Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmuşdur

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tarixçi- publisist Təranə Cəbiyevanın xalqımızın dərin etiqad göstərdiyi Mir Möhsün ağanın əziz xatirəsinə həsr etdiyi "İçərişəhərin əbədi sakini" kitabının təqdimat mərasimi keçirilib. Tanınmış şair və yazıçıların, ziyalıların iştirakı ilə keçən tədbiri AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu açaraq belə kitabların xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunaraq saxlanılmasında böyük əhəmiyyəti olduğunu vurğulayıb. 

Tədbirdə Abbas Abdulla, Teyyub Qurban, Solmaz Elqızı, "Qafqaz-media" şirkətinin rəhbəri Azadə Taleh, Zərəngiz Dəmirçioğlu, Qulam Sadıq, Müşfiq Borçalı, Nəzakət Aşurbəyova, Şüvəlan qəsəbə sakini Mərziyyə İslamova və başqa ziyalılar çıxış edərək Mir Möhsün ağanın pak, xeyirxah əməllərindən, Allahın lütfü ilə insanlara bəxş etdiyi qeyri-adi kəramətlərindən bəhs edən bu kitabın ictimaiyyət arasında geniş təbliğ edilməsinin vacib olduğunu bildiriblər. Qeyd olunub ki, Mir Möhsün ağa ocağı II Dünya müharibəsinin qanlı-qadalı illərində, eləcə də müharibədən sonrakı ağır dövrdə təkcə soydaşlarımızın deyil, ölkəmizdə yaşayan başqa millətlərdən olan insanların da ümid, iman yeri olub. Natiqlər həmçinin kitabın sadə, anlaşıqlı dildə yazılmasını, informasiya tutumlu olmasını qeyd ediblər. Qeyd edək ki, "İçərişəhərin əbədi sakini" kitabı layiq olduğu kimi yüksək poliqrafik zövq ilə tərtib olunaraq nəşr edilmişdir.

Tədbirin sonunda kitabın müəllifi, tarixçi-publisist Təranə Cəbiyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, Mir Möhsün ağanın doğmalarına, ziyarətgahın bütün əməkdaşlarına, dərin minnətdarlıq edərək xalqımızın tarixində dərin iz qoymuş görkəmli din xadimləri ilə bağlı tədqiqatlarını gələcəkdə də davam etdirəcəyini bildirdi.

 

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2011.- 19 mart.- S. 11.