Azərbaycanda
kütləvi aksiyalar keçirilməsi üçün
heç bir səbəb yoxdur
Radikalların
antimilli niyyətləri və cəhdləri iflasa məhkumdur
Azərbaycanda sürətli sosial-iqtisadi
inkişaf, demokratik proseslərə xüsusi önəm verilməsi,
insan hüquq və azadlıqlarının qorunması istiqamətində
həyata keçirilən ardıcıl tədbirlər
ölkəmizi beynəlxalq aləmdə nüfuz sahibinə
çevirib. Dövlət başçımızın həyata
keçirdiyi düşünülmüş daxili və xarici
siyasət Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında ölkəmizə tərəfdar
çıxan, Ermənistanı işğalçı
dövlət kimi tanıyan beynəlxalq qurumların və
dövlətlərin sayını getdikcə artırır.
Hazırda Azərbaycan iqtisadiyyatın inkişaf tempinə
görə, dünyanın lider dövlətlərindəndir.
Bir sıra sahələrdə qazanılan uğurlara görə
isə MDB-də birincidir.
Həm
daxili, həm də xarici siyasətdə qazanılan uğurlar
xarici anti-Azərbaycan dairələrini və radikal müxalifəti
ciddi narahat edir. Belə xəyanətkarları Azərbaycanın
gələcəyi, demokratik inkişaf deyil, hakimiyyəti
zorakılıqla qəsb etmək düşündürür.
Ərəb ölkələrində baş vermiş hadisələrdən
"ruhlanan" radikal müxalifət nümayəndələri
Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün hərəkətə
gəlib. Onlar insanları mitinqlərə
çağıraraq dövlətçiliyə qarşı
aksiyalar keçirməyə cəhd göstərirlər.
Halbuki, bu gün Azərbaycanda əhalinin ayrı-ayrı təbəqələrinin
narahatlığına, narazılığına və
kütləvi aksiyaların keçirilməsinə səbəb
ola biləcək heç bir səbəb yoxdur. Müraciət
etdiyimiz siyasi ekspertlər də bu fikri təsdiq edirlər.
Mübariz Qurbanlı, YAP icra
katibinin müavini, Milli Məclisin deputatı:
- Azərbaycanda müxalifətdə hələ də elə qeyri-yetkin qüvvələr var ki, radikal çağırışlardan əl çəkmirlər. Bu il Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edəcəyik və bu 20 il ərzində Azərbaycan xalqı siyasi həyatda çox hadisələrin şahidi olub. Azərbaycanın müstəqilliyinin ilk illərində siyasi arenaya çıxmış qüvvələr radikal çağırışları ilə yadda qalıb. Azərbaycan inkişaf edib, ölkənin ictimai-siyasi həyatında keyfiyyət dəyişiklikləri baş verib. Təəssüf ki, radikal qanadın əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Bu gün də İsa Qəmbər, Əli Kərimli və onun kimiləri ötən əsrin 90-cı illərinin əvvəllərində olan hərəkətlərlə fəaliyyətlərini davam etdirməkdədirlər. Azərbaycanda radikal yönümlü siyasi proses praktik olaraq sönmək üzrədir. Radikalların yenidən Azərbaycanın ictimai-siyasi həyatını pozmaq cəhdi iflasa uğrayıb və bundan sonra radikal yönümlü müxalifət siyasi səhnədən demək olar ki, aradan qalxmaqda, sosial dayaqlarını itirməkdədir. Bu proses bu gün də gedir və Azərbaycanda sosial yönümlü şüarları müdafiə edən insanların ümumi sayı bəlkə də 0,1 faiz təşkil etmir. 2010-cu ildə parlament seçkiləri zamanı apardığımız təhlil göstərdi ki, bütövlükdə Azərbaycanda müxalifət yönümlü insanların sayı 7 faiz civarındadır. Bunun da 0,1 faizi radikal çağırışları müdafiə edir. Bu gün Azərbaycan parlamentində siyasi dialoq mühitində iqtidarla müxalifət arasında siyasi müstəvidə rəqabət davam edir. Lakin bu rəqabət normal məcrada aparılır. Amma hələ də cəmiyyətdə radikal çağırışları gündəmdə saxlamaq istəyənlər var. Radikal çağırışlarla gündəmdə qalmaq istəyənlərin bir hissəsi Müsavat Partiyasındadır. Bu partiyanın say tərkibi o qədər azalıb ki, onu hazırda dərnək də adlandırmaq olar. Həmin qrup Bakı şəhərinin mərkəzində aksiya keçirmək niyyətindən əl çəkmir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onlara dəfələrlə