Qanunçuluğa və intizama ciddi əməl olunmalıdır
Bu barədə Laçın Rayon
İcra Hakimiyyəti başçısı yanında
keçirilmiş şura iclasında konkret tədbirlər
planı müəyyən edilmişdir
Laçın
Rayon İcra Hakimiyyəti başçısı yanında
şura iclasında respublika Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rüşvətxorluq və
korrupsiya hallarının qarşısının
alınması və bütün sahələrdə şəffaflığın
təmin edilməsi ilə bağlı verdiyi
tapşırıqlar, eyni zamanda, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiyanın sədri
Ramiz Mehdiyevin sədrliyi ilə 27 yanvar 2011-ci il tarixdə
keçirilmiş iclasda qarşıya qoyulmuş vəzifələr
geniş müzakirə edilmiş, əməli fəaliyyət
proqramı müəyyən olunmuşdur.
Məlumdur
ki, respublika Prezidenti "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə milli strategiyasının təsdiq edilməsi barədə"
sərəncam imzalamışdır. Həmin sənədə
uyğun olaraq ötən müddət ərzində rayonun
aidiyyəti orqanları korrupsiyanın mahiyyəti, səbəbləri
və onun doğurduğu təhlükələr haqqında vətəndaşlar
arasında maarifləndirmə işləri
aparmışdır. Ötən müddətdə korrupsiyaya
şərait yaradan halların aradan qaldırılması və
qabaqlayıcı tədbirlərin görülməsi, vəzifəli
şəxslərin və dövlət
qulluqçularının vicdanlı xidmət və peşəkarlıq
sahəsində nümunəvi davranışının
gücləndirilməsi istiqamətində bir sıra zəruri
tədbirlər həyata keçirilmişdir.
Belə
ki, 2007-ci ilin dekabr ayınadək rayonda bütün əmək
haqqı, pensiya, müavinət və digər ödənişlər
nağd qaydada paylanılmış və bu zaman ciddi qanun
pozuntularına yol verilmişdir. Həyata keçirilən tədbirlər
nəticəsində 2008-ci ildən əmək haqqı və
digər ödənişlərin bütünlüklə
plastik kartlarla ödənilməsi təmin edilmişdir. Bundan əlavə,
respublika üzrə ilk dəfə 121 saylı Dairə
Seçki Komissiyası üzvlərinin əmək
haqlarının kartlarla verilməsi təmin edilmişdir. Ödənişlər
zamanı əvvəllər yol verilən nöqsanlar tamamilə
aradan qaldırılmışdır.
"Məcburi
köçkünlərə yemək xərci müavinətinin
paylanmasına dair təlimat"ın tələblərinə
uyğun olaraq, 2008-ci il tarixdə rayon komissiyası
yaradılmış, yeni tərkib müəyyən edilərək
siyahıların üzləşdirilməsi
aparılmışdır. Bu zaman ciddi nöqsanların
olduğu müəyyən edilmiş, 2008 və 2009-cu illərdə
rayon üzrə yemək xərci müavinəti almaq
hüququ olmayan 2000 nəfər aşkara
çıxarılmışdır.
Taxtakörpü
ərazisində məskunlaşmış məcburi
köçkünlərə humanitar yardımların
paylanılmasında şəffaflığın təmin edilməsi
məqsədilə, 2008-ci ilin əvvəlində komissiya
yaradılmışdır. 1700 nəfərə qanunsuz
humanitar yardım ödənilməsinin qarşısı
alınmışdır. Kənd təsərrüfatı
istehsalçılarına yanacaq və motor yağlarına
görə kompensasiyaların verilməsi ilə bağlı
da araşdırma aparılmışdır. Siyahıya qanunsuz
daxil edilmiş 267 hektar əkin sahəsinə görə 10680
manat büdcə vəsaiti ödənişinin
qarşısı alınmışdır.
