Ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir
İldən-ilə
ölkəmizin iqtisadiyyatı gücləndikcə, ordumuzun
maddi-texniki təminatının və hərbi
qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə
də diqqət artırılır. Hazırda dövlətimizin
illik hərbi xərcləri işğalçı Ermənistanın
dövlət büdcəsinə bərabərdir. Təkcə
bu faktın özü Azərbaycanın ordu quruculuğuna
göstərdiyi böyük diqqətin bariz nümunəsidir.
Dəfələrlə Prezident İlham Əliyev bəyan edib
ki, ordu quruculuğu onun siyasi kursunun əsas prioritet istiqamətlərindən
biridir.
Son
illərdə Müdafiə Nazirliyinin hərbi şəhərciklərində
yerinə yetirilmiş tikinti, yenidənqurma, təmir və
abadlıq işləri dövlətin hərbi qulluqçulara
göstərdiyi diqqət və qayğının ən bariz
nümunəsidir. Ordu mənsubları bu qayğıya əməli
işlə - yüksək döyüş
hazırlığına yiyələnmək və
nizam-intizamla cavab verirlər.
Hazırda
quruculuq işləri uğurla davam etdirilir. Növbəti illər
üçün yerinə yetiriləcək quruculuq planları
da daim diqqət mərkəzində dayanan məsələlərdəndir.
Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində
tikinti, yenidənqurma və təmir işlərinin təxmini
statistikası kifayət qədər ürəkaçandır.
Ümumi
sahəsi 124380 kvadratmetr olan 8 əsgər yataqxanası, 2 əsgər
yeməkxanası, 2 qərargah, 2 tibb məntəqəsi, 3
yaşayış binası, 2 qazanxana, hamam, camaşırxana,
cərrahiyyə korpusu və bir neçə inzibati binalar
tikilərək hərbi qulluqçuların ixtiyarına
verilmişdir.
158.570
kvadratmetr ümumi sahəsi olan 5 əsgər
yataqxanasının, 2 əsgər yeməkxanasının, 2 qərargahın,
2 tibb məntəqəsinin, 6 yaşayış binasının,
2 qazanxana, hamam, camaşırxananın tikintisi isə
hazırda həyata keçirilir.
Ümumi
sahəsi 79 845 kv olan klub-yeməkxanada, cərrahiyyə
şöbəsində, 8 mərtəbəli müalicə
korpusunda, yataq və tədris korpusunda əsaslı təmir
işləri yerinə yetirilir.
Ümumi
sahəsi 922 kvadratmetr olan 15 qazanxana binası inşa
edilmiş, müasir tipli texnoloji avadanlıqlar ilə təchiz
olunmuş, ümumi uzunluğu 17 850 metr olan ərazidaxili
istilik xətləri və 52 binada binadaxili istilik sistemləri
çəkilmişdir.
Müxtəlif
hərbi şəhərciklərdə yerləşən 5-dən
çox qazanxana binaları tam təmir olunmuş, 14 binanın
daxili istilik sistemləri yenidən qurulmuşdur..
Hərbi
şəhərciklərdə ümumi uzunluğu 7 500 metr olan
magistral yüksək gərginlikli elektrik xətləri çəkilmişdir.
Bir
neçə hərbi şəhərciklərdə 8 əsgər
yataqxanası və 8 əsgər yeməkxanasında daxili təmir
işləri yerinə yetirilib. Ümumi sahəsi 18 750 kv.m olan
24 "texniki" binanın dam örtüyü isə tam təmir
olunub.
Tikintisi
yekunlaşmaq üzrə olan yeni yeməkxanalarda da bir çox
işlər artıq başa çatıb, hazırda içəridə
üzlük işləri gedir. 2500-3000 nəfər
üçün nəzərdə tutulmuş yeni əsgər
yeməkxanalarında şəxsi heyətin böyük hissəsi
bir dəfəyə yemək yeyə biləcək. Burada,
iş icraçılarının bildirdiyinə görə,
yeməkxana fəaliyyəti üçün lazım olan
avropa standartlarına uyğun ən müasir avadanlıqlar
quraşdırılacaq. Hətta təzə iaşə obyektlərində
çörək bişirib şəxsi heyəti təmin etmək
planlaşdırlıb.
Yeni
yataqxanalar yeni layihələr əsasında tikilən
binalardır. Taxta döşəmələrə malik hər
otaqda on nəfərlik heyət qalacaq. Burada şəxsi heyətin
rahat yaşaması üçün bütün şərait
yaradılmışdır. Yataqxanalar mərkəzləşdirilmiş,
istilik sistemilə təmin olunduğundan qışda
binaların qızdırılması ilə bağlı
heç bir problem olmayacaq. Hər mərtəbədə iki tərəfdə
sanitar qovşaqları - tualet, əsgərlərin yuyunması
üçün əlüzyuyan və duşlar olacaq. Təzə
yataqxanalar daimi isti və soyuq su ilə təmin ediləcək.
Həmçinin əsgərlərin məşğul
olması üçün müasir tipli sinif otaqları da
inşa edilməkdədir. Bir sözlə, həyata
keçirilən layihələrdə hər şey
xırdalıqlarına qədər nəzərə
alınıb.
Yeni əsgər
kazarmalarının tikinti işlərini həyata keçirən
təşkilatın nümayəndələri söhbət
zamanı bildirdilər ki, hərbçi ailələri
üçün beşmərtəbəli əlavə
yaşayış binaları da inşa edilir. Bakı,Gəncə,
Şəmkir, Gədəbəy, Bərdə, Beyləqan,
Ağstafa, Şamaxı və başqa bölgələrdə
də hərbi hissələrin və hərbi şəhərciklərin
yenidən qurulması istiqamətində mühüm tikinti-təmir
layihələri həyata keçirilir. Şəxsi heyətin
nümayəndələri görülən irimiqyaslı
quruculuq işlərinə görə dövlətimizin rəhbərliyinə
dərin minnətdarlıq hisslərini ifadə etdilər.
Ümumiyyətlə,
ordumuzun maddi-texniki təminatı əsaslı dərəcədə
yaxşılaşdırılmış, bu sahədə ən
qabaqcıl texnologiyalara üstünlük verilmişdir. Bu
gün şəxsi heyətin ərzaq təminatı, kalorilik
baxımından da müasir tələblər səviyyəsindədir.
Artıq əksər əsgər yeməkxanalarında xidmət
personalı mülki şəxslərdən ibarətdir ki, bu
da hazırlanan yeməklərin keyfiyyətində
özünü göstərir. Bundan əlavə, əsgər
yeməkxanalarında müasir Avropa standartlarına cavab verən
avadanlıqlar quraşdırılıb. Hazırda müvafiq
sahədə aparılan işlər uğurla davam etdirilir.
İsa İSMAYILOV,
polkovnik-leytenant
Xalq qəzeti.- 2011.- 20 mart.- S. 8.