Korrupsiya və
rüşvətxorluq vətəndaş cəmiyyətinin,
hüquqi dövlətin prinsipləri ilə bir araya
sığmır
Vətəndaş cəmiyyətini xüsusi
olaraq heç kim qurmur, o sərbəst, azad şəkildə
inkişaf edir. Bəzi alimlərin təbirincə desək:
biri kollec, biri partiya yaradır, qəzet buraxır, bir qismi isə
birləşib ictimai təşkilat qurur, bəziləri də
kiçik müəssisələr yaratmaqla məşğul
olur. Beləliklə, bu birləşmələr nəticəsində
vətəndaş cəmiyyəti formalaşır.
"Vətəndaş cəmiyyəti" termini (societas civilis) XVIII əsrin əvvəllərinə yaxın bir ərəfədə Avropanın siyasi təfəkküründə formalaşmışdır. Bu "cəmiyyətin" üzvləri qanunun tələblərinə tabe olmağı önə çəkməklə, sakit həyatın təmin edilməsini və hamı tərəfindən qəbul edilən xoş bir idarəçiliyin qurulmasını istəmişlər. "Vətəndaş cəmiyyəti" və "dövlət" bir-birilə qarşılıqlı şəkildə əlaqədə olan bir növ oxşar anlayışlardır. Vətəndaş cəmiyyətinin üzvü olmaqla həm də dövlətin vətəndaşına çevrilir və qanunlarına uyğun olaraq fəaliyyətini qurmaq, xətalardan, pis əməllərdən, cəmiyyət üçün təhlükəli hallardan çəkinmək zəruri olur, öhdəlik və müəyyən vəzifə ilə yanaşı məsuliyyətdə daşımalı olursan. Vətəndaş cəmiyyətinə xas olan belə aspektlər J.J. Russonun, Kantın əsərlərində də öz əksini tapmışdır. Digər alimlərin-C.Lokkun və Qobsun nəzəriyyələrinə görə;
* vətəndaş cəmiyyətinin ana xəttini təşkil edən hüquq və azadlıqlar təbii olaraq insanlara verildiyindən özgəninkiləşdirilə bilməz;
*dövlət insanların təbii hüquq və azadlıqlarının müdafiə və təminatı üçün yaradılmışdır;
*dövlətin sərəncamında yalnız vətəndaşları üçün nəzərdə tutulan bəşəri dəyərlərin qorunmasına müvafiq hüquqlar var.
Belə bir cəmiyyətin ədalətli quruluşu müəyyən olunmuş hüquq normalarına əsaslanır. Bu normalar isə insanların təbii hüquq və azadlıqlarının təmini, habelə onun müdafiəsi tələbinə cavab verməlidir.
Tarixin inkişaf prosesi zamanı əsas məsələlərdən biri kimi fərdin azadlığı insanların cəmiyyətə olan münasibətinə və ya mövqeyinə, habelə dövlət hakimiyyətinə təsirsiz ötüşə bilməzdi. Belə münasibət həmişə insanların etibarlı müdafiəyə olan ehtiyacından , cəmiyyətdən və ya dövlətdən bir başa asılı olur. Məhz, bu kriteryalara rəğmən vətəndaş cəmiyyəti özünü və vətəndaşlarını dövlətdən qanuna əsasən müdafiə olunması hüququna malik olur. Lakin unutmaq olmaz ki, dövləti də analoji hüquqdan məhrum etmək olmaz.
Vətəndaş cəmiyyətinin radikal konsepsiyasının tərəfdarlarından olan tanınmış Amerika ideoloqu, "İnsan hüququ" pamfletinin (həcvin) müəllifi T.Peynin nəzəriyyəsində vətəndaş cəmiyyətinin dövlətə qarşı qoyulması onun konsepsiyasının ana xəttini təşkil etmişdir. O, dövləti cəmiyyət üçün bəla hesab edir və qeyd edir ki, cəmiyyətdə dövlətin müdaxiləsi nə qədər azalsa bir o qədər də cəmiyyət üçün yaxşıdır. Ona görə də dövlət vətəndaş cəmiyyətinin xeyrinə məhdudlaşdırılmalıdır. O, bununla demək istəyirdi ki, dövlətin və hüququn yaranmasına qədər olan ictimai quruluşda insanlar arasında xoş və xeyirxah münasibətlər yaranmış, həmrəylik və rəqabət qarşılıqlı proseslərə və hörmətə əsaslanmışdır. "Cəmiyyət kamilləşdikcə, ideallaşdıqca işləri də özünəməxsus asan tənzimləyə bilir və dövlətin müdaxiləsinə də ehtiyac duymur. Ona görə də dövlət hakimiyyəti vətəndaş cəmiyyətinin xeyirinə məhdudlaşdırılmalıdır", deyirdi - Peyn.
