Həyat
haqqında "Həyati oçerklər"
Kimya elmlər doktoru Pənah Qurbanovun "Həyati
oçerklər" (Yeni fəlsəfi konsepsiya və ya
sivilizasiyanın xilas şansı) kitabı son zamanlar
yerli-yersiz işlədilən "qlobal" sözünün
əsl qlobal mahiyyətini əks etdirir. Kitab bəşəriyyəti
hədələyən bir neçə qlobal problemin ən təhlükəli
olanına - ekoloji təhlükəyə həsr olunmuş əsərlər
arasında ən qlobalı hesab oluna bilər.
Əsərdə
müəllif dialektik materializmin hamı tərəfindən qəbul
olunmuş və həyatın bütün dövrlərində
tarixin sınaqlarından çıxmış
"İnkarı inkar", "Əksliklərin vəhdəti
və mübarizəsi", "Kəmiyyət dəyişmələrinin
keyfiyyət dəyişmələrinə keçməsi"
və digər qanunlarının və fəlsəfi
kateqoriyaların fonunda ekoloji təhlükənin
labüdlüyünü hər bir Yer planeti sakininə dərk
etdirməyə çalışır. Və həmin problemin
həllinin çox asan yollarının insan əlində
olduğunu göstərir.
İlkin addım kimi icitmai formasiyaların ən ədalətlisi hesab olunan ibtidai icma quruluşunun alternativi və daha mükəmməl oxşarı olan "Ali icma" yaradılması vacib bir tədbir olaraq qeyd edilir. Bu addım Vətən anlayışının beşik, ev, kənd, şəhər, ölkə... kimi romantik mənasının doğma Yer kürəsi kimi realist mənada qavranması prinsipinə əsaslanır.
Müəllif Ali icmanın prototipi kimi Avropa Birliyinin, ABŞ-ın kortəbii surətdə yaradılmasını xatırlatmaqla bir çox problemlərin, o cümlədən, ekoloji problemin həllinin məhz insanın öz əlində olduğunu və ekologiyanın özü tərəfindən həll olunmasının yeganə yol olduğu fikrini böyük əminliklə təqdim edir.
Müəllif qeyd edir: "Bəşər tarixində çox az halda iki qardaş birlik yarada bilib. Lakin həyatın tələbi olduğu üçün min illər boyu bir-birini parçalamağa çalışan 27 Avropa dövlətinin tərəqqidə olan birliyi, Avropa Birliyini yarada bilməsi ümumdünya birliyinin yaradılmasını mümkün edir".
Alim ekoloji problemin həllinin, ekoloji təhlükənin aradan qaldırılmasının ilkin tədbiri kimi qlobal kompromisin vacibliyini ön planda təqdim edir. Əsərin hər bir oçerkini oxuduqca bu təhlükədən xilas olmağın digər yollarının olduğu da göstərilir. Əlbəttə, adama elə gəlir ki, insan bu təhlükəni həll etməyə qadirdir. Əgər o, bunu etməsə və ya etmək istəməsə ekoloji "qulaqburması" aldıqdan sonra etməyə məcburdur və məhkumdur.
Əsər kifayət dərəcədə lakonik və sadə bir üslubda yazılmışdır. Adama elə gəlir ki, hər hansı bir fikrin dəqiq ifadəsi üçün Pənah müəllimin seçdiyindən qısa və dolğun yol yoxdur.Kitab 22 oçerkdən, ön söz və son sözdən ibarətdir. Lakin hər bir oçerk öz növbəsində bitkin fəlsəfi, elmi-publisistik əsər tutumuna malikdir. Ümumilikdə əsər şair, alim, filosof, müdrik qələmindən çıxmış mükəmməl, orjinal, gərəkli, son dərəcə vacib ekoloji, elmi, fəlsəfi, bədii, publisistik kitabdır.
Yer kürəsinin sakinləri bir-birinə qayğı göstərməyə və bir-biri ilə dostluq etməyə məcburdur. İnsan "mən" sözünü "biz" sözü ilə əvəz etməyə məhkumdur.
"Yer kürəsi hamımızın ümumi evimizdir. O, bir sala bənzəyir, bata da bilər, yaşaya da bilrər, ümumi evi qorumaq lazımdır".Tur Heyerdalın bu fikrini sevimli alimimiz "Məşhər", "Bir daha məşhər haqqında", "Karbon" "Kainat" və başqa oçerklərində özünəməxsus dahiyanə fikirləri ilə daha inandırıcı və qlobal şəkildə ifadə edir.
Bəşəriyyəti təhdid edən problemlərdən biri də müharibə təhlükəsidir. Müharibə bəşər övladının öz həmplanetliləri ilə zor dilində danışma məqamıdır. Müəllif dünya tarixində bu günədək baş vermiş 5000-dən artıq irili-xırdalı müharibələrin, o cümlədən iki dünya müharibəsinin bəşər övladına heç nə vermədiyini faktların və inkarolunmaz məntiqi dəlillərin dili ilə təhlil edir. Hamını düşündürən üçüncü dünya müharibəsi haqqında müxtəlif mütəfəkkirlər bir-birini təsdiq, təkzib və ya inkar edən çoxlu sayda fikirlər söyləməkdədirlər. Hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrində müharibələri, onların baş vermə səbəblərini və nəticələrini təhlil edən institutlar fəaliyyət göstərir. Lakin onlar da bir ortaq proqnoz verməyə çətinlik çəkirlər.
