Təhsildə yeni standartlaşdırma mexanizmləri

 

Yeni texnologiyaların tətbiqinin genişləndirilməsi dünya iqtisadi məkanına inteqrasiya siyasəti həyata keçirən Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşmasına və davamlı inkişafın təmin edilməsinə böyük imkanlar açır. Son illər Azərbaycan Dövlət Neft Şirkətində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir.

 

Dünyanın aparıcı neft şirkətləri ilə görülən müştərək işlər Azərbaycana müasir texnologiyaların gətirilməsi, neft sənayesinin infrastrukturunun yenidən qurulması üçün ölkədə yüksək peşəkar milli kadrların hazırlanmasını nəzərə alaraq ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti yaradılmışdır. Yarandığı gündən departament neft emalının texnologiyası, istehsal proseslərinin avtomatik idarə olunması, beynəlxalq iqtisadiyyat ixtisasları üzrə müasir biliklərə yiyələnmək üçün neft sənayesində kadr potensialının yüksəlməsinə çalışır. TTSD-nin nəzdində fəaliyyət göstərən Təlim, Tədris Mərkəzi Türk Standartları İnstitutu tərəfindən TSE EN İSO 9001 - keyfiyyət, TS 18001 - əməyin mühafizəsi və təhlükəsizlik texnikası, TSE EN İSO 14001 - ətraf mühitin mühafizəsi, TS EN 17024 "Personal Sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar" və TS EN İSO/İEC 17025 "Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi kriteriyalar" sertifikatlarına layiq görülüb. Mərkəzin açılışında cənab İlham Əliyevin iştirak etməsi Prezidentin təhsilə göstərdiyi diqqəti bir daha sübut edir.

Təlim, Tədris Mərkəzi müasir tələblərə uyğun maddi - texniki bazaya, laboratoriyalara, təlim emalatxanalarına malik yüksək səviyyəli informasiya texnologiyaları və avadanlıqlarla təchiz olunmuşdur. Bu təhsil ocağında elektrik qaz qaynaqçısı, nəzarət ölçü cihazları və avtomatika, daxili yanma mühərriki üzrə çilingər, kran maşinisti, texnoloji kompressorların maşinisti, təmirçi çilingər, texnoloji qurğuların operatoru, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, liftçi, neft-qaz quyularının qazılması üzrə qazmaçı, neft və qaz hasilatı üzrə operator, səyyar buxar-qazan qurğusu maşinisti, ilməçi, qaldırıcı maşinist və digər ixtisaslar üzrə kadrlar hazırlanır.

Son illər ARDNŞ-in həyata keçirdiyi layihələr və qarşısında duran vəzifələr müvafiq kadrların seçilməsi, səmərəli yerləşdirilməsi, onların saxlanılması, şirkətdə işləməyə motivasiyaların artırılması, ixtisaslı kadr axıcılığının minimuma endirilməsi sahəsində aparılan tədbirlərin daha da təkmilləşdirilməsini tələb edir. Bu istiqamətdə işlərin düzgün qurulması üçün ARDNŞ-in idarə və müəssisələrinin kadr xidmətlərinin mütəxəssisləri mütəmadi olaraq müvafiq ixtisasartırma kurslarına cəlb edilir və müasir beynəlxalq biznesin tələbləri səviyyəsində hazırlıq keçirlər. Ötən il sentyabrın 21-dən 24-dək Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində ARDNŞ müəssisələrinin kadrlar şöbələrinin rəisləri üçün təşkil edilmiş "Təsir. İdarəetmə. İnsayd" mövzusunda təlim kursu bu qəbildəndir. Təlim kursu Avstriyanın tanınmış "Gustav Kaeser" treninq şirkəti tərəfindən keçirilmişdir. Bu şirkət 50 ildən artıqdır ki, fəaliyyət göstərir və ötən müddət ərzində bir çox unikal metodlar, o cümlədən İsveçrə müəllif hüquqları ilə qorunan "İnsayd-analiz" metodları işləyib hazırlamışdır.

Hazırda şirkətin əməkdaşları üçün " CİMA P - 1" əməliyyatların effektiv idarə olunması proqramı üzrə xarici mütəxəssislərin iştirakı ilə kurslar keçirilir.

Təlim, Tədris Mərkəzi istehsalat sahəsində yeni model və texnologiyaların tətbiqi ilə əlaqədar əmək bazasının tələbatına uyğun kadr hazırlığının yaxşılaşdırılmasına, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsınə, neft sahəsi üzrə xarici ölklərin tədris mərkəzləri ilə əməkdaşlığına geniş yer verir. Xaricdə və yerli sənayedə tətbiq olunan yeni texnika və texnologiyalarla tanış olmaq, təcrübə mübadiləsi məqsədi ilə Mərkəzin mütəxəssisləri xarici ölkələrə ezam edilirlər.

