Bakı şəhəri qəsəbələrinin inkişaf proqramı qəbul ediləndən sonra paytaxtımız daha da gözəlləşəcəkdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin daha da inkişaf etməsi üçün indiyə kimi bir sıra tədbirlər həyata keçirilmişdir. Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi Dövlət Proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs əsasında hazırlanaraq 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın həyata keçirilməsi paytaxt və ətraf qəsəbələrin də sürətli inkişafına böyük təkan vermişdir.

 

Proqram çərçivəsində paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.

Prezident İlham Əliyev Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair bu günlərdə keçirilən müşavirədə demişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir".

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev paytaxtda müxtəlif obyektlərin, yolların, körpülərin təməlqoyma və açılış mərasimlərində daim iştirak etmiş, eyni zamanda, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün müvafiq göstərişlər vermişdir. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, yolların genişləndirilməsi layihələri icra olunmuş, 32 piyada keçidi tikilmişdir. Ölkə başçısının diqqət və qayğısı paytaxt və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, uzun illərdən yığılıb qalan bir çox problemlərin həllinə də əsaslı təkan vermişdir

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirməklə bərabər, dövrün tələblərinə uyğun olaraq Bakı şəhərinin və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün qarşıya yeni vəzifələr qoyaraq müşavirədə demişdir: "Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə getsin".

Müşavirədə həmçinin bildirilmişdir ki, əhalinin mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə son illərdə Bakı şəhərində onlarla qazanxana tikilib istifadəyə verilmiş, əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Əzizbəyov rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına, eyni zamanda, beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə müvafiq layihələr, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlər insanların sosial şəraitinə öz müsbət təsirini göstərmişdir.

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkli suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi tədbirləri həyata keçirilmişdir. Bibiheybət və Sabunçu rayonu ərazisində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalla əvəz olunmuşdur. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/gün olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir.

Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb etmişdir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün "Təmiz Şəhər" ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihələrinin həyata keçirilməsi istiqamətlərində görülən işlər bu qəbildəndir.

Azərbaycan Prezidenti İlham Əliyev paytaxtətrafı qəsəbələrin inkişafına bundan sonra da diqqət göstəriləcəyini vurğulamış, yol-nəqliyyat sistemində görülən işləri yüksək dəyərləndirmişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu mənim qəti fikrimdir.

Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi..."

Müşavirədə bir sıra ciddi məqamlara da toxunulmuşdur. Göstərilmişdir ki, Bakı qəsəbələrində işsizlik probleminin həll edilməsi üçün son vaxtlar müəyyən işlər görülsə də, bu problem öz aktuallığını saxlamaqdadır. Qəsəbələrdə işsizlik problemini aradan qaldırmaq üçün yerli sakinlərin tarix boyu məşğulluq ənənələrinə uyğun olaraq, vaxtilə geniş yayılmış təsərrüfatları bərpa etmək, əhalini bu işlərə cəlb etmək vacibdir. Vaxtı ilə Bakının qəsəbələri kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, müxtəlif sənətkarlıq məhsullarının istehsalı ilə məşhur idi. Məsələn, bir zamanlar Bilgəh qəsəbəsində zəfəran yetişdirilməsi, Maştağada gülçülük-tərəvəzçilik, Nardaranda xalçaçılıq, gülçülük, balıqçılıq, Zirə və Qalada heyvandarlıq, bostançılıq, Hövsanda tərəvəzçilik məşhur idi. Başqa şəhərətrafı qəsəbələrdə də bunlara bənzər işlər geniş vüsət almışdı. Odur ki, qəsəbələrdə belə təsərrüfatları bərpa edib, əhalini həmin sahələrə cəlb etmək əhəmiyyətli olardı. Eyni zamanda, qəsəbələrdə müxtəlif təyinatlı istehsal sahələri yaratmaq və sahibkarlığın inkişafına əlavə stimullar verməklə işsizlik problemini tamamilə həll etmək olar.

Məlumdur ki, sosial-iqtisadi inkişafda, əhalinin yaşayış səviyyəsinin yüksəlməsində elmin, təhsilin, səhiyyənin, idman və mədəni istirahət ocaqlarının olması çox vacibdir. Azərbaycan Prezidentinin qayğı və köməyi nəticəsində şəhərətrafı yaşayış məntəqələrində bu sahədə son vaxtlar xeyli iş görülmüşdür. Qəsəbələrdə müasir tələblərə cavab verən yeni təhsil və səhiyyə, idman obyektlərinin istifadəyə verilməsi bunun daha bir parlaq nümunəsidir.

