"Nuru Paşa" dastanı poetik qardaşlıq abidəsidir
Nəriman Həsənzadə - 80
Ömrünün
80-ci ildönümü yenicə tamam olan xalq şairi Nəriman
Həsənzadənin əsərlərində bitib-tükənməyən
torpaq sevgisi, Vətən və millət məhəbbəti
daim bahar təravəti saçır. Onun irihəcmli dram əsərlərində,
poema və lirik şeirlərində canından çox sevdiyi
xalqının tarixi keçmişi, bu günü, sevinc və
acıları əks olunmuşdur. Şairin "Atabəylər",
"Cavid", "Nəriman", "Midiya",
"Zümrüd quşu", "Qaçaq Kərəm",
"Pompeyin Qafqaza yürüşü", "Qafqaz" kimi
əsərlərində Azərbaycanın müxtəlif
dövrlərinin tarixi həqiqətləri bədii salnaməyə
çevrilmişdir.
Nəriman
Həsənzadənin bu yaxınlarda nəşr etdirdiyi
"Nuru Paşa" poeması Azərbaycanın XX əsrin əvvəllərindəki
çox mürəkkəb və kəşməkəşli
tarixinin mühüm dövrünü əhatə edir. Poemaya
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor Nizami Cəfərov ön söz yazmışdır:
Tarixin daha əvvəllərində yaranmalı olan, amma milli
istəkdən asılı olmayaraq yarana bilməyən
"Nuru Paşa" dastanı, yaxud simfoniyası çox gec yarandı...
Ancaq yarandı... Və nə edək ki, bizim qəhrəmanlıq
dastanlarımızın ömrü qəhrəmanlığımızın
ömründən daha uzun olur. Hətta onu yaradan sənətkarın
ömründən də ... Yaşa, "Nuru Paşa".
Tanınmış
türk şairi İsmət Bora Binatlı "Nuru
Paşa" poemasını Türkiyə türkcəsinə
çevirmiş, əsər Türkiyədə bir neçə
dərgidə yayımlanmışdır.
"Nuru
Paşa" poeması Azərbaycan tarixinin XX əsrin əvvəllərindəki
daha bir faciəli dövrünün əksidir. Bu dövr 16
mart 1918-ci ildən başlayaraq 15 sentyabr 1918-ci ilədək -
daşnak-bolşevik quldurlarının törətdikləri
soyqırımdan Bakının Qafqaz İslam Ordusu tərəfindən
azad edilməsi gününədək olan hadisələri əhatə
edir. Nəriman Həsənzadə bu qısa, lakin Azərbaycan
Demokratik Cümhuriyyətinin (1918-1920) yaşaması
üçün həlledici olan bir tarixi bədii şəkildə
qələmə almışdır. Oxucu poemanın qəhrəmanı
Nuru Paşanın hərbi yürüşünün dramatik
epizodlarını əvvəldən sona qədər həyəcanla,
nəfəs çəkmədən izləyir.
1918-ci
ildə Çar Rusiyasının müstəmləkə zəncirindən
qopub müstəqil dövlət qurmaq istəyən Azərbaycan
və Dağıstan torpaqlarını işğal etmək,
onlara sahiblənmək niyyətində olan, azərbaycanlıları
kütləvi surətdə qıran bolşeviklərin və
onların əlaltıları olan xain ermənilərin bu
torpaqlardan qovulması yerli milli qüvvələrin
gücü xaricində idi. O qanlı-qadalı günlərdə
Osmanlı ordusunun köməyinə ehtiyac var idi. Bu məqsədlə
Azərbaycan və Şimali Qafqaz liderləri o zaman Osmanlı
dövlətinin hərbi naziri Ənvər Paşaya (1880-1922)
müraciət etmişdilər. Ənvər Paşa
qardaşı Nuru Paşanın (1889-1949) rəhbərliyi
altında hərbi heyət təşkil edərək Qafqaza
göndərmişdi. Türk hərbçilərindən təşkil
edilən bu qoşuna "Qafqaz İslam Ordusu" adı
verilmişdi.
