Radikal və dağıdıcı müxalifət sağalmaz mərəzə tutulub

 

Ölkədə sabitliyi pozmağa, inkişafa əngəl olmağa çalışan antimilli qüvvələr qanunun bütün gücü ilə cəzalandırılmalıdır

 

Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanın sürətlə və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Qlobal maliyyə böhranının dünyada böyük fəsadlar törətməsinə baxmayaraq iqtisadiyyatımız heç vaxt özünün inkişaf tempini itirməmiş, dövlət büdcəsinin həcmi durmadan artmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir. Məhz məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində təkcə keçən il ölkəmizdə 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər isə ölkəmizdə 900 mindən çox iş yeri açılmışdır. Təkcə ötən il ərzində regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilmişdir. Son 10 ilin iqtisadi göstəricilərinə nəzər salanda görürük ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları 31 dəfə artmışdır. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bununla da ölkəmiz Cənubi Qafqazda və dünyada lider dövlətə çevrilmişdir.

 

Ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etmək və əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq məqsədi ilə iki mühüm sənəd -"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul olunmuşdur. Hər iki proqram regionların növbəti mərhələdə inkişafına təkan vermiş, ölkəmizin dünyanın təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz töhfəsini vermişdir. Bu bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti təkcə paytaxt Bakı şəhərinin deyil, həm də sərhəd bölgələri, ucqar dağ kəndlərinin inkişafına da əhəmiyyət verir, onların sosial-iqtisadi infrastrukturunun gücləndirilməsinə xüsusi diqqət yetirir.

Təəssüf ki, ölkəmizin iqtisadiyyat sahəsində uğurlara imza atması, Silahlı Qüvvələrin daha da güclənməsini təmin etməsi, beynəlxalq aləmdə böyük nüfuz qazanması xaricdəki anti-Azərbaycan dairələrini narahat edir, onların tapşırıqlarının icraçısına çevrilən müxalifətdə qısqanclıqla qarşılanır. Ərəb ölkələrində baş verən çaxnaşmalardan "ruhlanan" radikal müxalifət ictimai rəyi aldatmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Xaosa, anarxiyaya, qarışıqlığa meyilli olan bu düşərgənin təmsilçiləri Azərbaycanı başqa ölkələrə bənzətməyə çalışaraq iddia edirlər ki, burada da eyni proseslər gedə bilər. Ancaq unudurlar ki, Azərbaycan bu mərhələni hələ ötən əsrin 90-cı illərində keçib. O zaman bizdə də ərəb ölkələrində olduğu kimi, kütləvi mitinqlər keçirildi və AXC-Müsavat cütlüyü 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək hakimiyyəti silah gücünə zəbt etdi. AXC -Müsavat cütlüyünün ölkəni uçuruma, vətəndaş müharibəsinə, xaos və anarxiyaya sürüklədiyini görən xalq bir il sonra ayağa qalxaraq bu hakimiyyəti devirərək xilas oldu. AXC-Müsavat cütlüyünün tör-töküntüləri bu gün yenidən həmin eyni vasitələrə əl atmaq istəyirlər. Bu məqsədlə psevdoekspertlərinin, müxalifət funksionerlərinin əsassız iddialarından, xarici maraqlı dairələrin və erməni lobbisinin sifarişi və pulu ilə xarici mətbuatda dərc olunan qərəzli materiallardan, "Facebook" kimi informasiya resurslarından geniş istifadə olunur. Ancaq bu zaman unudurlar ki, xalq onların iç üzünü yaxşı tanıyır. Necə deyərlər, "dabbaqda gönlərinə" bələddir.

Yuxarıda qeyd etdiyimiz kimi, 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. 1993-cü ildə Gəncədə baş verən hadisələrdən sonra qaçıb gizlənən, özlərinin dediyi kimi, "vəzifələrini donduran" radikallar ölkədə sabitlik bərpa olunandan, vətəndaşların təhlükəsizliyi təmin ediləndən sonra yenə əvvəlki kimi zorakılıqla iqtidara gəlməyin yollarını axtarmağa başladılar. 1995-ci ilin martında baş verən silahlı dövlət çevrilişi cəhdi müxalifəti sevindirdi. Lakin xalq hər zamankı kimi ulu öndər Heydər Əliyevi dəstəklədi, silah gücünə hakimiyyəti ələ keçirməyə çalışan radikal müxalifətə və tərəfdarlarına "yox" dedi.

Aradan xeyli vaxt keçdi və bu müddət ərzində ictimaiyyətdə hər şeyə rəğmən radikal müxalifətin "ağıllanacağına" dair az da olsa ümidlər yaranmağa başladı. 2003-cü ilin oktyabrın 15-16-da Bakıda müxalifət tərəfindən törədilən iğtişaşlar isə bütün ümidlərin üstündən qara bir xətt çəkdi. Hər halda çox yaxın tarixdə baş verən həmin hadisələri əksəriyyətimiz çox yaxşı xatırlayırıq: radikal düşərgədən olan onlarca insan sanki, Bakıya və onun əhalisinə qarşı "hücuma" keçmişdilər. Dağıdıcılar öz xislətlərinə sadiq qalaraq Rabitə Nazirliyinin qapı-pəncərəsini çilik-çilik etdilər. Otaqları dağıtdılar. Mebelləri darmadağın etdilər. Azğınlaşmış ünsürlər polis maşınını yandırdılar. Onlar "bizdən olmayan hər kəs cinayətkardır və cəzalandırılmalıdır" - deyərək heç kəsə aman vermək istəmirdilər. Qarşılarına keçən hər şeyi dağıdırdılar. Hətta yolu keçən maşınların şüşələrini sındırır, sürücüləri döyür, sərnişinləri təhqir edirdilər. Öz canını quldurlardan qurtarmaq istəyən bir sürücü maşını yoldan kənara çıxardı və yaşlı bir qoca minik avtomobilinin altında qaldı. İğtişaşlar nəticəsində onlarca polis, dinc sakin yaralandı, Bakı şəhərinə ümumilikdə 50 milyon ABŞ dollarınadək zərər dəydi.

