Xalq rəssamı Oqtay Sadıqzadənin 90 illiyinə həsr olunmuş yubiley sərgisi

 

2011-ci il fevral ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xalq rəssamı Oqtay Sadıqzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalanmışdır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, görkəmli fırça ustası, "Sərəf" ordenli xalq rəssamının 90 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi təşkil etmişlər. Bu barədə nazirliyin mətbuat xidməti məlumat vermişdir.

On gün ərzində tamaşaçılar görkəmli fırça ustamızın forma və məzmununa, ideya-bədii mahiyyətinə, yüksək peşəkarlıq və orijinal üslubuna görə bir-birindən fərqlənən əsl sənət əsərləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Sərgidə Oqtay Sadıqzadənin 100-dək rəngkarlıq və qrafika əsərləri nümayiş etdirilir.

Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə tanınmış ədiblər - yazıçı Seyid Hüseynin və şairə Ümmügülsüm xanımın ailəsində dünyaya göz açmışdır. Valideynlərini repressiya illərində itirən Oqtay Sadıqzadə gənc yaşlarından rəssamlığa, ədəbiyyata maraq göstərməyə başlamışdır. O, 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirmişdir. O, rəssamlığın müxtəlif sahələrində çalışmış, uzun illər Azərbaycan təsviri sənətinin inkişafına yorulmadan xidmət göstərmişdir. Görkəmli fırça ustasının bədii yaradıcılıq fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir.

Oqtay Sadıqzadə 1977-ci ildə Əməkdar incəsənət xadimi, 1992-ci ildə xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Rəssamın əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda təşkil olunan onlarla sərgidə uğurla nümayiş etdirilmiş, ölkəmizin milli mədəniyyətinin təbliğinə xidmət göstərmişdir. Oqtay Sadıqzadənin əsərləri hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Tarixi Muzeyində, C.Cabbarlı adına Teatr Muzeyində, Ü.Hacıbəyovun, S.Vurğunun, Bülbülün, H.Cavidin ev muzeylərində, Dövlət Rəsm Qalereyasında, Naxçıvanın muzey və qalereyalarında, Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburqun, Lvovun muzeylərində nümayiş etdirilir. Bundan başqa, ustad sənətkarın tabloları Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, Belarus və Pakistanda bir çox şəxsi kolleksiyaları bəzəyir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 16 mart.- S. 6.