Giləzidən Altıağaca
2011-ci il "Turizm ili"dir
2010-cu
ilin "Ekologiya", 2011-ci ilin isə "Turizm" ili elan
edilməsi heç də təsadüfi deyildir. Bu, möhtərəm
Prezidentimizin rəhbərliyi altında respublikamızda gedən
sosial-iqtisadi inkişafla, ekologiya və turizm
anlayışlarının məna və məzmun etibarı
ilə qarşılıqlı əlaqədə olmasından
irəli gələn tədbirlər planlarının növbəti
mərhələsidir.
"Ekologiya
ili" respublikamızın bir çox yerlərində,
xüsusən də Bakı şəhəri və onun ətraf
ərazilərində kütləvi yaşıllaşdırma,
təmizləmə işlərinin aparılması ilə
yadda qaldı və bu işlər bu gün də davam etdirilməkdədir.
"Turizm
ili"ndə isə qarşıda duran ümdə məsələlərdən
biri turizm marşrut və məkanlarının seçilməsi,
daha çox turistlərin cəlb edilməsi ilə bu sahənin
sürətlə və intensiv şəkildə inkişaf
etdirilməsindən ibarətdir.
Son illər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Geoloji Kəşfiyyat Xidmətinin Abşeron-Qobustan və Xəzəryanı
Geoloji Axtarış Ekspedisiyası tərəfindən
respublikamızın qərbi Xəzəryanı hissəsində
turizm obyektlərinin, o cümlədən nadir geoloji obyektlərin
aşkarlanması, qorunması və istifadəsi məqsədi
ilə aparılan ardıcıl və məqsədyönlü
işlərin nəticəsində Giləzi-Altıağac
yolu müayinədən keçirilmişdir. Bu yol Bakı,
Sumqayıt kimi iri sənaye şəhərlərinə ən
yaxın və hər cür infrastrukturu: nadir geoloji obyektləri,
rahat yolu, yol boyunca mehmanxanaları və gediş-gəliş
üçün nəqliyyatı olan, yerli və xarici turistlər
üçün bir turizm marşrutu kimi seçilmişdir.
Giləzi-Altıağac
marşrutu Bakı-Siyəzən yolunun 42-ci kilometrliyindən ,
Giləzidən dağlara tərəf olan yolayrıcından
başlayır. Yolayrıcından Xızı şəhərinə
tərəf irəlilədikcə Tuğçayın sağ
yamacında təbiətin yaratdığı möcüzələrdən
birinə rast gəlmək mümkündür ki, bu da
ağımtıl-boz rəngli bentonit tipli gillər ilə
qırmızımtıl rəngli adi gillərin növbələşməsindən
əmələ gəlmiş bir sənət "əsəridir".
Ərazinin bəzi sahələrində tektonik hərəkətlərin
təsirindən laylar sürüşmələrə məruz
qalmaqla ilkin forma və yatım elementlərini dəyişmiş
və müxtəlif amplitudalı fleksuraya bənzər
formalar əmələ gətirmişdir ki, bunlar da yamac boyu
müxtəlif bəzək formalarını xatırlatmaqla
göz oxşayır. Yol boyunca diqqəti cəlb edən
obyektlərdən biri də relyefi, suyu, havası, sosial-iqtisadi
durumunun yeniləşməsi, inkişafı nəzərə
çarpan Xızı şəhəridir. Burada yolüstü
dincəlmək, ədəbiyyatımızın
M.Müşfiq,C.Cabbarlı kimi klassiklərini yad etməklə
Xızı dağlarının seyrinə dalmaq imkanı
vardır.
Yolun
davamı Ataçay dərəsi boyuncadır və burada dərənin
sol və sağ yamacında geoloji proseslər nəticəsində
əmələ gəlmiş bir çox nadir obyektləri
müşahidə etmək mümkündür. Bu obyektlərdən
biri Baxşılı kəndi ərazisində yerləşən
sürüşmədir. Sürüşmə
özünün ölçüləri ilə kənardan
diqqəti cəlb edir. Onun eni 50 metrdən çox, uzunluğu
isə bir neçə kilometrdir.
Ümumiyyətlə,
bu ərazi üçün sürüşmələr
xarakterikdir . Bu da burada çökmə mənşəli
süxurların (gillərin, qumların,
çaqılların, çınqılların, onların
qarışıqlarının) daha geniş yayılmsı ilə
əlaqədardır. Sürüşmələr özlərinin
nəhəng miqyası, aldığı forma, görkəmi ilə
diqqəti cəlb edir və insanı yer qabığında
gedən proseslər haqqında düşünməyə
vadar edir.
Dağlara
tərəf irəlilədikcə Altıağac Milli Parkı
daha çox maraq doğurur, çünki sözün əsl
mənasında park ərazisinin canlandığı
müşahidə olunur. Burada hər bir xırda kolun belə
pöhrələndiyini gormək çətin deyildir. Park ərazisinə
daxil olarkən burada ekoloji tarazlığın bərpası
hiss olunur və meşənin sıxlığı,
yaşıllığı, quşların səsi buralara
xüsusi gözəllik verməklə insanı
yaşamağa səsləyir.
Giləzi-Altıağac
turizm marşrutunun ən gözəl istirahət obyektlərindən
biri Altıağac kəndi yaxınlığında
salınmış "Cənnət bağı" istirahət
kompleksidir.
Kompleks meşə ətəyində sakit bir guşədədir. Burada ilin bütün fəsillərində istirahət etmək üçün hər cür şərait yaradılmışdır. Belə ki, burada yüksək zövq ilə tikilmiş mehmanxana, kotteclər, restoranlar, yay kino-konsert meydançası, açıq havada təmiz suyu olan hovuz, zoopark, uşaqlar üçün müxtəlif əyləncə obyektləri, meşə ərazisində inşa edilmiş çayxana və s. vardır.
Bütün bunlarla bərabər, "Cənnət bağı" istirahət kompleksində göstərilən yüksək səviyyəli xidmətləri gördükdən sonra insan, doğrudan da, özünü başqa bir aləmdə hiss edir.
"Cənnət bağı" kompleksində turistlərin istirahəti üçün maksimum şərait yaradılmışdır və burada insanların xoş istirahəti naminə yeni-yeni abadlıq, quruculuq işləri davam etdirilir. Respublikamızın gəzməli, görməli yerlərində belə komplekslərin olması bizi də çox sevindirir. Belə obyektlərin çoxluğu turist axınının çoxalmasına səbəb olur ki, bu da öz növbəsində iqtisadi inkşafın amillərindən biridir.
Giləzi-Altıağac marşrutu boyunca müxtəlif nadir geoloji obyektlərə rast gəlindiyindən marşrutun iri şəhərlərimizə yaxınlığı, rahatlığı, onun ilin bütün fəsillərində fəaliyyət göstərməsinə ehtiyacın olduğunu göstərir. Elə bu baxımdan marşrut boyunca gündəlik ekskursiyalar, bir necə günlük və daha çox vaxta istirahət turları təşkil etmək məqsədə uyğun olardı.
Fəxrəddin
ABDULLAYEV,
geoloq
Xalq qəzeti.- 2011.- 19 mart.- S. 6.