Modernləşmə iqtisadi yüksəlişə zəmin yaradır

 

Ümummilli lider Heydər Əliyevin uzaqgörən və hərtərəfli əsaslandırılmış siyasəti sayəsində Azərbaycan XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoymuşdur. Dinamik inkişaf dövrünü yaşayan Azərbaycan tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yolu keçmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır. Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramların, mühüm infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, davamlı yüksəliş üçün zəmin yaratmışdır. Ölkənin sosial-iqtisadi mənzərəsini əks etdirən makroiqtisadi göstəricilər ötən müddətdə baş vermiş inkişaf və tərəqqinin miqyası barədə aydın təsəvvür yaradır. Təkcə ötən 7 il ərzində Azərbaycanda davam etdirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artmış, ölkənin ümumi valyuta ehtiyatları 30 milyard dolları ötmüşdür. Hətta son illər dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda davamlı inkişaf baş vermiş, ölkəmiz bu çətin sınaqdan şərəflə çıxa bilmişdir.

 

Son illər ölkədə baş verən iqtisadi artım yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunmuşdur. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin əsas səbəblərindən biri modernləşməyə xüsusi əhəmiyyət verilməsindən qaynaqlanır.

Akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı məqaləsində göstərilir ki, hazırda sosiomədəni transformasiyanı milli tranzitin iki aspekti - iqtisadi və siyasi modernləşmə müəyyən edir. Bu transformasiyanın əsas mahiyyəti inkişaf dərəcəsi, siyasi və iqtisadi hazırlıq səviyyəsi müxtəlif olan cəmiyyətlərə "üçüncü demokratik dalğa"nın genişlənməsi ilə əlaqədar "idxal edilən" şəffaflıq, yeni idarəetmə stereotipləri, digər davranış və sosiomədəni normalar və arxetiplər şəklində təzahür edir.

Modernləşmə sözün geniş mənasında ənənəvi qapalı cəmiyyətdən "müasir açıq cəmiyyətə" aparan sənayeləşmə, urbanizasiya, müasir ümumtəhsil sisteminin, siyasi hakimiyyətin yaradılması, məkan və sosial mobilliyin artırılması və s. kimi başa düşülür. Ümumiləşdirilmiş anlamda modernləşmə ənənəvi cəmiyyətdən yüksək texnoloji istehsala və mütərəqqi qanunlara əsaslanan və ictimai həyatdan rasional idarə olunan cəmiyyətə keçilməsi prosesidir.

Modernləşmə şəraitində ictimai münasibətlər tədricən təkmilləşir, müxtəlif xarakterli problemləri həll edən yeni prosedur və mexanizmlər meydana gəlir, iqtisadiyyat sahəsində əmtəə-pul münasibətləri formalaşır, yeni qabaqcıl texnologiyanın tətbiqi sürətlənir, işçilərin peşələr üzrə ixtisaslaşması dinamik xarakter alır və sosial rəqabətə əsaslanan cəmiyyət formalaşır.

Müstəqil Azərbaycan dövləti ölkədə sosial-iqtisadi və təsisati-struktur sahəsində innovativ dəyişikliklər aparılması, şəffaflığın genişləndirilməsi, cəmiyyətin yeni konturlarını müəyyən edən ən perspektivli dövlət siyasəti aparılması yolunu tutmuşdur. Respublikanın müstəqillik illərində ardıcıl olaraq həyata keçirilən liberallaşdırma və vətəndaş cəmiyyətinin formalaşdırılması xətti siyasi modernləşmənin təməl daşı olmaqla cəmiyyətin yenidən qurulmasının mühərriki olan iqtisadi modernləşməyə də zəmin yaradır.