Haşiyə: Məşhur fizik, Nobel mükafatı laureatı Albert Eynşteyndən soruşurlar: "Üçüncü dünya müharibəsi necə olacaqdır? "Dahi alim: "Üçüncü dünya müharibəsi haqqında heç nə deyə bilmərəm. Dördüncü dünya müharibəsi isə yay-oxla olacaqdır" - deyə cavab vermişdir.
Doktor Pənah Qurbanov isə bəşəriyyətin xilasının, müharibə sözünün bir termin kimi arxaik sözlər siyahısına keçməsinin labüdlüyünü Ali icamanın yaradılmasında dönə-dönə israrla təbliğ və danılmaz məntiqi faktlarla sübut edir: "Üçüncü dünya müharibəsi baş verə bilməz və hətta baş versə belə onun külündən sıyrılıb çıxanlar Ali icmanı yaradacaqlar".
Pənah Qurbanovun qələmindən çıxmış hər bir oçerk öz məna və məzmun keyfiyyətləri ilə bir-birindən kəskin şəkildə fərqlənsə də, onları eyni bir problemin həlli yolları istiqamətində köklənməsi birləşdirir. Onun aktual şəkildə təqdim etdiyi qlobal problem digər bəşəri problemləri kölgədə qoyur. Doğrudan da, müəllifin təqdimatında nüvə fəlakəti, müharibə təhlükəsi, gen mühəndisliyinin insan klonlaşdırılması şəklində yaratdığı hədələr ekoloji təhlükənin fonunda o qədər də fəlakətli görünmür.
Pənah müəllim Yer kürəsində özünü büruzə verən hər bir materiya və hadisənin maddi əsasını molekul (zərrə) və kainat anlayışları müstəvisində izah və sübut edir. Müəllif inkarolunmaz məntiqi dəlillərlə məkan olaraq Kainatın, Günəş sisteminin, Yer kürəsinin, okeanların, dağların ... molekulların təşəkkülünün və təkamülünün mərhələlərini an, il, əsr, era, hətta milyonlarla ölçülən zaman müstəvisində təsvir edir.
Müəllif, sanki, 20-dən artıq oçerk libaslı elmi əsəri bir amal ətrafında birləşdirməklə bəşəriyyətin də bir Ali icmada birləşməsi faktının mümkünlüyünü sübut etmək istəmişdir.
Kitab, həmçinin ingilis dilinə də tərcümə olunmuşdur. Zənnimizcə, professor Pənah Qurbanovun "Həyati oçerklər"i ümumilikdə olmasa da, onun tərkibinə daxil edilmiş oçerklərdən (əsərlərdən) hər hansı biri BMT-yə və Avropa Birliyinə daxil olan ölkələrin dövlət başçılarının diqqətini cəlb edərsə, bəşəriyyətin ortaq fikrə, düşüncəyə, bir amala, kompromisə gəlməsinin vacibliyi dərk olunardı. Yəqin ki, gec və ya tez azərbaycanlı alimin dünyada Ali icma nəzəriyyəsinin banisi və onun elmi əsaslarını irəli sürmüş ilk alim kimi düyanın elm tarixində özünə yer alacaqdır.
Şəxsən mən fəxr edirəm ki, təbiətin və cəmiyyətin ən mühüm və zəruri qanunlarından biri olan "Ali icma" nəzəriyyəsinin müəllifi Azəri türkü olan həmyerlimiz doktor Pənah Abdulla oğlu Qurbanovdur. O, qeyri səlist çoxluqlar nəzəriyyəsinin banisi Lütfi Zadəni dünya elm aləminə bəxş etmiş Azərbaycanımızın övladıdır. İnanıram ki, Pənah müəllim "Ali icma" nəzəriyyəsinin banisi kimi beynəlxalq elmi qurumların da diqqətini cəlb edəcəkdir.
Müəllif bütün varlığı ilə Ali icmanın yaranmasının labüdlüyünü yüksək nikbinliklə vurğulayır. Bununla da bəşəriyyətin qlobal fəlakətlərdən xilasının mümkünlüyünə böyük əminliklə inandığını söyləyir. Həmin fikirləri soydaşımızı təkcə Azərbaycanın, türk dünyasının deyil, ümumi bəşəriyyətin övladı olmaq şərəfinə yüksəldir.
Əziz oxucular, sizi tanınmış Azərbaycan şairi, filosofu, alimi, kimya elmləri doktoru Pənah Qurbanovun "Həyati oçerklar" kitabını oxumağa və anamız Yer planetini ekoloji fəlakətdən xilas edilməsi yolunda onun fikirlərinin təbliğatçılarından olmağa dəvət edirəm.
İsgəndər
SƏKLİKOV
Xalq qəzeti.- 2011.- 13 mart.- S. 8.