"İlyas Əfəndiyev: Şeirə sığmayan ömür"

 

Görkəmli nasir və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Onun yazdığı dram əsərlərinin bir çoxu bu gün də teatr səhnəmizdə sevə-sevə izlənilir. Bu fikirlər ötən gün ədibə həsr edilmiş, nəvəsi Günay Əfəndiyevanın tərtibçisi və redaktoru olduğu, Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsi olan "Şeirə sığmayan ömür" kitabının təqdimat mərasimində səsləndirilib.

 

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlyas Əfəndiyev yaradıclığının tək ədəbiyyatımızda deyil, bütövlükdə mədəniyyətimizdə və teatrımızın zənginləşməsində mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, İ. Əfəndiyev daim xalqımızın mənəviyyatını, zəngin mədəni irsini sevən və onu müdafiə edən milli düşüncəli ziyalılardan olub. Bu gün də onun dram əsərləri teatrlarımızın repertuarlarında yer alır və sevgi ilə qarşılanır. Daha sonra İlyas Əfəndiyevin keçdiyi ömür və yaradıcılıq yolu ilə bağlı sənədli film nümayiş etdirildi.

AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev insanların estetik və bədii zövqünün formalaşmasında İ.Əfəndiyevin əsərlərinin aktuallığına diqqət çəkdi. Bildirdi ki, o, həm də təbiətən poetik şəxs idi. Millət vəkili, professor Nizami Cəfərov kitabın məzmununu və tərtibatını yüksək qiymətləndirdi. Bakı bələdiyyə teatrının rəhbəri, xalq artisti, professor Amalya Pənahova isə İlyas Əfəndiyevin dram əsərlərinin teatrımızın repertuarını zənginləşməsindən söhbət açdı. Aktrisa qeyd etdi ki, İ.Əfəndiyevin on dörd əsərinin baş qəhrəmanını canlandırmaq ona nəsib olub. "Tamaşaçıların sevə-sevə izlədiyi tamaşalar neçə-neçə aktyor nəsli yetişdirib. Bu, bizlər üçün böyük fəxrdir. Bu gün tələbələr onun yaradıcılığına maraq göstərir, elmi işlər yazırlar. İlyas Əfəndiyev həm də vətənpərvər bir ziyalı idi. Bu onun əsərlərində özünü göstərirdi." Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri, xalq artisti Azərpaşa Nemətov Akademik Milli Dram teatrının daim İlyas Əfəndiyev yaradıcılığına müraciət etdiyini, bu il teatrın mövsümü məhz "Hökmdar və qızı" tamaşası ilə açdığını xüsusi vurğuladı.

Kitabın tərtibçisi və redaktoru, yazçının nəvəsi Günay Əfəndiyeva kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla hər kəsə təşəkkür etdi. Qeyd etdi ki, kitabda İlyas Əfəndiyevə həsr edilmiş şeirlərlə yanaşı, tamaşalarından fraqmentlər, tanınmış şəxslərin ürək sözləri, ədibin ədəbiyyatla bağlı düşüncələri və.s yer alıb.

Tədbirdə xalq artistləri Nurəddin Mehdixanlının Məleykə Əsədovanın yazıçının şəxsiyyəti, mənəvi dünyası ilə bağlı ifa etdikləri şeirlər, muğam ifaçısı, xalq artisti Aygün Bayramovanın ədibin sevdiyi " Qaragilə" xalq mahnısını oxuması, sonda istedadlı gənclərin ifasında səslənən "Qarabağ şikəstəsi"məclisə xüsusi rəng qatdı.

Kitabda yazıçının müxtəlif illərə aid fotoları, ümummilli lider Heydər Əliyevin yazıçı haqqında düşüncələri, aktyor heyəti ilə görüşlərini əks etdirən xatirə şəkilləri, ədibin oğlu, xalq yazıçısı Elçinin atasının yaradıcılığı ilə bağlı düşüncələri yer alır. "Təhsil" nəşriyyatında işıq üzü görmüş kitab ədəbiyyatsevərlər, xalq yazıçısının yaradıcılığı ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 19 mart.- S. 9.