:
Hönkürdüm,
Yandım ağladım!
Bu dərdi öz dərdim
Sandım
ağladım!
Qardaş
yarasıdı
Bu yaram - dedim.
Bu yolda başımı qoyaram!-dedim.
Bu dəhşətli anları
üzüntü ilə
yaşayan qələm
sahibi deyir:
Sənin
hər dərdini öz dərdi bilən,
Sənə bağlı bir
can- Azərbaycan var!
Səninlə qəmlənib, səninlə
gülən
Qardaş
Azərbaycan, Azərbaycan
var!
"Qaldır türkün
bayrağını" kitabı
"Qardaş Azərbaycan,
qardaş Türkiyə"
şeiri ilə başlayır. Eldar İsmayıl bu şeiri ilə Azərbaycan və Türkiyənin kimliyini bədii sözün qüdrəti və hikməti ilə dünyaya car çəkir:
İki qan qardaşı,qeyrət
qardaşı,
İki namus, şərəf, şöhrət
qardaşı.
Qoşadı dünyada hikmət
qardaşı,
Biri Azərbaycan, biri Türkiyə!
Dünya
düzənində vüqarlı
dağdı
Qardaş
Azərbaycan, qardaş
Türkiyə!
Eldar İsmayılın
Türkiyəyə olan
istəyi Azərbaycan
xalqının istəyidir. Azərbaycanda qazanılan bütün uğurlar Anadolu türklərini sevindirdiyi
kimi, Türkiyədəki
nailiyyətlər də
Azərbaycanda qürur
doğurur, sevinclə
qarşılanır. Kitabı vərəqlədikcə
qardaş Türkiyəyə
məhəbbət dolu
şeirlər bir-birini
əvəz edir.
"Ucalt türkün
bayrağını" şeiri
Türkiyə milli futbol komandasına həsr edilmişdir.
2002-ci ildə keçirilən futbol çempionatında Türkiyə
millisinin üçüncü
yeri tutması bütün Azərbaycan xalqını ayağa qaldırmışdı. İnsanlar sevinclərini
paylaşmaq üçün
Türkiyə və Azərbaycan bayraqları ilə küçələrə
axışmışdılar. Bu sevinc bütün
Azərbaycanı bürümüşdü.
Həmin xoş anları yaşayan şair deyir:
Mərhaba, mərhaba qüdrətinizə,
Alp Arslan hünərli, aslan oğullar!
Şöhrət çatan deyil şöhrətinizə,
Ey şahin oğullar, tərlan oğullar!
Varsa qanınızda Atatürk qanı
Həmişə birinci olmalısınız!
Eldar İsmayıla
görə, Azərbaycan
və Türkiyə qardaşlığına kölgə
salmaq istəyənlər,
bu məhəbbəti
aradan qaldırmağa
çalışanlar var. Belə
vəziyyətə heç
vaxt yol vermək olmaz. Çünki qardaşlar arasındakı
umu-küsü düşməni
sevindirə bilər.
14 oktyabr 2009-cu ildə
Bursada futbol üzrə Türkiyə və Ermənistan milli komandaları arasında keçirilən
görüşdə
Eldar İsmayıl
bu səhnənin oyunçularına "Qaysaqlanmış
yaramızı çəkib
niyə qopardınız"
- deyir. Azərbaycan bayrağı türkçülük
simvoludur. O, bir Türküstan bayrağıdır:
Azərbaycan bayrağını
Götür, qaldır göy
üzünə!
Eşit
məni, qan qardaşım
Azərbaycan bayrağına
Yasaq qoyma, ey soydaşım!
Şeir
aşağıdakı misralarla
bitir:
Şərəfini gizləmə sən,
Sevən
sevsin, yanan yansın!
Türkiyənin bayrağıyla
Azərbaycan bayrağını
Qaldır
qoşa!
Qaldır
qoşa dalğalansın!
Azərbaycan bayrağının işığından
gözü çıxan
bayquş təbiətli
şər qüvvələr
Bursada o şeytanlığı
etdilər. Bu işdə
qardaş türk xalqından incimək olmaz. Heç kəs Türkiyə Azərbaycan dostluğuna, birliyinə, qardaşlığına
kölgə sala bilməyəcək!
Erməni işğalçılarına qarşı qəhrəmanlıqla
vuruşmuş Kərbəlayı
İsmayılın 2008-ci ilin
dekabrında İqdırda
yenidən düzəldilmiş
məzarının və
soydaşlarımızın xatirəsinə ucaldılmış
abidənin açılış
mərasimində iştirak
edən Eldar İsmayıl orada yazdığı silsilə
şeirləri də kitaba daxil etmişdir. "Qoç
Koroğlu at belində"
şeirində oxuyuruq:
Atəşdi, zordu hər oğlu,
Oddan doğulub
qor oğlu.
Hər türk oğlu bir Koroğlu
Qoç
Koroğlu at belində!
Eldar İsmayıl
dünyada baş verən hadisələrə,
eləcə də Türk dünyasındakı
olaylara öz isti münasibətini bildirir. Güney Azərbaycan,
Kərkük, Qırğızıstan,
Şərqi Türküstanla
bağlı yazılar
məhz bu qəbildəndir.
Bir neçə il
bundan əvvəl yazılmış "Türkün
xilaskarı" poeması
kitabın ən maraqla oxunan səhifələrini əhatə
edir. Türk dünyasının böyük oğlu, Türkiyə Cümhuriyyətinin
banisi Atatürkün həyat yolundan bəhs edən bu poema səmimi
hisslərlə yazılmış
bir əsərdir.
Poemada qüdrətli türk oğlunun qətiyyətli
mübarizəsindən, diz
üstə çökdürülmüş
Türkiyəni ayağa
qaldıraraq dünyanın
inkişaf etmiş dövlətləri sırasına
yüksəltməsindən poetik və sonsuz məhəbbətlə
söhbət açılır.
Eldar İsmayılın bu kitabında toplanmış
"Çanaqqala savaşı",
"Nazim Türkiyədə",
"Qardaş türk
xalqından incimək
olmaz", "Demokratiya
qan tökməkmi",
"Sınır açılsınmı",
"İhsan xoca",
"Sabaha məktub"
şeir və poemaları da sonsuz maraqla oxunan əsərlərdir.
Qardaş Türkiyəyə Eldar İsmayıla bəslənən
sevgi Azərbaycan sevgisidir. Bu sevgi qarşılıqlıdır. Təsadüfi deyil ki,
"Eldar İsmayılın
Allah amanatı əsərindən
seçmə şeirlər"
(2000) və "Eldar İsmayıl və seçilmiş əsərləri"
(2001) Ərzurum Universitetində
işlənib dərslik
kimi hazırlanmışdır.
Həmçinin Eldar İsmayıl
12 mart 2007-ci ildə Türk
Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyası tərəfindən
türk ədəbiyyatının
inkişafında xidmətlərinə
görə "Türk
ədəbiyyatına hizmət"
mükafatına layiq görülmüşdür.
Şair ilhamının məhəbbət
çələngi ilə
toxunmuş "Qaldır
Türkün bayrağını"
kitabı Türkiyə
və Azərbaycan dostluğuna həsr olunmuş dəyərli sənət əsəridir.
İbadulla AĞAYEV,
ATU epidemiologiya
kafedrasının müdiri,
professor
Xalq qəzeti.- 2011.-
13 mart.- S. 6.