Azərbaycan:
böyük siyasətin böyük uğurları
Əsası ümummilli liderimiz, dahi şəxsiyyət
Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi
elmi prinsiplərə əsaslanan çoxşaxəli
sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən bu gün inamla və
uğurla davam etdirilir. Möhtərəm dövlət
başçımızın respublikamıza rəhbərlik
etdiyi dövrlərdə Azərbaycanın sosial-iqtisadi həyatında
mühüm keyfiyyət dəyişiklikləri baş
vermiş, şəhər və kəndlərimizin siması dəyişmiş,
mühüm infrastruktur layihələri
reallaşdırılmışdır. Sözügedən
dövrdə dövlət büdcəsinin
sosialyönümlülüyü təmin olunmuş, əhalinin
həyat səviyyəsi yaxşılaşmışdır.
Bunu son 6 ilin sosial-iqtisadi göstəricilərinə diqqət
yetirsək, aydın görə bilərik. Belə ki,
2004-2010-cu illərdə ölkəmizdə ümumi daxili məhsulun
həcmi 3 dəfə, o cümlədən qeyri-neft sektorunda 2
dəfə, sənaye məhsulu istehsalı 2,8 dəfə, əsas
kapitala qoyulan investisiyalar 2,9 dəfə artmışdır. Həmçinin
əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əməkhaqqı
4,2 dəfə, minimum əməkhaqqı 7,1 dəfə,
pensiyaların orta məbləği isə 4,7 dəfə
çoxalmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə
azaldılmış, 913 min yeni iş yeri
yaradılmışdır.
Ötən il dünyanın əksər ölkələrində böhranın təsiri hiss olunsa da, Azərbaycanda daxili potensiala söykənən milli inkişaf strategiyasının icrası uğurla davam etdirilmiş, yüksək iqtisadi və sosial artım templəri nəzərə çarpmışdır. Şübhəsiz ki, uğurların qazanılmasında ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin məsələlərin mahiyyətinə dərindən varmaq, milli maraqları üstün tutmaq, insan amilini daim ön plana çəkmək bacarığının həlledici rolu olmuşdur.
Ötən illər ərzində aparılan islahatlarda əsas diqqət makroiqtisadi sabitliyin qorunmasına, qeyri-neft sektoruna daha çox investisiya cəlb etməklə bu sahənin şaxələndirilməsinə, müasir texnologiyaların tətbiqi ilə istehsalın səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.Bununla yanaşı, sosial problemlərin həlli, regionların tarazlı inkişafı, sahibkarların işgüzar fəallığının artırılması, işsizliyin azaldılması da daim diqqətdə saxlanılmışdır.
Azərbaycanda əldə edilən uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal rəqabətlilik hesabatı"nda ölkəmiz 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Dünya Bankının hazırladığı "Doinq Business" hesabatında Azərbaycan ən islahatçı ölkə elan olunmuşdur. Bundan başqa,"Fitch" beynalxalq reytinq agentliyi ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli reytinq vermişdir. Digər bir fakta da diqqət yetirək. Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatda Azərbaycan infrastruktur, səhiyyə və təhsilinin inkişafı, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə MDB ölkələri arasında birinci yeri tutmuşdur.
Son illər davamlı olaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ötən il minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 85 manata çatdırılmış, orta aylıq əməkhaqqı 9,1 faiz artaraq 325 manat təşkil etmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 1 milyon 300 min nəfərə qədər pensiyaçının baza pensiyalarının məbləği 13 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan 800 min nəfərə yaxın işçinin aylıq vəzifə maaşı 10 faiz artırılmışdır. Aztəminatlı şəxslərə ödənilən sosial müavinətin məbləği orta hesabla 20 faiz, şəhid ailələri və təhsil alanlar üçün təqaüdlər isə müvafiq olaraq 50 və 15 faiz qaldırılmışdır.
Həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir ki, ölkənin strateji valyuta ehtiyatları sürətlə artaraq hazırda təxminən 30 milyard ABŞ dollarına çatmışdır. Bu fakt da Azərbaycanın iqtisadi qüdrətinin ildən- ilə gücləndiyindən xəbər verir.
Respublikamızda güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onlara maliyyə dəstəyinin artırılmasına da xüsusi önəm verilir. Bunun bariz nümunəsi kimi bir fakta diqqət yetirək.Təkcə ötən il bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1430 sahibkarlıq subyektinə 115 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilir, bu, ölkənin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. Statistikaya nəzər salaq. 2010-cu ildə neft hasilatı təxminən 51 milyon tona, qaz hasilatı isə 26,2 milyard kubmetrə çatmışdır. Xüsusi qeyd etmək lazımdır ki, ötən il 6,2 milyard kubmetr, o cümlədən Dövlət Neft Şirkəti tərəfindən 1,1 milyard kubmetr təbii qaz ixrac edilmişdir ki, bu da əvvəlki ildəkindən 2,4 dəfə çoxdur. Dövlət Neft Şirkəti son 20 ildə ilk dəfə olaraq öz imkanları hesabına "Ümid" yatağının kəşfiyyatını başa çatdırmış və burada böyük qaz ehtiyatının olduğu təsdiqlənmişdir.