Modernləşmənin mühüm istiqaməti və tərkib hissəsi institutsional islahatların aparılmasıdır. Totalitar sistemdən miras qalmış siyasi, iqtisadi və sosial təsisatların köklü surətdə dəyişdirilməsi, yenilərinin yaradılması müstəqil Azərbaycanda ictimai-iqtisadi və siyasi tərəqqinin əsasını təşkil edir. Təsisat islahatları ilə yanaşı, ölkə və iqtisadiyyat üçün prioritet istiqamətləri müəyyən edən iqtisadi inkişaf strategiyasının hazırlanıb həyata keçirilməsi olduqca çətin və vacibdir. Belə prioritetlər həm ümumi (yığım və investisiyaların artırılması, ixracın genişləndirilməsi, təhsilin inkişaf etdirilməsi və s.), həm də xüsusi (məsələn, sənaye siyasəti) xarakterə malik olur.

Azərbaycan zəruri və sanballı maliyyə resurslarına sahibdir. Bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faiz təşkil edir. Ötən illərin statistik təhlili regionun iqtisadiyyatında ölkəmizin xüsusi çəkisinin daim yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Eyni zamanda, qlobal iqtisadi böhran dövründə belə ölkədə dayanıqlı iqtisadi inkişafın davamlılığının təmin edilməsi və istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi, milli sənayenin keyfiyyət baxımından daha da modernləşməsi siyasətinin davamlı şəkildə həyata keçirilməsini ön plana çəkir.

Azərbaycan iqtisadiyyatında modernləşmənin daha da sürətlənməsi üçün əlverişli şərait yaranmışdır. Hər şeydən əvvəl, ölkədə uzun müddətdir ki, makroiqtisadi sabitlik hökm sürür. Eyni zamanda, ölkədə inflyasiya və valyuta məzənnəsi nəzarət altındadır, milli valyutanın sabitliyinin qorunması üçün kifayət qədər qızıl - valyuta ehtiyatları mövcuddur. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da inkişafın dinamik xarakter aldığını, siyasi, sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün real şəraitin mövcudluğunu xüsusi vurğulamışdır: "2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır. Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşların, pensiyaların məbləği aşağı düşürdü.

Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti bir neçə dəfə, demək olar, 4 dəfə düşmüşdü, bizim iqtisadiyyatımız yenə də artmışdır".

İqtisadiyyatın dinamik inkişafı sənaye sahəsində də özünü göstərir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycanda ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ötən əsrin ortalarından inkişaf etməyə başlamışdır.

Ulu öndərimizin banisi olduğu neft strategiyasının həyata keçirilməsindən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan neft sənayesi ilə yanaşı, digər sənaye sahələrində də tərəqqiyə zəmin yaradılmışdır. Qeyri-neft sektoru üçün yaradılan əlverişli investisiya mühiti və aparılan iqtisadi islahatlar ölkəmizdə sənayenin kompleks şəkildə inkişafına rəvac vermişdir. Əvvəllər xarici ölkələrdən idxal olunan malların bir qisminin artıq Azərbaycanda istehsal olunması daxili bazarın zənginləşməsinə, idxaldan asılılığın azalmasına imkan yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, hazırda sənaye kompleksinin modernləşməsi prosesi sürətlə gedir. İqtisadiyyatın modernləşməsi, sənaye sahələrinin işə salınması Azərbaycanda yeni bir şəraitin yaranmasına gətirib çıxarır. Biz maksimum dərəcədə çalışmalıyıq ki, istənilən sahə ölkəmizin inkişafını təmin edə bilsin. Məsələn, kənd təsərrüfatı nəinki kəndliləri işlə təmin etməli, eyni zamanda, ümumi iqtisadi potensialımıza böyük töhfə verməlidir.

