Dağıdıcı müxalifətin iflası qaçılmazdır

 

Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda inamla irəliləməsi hazırda dünya miqyasında yüksək qiymətləndirilir. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik, şəffaf seçkilərin keçirilməsi sülhpərvər, xarici siyasət yeridilməsi ölkəmizin Avropa və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələrv verir. Ölkəmizdə aparılan uğurlu islahatlar, iri infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sırasını xeyli genişləndirib.

 

Ölkə iqtisadiyyatının dinamik inkişafı regionlarda yeni iş yerlərinin yaradılması ilə yanaşı, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, yoxsulluğun azaldılmasına, Milli Ordunun daha da qüdrətlənməsinə böyük təsir göstərmişdir. Azərbaycanın dövlət büdcəsi sürətlə artmaqdadır. Müqayisə üçün diqqətə çatdırmaq istərdik ki, 2004-cü illə müqayisədə builki dövlət büdcəsi 12 dəfə artmışdır. Respublikamızın beynəlxalq əlaqələrinin daha da genişlənməsi, mövqelərimizin getdikcə möhkəmləndirilməsi istiqamətində də qətiyyətli addımlar atılır. Məhz bunun nəticəsidir ki, bu gün dünyanın tanınmış beynəlxalq qurumları, habelə inkişaf etmiş dövlətləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləyərək Ermənistanın işğalçı dövlət olduğunu rəsmən bəyan etmişlər. Ölkəmizin öz təbii sərvətlərini heç bir dövlətin vasitəçiliyi olmadan Avropa və dünya bazarlarına çıxarması da dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin məntiqli nəticəsidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan dövləti sürətli iqtisadi inkişaf tempini qoruyub saxlayır, demokratik prinsiplərin inkişafına xüsusi önəm verir, insanların həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində bütün imkanlardan istifadə edir.

Təəssüf edirik ki, adlarını müxalifət qoyan bəzi qaragüruhçular ölkəmizin bu inkişafını gözdən salmaq üçün müxtəlif çirkin vasitələrə əl atır, xarici düşmənlərimizin sifarişlərini yerinə yetirərək ictimai-siyasi sabitliyi pozmağa can atırlar. Maraqlıdır ki, həmin qaragüruhçular hər dəfə ayrı-ayrı dövlətlərdə xoşagəlməz hadisələr baş verəndə özlərinin varlığını sübut etmək həvəsinə düşürlər. Sosial bazasının yoxluğu üzündən radikal müxalifət neçə vaxt idi ki, mitinq, küçə yürüşü və digər aksiyalar keçirə bilmirdi. Halbuki, ölkədə mitinq və digər aksiyalar keçirmək üçün "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna müvafiq olaraq münasib yerlər ayrılmış, hətta, aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunması da nəzərdə tutulmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, AXC-Müsavat cütlüyü hakimiyyətə gələndən bir az sonra Ali Sovetin sədri İsa Qəmbər mitinq və küçə yürüşlərinin qadağan olunmasını rəsmiləşdirdi. Fikir verirsinizmi, özlərini "demokrat" adlandıranlar hakimiyyətə gələn kimi insanların sərbəst toplaşmaq azadlığına necə böyük "qayğı" ilə yanaşıblar.

Azərbaycandakı inkişafdan məmnunluq ifadə edən bəzi müxalifət nümayəndələri etiraz aksiyası keçirməyə artıq əsas olmadığını səmimi etiraf edərək mitinq və küçə yürüşlərinə qoşulmağa birdəfəlik son qoyublar. Son illər demək olar ki, belə aksiyaların keçirilməsinə maraq göstərənlər də yoxdur. Ancaq vəzifə hərisliyində olan radikal müxalifət nümayəndələri "qonşuda bişər, bizə də düşər" arzusu ilə yenidən gündəmə gəlmək istəyirlər. Gəlin bir anlıq yaxın keçmişə diqqət yetirək. Gürcüstanda "məxməri", Ukraynada "narıncı" və Qırğızıstanda "qızıl gül" inqilabları baş verəndə Azərbaycan müxalifətinin bəzi nümayəndələri gah yaxalarına qızıl gül taxıb gəzdilər, gah da narıncı paltar geyindilər. Hətta AXCP sədri Ə.Kərimli və Müsavat başqanı İ.Qəmbər "narıncı inqilabın texnologiya"sı ilə yaxından tanış olmaq və həmin təcrübəni öyrənmək üçün Ukraynaya getdilər. Gələndə isə özlərinə narıncı köynək də gətirdilər. Bir müddət narıncı rəngdə paltarda gəzdilər. Bir də onda ayıldılar ki, bu rəngə meyl etməklə xalq arasında özlərinə qarşı şübhə yaradıblar. Xalq onların adını "narıncılar" çağırırdı. Əslində, bu və digər buna bənzər adları özləri qazanmışdılar.

Son vaxtlar bir sıra ərəb ölkələrində baş vermiş hadisələr yenidən Azərbaycandakı radikal müxalifətin yadına köhnə yuxuları salıb. Onlar yenə də mitinq keçirmək həvəsinə düşüblər. Bu dəfə də partiya sədrləri otaqda oturub dünyagörüşü olmayan, hadisələrə kor-koranə qoşulan, on-on beş nəfər irəli buraxıblar. Xüsusilə gəncləri aldadaraq xalqa, dövlətə qarşı mübarizəyə səsləyən xəyanətkar qüvvələr sanki unudurlar ki, bir vaxtlar aldadıb ermənilərlə sövdələşməyə göndərdikləri Ruslan Bəşirli hələ də məhbus həyatı yaşayır. AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Tbilisidə ermənilərlə danışıqlar aparan, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün ermənilərdən vəsait alan R.Bəşirli məhkəmə zamanı hər şeyi etiraf etdi.

Martın 11-də bir qrup gənci aldadaraq dövlətçiliyə qarşı müxtəlif şuarlar səsləndirməyə təhrik edən radikal müxalifət rəhbərləri onlara Ruslan Bəşirlinin həyatını yaşatmaq istəyirlər. Ətraflarına topladıqları bir qrup gənci antimilli hərəkətlərə zövq edən AXCP və Müsavat Partiyasının rəhbərləri Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təlaşlandıqlarını ört-basdır edə bilmirlər. Azərbaycanın ərazisinin 20 faizinin düşmən işğalında olduğu bir vaxtda gənclərimizin qüvvəsindən dövlətçiliyə, xalqa qarşı istifadə etmək milli xəyanətkarlıqdır.

Martın 12-də aksiya keçirmək istəyənlərə müvafiq yerlər təklif olunsa da, onlar şəhərin mərkəzində mitinq keçirməyə cəhd göstərdilər. Daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində 150 nəfərlik kiçik qrupun asayişi pozmaq cəhdlərinin qarşısı alındı. Müxalifətin "ölkəni silkələmək" iddiası sabun köpüyü kimi partlasa da, havadarlarından külli miqdarda qrant almaq istəyi dəmirçi körüyü kimi hələ də zəbanə çəkir. Amma arzuları gözlərində qalacaq. Çünki martın 12-də keçirmək istədikləri aksiya bir daha təsdiqlədi ki, artıq radikal müxalifətin aksiya çağırışına əhəmiyyət verən yoxdur. Əvvəllər beş-on manat verib aldatdıqları adamları da tapa bilmirlər. Belə ki, artıq Azərbaycanda çoxlu sayda iş yerləri açılıb. Hamı işində-gücündədir. Radikal müxalifət isə hələ də dünyaya qara eynəklə baxır. Çürüməkdə olan dağıdıcı müxalifətin iflası qaçılmazdır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 16 mart.- S. 5.