Düşünürəm ki, Peynin təxəyyülündə bugünkü vətəndaş cəmiyyətinin prinsiplərinə və ovqatına zidd olan məqamlar çoxdur. Belə ki, Peyn ideal cəmiyyətin tərəfdarı kimi çıxış etsə də, dövlətin məhdudlaşdırıldığı cəmiyyətin sonradan despotikləşib ayrı-ayrı fərdlərə və qruplara, hətta dövlət hakimiyyətinə qarşı olmasını unudurdu. Bəs belə olan halda nə etmək lazımdır? - sualı cavabsız qalır. Despotik cəmiyyətlərdə yaranmış qarşıdurmada yalnız dövlət özünün məcburetmə metodu ilə sabitliyi bərpa edə bilər.
Dövlət və cəmiyyətin həddini müəyyənetmə zamanı yaranmış problem tarixən dövlətin xeyrinə həll edilib. Nəticə etibarı ilə belə qərarın qəbul edilməsində cəmiyyətin münasibəti əsas rol oyanyır. Bəzən döyüş meydanındakı kimi maraqların xaotik şəkildə toqquşması cəmiyyətin öz əli ilə plüralizmin dağılmasına və məhdudlaşmasına səbəb olur.
Bəzən də cəmiyyətin müəyyən hissəsi siyasi laqeydlik şəraitində yaşamağa və düşüncələri daxilində fəaliyyətlərinə üstünlük verirlər. Bu qisim insanlar cəmiyyət və dövlət işlərinə maraq göstərmirlər, yalnız varlanmaları barədə düşünürlər. Belə olan halda vətəndaş cəmiyyəti özünə xas olan münaqişələri ilə bacara bilmədiyindən siyasi vasitələrə ehtiyac yaranır. Bu isə yalnız hüquqi dövlətlərin anlamına uyğun olduğu üçün belə cəmiyyətlərdə ziddiyyətli rəqabət və münaqişələrə yer qalmır. Beynəlxalq-hüquqi təcrübə də hüquqi dövlət anlayışı və nəzərəiyyəsinin vətəndaş cəmiyyəti ilə bir mənbədən qaynaqlandığını diqqətimizə çatdırır.
***
Müasir ingilis dilli ölkələrdə hüquqi dövlət konsepsiyası - (The rule of Law) hüquqi "idarəetmə", pozitivist (subyektiv idealist fəlsəfi cərəyan) hüquq düşüncəsi ilə mübarizədə və liberal paradiqm (sözlərin müəyyən hala salınması cədvəli) çərçivəsində təcəssüm edilir. Lakin qeyd olunan hüquqi dövlət konsepsiyası Kantın irəli sürdüyü ideyanı ötə bilmir. Kanta görə, hüquqi dövlət hər bir fərdin azadlığından, başqaları ilə münasibətdə bərabərlikdən, cəmiyyətin hər bir üzvünün müstəqilliyindən asılıdır. Hüquqi dövlətin əsas qayəsi də məhz şəxsiyyətin hüquqi statusunun-azadlıqların real təminatı və qorunmasından ibarətdir.
Yuxarıdakılara əsasən belə demək olar ki, hüquqi dövlət cəmiyyətdə hüquq və azadlıqları təmin etmək üçün xüsusi (hüquqi) üsullara malikdir. Fərdlərin muxtariyyətə, bərabərliyə və ədalətə mənsub olması hüquqi dövlətin və onun əlamətlərinin proyeksiyasını təşkil edir. Bütün hallarda hüquqi dövlət hakimiyyətə olan nisbətdə və bərabərlikdə yox, insan azadlıqları ideyasının fərdlərin müstəqilliyində təcəssümü kimi dərk edilməlidir. Lakin tək azadlıq hüquqi dövləti və vətəndaş cəmiyyətini səciyyələndirən kriteryalardan deyil. Cəmiyyətlə insan amilinin normal fəaliyyəti üçün bərabərlik də mühüm şərtlərdəndir. Belə ki, azadlıqla ona qoyulan məhdudiyyət arasında cəmiyyətdə mövcud müvazinəti saxlamaq üçün müəyyən balans olmalıdır. Məhz bərabərlik vasitəsilə azadlığın vəziyyəti cəmiyyətdə balanslaşdırılır və ədalətin səviyyəsi özünü aydın göstərir. Lakin azadlıq və bərabərlik arasında müvazinəti lazımi şəkildə müəyyən etmək o qədər də sadə deyil.
