Suraxanı rayonundakı Heydər Əliyev parkında Novruz şənliyi keçirilmişdir

 

İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması, xoş ovqatla müjdələyən Novruz bayramı münasibətilə Suraxanı rayonundakı Heydər Əliyev parkında ümumrayon şənliyi keçirilmişdir.

Heydər Əliyev parkı baharın gəlişi ilə bağlı başdan-başa bayram libasına bürünmüşdü.Fəvvarələr meydanını al-əlvan plakatlar bəzəyirdi.Meydanın ortasına böyük səməni yerləşdirilmiş, sağ və sol tərəflərində isə Novruz tonqalı alovlanırdı.

Bahar qız, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni və xonça təqdim edir, bayram münasibəti ilə təbriklərini çatdırır, məzəli söhbətləri ilə bayram ovqatı yaradırdılar.

Parkda rayonun bütün qəsəbələri "Novruz" mövzusunda yaratdıqları guşələrlə təmsil olunurdular. Milli adət-ənənələrimizi özündə əks etdirən bu guşələrdə bir-birindən maraqlı, diqqətçəkən kompozisiyalar yaradılmışdı.Rayon qəsəbələri arasında Novruza həsr olunmuş ən yaxşı guşə tərtibatının qalibini müəyyənləşdirmək üçün mütəxəssislərdən ibarət münsiflər qrupu guşələrlə tanış olurdu.

Meydana toplaşmış rayon ictimaiyyətinin nümayəndələri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Atəşgah məbədi"ndən od götürmək üçün gələn qonaqları böyük mehribanlıqla qarşıladılar.Qonaqlar da rayonun bayram şənliyinə qoşuldular. Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. S.Bəhlulzadə adına Mədəniyyət sarayının incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.

Bahar qız xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi, Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Prezident İlham Əliyevə uğurlar arzuladı.

Bayram konsertinin aparıcıları öz çıxışlarında qeyd etdilər ki, xalqımız doğma Azərbaycanımızın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Novruz öz çal-çağırı, qədim mərasimləri, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün-güzəranının yaraşığı olmuş, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da, bu günümüzə qədər gəlib çatmış, dövlət səviyyəsində qeyd olunan bayramlar sırasına daxil olmuşdur.

Tədbirdə xüsusi vurğulandı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli-mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Xalqımız builki Novruzu da böyük ruh yüksəkliyi ilə bayram edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, suveren Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız güclənir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür.

İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri "Kosa, Keçəl və Bahar qız" tamaşası , rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Novruz şənliklərinin elementlərindən olan xoruz döyüşü də unudulmamışdı.

Bayram şənliyində sakinlər təndirdə kabab və çörək bişirilməsinə, ipəyirmə, naxışvurma, xalçatoxuma və digər qədim el sənətlərinin nümayişinə baxdılar.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 16 mart.- S. 6.