Həyatın xilası mümkündür

 

Ən azı iki min ildir ki, bütün bəşəriyyət, xüsusən də filosoflar bir sual üzərində baş sındırırlar: bəşəriyyət haradan gəlib, haraya gedir? Son iki yüz il ərzində dünya filosofları başqa bir suala da cavab axtarırlar: kapitalizm formasiyasının yerinə hansı formasiya gələcəkdir?

 

Bu barədə düşünərkən ağlıma maraqlı bir sual gəldi: şüurun, idrakın nəinki bugünkü, hətta, 200 il bundan əvvəlki kifayət qədər yüksək səviyyəsində nə üçün bu qədər adi görünən sualların cavabı tapılmır?

Bu sual bir sıra başqa sualları gündəmə gətirdi: Bəlkə kapitalizmdən sonra hansı formasiya gələcəkdir, sualı düzgün qoyulmayıb? Bəlkə kapitalizm özü ictimai formasiya deyil? Bəlkə bəşər tarixinin fəlsəfi ifadəsi - ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm sxemi yanlışdır və s.

Sözü gedən sxemi dialektikanın qanunları əsasında dərindən araşdırdıqda məlum oldu ki, o, tamamilə yanlışdır. Mənim fikrimcə, quldarlıq, feodalizm və kapitalizm ictimai formasiya deyilmiş. Təkcə quldarlığın ictimai formasiya olmadığını sübut etsək, hər şey aydınlaşar.

Məlumdur ki, Kainatdakı bütün hadisə və proseslər sadədən mürəkkəbə, ibtidaidən aliyə olmaqla təkamül edir. Şəksiz ki, bu universal qayda insan cəmiyyətinə də aiddir. Yəni, ən azı iki milyon il davam etmiş, instinktiv qorunan ədalət şəraitində mövcud olmuş, buna görə də bəşər həyatının "qızıl dövrü" adlandırılmış, İbtidai İcma formasiyasını ondan daha ədalətli, həyati və uzun ömürlü, bir sözlə, daha ali bir formasiya əvəz edə bilər. Quldarlıq adlanan dövr bu deyilən keyfiyyətlərin heç birinə malik olmadığı üçün ictimai formasiya adlana bilməz. Bunu feodalizm və kapitalizm barəsində də demək mümkündür.

Deməli, son iki yüz il ərzində filosoflar düzgün olmayan sualın mövcud olmayan cavabını axtarmış və təbii ki, tapa bilməmişlər. Çoxdan məlum olan bir deyimdə olduğu kimi, bu, qaranlıq otaqda mövcud olmayan qara pişiyin axtarışı kimi olmuşdur.

 

* * *

 

Aydındır ki, Kainatda olan bütün hadisə və proseslər kimi, bəşər həyatı, insan cəmiyyəti də ibtidaidən aliyə, sadədən mürəkkəbə doğru təkamül edir. Bu məsələni dialektik qanunların köməyi ilə araşdırdıqda məlum oldu ki, insan, onun mənliyini təyin edən xromosom quruluşuna rəğmən, yalnız icmada mövcudluq tapa bilər. İnstinktin və ya şüurun hansının aparıcı olmasına rəğmən icma iki fazalı olmalıdır. Birinci faza, instinktin hökmran olduğu, keçmiş, ən azı iki milyon il davam etmiş İbtidai İcma fazası və ikinci faza şüurun hökmran olacağı, əbədiyyətə qədər davam edəcək Ali İcma fazası.

Deyilənlərdən belə bir nəticə çıxır ki, bəşər tarixinin fəlsəfi ifadəsi belədir: İbtidai İcma, İbtidai İcma ilə Ali İcma arasındakı keçid dövrü və Ali İcma. Keçid dövrü İbtidai İcma ilə müqayisədə çox qısa bir zaman kəsiyində, ən çoxu iyirmi min il çəkmişdir və artıq bitməkdə, öz yerini Ali İcmaya verməkdədir. Ali İcma dedikdə dünyanın bütün dövlətlərinin Amerika Birləşmiş Ştatları və ya Avropa Birliyi tipində vahid cəmiyyət halında birləşməsi başa düşülməlidir. Görünür ki, birləşmək insanın alın yazısı, onun xromosom quruluşundan doğulan ən qiymətli xassəsidir. İnsan əvvəl ailələrdə, sonralar qəbilələr, dövlətlər, imperiyalar, dinlər ətrafında tədricən böyüyən birliklərdə bir araya gəldi. Bu gün, o, birləşmək estafetinin sonuncu mərhələsinə, Ali İcmada birləşmək mərhələsinə başlayır və bu birləşmə labüddür.

