1995-ci ilin mart hadisələri zamanı Azərbaycan dövlətçiliyi ağır sınaqlardan şərəflə çıxdı

 

İyirminci əsrin sonlarında ikinci dəfə müstəqillik qazanan Azərbaycan Respublikasının XXI əsrdə qüdrətli bir dövlətə çevrilməsinə indi heç kəsdə şəkk-şübhə yeri qalmayıb. Ona görə ki, demokratiyanı, hüquqi dövlət prinsiplərini həyat qanunu kimi qəbul edən ölkəmizdə son illərdə möhtəşəm işlər görülüb, bütün sahələrdə yenidənqurma, islahatlar geniş vüsət alıb. Ancaq 20 il bundan əvvəl Azərbaycanda vəziyyət ürəkaçan deyildi. 1988-ci ildən başlayaraq respublikamız Ermənistanın hərbi təcavüzünə məruz qalaraq zorla müharibəyə cəlb olunmuş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınmışdır.

 

Müstəqilliyin keçid dövrünün obyektiv iqtisadi-siyasi çətinlikləri ilə yanaşı, dünyanın bir sıra aparıcı dövlətinin regiondakı maraqları, güdülən məkrli niyyətlər də Azərbaycanda gedən proseslərə təsirsiz qalmamışdır. Bir tərəfdən torpaqlarımızın Ermənistanın əsarətində qalması, digər tərəfdən isə daxildə gedən siyasi hakimiyyət oyunları, səriştəsiz rəhbərliyin xalqın və dövlətin mənafeyinə zidd fəaliyyəti uzunmüddətli hakimiyyət böhranına səbəb olmuş, ölkədəki ağır ictimai-siyasi gərginliyi daha da kəskinləşdirmişdir.

Belə böhranlı vəziyyətdə daim maraqlı olan düşmən qüvvələr həm daxildə, həm də xaricdə müxtəlif pozucu planlar qurur, təxribatlarla xalqımızın tarixi haqqı olan milli azadlığına, dövlət müstəqilliyinə maneçilik törətməyə səy göstərirdilər. Lakin iftixarla qeyd olunmalıdır ki, xalqımız ən çətin tarixi sınaq anlarında müdriklik və uzaqgörənlik nümayiş etdirərək haqq sözünü deyə bilmişdir. Belə tarixi məqamlardan biri də 1993-cü ildə ölkənin real parçalanma və məhvolma təhlükəsi qarşısında qaldığı bir vaxtda böyük dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin xalqın yekdil tələbi ilə hakimiyyətə qayıdışı idi. Məhz Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə xalqın öz dövlətinə və sabahına inamı qaytarıldı.

1993-cü ilin yayından etibarən Azərbaycan milli dövlət quruculuğu, demokratik islahatlar və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi mərhələsinə qədəm qoydu. Səriştəli daxili-xarici siyasət xətti, dönməz və ardıcıl milli müstəqillik kursu, ictimai-siyasi həyatda beynəlxalq standartlara uyğun demokratik islahatlar aparılması gənc Azərbaycan Respublikasının dünya birliyində mövqelərinin möhkəmləndirilməsinə, beynəlxalq aləmin ölkəmizə inam və etimadının qaytarılmasına önəmli təsir göstərdi.

Əlbəttə, bütün bunlar Azərbaycanın dövlət müstəqilliyinə düşmən kəsilmiş bəzi dairələri razı sala bilməzdi. Həmin dairələrin təhriki ilə respublikada vətəndaş qarşıdurması yaratmaq, qeyri-demokratik və qeyri-konstitusion yolla qanuni hakimiyyəti devirmək cəhdləri dediyimiz fikirləri təsdiq edir. Təəssüf ki, antiazərbaycan dairələrin bu bədnam ssenarilərini gerçəkləşdirmək üçün hər dəfə milli satqınlardan, mafioz qüvvələrdən bir vasitə kimi istifadə edilirdi.

