Bakı: bu gün və sabah və ya paytaxtın Baş planı haqqında bir neçə söz

 

Bakı deyəndə nələri hiss edirsiniz? Bu şəhərdə doğulub böyümüş, eləcə də onu bircə dəfə görmüş adamlar üçün Bakı ruhunun dolaşdığı, duyğularının bir səba yelinə dönüb yiyəsiz köhlən təki ahıl və müdrik küçələrində cövlan etdiyi könül şəhəridir. Bakı haqqında uzun-uzadı danışmaq, onun haqqında şairlərin yazdıqlarını, rəssamların çəkdiklərini xatırlatmaq fikrindən uzağıq. Heç ünlü şəxsiyyətlərin "Şərqin Parisi", "Qoca Şərqin estetik təcəssümü" adlandırdıqları bu paytaxt şəhərinə nəhayətsiz sevgimizdən də bəhs etməyəcəyik. Çünki Bakını hamımız eyni cür-çox sevirik. Bu şəhər hər birimizin qəlbində təndirdən təzəcə çıxmış "dağlı çörəyi" kimi isti, Abşeron şanısı tək şipşirin xatirələr fəvvarəsi oyadır. Və bu sevginin həqiqi ölçülərini, hərarətini beş-on günlüyə respublikanı tərk edəndə daha çılpaqlığı ilə hiss edirik, zümrüd Xəzərin tamını andıran həsrət, həyəcan qərib diyardakı istirahətimizi qısqanclıqla döyüb qayçılayır.

 

Bakı necə inkişaf eləməlidir: mərkəzdən periferiyaya, yoxsa peyk-şəhərlərin yaradılması vasitəsilə? Bu sual həmişə aktual olub və paytaxtın perspektiv inkişaf planı ilə məşğul olan müvafiq icra strukturları və layihə təşkilatlarını ciddi düşündürüb. Ədalət naminə etiraf olunmalıdır ki, planlı təsərrüfatın hökm sürdüyü sovet dönəmində, Bakıda kütləvi tikintilərin aparılmasının dəqiq və konkret proqramı, mexanizmi, bütövlükdə tikinti norma və qaydalarına, memarlıq prinsiplərinə əsaslanan şəhərsalma fəlsəfəsi vardı. Məqsəd nə idi? Sosial-infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, ağıllı və rasional ərazi planlaşması sayəsində paytaxtın torpaq fondundan qənaətlə istifadə edilməsinə nail olmaq. Çünki ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi və Azərbaycanın həqiqi müstəqilliyinə qovuşması, planlı iqtisadiyyatın azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı ilə əvəz olunması, yeni neft siyasətinin ölkəni beynəlxalq mövqelərə çıxarması respublikaya çox böyük inkişaf, keyfiyyət sıçrayışı vəd edirdi. Hər bir sərmayə, konturları cızılan hər bir layihə isə ilk növbədə sərbəst ərazi tələb edir.

Bu il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirildi. Əhəmiyyətinə görə tarixi kimi səciyyələndirilən həmin müşavirə Bakının və bu müasir meqapolisin ətrafındakı qəsəbələrin inkişafının, belə demək mümkünsə, üfüqlərini nişan verdi. Ölkə başçısı bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini qürurla qeyd etməklə yanaşı, yaxın zamanlarda həyata keçiriləcək nəhəng quruculuq layihələrinə toxundu, paytaxtın perspektiv inkişafının istiqamətlərindən söhbət açdı.

Rusiyanın paytaxtı Moskva şəhərinin 2025-ci ilə qədər inkişafının Baş planı kütləvi müzakirəyə çıxarıldı. Bu dinləmələrdə yüz minlərlə moskvalı iştirak etdi, fikrini bildirdi, təklif verdi, ortaya mövqe qoydu. Heç şübhəsiz, baş plan kimi taleyüklü bir sənəd diletantların zövqünün öhdəsinə buraxıla bilməzdi. Ancaq ictimaiyyətin, bir neçə nəsil bu şəhərdə yaşamış insanların öz şəhərləri barədə nə düşündüklərini, onu necə görmək istədiklərini öyrənmək istəyinin nəyi pisdir ki?!

