Xalqımızın
başına gətirilən faciələr heç
zaman unudulmamalıdır
31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü
1918-ci
ildə Bakıda və Azərbaycanın digər bölgələrində
ermənilərin törətdikləri qırğınlardan
93 il ötməsinə baxmayaraq, bu vəhşiliklər,
soydaşlarımızın başına gətirilən
müsibətlər xalqın qan yaddaşında əbədi
iz buraxmışdır. Ötən əsrin əvvəllərindən
başlayaraq ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri aramsız
soyqırımı və deportasiya siyasəti 1918 -1920-ci illərdə
xüsusən genişlənmiş və Azərbaycan
xalqını yer üzündən tam silmək kimi iyrənc
niyyətlərini bütün çılpaqlığı ilə
üzə çıxarmışdır. Həmin illərdə
ermənilərin Azərbaycanda törətdikləri milli
qırğın haqqında bizə çatan tarixi sənədlərdəki
faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında,
Qarabağda, İrəvan quberniyasında və ölkənin
digər ərazilərində azərbaycanlıların
amansızlıqla qətlə yetirildiyini, şəhər və
kəndlərin talan edilərək
dağıdıldığını sübut edir.
Azərbaycanın
ayrı-ayrı bölgələrində olduğu kimi,
Bakıda da həmin illərdə azərbaycanlıların
soyqırımı həyata keçirilmiş və şəhər
erməni silahlı dəstələri tərəfindən
dağıdılmışdır. 1918-ci ilin mart ayının
son üç günündə təkcə Bakıda 12 mindən
çox azərbaycanlı vəhşi ermənilər tərəfindən
xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bu vəhşiliklərlə
kifayətlənməyən ermənilər həmin ildə
Şamaxı şəhərində 7 min, Quba şəhərində
2 min, Zəngəzurda 3 mindən çox əhalini məhv
etmişlər.
Xalqımızın
qan yaddaşına yazılmış 31 Mart
soyqırımı Bakı Xalq Komissarları Sovetinin sədri
S. Şaumyanın təşkilatçılığı və
rəhbərliyi ilə silahlı bolşevik-daşnak birləşmələrinin
Bakıda türk-müsəlman əhalisinə qarşı
törətdikləri kütləvi soyqırımıdır.
1917 -ci il oktyabr çevrilişi və hakimiyyətə
kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən
istifadə edən erməni millətçiləri və
onların cəmləşdiyi "Daşnaksütyun"
partiyası öz istəklərinə bolşevizm
bayrağı altında nail olmağa cəhd göstərməklə
Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlılara
qarşı mitinqlər keçirməyə başladılar.
Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı
həyata keçirməyə başladı. Təxminən 7
min erməni əsgəri müxtəlif cəbhələrdən
Bakıya gətirildi. Bundan başqa, "Qırmızı
qvardiya " adı altında yaradılan 10-12 minlik ordunun da 70
faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan
anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə
boyu hücuma keçdi. Martın 30-da axşam saatlarında
Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi
tərəfindən müsəlmanlara ilk atəş
açıldı. Təpədən-dırnağa qədər
silahlanmış erməni əsgərləri müsəlmanların
evlərinə basqınlar edərək onları vəhşicəsinə
öldürür, körpələrə və qocalara aman
vermirdilər. Qadınlar daha ağır şəkildə
öldürülürdü. Arxiv materiallarına əsasən
qulaqları, burunları kəsilən, orqanları
parça-parça edilən 37 qadının meyiti
tapılmışdı.
Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər". Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A. Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adlanan quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyə" (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Açıq söz ", "Kaspi ", "Baku "qəzetləri redaksiyalarını dağıtmış, "Təzəpir" məscidinin minarələrini isə top atəşi ilə zədələmişdilər.
Mart soyqırımı haqqında müstəqil tədqiqatçı Kulqe yazır: "Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və ancaq 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər.
Beləliklə, xalqımıza qarşı ermənilərin törətdikləri bu vəhşiliklər nəticəsində 100 minlərlə azərbaycanlı qətlə yetirilmiş, xalqımıza məxsus çoxlu milli mədəniyyət abidələri məhv və talan edilmişdir.
Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırımı Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırımı istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.
Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında Amerika Birləşmiş Ştatları tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar etdi. Baqrat Bakıda hadisələr zamanı öldürülən hər 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırımı təkcə Bakı ilə bitmədi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də davam etdirildi.
Mart soyqırımı nəticəsində Azərbaycan xalqına yabancı olan sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın milli birliyini və qədim ənənələrə malik müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.
Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımlarının siyasi baxımdan qiymətləndirilməsinə Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində başlasa da, ona əsl siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Bu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bütün dolğunluğu ilə əksini tapmışdır. Fərmanda deyilir: "Azərbaycanın XIX- XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrdən yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir ". Həmin fərmanla 1998-ci ildən bəri respublikamızda 31 Mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarmışdır.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: " Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir". Ümummilli liderimizin bu sözlərini rəhbər tutaraq xalqımızın başına gətirilən faciələri heç zaman unutmamalı və tökülən qanları yerdə qoymamalıyıq.
Ülviyyə BABAŞOVA,
Ədliyyə Akademiyasının əməkdaşı
Xalq qəzeti.- 2011.- 19 mart.- S. 6.