Ulu öndərimiz Heydər Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, eyni zamanda, sarsılmaz xalq - Prezident həmrəyliyi sayəsində düşmənlərimizin planları iflasa uğramış, Azərbaycan xalqı dəfələrlə qardaş qırğını və dövlətçiliyi itirmək təhlükəsindən xilas olmuşdur. Belə məkrli niyyətlərə xidmət edən 1994-cü ilin 3-4 oktyabr və 1995-ci ilin 13-17 mart dövlət çevrilişi cəhdləri bir daha tarix qarşısında kimin kim olduğunu sübuta yetirdi. A.Mütəllibov, S.Hüseynov, R.Qazıyev, Ə.Hümbətov, Cavadov qardaşları kimi xəyanətkar ünsürlərin əsl sifətləri bütün aydınlığı ilə üzə çıxdı. Azərbaycan xalqının tarixi iradəsi və əzmi, öz milli dövlətçiliyinə, demokratik dəyərlərə sədaqəti bütün dünya qarşısında sübuta yetirildi.

1995-ci ilin mart ayında Azərbaycanın dövlətçiliyinə qəsd edən, hakimiyyət çevrilişi cəhdi göstərən və bununla əlaqədar ölkədə gərgin bir vəziyyət yaradan cinayətkar dəstənin zərərsizləşdirilməsində yenicə formalaşmağa başlayan Silahlı Qüvvələrin zabit və əsgərləri, polis işçiləri, təhlükəsizlik orqanlarının əməkdaşları, sıravi vətəndaşlar böyük iradə, dözümlülük göstərdilər, misilsiz hünər və igidliklə dövlətçiliyi qoruyub saxlamağa nail oldular. Onlar öz nümunəvi xidmətləri, qəhrəmanlıqları və şücaətləri ilə sübuta yetirdilər ki, müstəqil Azərbaycan dövlətinə, milli Konstitusiyamıza, xalqın azad və sərbəst yaşaması haqqına sədaqətlidirlər.

Azərbaycan xalqı üçün böyük təhlükə törədən mart hadisələrini hamımız yaşamışıq, onun bütün əzab-əziyyətlərini çəkmişik. Həmin müdhiş günlərdən tarix bizi uzaqlaşdırdıqca daha aydınlıqla dərk edirik ki, müəyyən itkilərimiz olmasına baxmayaraq, böyük bir şərəfli vəzifəni yerinə yetirmişik, Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlaya bilmişik. 1995-ci ilin mart hadisələri ətraflı tədqiq və təhlil olunmuşdur.

On altı illik bir məsafədən həmin günləri göz önünə gətirəndə aydın görürük ki, həqiqətən də 1995-ci ilin mart ayında, xalqımızın ən əziz milli bayramı - Novruz bayramı ərəfəsində Azərbaycan dövlətçiliyi, ölkəmizin müstəqilliyi böyük təhlükə ilə üz-üzə dayanmışdı. Bu hadisələr ondan qabaqkı dövrlərdə ölkədə mövcud olan cinayətkar dəstələrin, qrupların, hakimiyyət uğrunda silahlı dəstələr vasitəsilə mübarizə aparan qüvvələrin Azərbaycanda gördüyü pozucu işlərin bir hissəsi idi.

Məlumdur ki, 1988-ci ildən başlayaraq Azərbaycanda daxili ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Azərbaycan Ermənistanın təcavüzünün qarşısını almağa çalışırdı. Təəssüflər olsun ki, belə bir taleyüklü məqamda yaranmış vəziyyətdən istifadə edən cinayətkar qruplar, dəstələr, bəzi siyasi partiyalar və bədniyyət qüvvələr Vətəni erməni təcavüzündən qorumaq əvəzinə, ölkənin daxilində hakimiyyət mübarizəsinə başlamışdılar. Onların bu cinayətkar əməlləri Azərbaycanın özünü müdafiə etmək qüdrətini sarsıtmış, zəiflətmiş və bunun sayəsində Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etmək imkanı qazanmışdı. Bütün bu proseslər, müxtəlif siyasi qüvvələr, cinayətkar dəstələr tərəfindən aparılan çəkişmələr, toqquşmalar, hakimiyyət mübarizəsi 1993-cü ildə Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qoydu, qardaş qanı axıdıldı.

Xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra böyük çətinliklərlə həyata keçirdiyi ardıcıl tədbirlər və dövlət mənafeyinə xidmət edən siyasət nəticəsində Azərbaycan 1993-cü ilin iyun ayında və ondan sonrakı aylarda vətəndaş müharibəsindən xilas oldu, onun parçalanmasının qarşısı alındı və ölkədə ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi istiqamətində işlər aparılmasına başlanıldı. Ancaq əvvəlki illər ərzində respublikanın daxilində çoxlu cinayət törətmiş və zorakılıq yolu ilə öz istədiklərinə nail olmuş insanlar, silahlı dəstələr, qruplar, hətta siyasi partiya pərdəsi arxasında gizlənərək pozuculuq fəaliyyəti ilə məşğul olanlar yenə də bəd əməllərindən əl çəkmədilər. Məhz bunların nəticəsi idi ki, 1994-cü ilin oktyabr ayında Azərbaycandakı belə silahlı dəstələr hərəkətə gəldilər və dövlət çevrilişinə cəhd göstərdilər.

Xalq tərəfindən dəstəklənən və sonsuz məhəbbətlə sevilən möhtərəm Prezident Heydər Əliyevin televiziya vasitəsilə gecə vaxtı etdiyi çağırışa cavab olaraq minlərlə adam küçələrə çıxdı, Azərbaycan dövlətçiliyini, müstəqilliyini, öz həyatlarını qorumaq üçün Prezident Sarayının ətrafına toplaşdı. O gecə Azərbaycan xalqı öz milli birliyini dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan xalqı ölkənin daxilində cinayətkarlıq yolu ilə hakimiyyəti zəbt etmək istəyənlərə qətiyyətlə bildirdi ki, dövləti, demokratik dövlətçiliyi, müstəqilliyi, istəkli Prezidentini müdafiə edir. Məhz xalqın dəstəyi, xalqın birliyi cinayətkar qrupların qarşısını aldı, dövlət çevrilişnə cəhd baş tutmadı. Cinayətdə iştirak edənlər məsuliyyətə cəlb olundular.

Doğrudur, onların çoxu qaçdı, gizləndi, özlərinə başqa ölkələrdə sığınacaq tapdı. Ancaq hamımız da gördük ki, heç kəs canını cəzadan qurtara bilmədi. Dövlət çevrilişinə cəhddə, xalqa xəyanətdə suçlananların əksəriyyəti müxtəlif ölkələrdə və respublikanın özündə yaxalandılar, məsuliyyətə cəlb olundular, ədalət məhkəməsi qarşısında durdular və layiqli cəzalarını aldılar.

1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində olan OMON dəstəsinin içindəki cinayətkar ünsürlər oktyabr hadisələrində iştirak edirdilər. Onlar başqa qruplarla birlikdə Azərbaycan dövlətçiliyinə qəsd edirdilər, hakimiyyət dəyişikliyi cəhdi göstərirdilər. O vaxt OMON dəstəsinin başçıları bəyan etdilər ki, onlar öz səhvlərini anlayıblar. Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Sarayının qarşısında öz günahlarını etiraf edən OMON-çular güzəşt istədilər. Dövlət, unudulmaz Prezidentimiz Heydər Əliyev humanistlik, insanpərvərlik nümunəsi göstərərək onları bağışladılar, bir daha qəti xəbərdarlıq etdilər ki, çirkin əməllərindən əl çəksinlər. Təəssüflər olsun ki, bu humanist addım lazımınca qiymətləndirilmədi və bir neçə vaxtdan sonra onlar yenidən dövlət çevrilişi xülyasına düşdülər.

İstintaqla sübuta yetirilib ki, OMON-çuların ikinci dəfə dövlət çevrilişinə cəhdi tək özlərinin içindən gələn istəklər, arzular, yaxud da qərarlar deyildi. Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən şirnikləndirilən və ölkə daxilindəki bəzi siyasi qüvvələrin, radikal partiyaların fitvasına uyan OMON dəstəsinin cinayətkar qrupları yenidən meydana çıxdılar.