Əslində, Baş planı istənilən şəhər adına iddialı yaşayış məntəqəsinin perspektiv inkişafının əsas qanunu da adlandırmaq mümkündür.

Bəli, sonuncu Baş plan sosializmin "çiçəklənmə" dövründə hazırlanmışdı və onun həyata keçirilməsinə kifayət qədər obyektiv sayıla biləcək tarixi səbəblər mane oldu; iqtisadi-siyasi quruluşun dəyişməsi, erməni işğalının "stimullaşdırdığı" miqrasiya prosesləri, urbanizasiya amili, artan tələblər, sosial natarazlıqlar... Həmin sənədin icrası iqtisadiyyatda sosialist ukladının ləğvi ilə azad rəqabətə söykənən bazar münasibətlərinin yaranması, xüsusi mülkiyyət anlayışının dövriyyəyə girməsi dövrünə təsadüf etdi.

Uzun illər "Bakı Baş Tikinti İdarəsinin rəisi işləmiş, əməkdar inşaatçı Emil Axundov məsələni başqa cür qoyur: Bakının planı haqqında deyil, reanimasiyası barədə düşünmək lazımdır. Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə deyir ki, Baş plan təkcə qrafik sənəd deyil, həmçinin sosial-iqtisadi inkişafı təmin edən ideologiyanın struktur cizgisidir.

 

Baş plan və ümidverici "notlar"

 

1898-ci ildən başlayaraq Bakının dörd Baş planı hazırlanmışdır. 1986-cı ildə hazırlanmış sonuncu Baş plan Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təsdiq edilməklə 2005-ci ilədək olan dövrü əhatə etmişdir. Paytaxtın perspektiv inkişafını nəzərdə tutan yeni "Böyük Bakının Regional İnkişaf Planı" isə "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" layihəsinin komponentlərindən biri olmaqla 2007-ci ildə Azərbaycan hökumətinin Dünya Bankı ilə bağladığı kredit sazişi hesabına həyata keçirilir və layihəyə cavabdehliyi "Azərsu" Səhmdar Cəmiyyəti daşıyır. Lakin müəyyən obyektiv səbəbləri nəzərə alan Dünya Bankı bir il sonra BBRİP komponentinin icrasına cavabdehliyin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi təklifi ilə çıxış edir və Nazirlər Kabinetinin razılığı ilə 2009-cu ildən etibarən bu işə rəhbərlik DŞAK-a həvalə edilir.

Baş planın hazırlanması üçün elan olunmuş tenderdə 34 (16 ölkə) kompaniya iştirak etmişdir. İkisi Britaniyadan olmaqla ABŞ, Almaniya, Hollandiya və İsraili təmsil edən 6 kompaniyanın təklifləri daha cəlbedici göründüyü üçün onlar seçilmişlər. Gözləniləndir ki, yeni sənəd daha konseptual, müasir inkişafın aparıcı tendensiyalarını özündə ehtiva edən, şəhərsalmada modernlə milli-klassik təmayüllərin uğurlu vəhdətini ortaya qoya biləcək bir sənəd olacaqdır.

Şərqi Avropanın bəzi paytaxt şəhərlərində bu tip layihələr həyata keçirilsə də, Bakı ilə bağlı təklif edilən layihə özlüyündə unikallığı ilə fərqlənir. Məzmun və mahiyyəti etibarilə tam yeni texnologiyaların tətbiqini nəzərdə tutan yeni sənəd Azərbaycan paytaxtının yaxın iki onillik üçün inkişafının konsepsiyasını, strategiya və taktikasını, prioritet istiqamətlərini müəyyənləşdirəcəkdir. Baş planda su təchizatı və kanalizasiya sisteminin təzələnməsi, demoqrafik proqress, şəhərətrafı zonanın inkişafı kimi köklü məsələlər də əksini tapacaqdır.