1918-ci
il mayın 25-də Gəncəyə gələn Nuru Paşa
bolşevik-daşnak qüvvələrin Göyçaya qədər
irəlilədiklərini görərək güclü bir
qüvvəyə ehtiyac olduğunu və nizamlı bir bölmə
göndərilməsini Ənvər Paşaya bildirmişdi. Beşinci
Qafqaz diviziyasının Göyçay cəbhəsinə gəlməsi
ilə bolşevik erməni-daşnak qüvvələrin
qarşısı alınmışdı. Qafqaz İslam Ordusu
bir ay müddətində düşmənləri geri
sıxışdırmışdı. Nuru Paşanın Azərbaycana
gəlişini - bu əzəmətli yürüşü Nəriman
Həsənzadə belə mənalandırır:
Nuru Paşa at belində
Türkiyədən - Qarsdan gəlir.
"Azərbaycan" deyə-deyə,
Yaralanmış aslan gəlir.
Nuru Paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusunda türk zabit və əsgərlərinin
göstərmiş olduqları
fədakarlıq və
qəhrəmanlığa heyran
kəsilən vətəndaş
şair Nəriman Həsənzadə bu xilaskarlığı bədii
sözün ucalığına
yüksəldir:
Azərbaycan! Səndən ötrü
gör neçə min
şəhid gəlir!
Türkdən doğulan türk
gəlir,
Kərbəladan Kərkük gəlir,
İzmirdən, Sivasdan gəlir.
Bakı
döyüş meydanıdı
Hələbdən - savaşdan gəlir.
...Annəm! Annəm!, - deyib gəlir.
Anasını Türkiyədə qoyub
gəlir -
Azərbaycan anasının köməyinə.
Göyçayı, Salyanı, Ağsunu,
Kürdəmiri, Şamaxını
düşmən qüvvələrdən
təmizləyən Qafqaz
İslam Ordusu çoxlu şəhid verərək, 8 min osmanlı
əsgəri və 6
min Azərbaycan qüvvəsi
ilə 15 sentyabrda Bakını erməni və ruslardan azad etdi. Qafqaz İslam
Ordusunun komandanı Nuru Paşa qalib türk əsgərləri ilə
birlikdə zəfərlə
Bakıya girdi. Nuru Paşadan sonra isə Şərq orduları qrupu komandanı Xəlil Paşa şəhərə
daxil oldu. Xilaskar orduları və komandanları yerli əhali təntənə
və sonsuz təşəkkür hissləri
ilə qarşıladı.
Azərbaycan Cümhuriyyətinin
Baş naziri Fətəli Xan Xoyski Nuru Paşaya
ünvanladığı müraciətnaməsini
"Qafqaz İslam Ordusu" komandanı sədaqətli Nuru Paşa həzrətlərinə"
- deyə başlamış
və belə davam etmişdi: "Əmriniz altında olan cəsur türk əsgərlərimiz
tərəfindən Bakının
düşməndən təmizlənməsi
münasibətilə millətimə,
Allaha və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar
olduğumu bildirməklə
iftixar edirəm".
Poemada bu qalib türk
sərkərdəsinə qardaş
minnətdarlığı belə
tərənnüm edilir:
Var ol səni, arxam
mənim,
Arxalı səs-sədam mənim.
Fatehlərin varisidir,
Turanlı şahzadəm mənim.
Türküm mənim, irqim mənim.
Osmanlı ordusunun minlərlə şəhid verərək
Azərbaycan torpaqlarını
düşmənlərdən xilas etməsi qardaşın qardaşa zəruri yardımının
ən yüksək nümunəsi idi. Nuru Paşa daşnak-erməni
və bolşevik-rusların
1918-ci il martın 18-dən
aprelin 1-dək həyata
keçirdikləri soyqırımda
on minlərlə Azərbaycan
türkünün öldürüldüyünü
ürək ağrısı
ilə xatırlayaraq,
Ənvər Paşaya
göndərdiyi məktubda
"Bakının azad
edilməsi əsnasında
müsəlman xalqla ermənilər arasındakı
çatışmaların baş verməsini, bir qism erməni
və bir neçə rusun öldürülməsini, ancaq
onların 18 martda öldürülən müsəlmanların
yüzdə birini təşkil etmədiyini"
yazmışdı.