Kənd təsərrüfatında və ümumən aqrar sahədə innovasiyaların kompleks xarakterliliyi inkişafın normativ-hüquqi bazasına, təşkilati və idarəetmə məsələlərinə, innovasiya marketinqinə, innovasiyalı strukturun inkişafına spesifik tələblər irəli sürür. Araşdırmalar göstərir ki, kənd təsərrüfatının bioloji, təbii-tarixi və sosial-demoqrafik xüsusiyyətləri ilə əlaqədar, bu sahədə innovasiya prosesləri spesifik şəkildə reallaşdırılır. Bu isə innovasiya proseslərinə yanaşmaların və bu proseslərin idarə edilməsi metodlarının özünəməxsus cəhətlərini, innovasiyaların müxtəlif tiplərinin əlaqələndirilməsini, müvafiq proseslərin stimullaşdırılmasında dövlətin rolunun artmasını şərtləndirir.

Modernləşmə klasterial inkişafın zəruri atributudur. Odur ki, aqrar-ərzaq təsərrüfatının inkişafında institutsional iqtisadiyyatın bu perspektivli istiqaməti diqqət mərkəzindədir. Belə ki, klasterial inkişaf modernləşmə və digər innovasiyalı yanaşmalar sayəsində iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına, vergi daxilolmalarının və əhali gəlirlərinin artmasına xidmət edir.

Azərbaycanda həyata keçirilən modernləşmə, şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ötən il qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş və onun real artım tempi ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən qeyri-neft sahələrində 6,6 faiz, rabitədə 29,7 faiz, yük daşınmasında 3,1 faiz təşkil etmişdir.

Müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla ötən il ərzində 60 yeni sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi istiqamətində görülən işlər ölkənin sənaye potensialını gücləndirəcəkdir.

Reallaşdırılan düzgün iqtisadi siyasətin, modernləşmənin hesabına sənayenin inkişafına yönəldilən investisiyalar artıq ölkədə elm tutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verə bilən sənaye məhsullarının istehsal edilməsinə imkan verir.

Azərbaycan Respublikasının son yeddi ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də, heç şübhəsiz, ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Bunun əsas səbəblərindən biri də ölkəmizdə modernləşmə xəttinin düzgün seçilməsi və uğurla həyata keçirilməsidir.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə bağlı regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin elektrik enerjisi, qaz və su ilə təchizatı sisteminin təkmilləşdirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, kəndin və kənd ərazilərinin inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə tarazlı inkişafa xidmət edən irihəcmli ünvanlı dövlət investisiyaları yönəldilir.

Eyni zamanda, son illər iqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin istifadəyə verilməsinə, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarı ilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldilmişdir.

Əlamətdar haldır ki, təkcə 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iri həcmli investisiya layihələrinin maliyyələşdirilməsi üçün ayrılmış ümumi vəsaitin 83 faizi (91 milyon manat) regionlara, 17 faizi (18,7 milyon manat) Bakı şəhəri və Abşeron rayonuna yönəldilmişdir. 2010-cu ildə isə fond tərəfindən verilən kreditlər 115 milyon manat təşkil etmişdir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, verilən kreditlərin böyük hissəsi regionların inkişafına yönəldilmişdir.

Ümumiyyətlə, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş modernləşmə tədbirləri istehsal və emal sənayesi müəssisələrinin müasirləşdirilməsi kimi prioritet istiqamətlərə iri investisiyaların yönəldilməsi ilə müşayiət olunur.

Özünün zəngin karbohidrogen ehtiyatlarından səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası dünya bazarına çıxardığı neft və qazdan gələn gəlirlər hesabına iqtisadiyyatın səmərəli şəkildə şaxələndirilməsini həyata keçirir. Milli iqtisadiyyatın dayanıqlığı, regionların sürətli və tarazlı sosial-iqtisadi inkişafı əhəmiyyətli dərəcədə bu amillə bağlıdır. Yeri gəlmişkən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin sənaye potensialından daha səmərəli istifadə mühitinin formalaşdırılmasına, emal sahələrinin inkişafına müsbət təsir göstərir ki, bu da özlüyündə ölkədə sənayeləşmə siyasətinin uğurla reallaşdırılmasına mühüm töhfələr verir.

 

 

(ardı gələn sayımızda)

 

Sadıq SALAHOV,

iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 17 mart.- S. 3