İcmanın birinci fazası əsasən instinktlə idarə olunduğu və ayrı-ayrı qəbilələrə aid olduğu üçün haqlı olaraq İbtidai İcma adlandırılmışdır.

Artıq bəşər həyatına daxil olan ikinci faza, əsasən şüurla idarə olunacağına və bütün dünyanı əhatə edəcəyinə görə haqlı olaraq Ali İcma adlanacaqdır.

Ali İcmanın ilk sadə forması Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, bu dövlət əslində 50-dən çox dövlətin (ştatın) könüllü birləşməsidir. O, daim güclənən ədalət prinsipi ilə demokratiyanın aliliyinə doğru durmadan irəliləyir və daim irəliləyəcəkdir.

ABŞ-dan fərqli olaraq güc tətbiq etməklə məcburi surətdə birləşdirilmiş Sovetlər Birliyi könüllülərin birliyi olmadığı, həm də, həqiqi ədalət və demokratiya axtarışına əsaslanmadığı üçün süquta məhkum idi.

Ali İcmanın başqa bir prototipi Avropa Birliyidir. Maraqlıdır ki, həm ABŞ, həm də Avropa Birliyi Ali İcma mənasında deyil, daha əlverişli iqtisadi qurum kimi yaradılmışdır.

Dünyanın kifayət qədər inkişaf etmiş dövlətləri - ABŞ, Yaponiya, Çin, Hindistan, Kanada, Türkiyə, Rusiya və s. dövlətlər Avropa Birliyi ilə bir araya gəlsələr, hesab etmək olar ki, artıq Ali İcma yaranmışdır. Ali İcma yarandıqdan sonra əbədiyyət adlı bir ömür alacaq və daim təkmilləşəcək, aliləşəcəkdir. Bəşəriyyət Ali İcma şəklində bir yerə cəmləşdikdən sonra, o, qarşısına çıxan bütün problemləri həll etmək, hətta sivilizasiyamızı xilas etmək imkanına malik olacaqdır. Ali İcmanın qurulması ilə Üçüncü dünya müharibəsi təhlükəsi aradan qalxacaq, Yer üzünə əbədi sülh gələcəkdir.

 

* * *

 

İcmada olan insanlar yalnız "İnsan insanın dostudur" prinsipi ilə yaşaya bilirlər. İnsanlar ən azı iki milyon il davam edən İbtidai İcma fazasında bu qayda ilə yaşadıqları üçün yarıac, yarıçılpaq olsalar da mənəvi sıxıntısız, yəni xoşbəxt yaşayırdılar. Qeyd etdiyimiz kimi, bu insanın xromosom təbiətindən irəli gəlirdi və əsasən instinktiv baş verirdi.

Ali İcma fazasında da "İnsan insanın dostudur" prinsipi hökmran olacaq və əsasən daha ali qüvvə, şüurla idarə olunacaqdır.

Bəşəriyyət İbtidai İcma və Ali İcma fazalarından fərqli olaraq, onlara nisbətən çox kiçik bir zaman kəsiyində mövcud olmuş keçid dövründə isə vəhdətdə və mübarizədə olan instinkt və şüurun yaratdığı qeyri-müəyyənlik, daha dəqiq desək xəstə dövrdə, həm də "İnsan insanın canavarıdır" prinsipi ilə yaşamağa məhkum idi.

Tezliklə Ali İcma qurulacaq və bəşəriyyət öz həyatının baharına başlayacaqdır.

 

* * *

 

Əfsuslar olsun ki, nəinki sivilizasiyanı, bütün həyatı məhv etmək imkanına malik olan ekoloji fəlakət, artıq demək olar ki, qarşısıalınmaz xarakter almaqdadır.

