Masallıda Novruz
məşəli alovlandırıldı
...Günəş
özü təşrif gətirmişdi cənub şəhərinin
bayram şənliklərinə. Günlərcə hökm
sürən tutqun və soyuq havadan, səhər-axşam
yağan yağışlardan sonra günəşin zərrin
şəfəqləri sularda bərq vurur, gözləri
qamaşdırıb sanki deyirdi: Sevinin, bahar gəlir!"
Son illərdə xeyli abadlaşmış, gözəlləşmiş Masallının geniş meydanlarından birində qanadlanan musiqi sədaları hər kəsə əsl könül xoşluğu, bahar təravəti bəxş edirdi. Yayılan yuxalar, çəkilən kabablar, naxışlanan şəkərbura və paxlavalar, boyanan yumurtalar ulu Novruz şənliyinin təmtarağını, dəbdəbəsini daha da artırırdı.
Ozan baba ilə Bahar qızın əlvan qotazlarla bəzədilmiş faytonda meydana gəlməsi isə özgə bir aləm idi! Bayram iştirakçılarının alqış sədaları altında yazın xoş müjdəsi verildi. Ozan baba öz öyüdləri ilə, Bahar qızsa bənövşə ətirli şeir misraları ilə el-obaya təbriklərini çatdırdılar, xeyir-dua verdilər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin məşəllə alovlandırdığı Novruz tonqalı gözlərə işıq, ürəklərə hərarət qatdı. Havaya buraxılan ağ göyərçinlər adamların başı üstündə dövrə vurub səmanın ənginliklərinə qovuşdu.
Məclis boyu Keçəllə Kosanın şən zarafatları, məzəli atmacaları çöhrələrə təbəssüm qondurdu. Seyrçilərin bir çoxu da onlara qoşulub rəqs elədi, əyləndi.
Oğlan və qızlardan ibarət "Masallı" mahnı və rəqs ansamblının çıxışları sürəkli alqışlarla həqiqi qiymətini aldı.
Rayon ictimaiyyətinin nümayəndələri qədim el adətlərini yaşadan qız-gəlinlərin əli ilə süslənmiş, bərəkətlənmiş məcun kimi təamlardan, ləzzətli şirniyyatdan daddılar. Cənub mətbəxinin bu gözəl nemətləri ağızları dada gətirdi, damaqlara şirinlik qatdı.
Tanınmış xanəndə Ruzə İbişovanın təqdim elədiyi lətif muğamlar, təsniflər sanki ətraf dağlarda əks-səda verirdi. Dünya şöhrətli, festivallar laureatı olan "Halay" xalq folklor kollektivinin şux mahnı və rəqsləri hər kəsin bayram ovqatını bir daha təzələdi.
Şənliyin keçirildiyi meydanın bir tərəfində sərgilənən saxsı qablar, qədim alətlər, çeşidli xonçalar da böyük marağa səbəb oldu. Söylənən xoş sözlər, səslənən alqışlar, fərəh və sevinc dolu nidalar unudulmaz təsir bağışladı.
Gənc idmançılar-boksçular, karateçilər, güləşçilər öz məharətlərini göstərdikcə necə güclü, çevik və cəsarətli olmaları heyrət doğururdu.
Bir qədər aralıda təşkil olunmuş Novruz yarmarkası isə alıcıları sevindirməkdə idi. Orada münasib qiymətlərlə hər cür bayram ərzağı satılırdı...
Masallı sakinləri baharın pişvazına beləcə ürəklə, arzu-diləklə çıxmışdılar. Çal-çağırın yaratdığı gözəl ab-hava bahar mehi kimi könüllərə sığal çəkirdi. Baxışların aydın ifadəsi isə bu ildə işlərin uğurlu, inkişafın davamlı olacağına, güzəranının daha da yaxşılaşacağına möhkəm inamın olduğunu göstərirdi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 18 mart.- S. 6.