Həmin günlərdə hadisələrin şahidi olan şəhər sakinləri radikalların qanunazidd, antikonstitusion hərəkətlərini pisləyir, hətta hüquq-mühafizə orqanlarını iğtişaş törədənlərə qarşı səbrli, mülayim mövqe tutmaqda təqsirləndirirdilər. Heç kəs radikalların kriminal ünsürləri, yetkinlik yaşına çatmamış və formalaşmamış uşaqları öz ətraflarına yığaraq binaları, mağazaları niyə dağıtdığını anlaya bilmirdi. Radikal müxalifəti heç vaxt Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı, gənclərin gələcəyi düşündürməyib. Onları düşündürən yeganə şey hansı yolla olursa-olsun hakimiyyətə gəlməkdir. İnsanların qanına qəltan edilməsini, şəhərdə mağazaların, evlərin dağıdılmasını radikallar məqbul vasitə hesab edirlər. Yetər ki, hakimiyyəti zəbt edə bilsinlər. 2005-ci ildə də eyni məntiqlə hərəkət etdilər. Rüşvətxor məmurlarla əlbir olaraq hakimiyyət çevrilişində iştirak etmək sevdasına düşdülər. Lakin Azərbaycan xalqı və dövlətçiliyi bunun da qarşısını vaxtında aldı.

Son vaxtlar müxalifətin əhalini qanunsuz mitinqlərə səsləməsi, ölkədə xaos, anarxiya yaratmaq istəməsi isə bataqlıqda batan insanın çöpə əl atmasına bənzəyir. Çünki bu düşərgədə yaxşı anlayırlar ki, xalq onların üstündən "xətt çəkib" və demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək şansları tamamilə yoxdur. İndiyədək keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri də belə deməyə əsas verir. Digər tərəfdən, radikal düşərgə ötən illərdə xalqın rəğbətini qazanmaq üçün diqqətəlayiq heç bir addım atmayıb. Birləşmək üçün indiyədək onlarca qurum yaradıblar, ancaq hamısının ömrü çox qısa olub. Çünki müxalifət düşərgəsinin əksəriyyəti üçün eyni keyfiyyətlər xasdır: onlar həmişə öz mənafelərini "tərəfdaşlarının" mənafeyindən üstün tutur, onlardan hər biri özünü digərlərindən daha ağıllı hesab edir. Məhz bu, həmin düşərgənin başbilənlərini kiməsə güzəştə getməyə və kiminləsə bir araya gəlməyə qoymur. Yəni digər mənfi keyfiyyətlərlə yanaşı, pərakəndəlik də müxalifətin uğursuzluğunun başlıca şərtidir. Bu gün İctimai Palata timsalında biz bunu daha yaxşı görürük.

Bu palatanın "ölü doğulduğunu" göstərən əsas məqam isə bu yaxınlarda özünü açıq şəkildə büruzə verdi. Martın 12-də mənəm-mənəmlik "xəstəliyindən əziyyət çəkən" Müsavat Partiyası özünü ictimaiyyətə ana müxalifət kimi təqdim etmək üçün ayrıca qanunsuz mitinq keçirməyə cəhd göstərdi. Bu, digər partiyalardan olan müxalifətçilərin hiddətinə səbəb olsa da, hələlik bunu bağlı qapılar arxasında dilə gətirməyə üstünlük verirlər. Palataya üzv olanların çoxu artıq Müsavatı qeyri-səmimilikdə ittiham edir.

Bu gün isə həmin palataya toplaşanların gözünü hakimiyyət hərisliyi tutduğu üçün yalnız bir məqsədi düşünürlər: nə yolla olursa-olsun sabitliyi pozmaq, kütləvi aksiyalarla cəmiyyəti iflic etmək, qarşıdurma yaradaraq vəziyyəti gərginləşdirmək və inkişaf prosesini əngəlləmək. Bu məsələdə xarici anti-Azərbaycan dairələrin, hətta ermənilərin dəstəyinə bel bağlayırlar. Ancaq bunların iç üzünə bələd olan ictimaiyyət də yaxşı bilir ki, mitinq, piket tərəfdarları Azərbaycanın inkişafını, parlaq gələcəyini istəməyən, xalqımıza, dövlətimizə, mövcud sabitliyə qarşı çıxan antimilli qüvvələrdir.

İstənilən halda hüquq-mühafizə orqanları , dövlət strukturları paytaxtda asayişi , qanunları və Konistitusiyanın tələblərini pozmaq, iğtişaşlar törətmək niyyətində olan, cinayətkar hərəkətlərə yol verən, dövlətçiliyimizin qəsdinə duran kriminal ünsürlərə qarşı sərt tədbirlər görməlidir. Çünki bu hərəkətlərin siyasi mübarizə ilə heç bir əlaqəsi yoxdur. Heç bir siyasi partiya, heç bir siyasi qrup zor gücü ilə hakimiyyətə gələ bilməz. Heç bir siyasi qüvvə də qanunlardan daha üstün ola bilməz. Azərbaycan Respublikası demokratik, dünyəvi, hüquqi dövlətdir. Bütün bu dağıdıcı hərəkətlərin qarşısının alınması isə həm demokratiyanın, həm də qanunların tələbidir.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 20011-7 mart.- S.4.