Modernləşmə
iqtisadi yüksəlişə zəmin yaradır
(Əvvəli qəzetin 17 mart tarixli
sayında)
Son illər
ərzində infrastruktur layihələrinin və regional
inkişaf proqramlarının uğurla həyata keçirilməsinin
nəticəsi olaraq Azərbaycanda modernləşmə
üçün güclü baza formalaşdırılmışdır.
İndi ölkəmizin hər bir regionunda yeni, müasir tələblərə
cavab verən istehsal və xidmət infrastrukturu
yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri
çəkilir, çoxtəyinatlı yollar salınır. İnfrastrukturun
yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən və gələcəyə
hesablanmış məqsədyönlü tədbirlər, eyni
zamanda, insanların rahatlığı, firavan
yaşayışı ilə bağlı görülən
işlərin mühüm tərkib hissəsi kimi qiymətləndirilməli,
sosialyönümlü iqtisadiyyatın qurulmasına yönəldilən
iqtisadi siyasətin əsas qayəsi sayılmalıdır.
Hazırda iqtisadiyyatın texnoloji modernləşməsinin həyata keçirilməsi, elmi potensialı dayanıqlı iqtisadi inkişafın əsas resurslarından birinə çevirən tədqiqatların və səmərəli innovasiya sistemlərinin balanslaşdırılmış strukturunun formalaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülməkdədir. Həmçinin bilik iqtisadiyyatının formalaşmasını təmin edən, dünya bazarında rəqabət üstünlüyü verən, optimal institutsional struktur əsasında balanslaşdırılmış, inkişaf edən elm sektorunun yaradılması məsələsi də uğurla həll olunmaqdadır. Bunun üçün qabaqcıl texnologiyaların ölkəyə transferi nəticəsində iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq məqsədilə texnoloji modernləşməni həyata keçirmək üçün zəruri tədbirlər həyata keçirilir. Buna misal olaraq artıq dövlətin iqtisadi siyasətində prioritetlik təşkil edən innovasiyalı iqtisadiyyatın formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi Prezident İlham Əliyevin 10 aprel 2008-ci il tarixli sərəncamı ilə "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya"nı və "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın reallaşdırılmasının Dövlət Proqramı"nın təsdiq edilməsini göstərmək olar.
Həmin sərəncama əsasən elmi islahatlar aparmaq üçün dövlət komissiyası, həmçinin mövcud problemlərin həlli istiqamətində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Bütün bunlar Azərbaycanın gələcək sosial - iqtisadi inkişafı baxımından olduqca önəmli məsələlərdir. Çünki dünyanın ən aparıcı tədqiqat mərkəzlərinin gəldiyi yekun qənaət budur ki, XXI əsrdə informasiya, bio və nanotexnologiyalar sənayedə elmi-texniki inqilabın əsasını təşkil edəcək. Heç də təsadüfi deyildir ki, bu yanaşma sənaye cəhətdən inkişaf etmiş ölkələrdə elmin inkişafının və iqtisadiyyatın texnoloji baxımdan modernləşməsinin ən perspektivli istiqaməti kimi qiymətləndirilməkdədir.
Prezident İlham Əliyev "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində bununla bağlı bildirmişdir ki, ölkənin modernləşməsi, iqtisadiyyatın gələcəkdə ölkəyə böyük artım verəcək sektorlarına, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayələr qoyulması baxımından da çox iş görülmüşdür. Biz kosmik sənaye yaradırıq. Gələn il Azərbaycanın ilk süni peyki orbitə çıxarılacaqdır. Yəni, biz daim irəliyə baxırıq, ola bilsin ki, bir neçə addım irəliyə baxırıq. Bizim külli miqdarda neft və qaz ehtiyatlarımızın olmasına, çoxlu gəlirimizin olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın davamlı inkişafı neftin qiymətindən və yaxud hasilatımızın həcmindən asılı olmasın. "Qara qızıl'ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir.
Müasir dövrdə əsas kapitala investisiyaların innovasiya yönümlülüyünün gücləndirilməsi diqqət çəkəndir. Fəaliyyətin səmərəliliyini və rəqabət qabiliyyətli olmasını şərtləndirən innovasiya bazarı amillərin qarşılıqlı təsir məkanıdır və burada alqı - satqı obyekti kimi texniki və sosial - iqtisadi yeniliklər, səmərələşdirici təkliflər və ixtiralar, patentlər, texnoloji yeniləşdirmələr çıxış edirlər.
İntensivləşmənin innovasiyalardan asılılığının gücləndiyi hazırkı dövrdə, bu prosesin idarə edilməsi innovasiya fondlarının yaradılmasını tələb edir. Bu fondların yalnız dövlət büdcəsi vəsaitləri hesabına yaradılması, xarici təcrübədən göründüyü kimi, bir sıra hallarda prosesin uzanması və rəqabət üstünlüklərinin məhdudlaşması ilə nəticələnir. Odur ki, innovasiya fondlarının özəl şirkət və bankların sponsor kimi iştirakları hesabına formalaşdırılması dünya təcrübəsi artıq vüsət almaqdadır.