Respublikamızda qazlaşdırma siyasəti də uğurla həyata keçirilir. Ötən il respublikanın şəhər və kəndlərində 6 min kilometr qaz kəməri çəkilmiş və əsaslı təmir edilmiş, şəbəkəyə 76 mindən çox yeni abonent qoşulmuşdur. Qaradağ yeraltı qaz anbarındakı genişləndirmə işlərinin birinci mərhələsi başa çatmış, ölkə tarixində ilk dəfə olaraq anbarlara 3 milyard kubmetrdən çox qaz vurulmuşdur. Son illərdə elektroenergetika sisteminin qabaqcıl texnologiyalar əsasında inkişafı istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, aparılan irimiqyaslı tədbirlər nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin olunmuşdur. "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq müasir tipli elektrik stansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, enerjipaylayıcı sistemin təkmilləşdirilməsi işləri daha da gücləndirilmişdir. Hazırda ölkəmizdə enerji sisteminin ümumi gücü 6400 meqavat təşkil edir ki, bu da daxili tələbatı ödəməklə bərabər, elektrik enerjisinin ixracını da mümkün etmişdir.
Azərbaycanda aqrar sahənin inkişafına da xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, sözügedən sektorda qarşıya çıxan hər hansı bir çətinlik dövlət başçısı səviyyəsində həllini tapır. Məsələn uzun illər yetişdirilmiş və idxal olunmuş taxılın saxlanılmasında və istehsalçıların yüksək keyfiyyətli toxumla təmin olunmasında ciddi problemlər mövcud idi. Bunların aradan qaldırılması məqsədilə müasir texnologiyalar əsasında Dövlət Taxıl Fondu tərəfindən tutumu 160 min ton olan 2 elevator, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ümumi tutumu 140 min ton olan 13 taxıl anbarı tikilmişdir. Taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək məqsədilə Yevlax rayonunda müasir tələblərə cavab verən "Azərtoxum" təsərrüfatı yaradılmışdır.Bununla yanaşı, kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsi məqsədilə rayonlarda soyuducu anbarlar və istixana kompleksləri istifadəyə verilmişdir.
Yol-nəqliyyat infrastrukturunun müasir səviyyəyə qaldırılmasına da xüsusi qayğı göstərilir. Bununla əlaqədar bir neçə misal göstərək. Azərbaycan dəmir yollarının inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq olunmuşdur. Nəzərdə tutulmuş tədbirlərin reallaşması irihəcmli sərmayələrin qoyulmasını tələb etdiyindən beynəlxalq maliyyə institutları ilə 735 milyon dollarlıq kredit müqavilələri imzalanaraq layihələrin icrasına başlanmışdır. Ölkə üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlər davam etdirilir, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və gəmiqayırma zavodunun təməli qoyulmuşdur. Bakı Metropoliteninin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni xətlərin inşası məqsədilə hesabat ilində dövlət büdcəsindən 182,5 milyon manat vəsait ayrılmışdır. Bakı Dairəvi-1 və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarının, Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil magistralının böyük hissəsinin tikintisi başa çatdırılaraq istismara verilmişdir. Çoxlu sayda yolötürücülər, yol qovşaqları, körpülər və piyada keçidləri tikilmişdir. Ümumilikdə respublikanın avtomobil yollarının tikintisi və yenidən qurulmasına 1,5 milyard manatdan artıq vəsait sərf edilmişdir.
Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması diqqət mərkəzində saxlanılır. Meşələrin bərpa olunması və artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, 10,7 min hektar sahədə meşəbərpa işləri aparılmışdır.
Prezident İlham Əliyev ölkə əhalisinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunmasına daim xüsusi önəm vermiş və bu işi şəxsi nəzarətində saxlayır. Ötən il Dövlət Neft Fondunun vəsaiti ilə Oğuz-Qəbələ-Bakı su kəməri tikilib istifadəyə verilmişdir. Dövlət büdcəsinin vəsaiti və beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına 11 rayon mərkəzində su-kanalizasiya xətlərinin yenidən qurulması və tikintisi işlərinə başlanmışdır. Kür-Araz çaylarının ətrafında yaşayan əhalinin keyfiyyətli içməli suya olan tələbatının ödənilməsi məqsədilə modul tipli sutəmizləyici qurğuların tikintisi davam etdirilmiş, 76 mindən artıq əhali yaşayan 34 kənddə belə qurğular istifadəyə verilmişdir.