Bəzi alimlər də belə bir nəticəyə gəlirlər ki, müasir dünya despotizmin "yeni forması" və demokratik dövlətin (dövlətlərin) qəddarlıq təhlükəsi ilə üzləşir. Və belə bir vəziyyətdə siyasi problemlər qabarıq şəkildə özünü göstərməklə insan azadlıqlarını qurban vermədən demokratik tendensiyaların qorunması necə mümkündür - sualına cavab tapmaqda çətinlik yaranır. Alimlər belə problemlərin aradan qaldırması üçün güclü və fəal dövlət orqanlarının olmasını vurğulayırlar. Buna müqabil olaraq həm cəmiyyətdə, həm də dövlətdə elə qüvvələr olmalıdır ki, sui-istifadələrə imkan verilməsin, şərait yaranmasın.
Hüquqi dövlətdə qanun qarşısında hamının bərabər olması prinsipi çox mühüm əhəmiyyət kəsb edir. Amerikanın birinci prezidenti, "demokratiyanın atası" sayılan Tomas Cefferson da vaxtilə qeyd etmişdi ki, "Respublika idarəçiliyinin təməli hər bir vətəndaşın bərabər hüquqa malik olmasından ibarətdir. Özünə və mülkiyyətinə sahiblik, mülkiyyətindən istifadəyə sərəncam vermək haqqını da özündə saxlamaq hüququ belə dövlətlərin mühiyyətindən irəli gəlir." Başqa cür də ola bilməz. Qanun qarşısında hamının sosial statusundan asılı olmayaraq, bərabərliyi düzgün dərk edilməlidir. Hər şey (yaxşı da, pis də) qanuna riayət olunub-olunmamasından aslıdır.
***
Heç şübhəsiz, hüquqi dövlətin dəyər ölçüsünə təsir edən, onun nə dərəcədə hüquqi olub olmamasını təsdiq edən faktorlardan biri də güclü, müstəqil və yalnız ədalətə söykənən ədalət mühakiməsinin olmasıdır. İstənilən dövlətin sağlam ədliyyə sistemi yoxdursa, o dövlət utopiyadan başqa bir şey deyil.
Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin qərb bölgəsinə səfəri zamanı rüşvətxorluq və korrupsiya ilə mübarizədə vətəndaşların da fəal olmasına çağırışı ictimai nəzarətin gücləndirilməsinin, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin prinsiplərinə əməl edilməsinin canlı təcəssümü idi. Azərbaycan Respublikası AŞ-nın üzvü olduqdan sonra 2005-ci il yanvarın 1-də "Korrupsiya haqqında Qanun"qəbul etdi. Qanun korrupsiya anlayışını müəyyən etmək üçün iki cəhətin öyrənilməsini vacib saydı: korrupsiya subyektlərinin dairəsini müəyyən etmək və şəxsi maraqlar anlayışının mənasını ictimaiyyətə çatdırmaq. Səlahiyyətləri çərçivəsində dövlət marağına zidd olaraq şəxsi mənfəət əldə etmək məqsədilə qulluq mövqeyindən sui-istifadə etmək və vəzifəsinə xəyanət etmək korrupsiyaya uğramaq kimi qeyd edilir. Korrupsiya cinayətləri vətəndaş cəmiyyəti, hüquqi dövlət üçün arzuolunmaz olduğundan onunla mübarizə permanent xarakter daşımalıdır. Hazırda bununla bağlı təkmil qanunvericilik bazası var. Normativ baza dövlət orqanlarının qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi və məmur özbaşınalıqlarının qarşısının alınması üçün kifayət qədər imkan verir. KİV-lərin də bu "bəd xassəli şişlə" mübarizəsi üçün senzura aradan götürülmüşdür.