İnnovasiya fondlarında müxtəlif maliyyə mənbələrinin iştirakının təmin edilməsi, məhz innovasiya yönümlü institutsional təminat olduqda səmərəli sayılır. İnnovasiya yönümlü institutsional təminat, ilk növbədə təşkilati struktura nisbətən funksional strukturun prioritetliyini və transaksiya xərclərinin minimumlaşdırılmasını nəzərdə tutur. İnnovasiyaların investisiyalaşdırılması dövlətin elmi-texniki siyasətinə əsaslanır. İnnovasiyaların investisiyalaşdırılmasının miqyası isə elmi-texniki siyasətin istiqamətləndirici və stimullaşdırıcı funksiyalarının reallaşması tempi ilə müəyyənləşir. Elmi- texniki inkişafın prioritetlərinin əsaslandırılması isə indikativ planlaşdırmanı şərtləndirir. Yalnız bu mühitdə stimullaşdırıcı funksiya məqsədli plan və proqramların icrasının bütün mərhələlərində təşviq mexanizminin təkmilləşdirilməsi sayəsində reallaşdırıla bilir.
Azərbaycanın inkişaf strategiyasının əsas məqamlarının - şaxələndirmə və modernləşmə, iqtisadiyyatın enerji sektorundan asılılığının azaldılması və dayanıqlı inkişafın təminatı olduğunu vurğulayan ölkə Prezidenti cənab İlham Əliyev göstərmişdir ki, bununla bağlı müasir informasiya-kommunikasiya texnologiyaları, təhsil, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, səhiyyə və digər sahələr məqsədlərimizdə prioritetlik təşkil edir: "Bütün bunlar həyatımızın sosial sektorunu əhatə edir. Biz bütün bu sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olmuşuq. İndi informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatımızın ən prioritet sahələrindəndir. Hazırda güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuq".
Xatırladaq ki, beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycanda televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl peyk tətbiqləri üçün xidmətlər reallaşacaqdır. Bununla yanaşı, Qazaxıstan və ya Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması "Trans-Asiya-Avropa" (TAE) magistralını ən qısa yolla qapamağa və ölkəmizin tranzit məkana çevrilməsinə xidmət göstərəcəkdir. Bu magistral İKT-nin dünyanın iki nəhəng regionunu - Qərbi Avropanı və Şərqi Asiyanı birləşdirərək magistral xətt üzərində yerləşən, qonşu olan təxminən 20 ölkəni əhatə edəcəkdir.
Azərbaycanın inkişaf strategiyasının mahiyyəti, onun reallığa çevrilməsi mexanizminin analitik təhlili akademik Ramiz Mehdiyevin fikrincə, məhz iqtisadi modernləşmə, bazarın sabitliyi, bank mühitinin təkmilləşməsi, milli sahibkarlar nəslinin, orta sinfin formalaşması və ümumi daxili məhsulda özəl bölmənin rolunun güclənməsi ictimai şüuru latent səkildə təzələyir, onu yeni demokratik ənənələr və təsisatlar müstəvisinə istiqamətləndirir. Görkəmli filosofun yaradıcılığındakı fəlsəfi və məntiqi ümumiləşdirmələrdən də daha aydın olur ki, ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasını rəhbər tutan, Azərbaycan xalqının iradəsi və maraqlarını ön plana çəkən Prezident İlham Əliyevin dediyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq şüar, yaxud da xoş niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Akademik Ramiz Mehdiyev mütərəqqi dövlət idarəçiliyinə üstünlük verərək göstərir ki, liberal-demokratik nümunələrin sistemsizlik səviyyəsində tanınması qətiyyən uğur qazana bilməz, transformasiyalar prosesində yaranan qısaqapanma formalarından uzaqlaşmağa çalışmaq, müasir sosial-siyasi həyatın modernləşməsinə əsaslanan demokratik bazisi yaratmaq vacibdir.
Hazırda respublikamızda demokratiyanın və yerli özünüidarənin gələcək inkişafı istiqamətində yeni ictimai münasibətlərin qərarlaşması, dövlət quruculuğunun müasirləşməsi, əsas idarəetmə subyektlərinin qarşılıqlı fəaliyyətinin yeni tipinin formalaşdırılması, idarəetmə sahəsində iştirakçıların statusunun onların vəzifələrinə uyğunlaşdırılması prosesi gedir ki, bu da dövlətin intensiv modernləşmə yolunda qərarlılığından xəbər verir.
Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası təbiidir ki, milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft sahələrində də xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sahədə sıçrayışlı inkişafa təkan vermiş və nəticə etibarilə xarici investorların iştirakı ilə istehsal yönümlü birgə layihələrin həyata keçirilməsi ölkədə qeyri-neft sahələrinin inkişafına, ixrac yönümlü məhsul istehsalının artımına şərait yaratmışdır.
