Türkün
qırılmaz iradəsinin təcəssümü:
Çanaqqala zəfəri
Dünyanın
məhvərini dəyişdirən zəfər: bəzi
tarixçilər Çanaqqala zəfərini məhz belə
qiymətləndirirlər. Bu qələbənin əldə
edildiyi, İngiltərənin, Fransanın və digər
qüdrətli ölkələrin o dövrə aid müasir silahlarla
silahlanmış ordusunun türk əsgərinin Vətən
sevgisi, iradəsi, qətiyyəti, şücaəti, cəsarəti
qarşısında məğlub olaraq geri çəkildiyi
gündən artıq 96 il keçir. Dünən
Çanaqqala zəfərinin ildönümü Türkiyədə
dövlət səviyyəsində qeyd edildi.
Çanaqqala zəfərinə bu qədər önəm verilməsi heç də təsadüfi deyil. Şanlı Osmanlı ordusu bütün çətinliklərə rəğmən 1915-ci ildə Çanaqqala boğazında və Gelibolu yarımadasında ittifaq dövlətlərinin yüzlərlə hərbi gəmisi, təyyarəsi, minlərlə əsgəri qarşısında mətanətlə dayandı, dünyanın hərb tarixinə adını qızıl hərflərlə yazdı. Hadisələr isə belə baş vermişdi: Osmanlı imperiyası 1914-ci il avqustun 21-də Almaniya ilə qarşılıqlı hərbi yardım və müttəfiqlik haqqında müqavilə imzalamışdı. Bu müqavilədən dərhal sonra ölkədə ittifaq dövlətlərinə qarşı müharibəyə hazırlıq başlandı. Çünki hələ 1914-cü il avqustun 10-da Aralıq dənizidə ingilis donanması qarşısından geri çəkilən iki alman ağır kreyserinin Çanaqqala boğazını keçərək İstanbula gəlmələri böyük gərginlik yaratmışdı. 1914-cü il oktyabrın 27-də qəsdən "Yavuz" və "Midilli" adlandırılan həmin gəmilər alman admiral Sukonun əmri ilə Qaradəniz sahillərindəki Rus limanlarını bombaladı və bununla da Osmanlı II Dünya müharibəsinə qoşulmuş oldu.
1915-ci il fevralın 19-da Fransa və İngiltərəyə aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqala boğazına doğru irəliləməyə başladı. Lakin gecə yarısı "Nüsrət" adlı Osmanlı mina gəmisinin boğazın Asiya hissəsinə düzdüyü dəniz minaları onların yolunda maneəyə çevrildi. Ardarda düşmənin üç döyüş gəmisi minalara toxunaraq batdı, bir neçəsi isə ciddi xəsarət aldı. Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu. Ağır itkilər verən ittifaq dövlətləri artilleriyanı susdurmadan Çanaqqala boğazını dəniz yolu ilə keçə bilməyəcəklərini anladılar və buna görə də adaya ən böyük ordu hissələrini yeritdilər. Hücum iki cəbhədən, Seddülbahir və Arıburnu cəbhəsindən həyata keçirildi. Osmanlı ordusu say baxımından az, təchizat baxımından zəif olsa da, düşmənin bütün hücumları qəhrəmanlıqla dəf edildi. Döyüşlərdə ordu 253 min şəhid verdi. Onlar arasında 3 minədək azərbaycanlı könüllü də var idi...
Həmin döyüşlərdə türk əsgəri öz qəhrəmanlığı, rəşadəti ilə tarix yazdı. Türk əsgərinin yenilməzliyini düşmənləri də öz xatirələrində etiraf ediblər. Müharibənin qızğın dövründə 10 nəfər türk əsgərinin 500-dən çox ingilis hərbçisinə qarşı müqavimət göstərməsi və onları geri çəkilməyə məcbur etməsi ingilis generalı Hamiltonu çox təəccübləndirib və o, qeydlərində tərəddüd etmədən hər bir osmanlı əsgərini yüz nəfərə bərabər tutaraq yazıb: "Bu hücumda ingilis əsgərlərinə min nəfər Osmanlı əsgəri müqavimət göstərir".
Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamısı eyni ruh yüksəkliyi ilə döyüşmüş, ya şəhid, ya qazi olmuşlar. 57-ci alayın bütün əsgərləri düşmən qarşısında bir addım belə geri çəkilməmiş, şəhadətə qovuşmuşlar. Bu məqamda Geliboludakı döyüşlərdə komandan vəzifəsinə qədər yüksələn Mustafa Kamal Atatürkün "Mən sizə düşmən üzərinə hücuma keçməyi deyil, ölməyi əmr edirəm" -sözləri yada düşür...
İstənilən halda ittifaq dövlətləri Çanaqqala boğazını keçə bilmədilər və "Çanaqqala keçilməzdir!" deyimi bu dəfə də öz təsdiqini tapdı. Onların əsas qayəsi imperiyanın paytaxtı İstanbul şəhərinə gedən yolu açmaq, bütün Anadolu torpaqlarını işğal etməklə türkün buradakı varlığına son qoymaq idi. Lakin bu istəklərinə nail ola bilmədilər. Osmanlı ordusunun qətiyyətlə müqavimət göstərməsi, daha sonra əks-hücuma keçərək düşmən ordu birləşmələrini darmadağın etməsi bir daha təsdiqlədi ki, nə qədər dünya var, türklər Anadoluya hakim olacaqlar. Tarixdə 16 imperiya qurmuş, 40-dək dövlət yaratmış bir millətin iradəsini qırmaq, onu kölə vəziyyətinə salmaq mümkün deyil. Bunu Çanaqqala döyüşləri də təsdiq etdi.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 19 mart.- S. 8.