Narkomaniya ilə mübarizə Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir

 

Martın 16-da Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2010-cu ilin yekunlarına dair iclası keçirilmişdir. Komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı sərəncam ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Proqram (2007-2012-ci illər)"dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir sıra qabaqlayıcı əməli-profilaktik tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdə Dövlət Komissiyasının işçi qrupu aidiyyəti nazirlik, komitə və təşkilatlarla birgə bir sıra layihələr həyata keçirmişdir. Baş nazirin müavini aparılan mübarizə tədbirlərinin dövlətimizin başçısının diqqətində olduğunu vurğulamışdır.

 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və korrupsiyanı bəşəriyyətin ən böyük bəlası adlandıran komissiya sədri son illərdə siyasi leksikonda "narkokorrupsiya" termininin formalaşdığını demişdir. O, "Narkokorrupsiya"ya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə ictimaiyyətə müraciət hazırlanması təklifini də irəli sürmüşdür.

Baş nazirin müavini bildirmişdir ki, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi Dövlət Komissiyası ilə birlikdə 2010-cu ilin mayında Lənkəranda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı regional konfrans keçirmişdir. İclasda belə bir konfransın bu il də ölkənin digər bir regionunda keçirilməsi təklifi irəli sürülmüşdür.

Əli Həsənov BMT-nin Narkotiklər üzərində Beynəlxalq Nəzarət Komitəsinin illik hesabatına da toxunaraq qeyd etmişdir ki, sənəddə Azərbaycana verilən qiymət reallığı əks etdirmir. Sənəddə guya, Ermənistanda bu problemlə mübarizənin respublikamıza nisbətən daha yaxşı təşkil olunduğu bildirilmiş və göstəricilər aşağı salınmışdır. Baş nazirin müavini həmin sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin əkilməsi faktının göstərilmədiyini, buna görə də hesabatda düzəlişin olunmasının zəruriliyini diqqətə çatdırmışdır. Komissiya bu barədə etiraz məktubu hazırlayaraq beynəlxalq komitəyə təqdim edəcəkdir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanov, təhsil nazirinin müavini E.Qasımov, səhiyyə nazirinin müavini E.Ağayev, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi G.Muradlı çıxışlarında təmsil etdikləri qurumların narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində gördükləri işlər barədə məlumat vermişlər. Diqqətə çatdırılmışdır ki, hesabat dövründə hüquq-mühafizə orqanları və müvafiq qurumlar yabanı halda bitən 137 min 818 ədəd və 37 min 474 kiloqram narkoxassəli bitki aşkar edərək məhv etmişlər. 3 min 197 cinayət faktı aşkar olunmuş, 2 min 604 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb olunanların 65-i xarici ölkə vətəndaşıdır. Daxili İşlər Nazirliyi qanunsuz dövriyyədən 3 min 18 fakt üzrə 659 kiloqram 906 qram, Milli Təhlükəsizlik Nazirliyi 36 cinayət işi üzrə 1 ton 183 kiloqram 700,9 qram, Dövlət Gömrük Komitəsi 147 fakt üzrə 319 kiloqram 98 qram, Dövlət Sərhəd Xidməti 235 kiloqram 670,4 qram narkotik vasitə müsadirə və məhv etmişlər.

Təbliğata xüsusi diqqət ayrılmış, məktəb və ali təhsil müəssisələrində narkomaniyanın zərərlərinə həsr olunmuş toplantılar keçirilmiş, əyani materiallar paylanmışdır.

Komissiya sədrinin sərəncamı ilə yaradılmış ekspert qrupu "Azərbaycan Respublikasında opioidəvəzedici müalicənin genişləndirilməsinin mümkünlüyü üzrə Milli Fəaliyyət Planı"nın layihəsini hazırlamış, rəy və təkliflər üçün komissiyanın üzvlərinə təqdim etmişdir. Qeyd edilmişdir ki, narkotiklərdən asılı şəxslərin reabilitasiyası işi də gücləndirilmişdir.

Bununla belə, narkotik vasitələrin qanunsuz dövriyyəsində azyaşlılardan istifadə edilməsinin yolverilməz olduğu bildirilmişdir. İclasda müvafiq qurumlara bu məsələyə xüsusi diqqət yetirmələri tapşırılmışdır.

Xarici işlər nazirinin müavini X.Xələfov isə bu sahədə tədbirlərin səmərəsini artırmaq üçün dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri arasında koordinasiyanı daha da təkmilləşdirməyi, beynəlxalq təşkilatlarla əməkdaşlığı intensivləşdirməyi təklif etmişdir.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov narkotiklərin yayılmasının mənbəyinə diqqətin artırılmasını təklif etmişdir. İndiyədək görülmüş işləri müsbət xarakterizə edən F.Ələsgərov ölkənin sərhəd rayonlarında mübarizə tədbirlərinin gücləndirilməsinin zəruriliyinə də toxunmuşdur. Həmçinin qanunvericilikdə müəyyən dəyişikliklər olunmalı, cəza tədbirləri sərtləşdirilməlidir.

İclasda müzakirə edilən məsələlərlə əlaqədar yekun qərar qəbul olunmuşdur.

 

 

Xalq qəzeti.- 2011.-17 mart.- S. 5.