1994-cü ilin sonlarında və 1995-ci ilin əvvəlindən başlayaraq OMON dəstəsindəki azğınlaşmış bəzi ünsürlər yenə də qatı cinayətkar hərəkətlər etməyə başladılar. Onların qarşısı qətiyyətlə alınsa da cinayətkarlar bundan özləri üçün nəticə çıxarmırdılar. Əvvəlki illərdə etdikləri cinayətlərdən bəhrələndiklərini, zənginləşdiklərini, varlandıqlarını unuda bilmirdilər və bu yolla getməkdə davam edirdilər. Bu cür hərəkətləri də onları fəlakətə sürüklədi və nəhayət, onlar mart ayının əvvəlindən Azərbaycanda ictimai-siyasi sabitliyi yenidən pozmağa, dövlətçiliyə qəsd etməyə, silah gücünə hakimiyyəti zorla devirməyə çalışdılar.

Dövlətçiliyə qəsd, hakimiyyət çevrilişinə cəhd bu dəfə əyalətdən başladı. OMON-çuların azğınlaşmış bir qrupu Ağstafa və Qazax rayonlarında qatı cinayətlər törətdilər, demək olar ki, hakimiyyəti ələ keçirməyə nail oldular. Sonra isə onların əsas dəstəsi Bakıda, 8-ci kilometr qəsəbəsində yerləşən bazada güclü silahlarla, hərbi sursatlarla Azərbaycanda vətəndaş müharibəsi başlamağa və hakimiyyəti devirməyə hazırlaşdılar. O vaxtlar ölkənin Prezidenti müdriklik göstərərək müxtəlif imkanlarla - nüfuzlu ağsaqqalların, hörmətli ziyalıların, görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin vasitəçiliyi ilə onları düz yola dəvət etməyə çalışdı. Lakin heç bir nəticə alınmadı.

Əqidəcə pozulmuş insanlar, xaricdən və daxildən onları bu cinayət yoluna salan qüvvələr artıq hesab edirdilər ki, həyasızlıqla, silah gücünə Azərbaycanda dövlətçiliyi dağıtmaq olar. Nəhayət, 1995-ci ilin mart ayının 16-dan 17-nə keçən gecə güclü silahlara və qüvvəyə malik olan OMON dəstəsi Azərbaycan dövlətçiliyinin üzərinə hücuma keçdi. Ancaq həm OMON-çular, həm onlara havadarlıq edənlər, onları cinayət yoluna sürükləyənlər, maliyyələşdirənlər, dəstəkləyənlər anlamırdılar ki, artıq Azərbaycan dövlətinin özünü müdafiə etmək üçün qüdrəti, gücü var.

Onlar bunu dərk edə bilmədilər, böyük faciə törətdilər, qan tökdülər. Azərbaycanın Silahlı Qüvvələri, dəyərli insanları, igid əsgərləri, zabitləri o böyük qüvvəyə malik olan cinayətkar dəstənin qarşısını məharətlə aldılar. O gecə qanlı döyüşlər getdi. Həmin döyüşlərdə əsgər, zabit və mülki adamlardan 42 nəfər Azərbaycan dövlətçiliyini müdafiə edərkən həlak oldu, 150-dən artıq şəxs yaralandı, xəsarət aldı. İtkilər olsa da bütün dünya gördü ki, Azərbaycan dövləti öz müstəqilliyini qoruyub saxladı.

Cinayətkarlar öz layiqli cəzalarına çatdılar. Artıq onların bir çoxu humanizm prinsiplərini həmişə üstün tutan dövlət başçısının xüsusi fərmanları ilə əfv olunmuşdur. Mart hadisələrində cinayət törətmiş insanların əksəriyyəti öz təqsirlərini anlayıblar, peşmançılıq hissləri keçirirlər və onları bu cinayətə sövq edənləri lənətləyirlər.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 16 mart.- S. 5.