15 sentyabrda Bakı
əsl sahiblərinin əlinə keçmişdi. Türk əsgərinin
əzm və müharibə qüdrəti
qarşısında məğlubiyyətə
uğrayan ingilis qoşunları da xilas yolunu gəmilərə
minərək Ənzəliyə
qaçmaqda görmüşdülər.
Bu qələbə, əslində,
1918-ci il mayın 28-də elan edilən Azərbaycan Demokratik Cümhuriyyətini
xilas etmiş oldu:
Türk
can qoydu bu torpaqda
"Azərbaycan"deyə-deyə,
Tarix! Səni oxuyuram
Mən türkə "can" deyə-deyə.
Çox təəssüf ki, I Dünya müharibəsi hadisələrinin Osmanlı
dövləti əleyhinə
inkişaf etməsi türk ordusunun Azərbaycanda qalmasını
imkansız hala gətirdi. Qəhrəman türk əsgərinin
qanı ilə suladığı Azərbaycan
torpağını bir
müddət sonra,
1920-ci ilin 28 aprelində
XI qızıl ordu, bolşeviklər işğal
etdilər. Türk
ordusunun o zaman Azərbaycanda tökülən
qanları və şəhid məzarları
unutdurulsa da, 70 il sonra
haqq öz yerini tapdı. Bu məzarlarda yatanların
ruhu qanad açdı. Nuru Paşa yenidən yaddaşlarda doğuldu, azad etdiyi hər
qarış torpağın
fəxri vətəndaşı
oldu:
Bakı,
Şirvan, Gəncə,
Qazax Vətənidi.
Qədim
Dərbənd, Mahaçqala
Vətənidi,
Uçurulmuş neçə Saray,
Dağıdılmış neçə Qala Vətənidi.
Şair
Nuru Paşa kimi cəsur sərkərdələrin tarixin
hər zamanında doğulduğunu, bu gün də az olmadığını
ümid və iftixarla söyləyir.
Nə qədər ki, sərhəd boyu
Hədələyir bizi yağı,
Nə qədər ki, almamışıq
Zəngəzuru, Qarabağı
- deyən şair
bu torpaqları azad edəcək türk oğullarının
varlığına və
qeyrətinə inanır.
Poemada Nuru Paşa tarixi şəxsiyyət, yenilməz bir sərkərdə, qeyrətli
bir türk qəhrəmanı kimi ucalır. Onun tərcümeyi-halından çox,
fədakarlığı, cəsarət
və şücaəti
göz önündə
canlanır:
Nuru Paşa Gəncəyə birbaşa gəlir,
O fikir ki, başa
gəlir,
Deyirlər ki, fikirdən yox,
Başdan keçər, Nuru Paşa.
İndi
bildim, Paşa sözü
Daşdan keçər, Nuru Paşa.
Vətən səni şəhid
verir,
Girov qoyur, Nuru Paşa.
"Nuru Paşa"
poeması məfkurə
tariximizin bədii əksi, milli tarixin heykəlləşmiş
şeiriyyətidir. Bu poemada türk tarixinin cəsur sərkərdələrindən biri olan Nuru
Paşa poeziya dili ilə dastanlaşmışdır.
Bu əsər bu günlərdə 80 yaşı tamam olmuş Nəriman Həsənzadənin ciddi
yaradıcılıq uğuru,
oxucularına, Azərbaycan
- Türkiyə qardaşlığına
poetik töhfəsidir.
Maarifə HACIYEVA,
filologiya elmləri
doktoru,
professor
Xalq qəzeti.- 2011.- 19 mart.- S. 8.