Bu ümumplanet bəlasına qarşı yalnız və yalnız ümumbəşər gücü ilə çıxmaqla qalib gəlmək olar. Hələ ki, ekoloji fəlakətin gəlmə sürəti, dünyanın birləşməsi sürətini qat-qat üstələyir. Bu işdə dönüş yaradılmasa, dünyanın birləşməsi sürətinin ekoloji fəlakətin gəlmə sürətini üstələməsinə nail olunmasa, sivilizasiyanın məhvi labüddür.

Təxminən iki il bundan qabaq Prins Çarlz qeyd etmişdir ki, 96 aya lazımi tədbirlər görülməsə sonra gec olacaq və ekoloji fəlakət həyatı məhv edəcəkdir. Əfsus ki, Prins Çarlz lazımi tədbirlərin nələrdən ibarət olduğunu qeyd etmir. Dərindən düşünəndə aydın oldu ki, əslində, 163 il bundan əvvəl artıq gec idi. Belə ki, kor-koranə də olsa öz təbii inkişaf yolunda olan bəşər həyatı 1848-ci ildə "Kommunist partiyasının manifesti" əsərinin işıq üzü görməsi ilə xaosa çevrildi. Bəşər həyatını inqilab yolu ilə dəyişdirmək eksperimentləri başlandı və bəşəriyyət özünün bir çox həyati problemlərindən uzaq düşdü. İki cəbhəyə ayrılan bəşəriyyət həlli labüd problemlərlə məşğul olmaq əvəzinə lazımsız inqilablardan keçmək və dünya müharibələri aparmaq məcburiyyətində qaldı. Nəticədə bu gün bəşəriyyət ikiqat ekoloji fəlakətlə üz-üzədir. Ətraf mühitin çirklənməsinin, daha dəqiq desək zəhərlənməsinin qarşısı tezliklə alınmasa bir neçə on ildən sonra həyat zəhərlənmədən sönəsidir. İkinci ekoloji fəlakət hadisəsi Yer qabığının, əslində, bütün Yer kürəsinin isinməsi nəticəsində buzlaqların və hər iki qütb buzlarının, hər gün daha da artan bir sürətlə əriməsi ilə bağlıdır. Bu yaxınlarda deyildi ki, Qrenlandiya buzları altdan üst tərəfə nisbətən 25 dəfə daha sürətlə əriyir. Deməli, qlobal istiləşmə atmosferlə yox Yerlə, Yer qabığı ilə əlaqədardır.

Yer qabığının, əslində, Yerin qızması onun üzərində işləyən maşın və mexanizmlərin fəaliyyəti ilə bağlıdır. Maşın və mexanizmlər, onların sayından asılı olan, ona görə də hər il daha da artan küllü miqdarda enerjini ehtizaz şəklində Yer qabığına, Yerə ötürürlər. Enerjinin itməməsi qanununa rəğmən ehtizaz enerjisi istilik enerjisinə çevrilərək Yeri, həm də onun qabığını qızdırır. Yerin, Yer qabığının bu yolla nə qədər qızdığı bu gün elmə məlum deyil. Əslində dünya elmi bu versiyanı, bu həqiqəti artıq eşitmişdir (P.A. Qurbanov, "Bir daha məhşər haqqında", "Xalq qəzeti", № 105 (26163), 17 may 2009-cu il). Bu faktın doğruluğunu xüsusən speleoloqlar axtarmalıdır. Əgər hansısa bir dərin mağarada, ilin bütün fəsillərində eyni istiliyə malik olan dərinlikdə, ən azı yüz il bundan qabaq istilik təyin edilibsə, bu gün həmin yerdə daha yüksək temperatur müşahidə ediləsidir. Zənnimcə, bu 5-10 dərəcə təşkil etməlidir.

Aydındır ki, Yer qabığı nə qədər isinibsə ona müvafiq olmaqla daha çox su buxarlanır və yağıntılar şəklində Yer səthinə qayıdır. Yağıntıların Yer səthinə bərabər paylanması mümkün olmadığı üçün, o, dünyanın ayrı-ayrı yerlərində daha da intensivləşərək fəlakətlər törədir. İllər keçdikcə bu anomaliyanın daha da güclənəcəyi şübhəsizdir.

