Radikal müxalifət hələ də dərk edə bilmir ki, xaos və iğtişaş olan yerdə demokratiya ola bilməz

 

Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət kursu ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır. Son illər əldə olunan nailiyyətlər, beynəlxalq aləmə inteqrasiya, yüksək inkişaf tempi Azərbaycanın dünya birliyindəki mövqelərini daha da möhkəmləndirmişdir.

 

Son iki ildə dünyanın əksər ölkələrində qlobal maliyyə və iqtisadi böhranın acı fəsadları özünü qabarıq şəkildə göstərsə də, Azərbaycan bu çətin sınaqdan alnıaçıq-üzüağ çıxdı. Xarici siyasət sahəsində də qazanılan uğurlar yüksək qiymətləndirilir. Bu uğurlar hər bir soydaşımızı sevindirməli, xalqın taleyüklü problemlərinin aradan qaldırılmasında, xüsusilə işğal altında olan torpaqlarımızın azad olunmasında, qaçqın və məcburi köçkünlərin öz doğma ocaqlarına qaytarılmasında səylərimizi birləşdirməliyik. Birlik olarsa, bütün maneələrin aradan qaldırılması da bir o qədər asan olar. Təəssüf ki, özlərini müxalifət adlandıranlar ölkədəki inkişafı görməzliyə vurur, Azərbaycanda qarşıdurma yaratmaq istəyən xarici düşmənlərimizin çirkli pulları hesabına icazəsiz mitinqlər keçirməyə cəhd göstərir, bu yolla aranı qarışdırmaq, hakimiyyəti qəsb etmək istəyirlər. Təbii ki, belə antimilli ünsürlərin çağırışına səs verən yoxdur və olmayacaq da.

Ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, siyasi partiya sədrləri adlarını müxalifət qoyan belələrinin seçdiyi yolu kəskin pisləyir və demokratiyaya zidd hesab edirlər.

 

Fazil Mustafa, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı:

 

- Hesab edirəm ki, Azərbaycanın bugünkü xarici siyasəti ən balanslı sayıla biləcək və ən doğru istiqamətdə hazırlanan bir siyasətdir. Ona görə ki, bu siyasətin açıq-aydın digər sahələrə də təsirini müşahidə edirik. Enerji resurslarımızdan səmərəli istifadə, geosiyasi mövqe üstünlüyümüz, siyasi prioritetlərin düzgün müəyyənləşdirilməsi, beynəlxalq iqtisadi əməkdaşlıq formatlarında Azərbaycanın gücünün artması da diqqət çəkən məqamlardandır. Ona görə də mən bu istiqamətdə aparılan siyasəti daha balanslı və daha çevik hesab edirəm. Çünki biz elə bir bölgədə yerləşirik ki, bu balans azacıq pozulsa, ölkəmiz üçün ciddi təhlükə yarana bilər. Bu baxımdan həyata keçirilən xarici siyasəti müsbət qiymətləndirirəm.

Azərbaycanın iqtisadiyyatında, ictimai-siyasi həyatında inkişafı görməmək qeyri-mümkündür. Son vaxtlar korrupsiya və rüşvətxorluğa, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi inkişafı daha da stimullaşdırır. Hesab edirəm ki, bu mübarizə daha dərin islahatların həyata keçirilməsi zərurətini ortaya qoyub. Bu islahatlar uğurla həyata keçirilərsə, Azərbaycan həm iqtisadi inkişaf potensialına, həm də onunla paralel demokratik inkişaf əmsalına görə dünyanın nümunəvi dövlətinə çevriləcək.

Son vaxtlar bir qrup vəzifə hərisinin icazəsiz aksiyalar keçirilməsinə cəhd göstərməsi ilə əlaqədar verilən suala cavabında F.Mustafa dedi:

- Ümumiyyətlə, hər bir siyasi partiyanın və qurumun öz mövqeyini ifadə etmək hüququ var. Bu, Konstitusiyada və beynəlxalq hüquqda da təsbit olunub. Bunun həyata keçirilməsi isə ancaq qanunvericilik yolu ilə olmalıdır. Əgər kimsə hər hansı bir aksiyanı qanunazidd formada həyata keçirmək istəyirsə, təbii ki, bu ictimai qınağa gətirib çıxaracaq və cəmiyyətdə çox mənfi qarşılanacaq. Amma hər hansı bir fikrin, siyasi mövqeyin cəmiyyətə çatdırılması qanunauyğun şəkildə həyata keçirilsə, buna normal yanaşmaq lazımdır. Çünki bu, demokratik cəmiyyətin ayrılmaz atributlarından biridir. Bütün hallarda hər hansı bir aksiya qanunauyğun formada həyata keçirilməlidir. Əks halda cəmiyyətdə ciddi bir qarışıqlıq yarana bilər ki, bu da heç birimizin xeyrinə deyil. Bununla yanaşı ölkəmizin beynəlxalq aləmdəki mövqeyinə də zərər vurar.