bildirilib ki, indiki şəraitdə kütləvi aksiyaların şəhərin mərkəzində keçirilməsi düzgün deyil. Azərbaycanda "Sərbəst toplaşmaq haqqında" Qanun fəaliyyət göstərir. Bu qanuna görə, bu və ya digər kütləvi aksiyaları keçirmək üçün müvafiq icra hakimiyyətinə müraciət olunmalıdır və həmin icra hakimiyyətinin ayırdığı yerlərdə aksiyalar keçirmək olar. Lakin radikallar Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə qulaq asmayaraq yenidən öz radikallıqlarını nümayiş etdirməyə çalışırlar. Beş-on nəfər insan radikal çağırışlara qoşularaq qanunla üz-üzə dayanır. Biz martın 11-də bunun şahidi olduq. Gənclərin vasitəsilə aksiya keçirmək istəyən radikal yönümlu dairələr və onları himayə edən qüvvələr sosial şəbəkələrdən istifadə edərək, gəncləri küçələrə, meydanlara çağırırdılar. Amma bütün cəhdlərə baxmayaraq, onların istədiyi kimi aksiya baş tutmadı. Bununla da aksiya keçirmək istəyənlər iflasa uğradı. Eyni zamanda 11 mart aksiyasını müdafiə edən Müsavat və AXCP partiyaları da iflasa uğramış oldu. Bir daha göründü ki, Azərbaycan xalqı radikal çağırışların arxasınca getmir, mitinq əhval-ruhiyyəsindən tamam uzaqdır. Vətəndaşlarımız başa düşürlər ki, Azərbaycanda sabitliyə daha çox ehtiyac var, ölkə Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın qarşısında duran əsas vəzifə sosial-iqtisadi inkişafa nail olmaq və bu inkişaf sayəsində düşmən üzərində daha çox üstünlüyü təmin etməkdir. Azərbaycan iqtisadi vəziyyətinə görə Ermənistandan 10 dəfə üstündür. Bu uğurlar ulu öndər Heydər Əliyevdən başlamış və cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilən siyasət nəticəsində qazanılıb. Biz Ermənistanla hərbi, ideoloji sahələrdə, diplomatik, iqtisadi cəbhədə üz-üzəyik. Belə bir şəraitdə Azərbaycanın inkişafı düşməni taqətdən salmağa yönələn bir siyasətdir. İqtisadi gücümüzün artmasının nəticəsidir ki, Ermənistan diplomatik cəbhədə, informasiya cəbhəsində bizə dalbadal məğlub olur. Ölkəmizi düşünən hər bir azərbaycanlı bunu başa düşür. Hansısa dairələrin sifarişi ilə hərc-mərclik yaratmaq əslində ümummilli marağımıza ziddir. Vətəndaşlar məhz buna görə də radikal çağırışlara qoşulmur, onu rədd edir və bundan sonra da rədd edəcək. Azərbaycan hansısa qüvvələrin təcrübə meydanı deyil. Azərbaycan bölgənin lider ölkəsidir və hansısa ölkələrin təsiri altında qərarlar qəbul etmir. Prezident İlham Əliyev praqmatik, qətiyyətli siyasət həyata keçirir. Onun bu siyasəti Azərbaycanın strateji maraqlarına uyğun bir siyasətdir. İndiki şəraitdə küçə yürüşləri milli maraqlarımıza zidd əməllərdir. 11 mart ilə bağlı "böyük xalq günü" sözünü işlətmək əslində tərbiyəsizlikdir, həm siyasi, həm də etika baxımından. Bir qrup adam gəncləri ətrafına toplamaq istəsə də bu niyyət iflasa uğradı. Müxalifət mətbuatının özündən də görünür ki, mətbuatın nümayəndələri iştirakçılardan çox idi.
Azərbaycanın güclənməsi kimlərisə narahat edir, Azərbaycanın inkişafı erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri və həmin dairələrlə əlbir olan radikalları qane etmir. Radikallar "nə qədər pis olursa-olsun, bizim üçün yaxşıdır" prinsipi ilə millətin maraqlarına zidd hərəkətlər edir. Radikallar niyyətlərini gizlətmir, "biz hakimiyyətə gəlmək üçün şeytanla belə əməkdaşlığa hazırıq" tezisini ortaya qoyurlar. Bütün bunlara rəğmən 11 martdakı iflas 12 martda da özünü göstərdi. Hesab edirəm ki, radikalizm Azərbaycanda sonuncu addımlarını atmaqdadır. Azərbaycanda normal iqtidar-müxalifət rəqabəti üçün müstəvi var.