Qeyri-neft sektorunun inkişafı, eyni zamanda, təşəbbüskarlığı stimullaşdıran tədbirlərin gücləndirilməsini tələb edir. Bu məqsədlə dövlət tərəfindən əsaslandırılmış himayədarlığın davam etdirilməsi ölkədə həm özəl biznesin, həm də müvəkkil bankların inkişafına şərait yartmışdır. Eyni zamanda, hüquqi şəxslərin qeydiyyatı üçün "vahid pəncərə" prinsipinin tətbiqi, sadələşdirilmiş vergitutma, o cümlədən elektron vergiödəmə sisteminin tətbiqi də biznes mühitini daha da canlandırmışdır.
Əlverişli biznes mühitinin inkişafı mükəmməl təhsil almış və xarici təcrübənin ölkədə tətbiqinə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş və Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası "qara qızılın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına və ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının formalaşmasına şərait yaradacaqdır. Bu proqram çərçivəsində Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilən tələbələrin sayı ildən-ilə artır. Xaricdə təhsil almış Azərbaycan gənclərinin təcrübəsindən təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkədə müasir biznes mühitinin formalaşmasına və modern idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradacaqdır. Yəni məhz bu mərhələdə gənclərimizin hazırda xaricdə təhsil almalarına xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Belə ki, modernləşmə təkcə texnologiya sahəsinə aid olmayıb, həm də insanların elmi-intellektual potensialının yüksəldilməsinə, yeni düşüncə tərzinə yiyələnmələrinə müsbət təsir göstərir. Şübhəsiz ki, müasir mühit, son texnologiya, beynəlxalq standartlara müvafiq idarəçilik sistemi və subyektin düşüncə tərzinin dövrə uyğun dəyişməsi zərurətini qarşıya mühüm vəzifə qoyur.
Bu fikirlə bağlı dövlət başçımız İlham Əliyevin "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində dediklərinə bir daha qayıdaq: "Biz gənclərimizin xaricdə təhsil alması proqramını həyata keçiririk. Artıq bir neçə ildir ki, dövlət bu proqramı tam maliyyələşdirir, minlərlə gəncimiz təhsil almışdır və artıq Azərbaycana qayıdır, burada işləyir, öz təcrübəsini tətbiq edir. Ölkəmizdə elə şərait yaratmalıyıq ki, insanlar buraya işləməyə gəlmək istəsinlər, çünki buna məcbur etmək mümkün deyildir. Hazırda Bakıda və digər yerlərdə inkişaf etmiş Avropa ölkələrində olan hər şey, üstəgəl yaxşı iqlim və isti hava vardır. Ona görə də mən hesab edirəm ki, Azərbaycandan xaricə oxumağa gedənlərin hamısı qayıdacaq və öz ölkəsinin rifahı naminə işləyəcəkdir".
Artıq aydındır ki, informasiya texnologiyalarının yaradılması və istifadəsi yarışına qoşulmadan heç bir ölkənin inkişafı müasir dövrün tələbinə uyğun gələ bilməz. Yəni XXI əsrdə dünyaya böyük resurslara sahib xalqlar deyil, Yaponiya kimi kiçik təbii resurslara malik olan, lakin informasiya texnologiyaları, o cümlədən kosmik texnologiyaları yaradan və idarə edən xalqlar hakim olacaqdır. Ölkələrin gücünə görə sıralanmasını hərbi və ya silahlanma dərəcəsi deyil, informasiya texnologiyalarının inkişaf səviyyəsi müəyyən edəcəkdir. Bu baxımdan ölkəmizdə kosmik sənayenin yaradılması iqtisadi, siyasi, sosial və hərbi sahədə yeni konsepsiyaların, texnoloji istiqamətlərin formalaşmasına əlverişli şərait yaradacaqdır.
Ölkə Prezidenti Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əminliyini bildirmişdir ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı düşmüş, devalvasiyaya uğramışdır. Ölkəmizdə isə makroiqtisadi sabitlik qorunmuş, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu, onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir.
Bir sözlə, bu gün əminliklə deyə bilərik ki, iqtisadiyyatın modernləşməsi baxımından ölkəmizdə qarşıya çıxan çoxsaylı vəzifələr artan imkanlara əsaslanır. Belə ki, Azərbaycanda ÜDM-in həcminin 2011-ci ildə 42 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Bu nəticələr onu göstərir ki, Azərbaycanda modernləşmənin yeni mərhələsini də uğurla başa çatdırmaq üçün bütün imkanlar vardır və qarşıya qoyulan məqsədlər çox çəkmədən reallığa çevriləcəkdir. Bunun üçün hər bir Azərbaycan vətəndaşının qarşısında ciddi konseptual və proqmatik vəzifələr durur.
Sadıq SALAHOV,
Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının
İqtisadiyyatı və Təşkili
İnstitutunun direktoru, iqtisad elmləri
doktoru, professor
Xalq qəzeti.- 2011.- 19 mart.- S. 7.