- Fazil müəllim, siz müxalifəti təmsil edən siyasi partiyanın rəhbərisiniz. Ancaq AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər özlərini real müxalifət adlandırırlar. Müxalifətin real və qeyri-real olmasını müəyyənləşdirən hər hansı bir meyar varmı?

- Bu məsələ dəfələrlə Azərbaycan cəmiyyətində müzakirə olunub. Biz daha çox başqa termin üzərində durmuşuq: məsuliyyətli müxalifət və məsuliyyətsiz müxalifət. Ölkədə yeni siyasi proseslər başlayıb. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, siyasi islahatların həyata keçirilməsi və digər zəruri məsələlər geniş vüsət alıb. Bəzi siyasi partiyalar qanunsuz mitinq yolunu tutub. Onlar konkret təklif irəli sürmədən qeyri-məqbul addımlar atırlar. Biz isə məsələnin qanuni yolla həllinə çalışırıq. Əslində müxalifət daha yaradıcı, müəyyən proseslərdə hakimiyyəti islahatların aparılmasında təşviqedici rolu öz üzərinə götürməlidir. Ona görə bu məsələlərə məsuliyyətli müxalifət kimi yanaşanda ölkənin də mənafeyinə uyğun iş görə bilirsən. Bəzi partiya nümayəndələri problemin həlli yollarını yox, cəmiyyətdə necə qarışıqlıq, xaos və anarxiya yaratmağı düşünürlər. Parlamentdə bu hökuməti ən çox tənqid edən bizik. Fikir vermisinizsə, müxalifət mətbuatı bizim çıxışlarımız barədə bir cümlə də olsun məlumat dərc etmir. Bizə qarşı çox qısqanc yanaşırlar. Çünki bunuları ölkənin, xalqın taleyi deyil, öz mənafeləri maraqlandırır. Hesab edirəm ki, Azərbaycanda məsuliyyətli müxalifətin mövqeyi cəmiyyət tərəfindən daha çox dəstəklənir.

Unutmamalıyıq ki, Azərbaycan spesifik bir ölkədir. Hər hansı bir ölkədə baş verən qarışıqlığı bizim ölkəyə köçürmək yanlışlıqdır. Kimə sevindirici ola bilər ki, bu gün Liviyada baş verənlər Azərbaycanda da baş versin. Ölkənin olan-qalan potensialı qısa müddətdə sıradan çıxarılar. Liviya müxalifətini ayağa qaldırdılar, sonra isə arxasından çəkildilər. İndi isə bir çox müxalifətçilər Qəddafi ilə üz-üzə qalıblar. Bu, Liviya xalqına hansı cəhətdən fayda verə bilər? Xarici qüvvələr bizim ölkəmizin çiçəklənməsini istəyirsə, Dağlıq Qarabağ probleminin aradan qaldırılmasına səy göstərsin. Əgər problemin həlli uzadılırsa, hansı əsasla düşünə bilərik ki, bəzi xarici qüvvələr Azərbaycanda demokratiyanın inkişafını, əhalinin güzəranının yaxşılaşmasını, həyat səviyyəsinin yüksəlməsini istəyir. Biz özümüz ölkədə konsensus yolu ilə islahatlar aparmaqla, inkişafa nail olmaqla ölkədə vətəndaş qarşıdurması olmadan daha sürətli inkişaf edə bilərik, həm də əhali rifah içərisində yaşayar. Biz buna nail olmalıyıq.

 

Kamil Seyidov, Azad Respublikaçılar Partiyasının sədri:

 

- Xarici anti-Azərbaycan qüvvələr və onların tapşırıqlarını icra edən radikal müxalifət son vaxtlar yenidən iğtişaşlar törətməyə, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Martın 11 və 12-də icazəsiz aksiyalar keçirməyə cəhd göstərən araqarışdıran qüvvələr xarici ağalarının istədikləri səviyyədə aksiya keçirə bilmədiklərindən növbəti dəfə kimlərisə aldatmağa çalışırlar.

Aprelin 2-i xalqımızın yaddaşında Kəlbəcər rayonunun işğalı günü kimi qalıb. Həmin gün mitinq keçirmək istəyən AXCP-Müsavat qruplaşması 1993-cü ildə hakimiyyətdə olarkən Kəlbəcər kimi strateji əhəmiyyətli bir rayonu çox asanlıqla, mən deyərdim ki, düşünülmüş şəkildə ermənilərə təhvil verdilər. Bunlar niyə Kəlbəcərin taleyini, Dağlıq Qarabağın taleyini yox, hakimiyyəti necə qəsb etməyi düşünürlər?

Ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasının, çoxlu sayda soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinin, digərlərinin isə ata-baba yurdlarından didərgin salınmalarının əsas səbəbkarı AXCP-Müsavat qruplaşması oldu. Bu qruplaşma hakimiyyətdə olarkən xalqımıza arxadan zərbə vurdu. Həmin iqtidarın nümayəndələrinin xəyanətkar əməlləri satqınlığı, insanların taleyini alverə çevirmələri hər birimizin yaddaşındadır. Onlar əsir və girov götürülmüş azərbaycanlıları, onların meyitlərinin geri qaytarılmasını özləri üçün gəlir mənbəyinə çevirmişdilər. Çox vaxt isə soydaşlarımızın ermənilər tərəfindən əsir götürülməsini özləri təşkil edirdilər ki, sonradan onları geri alanda valideynlərindən külli miqdarda pul qopara bilsinlər. Həmin adamlar bu gün yenidən hakimiyyəti ələ keçirmək üçün min oyundan çıxır, hətta ermənilərlə əməkdaşlıq etməkdən belə çəkinmirlər.

Azərbaycan xalqına sanki qənim kəsilmiş radikal müxalifətin 20 Yanvarda əliyalın xalqı aldadaraq qırğına verməyi də unudulmayıb. Belə məqamlardan istifadə edib hakimiyyəti ələ keçirmək istəyən antimilli qüvvələri xalqın, Vətənin taleyi yox, özlərinin şəxsi mənafeləri daha çox maraqlandırır. Onlar hətta Xocalı soyqırımı kimi dəhşətli hadisədən də yararlanmağa cəhd göstərdilər. Elə bu faciəli hadisələrdən isifadə edərək silah gücünə hakimiyyəti ələ keçirdilər. Dərhal da korrupsiya və rüşvətxorluğa başladılar. Ölkəmizin müdafiəsini büsbütün unudub özləri üçün var-dövlət toplamağa başladılar. Bir də onda ayıldılar ki, ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir. Xalqın qanı bahasına qazanılmış müsəqillik məhv olur. Son anda xalqı yuxuya verib gecə ikən qaçdılar. Belə bir əqidə sahibi olan AXCP-Müsavat funksionerləri ölkədə yaradılmış demokratik ab-havadan istifadə edərək yenidən hakimiyyəti ələ keçirmək istəyirlər. Özü də seçkilər ilə yox, iğtişaşlar törətməklə.

Xaos və iğtişaşlar olan yerdə demokratiya ola bilməz. Bu sadə məntiq radikal müxalifətə hələ də çatmır. Onlar daim əks prinsiplərlə fəaliyyət göstəriblər. Xarici anti-Azərbaycan dairələrin çirkli pulları hesabına ölkədə qarşıdurma yaratmaq istəyən AXCP-Müsavat funksionerləri öz ağalarının tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək istəyirlər. AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və ətraflarına topladıqları digər ünsürlər sanki öz xalqına, millətinə qənim kəsiliblər. Onların hərəkətləri müxalifətçilikdən çox-çox uzaqdır.

Bunlar xalqa düşmən kəsiliblər. Belələri müxalifət adına ləkədir. Xalqı icazəsiz aksiyalara çağıran, asayiş keşikçiləri ilə qarşıdurma yaratmağa çalışanlar və ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək istəyənlərə yalnız bir ad yaraşır: milli xəyanətkar. Son hadisələr bir daha təsdiqləyir ki, AXCP və Müsavat Partiyasının rəhbərliyi bu yolu seçib. Mən bir partiya sədri olaraq onları bu çirkin yoldan əl çəkməyə çağırıram. Onların diqqətinə çatdırıram ki, gözlərini açıb həyata yaxşı-yaxşı baxsınlar. Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoymasını görsünlər. Ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanaraq" 1990-1992-ci ildə törətdikləri hadisələri bir daha təkrarlamağa cəhd göstərməsinlər. Mənim onlara yazığım gəlir. Çünki düşünürəm ki, xalq artıq belə xəyanətkarların əməllərindən cana doyub. Bir gün gələcək, bu xalq onları cəmiyyətdən birdəfəlik silib atacaq.

Son illər Azərbaycan bütün sahələr üzrə sürətlə inkişaf edir, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır, ordu potensialı güclənir, qüdrətli Milli Ordumuz Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımız çərçivəsində həllinə təminatı gücləndirir. Belə bir vaxtda radikal müxalifətin ermənilərin arzusunu yerinə yetirərək ölkədə iğtişaşlar törətmək cəhdi yolverilməzdir.

 

 

Söhbəti yazdı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 18 mart.- S. 4.