Müşavirədə Prezident İlham Əliyev yeni iş yerlərinin açılması, qəsəbələrdə infrastrukturun daha da müasirləşdirilməsi, bir sıra mühüm layihələrin reallaşdırılması üçün maliyyə məsələləri ilə bağlı tapşırıqlarını da vermişdir. Dövlət başçısı demişdir: "Mən artıq müvafiq göstərişləri verdim, o cümlədən İqtisadi İnkişaf Nazirliyinə. Çünki biz əsas vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bölgələrə yönəldirik. Mən təklif etdim və indi tapşırıq verdim ki, o vəsaitdən Bakı qəsəbələrinə də kredit şəklində verilməlidir. Yaxud Bakı qəsəbələrinin inkişafı üçün xüsusi bir kredit fondu yaradıla bilər. Biz bu kredit fondundan yalnız kiçik və orta sahibkarlığın inkişafı üçün istifadə etməliyik. Hər halda, indi İqtisadi İnkişaf Nazirliyi bu məsələlərlə bağlı işləyir və hesab edirəm ki, yaxın zamanlarda öz təkliflərini verəcəkdir. Mən hesab edirəm ki, bu gün səslənən və bundan sonra daha çox yerlərdən veriləcək bütün təkliflər təhlil edilməlidir. Elə etməliyik ki, Novruz bayramından sonra bu proqramı təsdiq edək. O vaxt - güman edirəm ki, aprel ayında dövlət büdcəsinə əlavələr ediləcəkdir. Çünki indi maliyyə imkanlarımız genişlənir və biz bu il görülə biləcək işləri gələn ilə saxlamamalıyıq. Ona görə bu proqram da ən uzağı aprel ayında tərtib olunmalıdır ki, dövlət büdcəsində öz əksini tapsın. Mən iş yerlərinin açılması ilə bağlı yerli və xarici investorları da dəvət edirəm ki, Bakı qəsəbələrində investisiya qoysunlar. Çünki buna ehtiyac vardır. Vaxtilə Azərbaycan Dövlət İnvestisiya Şirkətini o məqsədlə yaratdıq ki, xarici investorları cəlb etsin, bizə lazım olan istiqamətlərdə vəsait qoysun. Yəni, İnvestisiya Şirkəti də bu işlərə qoşulmalıdır".

Prezident İlham Əliyev qəsəbələrdə ənənəvi təsərrüfat sahələrinin inkişafının zəruriliyini də diqqətə çatdırmışdır: "Hesab edirəm ki, zeytunçuluq inkişaf etməlidir. Bunun gözəl ənənələri vardır və təbii iqlim də buna müsaidə edir. Zeytunçuluq təsərrüfatlarının, müasir emal müəssisələrinin yaradılması prosesi sürətlə getməlidir. İndi Azərbaycanda zeytun istehsalı sürətlənir. Bakı qəsəbələrində bunu etmək üçün çox yaxşı imkanlar vardır.

Quşçuluq fabriklərinin yaradılmasına artıq başlanmışdır. Bəzi qəsəbələrdə quşçuluq fabrikləri işə salınır. Bütövlükdə biz hələ ki, quş əti ilə özümüzü təmin etmirik, haradasa 80 faiz səviyyəsində təmin edirik. Mən göstəriş vermişəm ki, quşçuluğun inkişafı üçün əlavə vəsait ayrılsın, o cümlədən Bakı qəsəbələrində biz bu məsələyə baxmalıyıq. Yerli istehsal, eyni zamanda, qiymətlərin sabit vəziyyətdə saxlanmasına da şərait yaradacaq, hər halda yaratmalıdır".

Prezident İlham Əliyev müşavirədə əminliyini bildirmişdir ki, qaldırılan məsələlər, irəli sürülən təkliflər, habelə yeni proqramın qəbulu yaxın gələcəkda şəhər ətrafı yaşayış sahələrinin daha da gözəlləşməsinə, daha da abadlaşmasına səbəb olacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 17 mart.- S. 5.