Cənnətim Qarabağ...

 

Mart - yazın nübar ayı. İlin bu çağında cənnət olur Qarabağ. Neçə illərdir ki, xalqımız Şuşa, Laçın, Ağdam həsrətiylə yaşayır. Qarabağsız qarşılayır "Novruz"u. Neçə illərdir ki, Qarabağ deyəndə hər bir azərbaycanlının qəlbi torpaq həsrətilə göynəyir. Lakin hələ də ümüdümüzü itirmirik. İnanırıq ki, dövlət başçımız möhtərəm İlham Əliyevin ağıllı, uzaqgörən siyasəti nəticəsində əzəli torpaqlarımız tezliklə yağı düşməndən alınıb azad ediləcəkdir.

 

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət yetirdiyi ən vacib məsələlərdən biri də məhz Qarabağımızın tezliklə işğaldan azad edilməsidir. 3-cü Muğam Müsabiqəsi iştirakçılarının Qarabağa səfərinin başlıca məramlarından biri də soydaşlarımıza mənəvi dayaq olmaq istəyindən irəli gəlmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən 3-cü Muğam Müsabiqəsinin növbəti həftəsi martın 15 və 17-də Qarabağımızın dilbər guşələrindən olan Ağcabədi və Füzuli rayonlarında təşkil olundu.

Azərbaycan professional musiqisinin əsasını qoyan, "Koroğlu" və "Arşın mal alan"la klassik musiqimizi dünyaya tanıdan, "Leyli və Məcnun" kimi orijinal formaya malik muğam operasını yaradan və muğamlarımızın sistemləşdirilməsində əvəzsiz xidmətləri olan dahi Üzeyir bəyin doğulduğu yurdda, şirin səs çalarları ilə ürəyin incə tellərinə toxunan Seyid Şuşinski, Yaqub Məmmədov, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, İslam Rzayev, Ağababa Abdullayev, Səfa Qəhrəmanov və onlarca digərləri Qarabağ xanəndəlik məktəbindən bəhrələnmişlər. Onların hər biri muğam səsi və ifa tərzi ilə adlarını Azərbaycanın sayılıb-seçilən xanəndələri siyahısına yazdıra bilmişlər.

Martın 15-də Ağcabədi şəhərindən start götürən 3-cü Muğam Müsabiqəsi iştirakçıları öncə ulu öndər, ümummilli lider Heydər Əliyevin, daha sonra isə "Muğam Mərkəzi" önündə ucaldılmış dahi Üzeyir bəyin heykəli önünə tər çiçək dəstələri qoydular. Son illərdə ölkəmizin hər yerində olduğu kimi, Qarabağ bölgəsində, xüsusən də, Ağcabədi şəhərində aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin şahidi olduq. Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sosial-məişət problemlərinin yüksək səviyyədə həll olunduğunu bilincə çox sevindik. Bunu bizi doğmalarıtək qəbul edən əziz ağcabədililərlə çoxsaylı görüşlərimizdə hiss etdik.

Muğam müsabiqəsinə çox maraq olduğundan onun nəzərdə tutulmuş muğam mərkəzində deyil, Yaqub Məmmədov adına mədəniyyət evində keçirilməsi daha məqsədəuyğun sayıldı. Bununla belə, müsabiqəni canlı olaraq izləmək istəyənlərin sayı çox olsa da, təəssüf ki, bəxti gətirənlər yalnız zal tutan qədər oldu. İlk onluğa düşən ifaçılar sırasında ən çox bal toplayan Nigar Şabanova oldu. Gənc xanəndə qızın ifa etdiyi "Şüştər" müğamına münsiflər çox yüksək bal verdilər. Nəzərə alsaq ki, munsif Mənsum İbrahimovun bu həftə müsabiqədə iştirak etməməsi səbəbindən ən yüksək bal 60 idi. Digər iştirakçılar Nigar Şabanovanın "Mahur"u, Mirələm Mirələmovun "Dilkəş"i, Alış Həmzəyevin "Segah"ı, Səfər İdrisovun "Şikəsteyi-fars"ı tamaşaçılar və münsiflər tərəfindən razılıqla qarşılandı. Onu da qeyd edim ki, hər bir ifaçını sürəkli alqışlarla qarşılayan ağcabədililərin bu alqışları ulu muğam sənətimizə, dövlət başçımızın, onun xanımı - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın göstərdiyi diqqət və qayğının təzahürü idi. Hər dəfə olduğu kimi, bu dəfə də Mustafa Mustafayevin ifası münsiflər tərəfindən heç də birmənalı qarşılanmadı. Gənc xanəndənin oxuduğu "Zəminxara"nı münsiflərdən Əlibaba Məmmədov və Ramiz Zöhrabov belə qiymətləndirdilər ki, müğənni bu ifada hələ də öz yolunu tapa bilmir, Qədir Püstəmovu təqlid edir. Qarabağ şairlərinin qəzəllərinə həsr olunmuş muğam həftəsində birinci onluğa daxil olanlar siyahısında ən az - 49 bal toplayan Səadət Babayeva oldu.