Əməkdar memar, BBRİP LİQ şəhər planlaşdırılması üzrə məsləhətçisi Feyzulla Quliyev ötən müddət ərzində komitə tərəfindən görülən işlərlə bağlı bildirir ki, tender prosesi uzun vaxt apardığına görə BBRİP-ın satınalma məsləhətçi xidmətləri üzrə işlərin bir hissəsi icra qrupu tərəfindən görülmüşdür. Belə ki, regionun müasir vəziyyətinin müəyyən hissəsi öyrənilmiş, əvvəlki şəhər planlaşdırılması üzrə layihə materialları təhlil olunmuş, regionun inkişaf istiqamətləri üzrə variantlar hazırlanmış, bütövlükdə region üzrə və məxsusi olaraq Bakının magistral küçə və yol şəbəkəsinin həlli istiqamətində təkliflər hazırlanmışdır. Görülmüş işlər nəzərə alınmaqla BBRİP üzrə texniki tapşırıqların həcmi dəyişdirilmiş və məsləhətçi xidmətlərinin satınalınması üçün yeni satınalma planı təsdiq olunmuşdur. Yeni satınalma planına əsasən BBRİP üzrə tələb olunan məsləhətçi xidmətləri 4 hissəyə (lota) bölünmüşdür. Bu məsləhətçi xidmətlərə ərazi inkişafı və planlaşdırması, Böyük Bakı ərazisinin ekoloji qiymətləndirilməsi, Böyük Bakının ərazisinin yerli iqtisadi inkişafı və digərləri daxildir.

Dünya Bankının razılığı nəzərə alınaraq BBRİP komponentinin "Ərazi inkişafı və planlaşdırılması" üzrə məsləhətçi xidmətlərinin hazırlanması və layihəyə ümumi koordinatorluq "Bakıdövlətlayihə" İnstitutuna həvalə edilmiş, qalan üç məsləhətçi xidmətləri üzrə ötən ilin dekabırında DŞAK tərəfindən beynəlxalq səviyyəli tender elan edilmişdir.

 

Bəs yaxın illərin Bakısı necə olacaq?

 

Bakı ərazisinə görə dünyanın ən böyük paytaxtlarından biridir. Belə ki, şəhər özü 22 min hektarda yerləşsə də, ümumi inzibati ərazisi 213 min hektardır.

Qeyd olunduğu kimi, hazırda Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin, eləcə də bütövlükdə Abşeron yarımadasının ərazisini əhatə edən "Böyük Bakının regional inkişaf planı" layihəsinin hazırlanması üzərində iş gedir. Həmin layihənin reallaşdırılması Bakı meqapolisinin inkişaf proseslərinin idarə edilməsinə şərait yaradacaqdır.

Şəhərətrafı qəsəbələrin siması, infrastrukturu xeyli dəyişəcəkdir. Belə ki, Türkan, Zığ, Dübəndi qəsəbələrinin boş ərazilərində mini-şəhərlərin salınması planlaşdırılır. Gələcəkdə kurort şəhərciklərinə çevriləcək Mərdəkan, Maştağa, Pirşağı, Nardaran kimi yaşayış massivlərində kütləvi tikinti nəzərdə tutulmasa da, onların sosial inkişafına ciddi fikir veriləcək. Bəs hazırlanan planda Bakının hansı istiqamətlərdə "qol-budaq" atması nəzərdə tutulur? Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən aldığımız məlumata əsasən, paytaxtın ərazi inkişaf istiqamətləri BBRİP əsasında dəqiqləşəcəkdir. Lakin yuxarıda qeyd edildiyi kimi BBRİP komponentinin icra qrupu tərəfindən hazırlanmış təkliflərə istinadən ilkin olaraq aşağıdakı istiqamətlər göstərilmişdir:

Cənub istiqamətində Ələt qəsəbəsinin inkişaf etdirilməsi; Səngəçal ərazisində dəmir yolunun qərbində yeni sənaye obyektlərinin yerləşdirilməsi; Zığ və Hövsanarası ərazidə və Türkanda məskunlaşmanın genişləndirilməsi; məxsusi Bakının sənaye zonasından çıxarılan sənaye obyektlərinin və yaşamağa yararsız bir-iki mərtəbəli yaşayış evlərinin ərazilərinin yenidən qurulması hesabına məskunlaşmanın və istirahət zonalarının genişləndirilməsi; Bakı ərazisindən bəzi universitetlərin və elmi-tədqiqat müəssisələrinin kənarlara, o cümlədən yeni inkişaf etdiriləcək məskunlaşma zonalarına (Ələt, Dübəndi, Böyük Şor gölünün ətrafına və s.) köçürülməsi hesabına şəhərin mərkəzinin sıxlığının azaldılması və müasir dövrün tələblərinə cavab verən istirahət zonalarının yaradılması.

 

Mərkəz də yaddan çıxmayıb

 

Son 15 il Bakının iqtisadi coğrafiyasına öz möhürünü basıb. Ənənəvi sənaye yerini az işçi tutumlu, mütərəqqi texnologiyalı sənayeyə ötürüb. Ticarət və xidmət bölməsinin, işgüzar mərkəzlərin xüsusi çəkisi xeyli artıb. Elə səmərəli şəhər planlaşdırılmasının məqsədi də məhz bazar iqtisadiyyatının "xarakterini" nəzərə alan rasional və daha çevik şəhər planlaşdırılmasının əldə edilməsindən ibarətdir.

Buna görə də Bakı Dövlət Layihə İnstitutu "Bakının mərkəzi hissəsinin detallı planlaşdırılması" layihəsi üzərində də işə başlayıb. Bununla şəhərin mərkəzi hissəsi ilə bağlı təzadlı mülahizələrə də son qoyulacaq. Bəs əsas konsepsiya nədən ibarətdir? İnstitut bu konsepsiyanı belə görür. Belə ki, bu əraziyə düşən bütün tarixi-memarlıq abidələri saxlanmaqla onlara yeni nəfəs veriləcək.

Bayıl istiqamətində şəhərə girən yeni magistral Dövlət Bayrağı Meydanına çatmamış suya girərək tunellə Dəniz Limanının şərqində yerin üstünə çıxacaq. Bu layihə paytaxtın simasına və nüfuzuna xüsusi möhtəşəmlik gətirməklə yanaşı, mərkəzin şərq istiqamətində inkişaf etdirilməsinə və bununla da Neftçilər prospektində nəqliyyat sıxlığının aradan qaldırılmasına imkan verəcəkdir.

İstiqlaliyyət prospektini şərq istiqamətində Nizami muzeyinin yanından keçməklə şərqə inkişaf etdirmək və Xaqani bağı ətrafındakı küçə ilə birləşdirərək mərkəzin şərq və qərb hissəsinin nəqliyyat əlaqələrini gücləndirmək nəzərdə tutulur.

Heydər Əliyev Sarayının ətrafında yerləşən arxitekturalı binalarda yenidənqurma-bərpa işləri aparılacaq, piyada zonaları genişləndiriləcək, ərazi abadlaşdırılıb yaşıllaşdırılacaq. "Kubinka" və "Sovetski" adlanan məhəllələrin yerində yeni yaşayış kompleksləri və parklar salınacaq. Azadlıq prospekti üzərində ABŞ səfirliyinin yaxınlığında yarusun ən yüksək yerində və yarusun dominant nöqtələrindən biri olan "Qarabağ" mehmanxanasının yerində çox maraqlı və möhtəşəm bir memarlıq kompleksi ucaldılacaqdır.