Yer qabığına verilən hər hansı ehtizaz, həm Yer qabığı ilə dünyanı dolana, həm də onun bütün möhtəviyyatında yayılmaq imkanına malikdir. Bu səbəbdən də Everestin zirvəsindəki buzlaqlar üstdən yox, altdan əriyir. Bu o deməkdir ki, bu gün həyat məhv olsa belə, Yerin, Yer qabığının isinməsi nəticəsi olaraq, Yer kürəsində olan bütün buzlar əriyəcək, dünya okeanının səviyyəsi 60 metr yüksələcəkdir. Əgər Yer, Yer qabığı 5 dərəcə isinibsə, bu istiliyin onun "canından" çıxması üçün 5 milyon il keçməlidir, çünki Yer kürəsi, elmə məlum olduğu kimi, hər keçən milyon il üçün bir dərəcə soyuya bilir.

 

* * *

 

Bütün bunlara baxmayaraq, sivilizasiyanın və ümumiyyətlə həyatın xilası mümkündür. Bu aşağıdakı ssenari üzrə ola bilər: tezliklə bütün dünya Ali İcmada birləşəcəkdir və ətraf mühitin çirklənməsinin qarşısının alınması, ekoloji təmiz enerji mənbələrinin tapılması, Yer qabığını ehtizaza gətirməyən maşın və mexanizmlərin yaradılması, dünya əhalisinin sayının azaldılması kimi qlobal problemlərin həlli üçün əsaslı imkan yaranacaqdır. Əslində, göstərilən beş qlobal problem həyatın xilası proqramı hesab edilə bilər. Dünya okeanının səviyyəsinin 60 metr yüksəlməsi nəticəsində Yerin quru qalacaq sahəsinin xəritəsi dəqiqləşdiriləcək və həmin sahə dünya dövlətləri arasında, əsasən, onların əhalisinin sayına görə, ədalətlə bölünəcəkdir. Sivilizasiyanın qorunması üçün ən vacib şərtlərdən biri insanların sayının azaldılmasıdır. Odur ki, dünya əhalisinin sayının azaldılmasını təmin etmək üçün doğumu tənzimləyən qanunlar işə düşəcəkdir. Doğum haqqı hər bir ailəyə deyil, məsələn, nəslə veriləcəkdir. Tutaq ki, 1000 nəfərlik nəsil üçün ildə iki uşağın doğulmasına imkan verilsə, otuz il keçməklə o min nəfərin təxminən yarısı dünyasını dəyişəcək, artım isə cəmi 60 nəfər təşkil etdiyi üçün qalan əhali 560 nəfərə bərabər olacaqdır. Göstərilən yolla insanların sayının azaldılması nə qədər çətin sayılsa və qeyri-mümkün görünsə də, əslində mümkündür və alternativi mövcud deyildir. Bu yolla dünya əhalisinin sayının qalan quru sahəyə görə ən optimal şəkildə azaldılması nəinki bütün millətlərin, hətta bütün nəsillərin qorunmasına imkan yaradacaqdır.

Yeni doğulan insanların nəslin ən sağlam, hər cəhətdən üstün olan fərdlərindən doğulacağı, bütün nəsil və cəmiyyət tərəfindən himayə olunmaqla yüksək keyfiyyətli tərbiyə və təlim alacağına görə sivilizasiya saflaşmaq imkanı da qazanacaqdır.

Onu da qeyd etmək lazımdır ki, Yer kürəsi hər keçən milyon ildə bir dərəcə soyuduğu üçün, sivilizasiyamız bir neçə milyon il azalmış quru sahədə yaşamalı olacaqdır. Yer kürəsinin sonrakı təbii soyuması nəticəsində tədricən qütb buzları və buzlaqlar əmələ gələcək, quru sahə genişlənəcək və bir zaman indiki səviyyəyə çatacaqdır.

Yer üzərində həyatın sonrakı davamı başqa sivilizasiyaların Yer həyatına dostcasına və ya düşməncəsinə müdaxiləsindən asılı olaraq fərqli ssenari üzrə də baş verə bilər...

 

 

Pənah QURBANOV,

kimya elmləri doktoru,

şair

 

Mədəniyyət.- 2011.- 20 mart.- S. 8.