ARDNŞ-in neft sənayesi üçün kadr hazırlığı işinin təkmilləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə ciddi önəm verdiyini, həmçinin müəssisələrin tələbatını nəzərə alaraq Sosial İnkişaf İdarəsi və Türkiyənin "Bursam" NDT şirkəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Almaniyanın DAR təşkilatı tərəfindən akkreditə olunmuş Rusiyanın "NUÜ Kaçestvo" Attestasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Təlim, Tədris Mərkəzində respublikamızda ilk dəfə olaraq, Avropanın EN-473 standartına əsasən metal və qaynaq birləşmələrinin müayinəsi (NDT) - Ultrasəs müayinə (UT II) metodu ilə 2-ci səviyyəli mütəxəssislərin hazırlanması kursları təşkil olunmuşdur. Kursda tam iştirak edən və imtahandan müvəffəqiyyətlə keçən dinləyicilər 1-ci və 2-ci səviyyəli sertifikatlara layiq görülürlər.

Yaxın zamanlarda TTSD-də TS EN İSO/İEC 17025 "Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi kriteriyalar" beynəlxalq standartının şərtlərinə uyğun olaraq dağılan və dağılmayan metodlarla sınaqların aparılması üçün TÜRKAK tərəfindən "Akkreditasiya Sertifikatının" təqdimetmə mərasimi keçiriləcəkdir. Bu sertifikat təqdim edildikdən sonra TTSD-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda müxtəlif təşkilat və müəssisələrin sifarişi əsasında metal və qaynaq nümunələrinin mexaniki və fiziki üsullarla sınaqlarının aparılması nəzərdə tutulur. Meksika körfəzində "Horizon" üzən qazma qurğusunda baş verən məlum qəza hadisəsi insan itkisi, körfəzdə kəskin ekoloji çirklənmə və böyük miqdarda maliyyə sərfinə səbəb olmuşdur. Baş vermiş hadisə göstərir ki, ən yeni texnika və texnologiyalar tətbiq edildiyi hallarda belə texniki təhlükəsizlik tədbirləri daim gücləndirilməli, potensial risklər qiymətləndirilməli və düzgün idarə olunmalıdır. Analoji hadisələrin baş verməsinin qarşısını almaq və neqativ nəticələri aradan qaldırmaq məqsədilə ARDNŞ prezidentinin 7 may 2010-cu il tarixli əmrinə əsasən şirkətin təhlükə mənbəli obyektlərində əməyin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilir. Bütün bunları nəzərə alaraq ARDNŞ-in istehsalat sahələrində çalışan işçilərin bilik səviyyəsinin yüksəldilməsi, neft dağılmaları hallarına qarşı adekvat reaksiya vermə bacarığını artırmaq və qabaqlayıcı tədbirlər görülməsini nəzərə alaraq Təlim, Tədris Mərkəzində təsdiq olunmuş proqram əsasında kurslar təşkil edilmişdir.

Müəssisələrdə enerjinin səmərəli istifadəsi, israfçılığın qarşısının alınması, enerji xərclərinin azaldılması, ətraf mühitin qorunması, enerji resurslarının və enerjidən istifadənin məhsuldarlığının artırılması, həmçinin elektrik təhlükəsizliyinin müəssisələrdə tətbiqi ilə bağlı Departamentdə respublikamızda ilk dəfə olaraq İSO 16001: 2009 "Enerji İdarəetmə Sistemi" beynəlxalq standartı üzrə Türk Standartları İnstitutundan dəvət olunmuş mütəxəssisin iştirakı ilə 3 günlük təlimatlandırma kursu təşkil edilmişdir. Kursda ARDNŞ- in 20 struktur təşkilatından 30 nəfər dinləyici iştirak etmişdir. Mühazirədə iştirak edən bütün dinləyicilərə beynəlxalq sertifikat təqdim olunmuşdur.

Biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindəndir. Buna görə də ARDNŞ-in yeni texnika ilə işləməyi bacaran gənc neftçi mütəxəssislərinin hazırlanmasını həyata keçirən Təlim, Tədris və Sertifikatlaşdırma Departementi informasiya və kommunikasiya texnologiyalarının milli təhsil sisteminin tətbiqinə ciddi önəm verir.

TTSD-nin struktur bölmələri olan 39 məktəbəqədər təhsil müəssisində təhsil prosesi çoxvariantlı və alternativ proqram və pedaqoji texnologiyaların, fəal təlim metodlarının tətbiqi və pedaqoji işçilərin uşaqlarla qarşılıqlı əlaqəsi hasabına həyata keçirilir. Keyfiyyətli idarə olunma üçün məktəbəqədər təhsil müəssisələrində müasir texnologiyalar vasitəsi ilə bilik və bacarıqların mənimsənilməsi, peşəkarlığın təkmilləşdirilməsi üçün optimal şərait yaradılmışdır.

 

 

Asif BƏKİRLİ,

ARDNŞ-in Sosial İnkişaf

İdarəsinin TTSD-nin direktoru

 

Xalq qəzeti.- 2011.-18 mart.- S.5.