Müfəssəl planlaşdırma həmçinin mərkəzi rayonun infrastrukturunu, nəqliyyat probleminin həllini, yaşıllıqların artırılmasını, məktəb və uşaq müəssisələrinin normaya uyğunluğunu, ərazidə ümumi sıxlığın azaldılması və başqa problemlərin də həllini verəcəkdir.

Bəli, keçmiş İttifaq respublikaları kimi, Azərbaycanın paytaxtında da mərkəz problemi həmişə aktual olub. İnsanlar daha çox şəhərin mərkəzi hissəsinə can atıblar. Bu istək bir tərəfdən nüfuz məsələsi idisə, digər tərəfdən də xidmət obyektlərinin yaxınlığı ilə diktə olunurdu. Mərkəzi hissənin çoxfunksiyalılığı ilə şərtlənən belə bir kortəbii axın zaman-zaman nəqliyyat və əhali sıxlığı problemini gündəmə çıxardı. Belə bir obyektiv reallıq ikinci, üçüncü mərkəzlərin yaradılmasını zərurətə çevirir. Artıq dünyanın iri meqapolislərində mədəni, maliyyə, inzibati, yaşayış və s. mərkəzlərinin yaradılması üzrə konkret təcrübə mövcuddur. İkinci təskinlikverici fakt isə ondan ibarətdir ki, Bakıda da "mərkəzdənqaçma" meyillərinin "pöhrələri" görünməkdədir. Bu proses daha çox maddi cəhətdən imkanlı təbəqəni əhatə edir və bütöv ailələr artıq şəhər kənarındakı villalarında yaşamağa üstünlük verirlər. Və elə bu faktın özü Bakı ətrafının sosial-kommunikasiya problemlərinin sürət və müvəffəqiyyətlə həllinin bariz göstəricilərindən biridir.

O ki qaldı növbəti mərkəzlərin yaradılmasına, Heydər Əliyev Mərkəzinin yaradılması və ulu öndərin adını daşıyan prospektin sonrakı yenidən qurulması ilə paytaxtın ikinci mərkəzinin yaradılmasının şahidinə çevriləcəyik. Daha bir cəsarətli və qənirsiz layihə isə artıq beynəlxalq sərgilərin də diqqətini özünə cəlb etmiş "Ağşəhər" layihəsidir. Prezident İlham Əliyevin dediyi kimi, kiçik bir şəhərə bərabər olan bu inkişaf layihəsi "...şəhərimizin, ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü kimi də dünya şəhərlər xəritəsində öz yerini tutacaqdır".

 

"Dayan"mı, "davam"mı?

 

Bakının son Baş planı, belə deyək, kəşməkəşli bir ömür yaşadı və mövcudluğuna "de-yure" 2005-ci ildə nöqtə qoyuldu. Amma fərqli qənaətlər də var ki, onlardan biri də sonuncu Baş planın müəllifi, əməkdar memar Feyzulla Quliyevə məxsusdur:

- Bakının sonuncu Baş planında öz əksini tapmış konsepsiyaların çox az hissəsi həyata keçirilmişdir. Belə bir məqamı diqqətə çatdırmağı vacib hesab edirəm ki, baş planlar müddətinə görə sıradan çıxmır. Əgər layihədə öz əksini tapmış və həyata keçirilməmiş məsələlər varsa, həmin sualların həlli hələ də aktualdırsa və yeni Baş plan yoxdursa, şəhərdə aparılan planlaşdırma işləri mövcud Baş plana istinad etməlidir. Hətta yeni plan tərtib edildikdə belə, həmin müddət ərzində şəhərdə ayrılacaq torpaq sahələri layihəni tərtib edən və ona rəhbərlik edən qurumla razılaşdırılmalıdır. Əgər bu gün Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin sonuncu Baş planının qüvvəsini itirməsi haqqında müvafiq qərar qəbul edilməyibsə, deməli, Baş plan qüvvədədir.