Radikal müxalifətin ərəb ölkələrində baş vermiş hadisələrdən "ruhlanmasına" münasibət bildirən M.Qurbanlı dedi:
- Ərəb dünyasında baş verənlərin kökündə başqa məqamlar dayanır. Həmçinin bu ölkələrdə baş verənlərin səbəbləri də bir-birindən fərqlənir. Bu hadisələri Azərbaycanla bağlamaq məntiqsizlikdir. Azərbaycan öz inkişafına, siyasi vəziyyətinə, geocoğrafi mövqeyinə görə fərqlənir. Eyni zamanda Azərbaycanın keçdiyi yol tamamilə fərqlidir. Azərbaycan normal demokratik mühitə malik olan ölkədir. Ərəb ölkələrində uzun müddət fövqəladə vəziyyət hökm sürüb. Azərbaycanda azad mətbuat var, siyasi partiyalar azad şəkildə fəaliyyət göstərir. Bizim üzləşdiyimiz problemlər də tamamilə fərqlidir. Belə olan halda Azərbaycanda baş verənləri ərəb dünyasındakı hadisələrlə bağlamaq hesab edirəm ki, müxalifətin proqnoz verən nümayəndələrinin geopolitik məsələləri yaxşı bilməməsi, ya da məsələləri qəsdən təhrif etməsindən irəli gəlir. Azərbaycandakı ictimai-siyasi vəziyyəti ərəb dünyasındakı hadisələrlə eyniləşdirmək istəyənlər səhv etdiklərini anlayacaqlar və başa düşəcəklər ki, Azərbaycan özünəməxsusluğu ilə seçilən ölkədir. Azərbaycan Prezidenti xalqı irəliyə aparır, xalqın söykəndiyi ideoloji təməl prinsipləri var, bunlar demokratik dəyərlər, azərbaycançılıq və digərləridir. Azərbaycan irəli getdikcə üzləşdiyi bütün problemləri həll etdiyi kimi antimilli qrupu - radikalları da kənara atacaqdır.
Rüstəm Xəlilov, Milli Məclisin
deputatı:
- Son illər
Azərbaycanda sosial-iqtisadi inkişafın daha da sürətlənməsi,
əhalinin həyat səviyyəsinin getdikcə
yaxşılaşması, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində məqsədyönlü
xarici siyasət yeridilməsi xalqın Prezident İlham Əliyevin
ətrafında daha sıx birləşməsinə ciddi təkan
verib. İndi xalq öz Prezidentinə daha çox güvənir
və arxalanır.
Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, hüquqi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atılması ictimaiyyət arasında geniş rəğbət hissi doğurub. Neqativ hallarla, o cümlədən, bütün ölkələrdə az və ya çox dərəcədə mövcud olan rüşvətxorluq, korrupsiya, inhisarçılıq, süründürməçilik halları ilə mübarizə daha da gücləndirilib. Artıq əhali bunun effektini gündəlik həyatında hiss etməyə başlayıb və dövlət başçısının siyasi xəttini davamlı şəkildə dəstəklədiklərini bəyan edirlər. İnsanların həyat səviyyəsi gündən-günə yüksəlir, əmək haqları, pensiyalar, digər sosial ödəmələr artırılır. Aztəminatlı ailələr, şəhid ailələri və əlillər dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Ölkənin şəhər, qəsəbə və kəndləri abadlaşır, bütün sosial-iqtisadi infrastruktur yeniləşir və müasirləşir. Regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı uğurla icra edilir. Hazırda əksər rayonlarda yüksək məvacibli hər cür şəraiti olan yeni iş yerləri açılıb.
Təəssüf edirik ki, adlarını müxalifət qoyan bir qrup vəzifə hərisi ölkəmizin bu inkişafından qısqanclıq hissi keçirir və çaşqınlıq yaratmaq üçün müxtəlif hərəkətlərə əl atırlar. Ərəb ölkələrində baş verən hadisələr müəyyən Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq, müsəlman cəmiyyətlərində ciddi qarşıdurma yaratmaq niyyətlərindən xəbər verir. Acınacaqlı haldır ki, ölkəmizdəki antimilli qüvvələr də belə təsirlər altına düşərək ictimai rəyi çaşdırmağa yönəldilmiş aksiyalara cəhd göstərirlər. Ölkəmizin müharibə şəraitində olduğu, torpaqlarımızın 20 faizinin hələ də işğal altında qaldığı bir vaxtda radikal müxalifət nümayəndələri bəzi qeyri-yetkin gəncləri yoldan çıxararaq onları dövlətə, dövlətçiliyə qarşı mübarizəyə təhrik edirlər. İnsanları mitinq və küçə yürüşlərinə səsləyənlər ölkədə xaotik vəziyyət yaratmaq istəyən antimilli qüvvələrdir. Mitinq, piket tərəfdarları Azərbaycanın inkişafını, parlaq gələcəyini, beynəlxalq aləmdə nüfuzunun artmasını istəməyən qüvvələrdir. Əslində onları qüvvə də adlandırmaq olmaz. Belə cılız adamlar xalqımıza, dövlətimizə, mövcud sabitliyə qarşı çıxan antimilli ünsürlərdir.
İnanırıq ki, ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd edən, bu prosesin başında duran şəxslər məsuliyyətə cəlb olunacaq, onların barəsində qanun çərçivəsində tədbirlər görüləcək.
Söhbəti
yazdı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2011.- 17 mart.- S.17