Statistikaya nəzər yetirdikdə məlum olur ki, 1992-ci ildə 1069 rüşvətxorluq faktı aşkar edilmişdisə, bu rəqəm 2006-cı ilə qədər 800-600 fakt arasında mövcud olmuş və 2006-cı ildə isə 437 faktla yadda qalmışdır. Son illərdə (2009-10) bu rəqəm azalma ilə müşahidə edilmişdir.
Antik cəmiyyət də korrupsiyanı qəbul etməmiş, korrupsiyaya uğramağı (latınca korrumpere), yəni mədəni pis yeməklə zədələmək, korlamaq, qapalı qabda suyu iyləndirmək, işi pozmaq, xidməti dağıtmaq, yanğınla əmlakı sıradan çıxarmaq, azadlığı məhv etmək, qadınların ixtiyarını əlindən almaq, yoldan çıxarmaq, gəncliyin əxlaqını pozmaq, fikri təhrif etmək, nəticəni saxtalaşdırmaq və s. kimi mənalar kəsb etmişdir. "Rumpere" sözü dağıtmaq, korlamaq, sülhü pozmaq mənasını verirsə, "cor" şəkilçisi isə "yanaşı", "vasitəsilə" sözü kimi işlədilib.
Qədim Romada "hakimi ələ almaq", "qızlıq bəkarətini pozmaq" anlamı kimi işlədilib. Ötən min il ərzində korrupsiya anlayışı ancaq dini əhəmiyyət kəsb etmiş, şeytanın adamları yoldan çıxarması kimi qəbul edilmişdir. 500 il əvvəl isə katoliklər özlərinə xas olan metodlarla uzun müddət yunan sözü olan "kataliz" - dağıtmaq, parçalamaq termininin yerinə latın sözü olan "korrupsiya" (Corrurtibilitas-insanı məhv etmək, dağıtmaq meyilli) terminini işlətmək üçün mübarizə aparıblar. Korrupsiyaya meyl böyük günah sayıldığı üçün bu gün demokratik prinsiplərə və müasir cəmiyyətin durumuna zidd sayılır. Makiavelli korrupsiyanı "vərəm xəstəliyinə" bənzədirdi. İlk baxışda vərəmi görmək çətin olsa da, müalicəsi asan olur. Lakin qarşısı alınmazsa, müalicəsi çox çətin olur. Bu mənada cəmiyyəti korrupsiyadan xilas etmək üçün onun rüşeymlərini inkubasiya-gizli dövründə müalicə etmək lazımdır ki, metastaz verməsin. Azərbaycan dövlətinin "Korrupsiya haqqında Qanunu" kifayət qədər təkmil olduğundan bu öhdəliyin icrasını təmin etmək mümkündür. Vəzifəli şəxslərin səlahiyyət mövqeyindən asılı olmayaraq, hamı bilməlidir ki, korrupsiyaya meyil etmək xalqın iradəsi əleyhinə getmək qədər təhlükəlidir.
Belə rəvayət edirlər ki, Misir əyalətlərinin birində iki nəfər faytonla zəngin bir bağın yanından keçəndə faytonçu tamahını saxlaya bilməyib faytonu saxlayır və bağda meyvə yığmağa gedəndə digəri qışqırır:
-Bizi görürlər, bizi görürlər! Faytonçu tez geri qayıdıb yoluna davam edərkən sağına və soluna baxıb heç kimi müşahidə etmədikdə soruşur:
-Kim bizi görür? Ətrafda axı heç kim yoxdur?!
-Allah görür bizi. Kifayət etmir?-deyə cavab verir. Qanunlardan çəkinsək, Allahdan qorxsaq nəfsimizin buxovundan qurtula bilərik. Qənaətimə görə istək olarsa, ideya sayılan hər şeyə nail olmaq olar. Bu dünyada vicdanımız qarşısında farağat dayansaq, özümüzü dərk etsək və o dünyada Tanrının əzabından qorxsaq hərəkət və hərəkətsizliyə də yol vermərik.
Şəmsəddin ƏLİYEV,
"Polisə Dəstək"
İctimai Birliyinin sədri
Xalq qəzeti.- 2011.- 19 mart.- S. 8.