Beləliklə, 2005-ci ilə qədər olan dövrü əhatə edən Baş plana müraciət etməli hələ çox şeylər vardır. Bakının Dənizkənarı Milli Parkının şərqə Sultan burnuna qədər, qərbə isə Dövlət Bayrağı Meydanı da daxil olmaqla ümumi uzunluğu 15-16 kilometr olaraq uzadılması, yeni magistral küçə və yolların, Abşeronun şimal sahil boyu beynəlxalq səviyyəli kurort-istirahət zonalarının salınması, mövcud göllərin (Xocahəsən, Qanlı göl, Böyük Şor, Zığ və s.) təmizlənməsi və abadlaşdırılması, magistral küçə və yol qovşaqlarında yol ötürücülərinin tikintisinin davam etdirilməsi, metropolitenin inkişafı, ekoloji baxımdan təmiz olmayan və öz ömrünü başa vurmuş sənaye obyektlərinin Bakıdan çıxarılması, yaşıllıqların sahəsinin artırılması...

Belə məlum olur ki, sonuncu Baş plana əsasən, paytaxtda 40 yolötürücüsü tikilməli idi. Amma körpülərin inşasına son bir neçə ildə başlanmışdır və hələlik onlardan yalnız 9-u istifadəyə verilib. Babək və Nobel prospektlərində aparılan genişləndirmə işləri Baş plana uyğun olsa da, Azadlıq və Tbilisi prospektləri genişlənmək əvəzinə, daralıb. Rəşid Behbudov küçəsi şimala qədər uzanmalı, Biləcəriyə çatanda isə Abşeronun şimal zonası ilə birləşməli idi. Babək prospekti Günəşlidə Abşeron istiqamətinə gedib aeroport yolu ilə birləşməli idi. Sənəddə nəqliyyat növü kimi daha çox tramvay, trolleybusa üstünlük verilsə də, onlar "bir sinif kimi" ləğv edilib.

Görünəni odur ki, 2011-ci ildə günümüzlə səsləşən tikintilərlə yanaşı, "lenti" hələ altı il əvvəl kəsilməli olan tikintilər də aparılır. Özü də böyük sürət və vüsətlə. Və bu gün hər bir bakılını, eləcə də "Şərqin Parisi" adlandırılan bu qədim, müdrik, eyni zamanda gənclik şövqü ilə yaşayan paytaxtın qonaqlarını təəccübləndirən, əfsunlayan və qürur duymağa vadar edən gözəlliyin, möcüzəninsə tək memarı və entuziastı var - ulu öndər Heydər Əliyevdən Bakı sevgisini miras alan Azərbaycan Prezidenti İlham Əliyev! Günümüzün Bakısı məhz onun yaradıcılıq palitrasının rəngləri ilə canlanır.

 

Epiloq əvəzi

 

Heç şübhəsiz, köhnə Bakı üçün nostalji duyğulardan söhbət düşəndə göz önünə insan yaşayışı üçün elementar şəraitin belə olmadığı "Kubinka", Xutor, Alatava, "Güllüdərə", Sovetski, Böyükşor, Daş karxanası, Keşlə, "Vtorçermet", "Naxalstroy" və s. kimi düz şəhərin canına pərçimlənmiş "gecəqondu"lar gəlmir. Ümumiyyətlə, Torqovı, Parapet, Venetsiya, Malakan bağı və hisslərimizi, duyğularımızı, xatirələrimizi Xəzərin xəzriyə tuş gəlib sahilə qaçışan dəcəl dalğaları tək pərən-pərən salan neçə-neçə başqa məkanlar nəzərdə tutulmur. Köhnə Bakı daha çox bir sosium təfəkkürüdür, düşüncə tərzidir, davranış mədəniyyətidir, ünsiyyət formasıdır ... Bu gün Bakı çox gözəldir. Özünün nəinki MDB-dəki, hətta Avropadakı "həmkarlarına" "dədəboyu verəcək" dərəcədə gözəldir. Bu gözəlliyi yaşatmaq üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür.

 

 

Xalid NİYAZOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 19 mart.- S. 4.