Rayon
Təhsil Şöbəsində yol verilmiş
nöqsanların aradan qaldırılması istiqamətində
də ciddi tədbirlər həyata keçirilmişdir. Belə
ki, rayon üzrə şagirdlərin və müəllimlərin
adları xüsusi proqram əsasında kompyuterə
yığılmış, şagirdlərin məktəb
şəbəkəsinə daxil olunması ərazi icra
nümayəndələrinin arayışları əsasında
həyata keçirilmişdir. Nəticədə, rayon üzrə
185 sinif komplekti ləğv olunmuş, 8 məktəbin və
19 filialın fəaliyyəti
dayandırılmışdır. Bununla da dövlətə il
ərzində dəyəcək 500 min manatdan çox
ziyanın qarşısı alınmışdır. Araşdırma
zamanı məktəb şəbəkələrinə
qanunsuz və formal olaraq yazılmış, adı rayonun iki, bəzən
də üç ümumtəhsil məktəbinin şəbəkəsinə
daxil edilmiş 3000-ə yaxın şagird müəyyən
edilmişdir. 2008-ci ilin avqust-oktyabr aylarında Dövlət
Sosial Müdafiə Fondu Laçın rayon şöbəsində
yoxlama aparılmış, nəticədə, 80 min manatadək
qanunsuz ödənişə yol verildiyi müəyyən
olunmuşdur. Bununla bağlı şöbənin müdiri, eləcə
də digər məsul işçilər yol verdikləri
nöqsanlara görə daşıdıqları vəzifədən
azad edilmişlər. Yoxlama sənədləri Azərbaycan
Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinə göndərilmişdir.
Rayon
əhalisi arasında narazılıq yaradan hallardan biri də
bütün icra strukturlarının Taxtakörpü ərazisində
yerləşməsinə baxmayaraq, bəzi idarə və
müəssisələrin Bakı, Ağcabədi şəhərlərində
fəaliyyət göstərmələri olmuşdur. 2007-ci ildən
ötən müddət ərzində Sosial Müdafiə Fondunun
rayon şöbəsinin, Vergilər idarəsinin,
sığorta şöbəsinin və digər müəssisələrin
Taxtakörpü qəsəbəsinə
köçürülməsi təmin edilmişdir.
2007-ci
ildən ötən dövrdə vətəndaşların qəbulu,
ərizə və şikayətlərə baxılmasına,
xüsusilə, səyyar görüş-qəbulların keçirilməsinə
diqqət artırılmış, bu iş daha ardıcıl və
sistemli xarakter almışdır. Əvvəlki illərlə
müqayisədə ərizə və şikayətlərin,
xüsusilə təkrar şikayətlərin sayı
azalmış, müraciətlər daha çox təklif və
minnətlardıq xarakteri almışdır.
2010-cu
ildə Laçın Rayon İcra Hakimiyyəti
Başçısı Aparatına vətəndaşların
cəmi 1098 yazılı müraciəti daxil olmuşdur. Bunun
455-i Prezidentin Administrasiyasından, 36-sı Milli Məclisdən,
206-sı Nazirlər Kabinetindən, 159-u digər respublika təşkilatlarından,
242-si vətəndaşların özləri tərfəfindən
göndərilmişdir. Müraciətlərdən 34-ü
aidiyyəti üzrə göndərilmiş, 179-u müsbət
həll olunmuş, 298-i əsassız
sayılmışdır. 587 müraciət müəlliflərinə
isə müvafiq izahatlar verilmişdir.
Ötən
il təsdiq edilmiş qrafikə uyğun, hər gün rayon
icra hakimiyyətinin başçısı, onun müavinləri
və aparatın şöbə müdirləri tərəfindən
vətəndaşların qəbulu təşkil olunur. Bu
vaxtadək 1573 nəfər rayon icra hakimiyyətinin
başçısı tərəfindən qəbul
edilmişdir. İşin məhz bu cür təşkil edilməsinin
nəticəsidir ki, 2009 - 2010-cu illərdə Prezident
Administrasiyasının ümumi şöbəsinin
hazırladığı illik hesabatda Laçın rayonunda
müsbət təcrübə qazanıldığı qeyd
edilmişdir.
Rayon
icra hakimiyyəti başçısı yanında şura
iclası bütün idarə, müəssisə və təşkilat
rəhbərlərindən, şəhər, qəsəbə
və kənd ərazi nümayəndələrindən qəti
şəkildə tələb etmişdir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələri
rəhbər tutaraq, son 3 ildə aparılan müsbət meyilləri
davam etdirməklə, rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizəni daha da gücləndirsinlər.
İclasda bütün sahələrdə şəffaflığın
təmin edilməsi və maliyyə nəzarətinin gücləndirilməsi,
vətəndaşların müraciətlərinə
baxılmasına diqqətlə yanaşılması, vəzifədən
sui-istifadə hallarının aradan qaldırılması ciddi
vəzifə borcu kimi qarşıya qoyulmuşdur.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 16 mart.- S. 5.