Ağcabədi torpağında iki günlük səfərimiz başa çatanda düşündük ki, bu görüşdən, bu şəhərdən, onun müğamsevər tamaşaçılarından, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qonaqpərvərliyindən aldığımız xoş təəssürat yəqin ki, uzun müddət müsabiqə iştirakçılarının yaddaşından çıxmayacaq. Səhəri gün yolumuz doğma Qarabağın daha bir bölgəsinə - Füzuli rayonunun Horadiz qəsəbəsinə idi. Respublika Prezidentinin 23 oktyabr 2007-ci ildə imzaladığı sərəncamla Horadiz qəsəbə inzibati ərazi dairəsinə şəhər statusu verilmişdir. Az bir vaxtda şəhərdə Gənclər evi, Heydər Əliyev müzeyi, Heydər Əliyev adına park, Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, analoqu olmayan Muğam Mərkəzi istifadəyə verilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul olunduğu dövrdən ötən müddətdə ərazidə 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılmışdır.

Hazırda Horadiz şəhəri ətrafındakı Arayatımlı və Babı kəndlərində 1700 ailə təbii qazdan istifadə edir. Yaşayış məntəqələrinə təbii qaz çəkilişi davam edir. Rayon əhalisi nikbindir, cənab İlham Əliyevə inanır, onun daxili və xarici siyasətini ürəkdən dəstəkləyir. Bu rayonun sosial-iqtisadi həyatının yalnız bir hissəsidir. Ağcabədililər kimi horadizlilər də müsabiqə iştirakçılarını çox səmimi qarşıladılar.

Tədbirə dəvət olunmuş respublikanın tanınmış elm, sənət adamlarıyla yanaşı, Milli Məclisin deputatları Bahar Muradova, Astan Şahverdiyev, Tahir Rzayev, Azər Badamov və digərləri iştirak etmişlər. Qonaqlar tədbir başlamazdan öncə müsabiqə iştirakçıları ilə birgə ulu öndərin heykəlinin önünə tər çiçəklər qoydular.

Müsabiqə iştirakçıları öncə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyev Fondunun dəstəyi ilə Horadizdə ucaldılmış gözəl memarlıq xüsusiyyətlərilə göz oxşayan Muğam Mərkəzinin gənc istedadların istifadəsinə verilməsinə görə ölkəmizin birinci xanımı Mehriban Əliyevaya, onun milli musiqiyə, ulu muğam sənətinə göstərdiyi diqqət və qayğıya görə füzulililər adından dərin təşəkkürünü bildirdi.

Həftənin ikinci onluğuna daxil olan iştirakçıların çoxu bu həftə yüksək bal topladılar. Bunun ilk növbədə Qarabağın havası, suyu, çörəyi ilə bağlı olduğunu qeyd edən münsif Arif Babayev və Ramiz Zöhrabov öz qənaətlərində yanılmırdılar. Könül Məmmədlinin "Bayatı Şiraz"ı, Arif Hüseynovun "Segah"ı, həmişə olduğu kimi Kamilə Nəbiyevanın "Dilkəş" təsnifi, Məmməd Nəcəfovun "Rast" təsnifi və Səbinə Ərəblinin "Segah"ı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Deyirlər, ilin bu fəslində cənnət olur Qarabağ. İnandıq ki, doğma Qarabağımızın hər güşəsi cənnətdir. Bir də deyirlər ki, bir budaqda iki bülbül oxumaz. İnandıq ki, Qarabağda eyni zalda iki nədir, 18 bülbül də oxuyar. Sənət bülbüllərinin timsalında hər birimizə doğma olan Qarabağın Ağcabədi və Füzuli bölgələrində olarkən bunun şahidi olduq. Həftənin ən az bal toplayanı Səadət Babayeva oldu. Buna görə müsabiqəni tərk etdi. Gənc xanəndələrə yeni-yeni uğurlar arzulayırıq.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 20 mart.- S. 7.