Ölkəmizdə gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi istiqamətində də ötən illər ərzində dövlətimizin başçısı tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyev son illərdə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək indiyədək bir sıra sərəncam imzalamışdır. Bundan başqa, dövlət başçısı 2007-ci ili Gənclər ili elan etmişdir. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı ildən-ilə artır.Tələbələrin I Yaradıcılıq festivalının, Yaradıcı gənclərin I ümumrespublika toplantısının keçirilməsi buna əyani misal ola bilər. Gənclərin cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi məqsədilə 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" qəbul edilmiş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Bu mühüm dövlət sənədini hər bir gəncə ünvanlanmış qayğı kimi də qiymətləndirmək olar.
Ölkəmizin dünya birliyinə inteqrasiya etdiyi dövrdə adı çəkilən proqramın qəbul edilməsi gənclərlə aparılan işin konseptual əsaslarının konkretləşməsinə kömək etmişdir. Sivilizasiyanın innovativ inkişafına daha çox üstünlük verildiyi bir vaxtda gənclər siyasəti elmi əsaslarla formalaşdırılır və sistemli şəkildə reallaşdırılır. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlasmasına da real zəmin yaradır. Cəmiyyətin intellektuallaşmasında məhz informasiya büyük əhəmiyyət kəsb edir. Son illər qəbul olunmuş digər dövlət proqramlarının əksəriyyətində gənclərlə bağlı müddəalar öz əksini tapmışdır. Məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda informasiyalı cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan ölkə başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı (2005-2007-ci illər) proqramı" mühüm sənəd oldu. Ölkəmizdə təhsilin keyfiyyətinin artırılmasına, onun dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan bu proqram uğurlu nəticələr vermişdir. "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"nın təsdiq edilməsi də bu istiqamətdə atılan vacib addımlardandır.
Dövlət başçısı elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi müəyyənləşdirmişdir. Bu sahələrin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əmək haqlarında, tələbə və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir. 2007-ci ilin əvvəllərindən başlayaraq elm adamlarının - alim və aspirantların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sira mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti xüsusi cəlb edir. Ölkə başçısı bununla bağlı bildirmişdir: "Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar".
Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın böyük əhəmiyyəti var.
Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr sırasında ölkədə bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı da mühüm məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikasında əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər davam etdiriləcəkdir. Əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsində dövlət siyasəti əhalinin sağlamlığının yaxşılaşdırılması, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunması, Vətənin müdafiəsinə hazırlığın təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
2010-2013-cü illərdə ölkənin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması davam etdiriləcəkdir. Bədən tərbiyəsi və idmanın inkişafının elmi əsaslar üzərində qurulması istiqamətində də genişmiqyaslı işlər həyata keçiriləcəkdir.
Bəli, ötən illərdə Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilmişdir. Ölkə başçısının uzaqgörən siyasəti ilə ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş, milli-mədəni dirçəliş təmin edilmişdir. Gənclərimiz də bu diqqət və qayğını əvəzsiz qoymur, vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.
Sonda bir məsələyə də münasibət bildirmək istərdim. Son vaxtlar ölkəmizin sabit və dinamik inkişafından narahat olan qeyri-konstruktiv müxalifət ölkəmizdə qarışıqlıq yaratmağa çalışır, öz məkrli niyyətlərini həyata keçirmək üçün gəncləri də öz tərəfinə çəkməyə cəhd göstərir. Amma onlar yanılırlar. Respublikamızda çaşqınlıq və qarışıqlıq yaratmaq istəyən mürtəce ünsurlər bilməlidirlər ki, Azərbaycan xalqı, o cümlədən gənclər ulu öndərimiz Heydər Əliyevin siyasətini, sosial-iqtisadi strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər. Belə halda heç bir qüvvə Azərbaycanda sabitliyi və təhlükəsizliyi poza bilməz.
Ölkəmizdə çaşqınlıq və qarışıqlıq yaratmaq istəyən qüvvələrə üzümü tutub deyirəm: Azərbaycanın bütün gəncləri cənab İlham Əliyevin siyasətini tam dəstəkləyir və hər zaman dövlət başçısının yanındadır. Dövlətçiliyimizə, milli birliyimizə zərər gətirə biləcək hər hansı bir cəhdin qarşısını almağa hər zaman hazırıq.
Elvin ABUZƏRLİ,
Bakı Dövlət Universitetinin
hüquq fakültəsinin III kurs tələbəsi
Xalq qəzeti.- 2011.- 18 mart.- S. 5.