Bakı şəhər qəsəbələrinin mədəni həyatı daha da zənginləşəcək

 

Gündən-günə gözəlləşən, yeni göydələnləri, geniş yolları, mənzərəli parkları və xiyabanları ilə göz oxşayan Bakımızın qəsəbələri də yeniləşməkdə və müasirləşməkdədir. Artıq bu qəsəbələrin həyatında yeni mərhələnin başlandığı aydın nəzərə çarpır. 9 mart 2011-ci ildə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə cənab Prezidentin proqram xarakterli çıxışında Bakı şəhər qəsəbələrinin gələcək inkişafının yeni perspektivləri öz əksini tapmışdır. Prezident 3 illik Dövlət Proqramının hazırlandığını xüsusi olaraq vurğulamış və bunun üçün təkliflərin hazırlanmasını tapşırmışdır. Söz yox ki, paytaxt qəsəbələrinin mədəni həyatında da əsaslı yeniləşmə proqramda öz əksini tapacaqdır.

 

Bu gün Bakı şəhəri qəsəbələrinin mədəni həyatı hansı səviyyədədir, hansı problemlərin həlli daha çox vacibdir? Bu suallara aydınlıq gətirmək üçün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevə müraciət etdik.

- Əlikram müəllim, məncə, söhbətimizə Bakı şəhər qəsəbələrinin mədəni həyatının bugünkü vəziyyətindən başlasaq yaxşıdır.

- 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində cənab İlham Əliyevin rəhbərliyi ilə xüsusi toplantı keçirildi. Toplantıda cənab Prezident Bakı şəhər qəsəbələrinin inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması təşəbbüsü ilə çıxış etdi və 2006-cı ilin 27 fevral tarixində "Bakı şəhər qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı"nı xüsusi sərəncamla təsdiq etdi.

Proqram çərçivəsində Bakı qəsəbələrinin mədəni həyatında da əsaslı yeniliklərin həyata keçirilməsi nəzərdə tutulurdu. Çox işlər görüldü. Müasir tipli mədəniyyət obyektləri inşa edildi, yeni muzeylər, mədəniyyət evləri, parklar, dövlət qoruqları yaradıldı. Konkret olaraq deyim ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən 6 müəssisə 2005-ci ildə, 7 müəssisə 2006-cı ildə, 8 müəssisə 2007-ci ildə, 21 müəssisə 2008-ci ildə, 15 müəssisə 2009-cu ildə, 23 müəssisə isə 2010-cu ildə əsaslı təmir olunub, yenidən istifadəyə verilmişdir. Onlar arasında mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri, muzeylər və s. vardır.

Bununla yanaşı, Dövlət Proqramına uyğun olaraq Zirə, Türkan, Binə qəsəbələrində mədəniyyət mərkəzləri, Yasamal rayonunda Heydər Əliyev adına məktəb-muzey, Pirallahı qəsəbəsində kütləvi kitabxana və musiqi məktəbi tikilərək müasir avadanlıqlarla təmin olunmuşlar. Beləliklə, 81 müəssisədə əsaslı təmir işləri aparılmış, 4 yeni bina tikilib istifadəyə verilmişdir. Söz yox ki, bütün bunlar cənab Prezidentin Bakı şəhər qəsəbələrinin inkişafına göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur.

Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim. Belə ki, qəsəbələrdəki mədəniyyət müəssisələrinin yenidən qurulmasında, onların müasir avadanlıqlarla təmin olunmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olmuşdur. 13 nömrəli uşaq musiqi məktəbi, Pirşağı qəsəbəsində kütləvi kitabxana, mədəniyyət evi, Qala Dövlət Tarixi Etnoqrafiya Qoruğu, qəsəbə klubu, Şüvəlan qəsəbəsində mədəniyyət evi, 24 nömrəli musiqi məktəbi, Binə qəsəbəsində mədəniyyət evi məhz bu fondun hesabına əsaslı təmir olunmuşdur. Bundan başqa Zirə, Türkan və Binə qəsəbə mədəniyyət mərkəzləri də Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmişdir.

Qəsəbələrdəki mədəniyyət müəssisələrinin çoxu sovet dövründən qalma uyğunlaşdırılmış binalardır. Tutaq ki, hansısa imkanlı şəxsin mənzili sonradan mədəniyyət evi, yaxud kitabxanaya çevrilib. Bu gün məxsusi olaraq tikilən yeni mədəniyyət müəssisələri daha çox spesifik xarakterlidir. Biz artıq yeni layihələr əsasında mədəniyyət müəssisəsi inşa edirik. Həmin layihələrdə bu sahənin xüsusiyyətləri nəzərə alınır. Qəsəbələr böyüyür, əhali artır, lakin mövcud mədəniyyət müəssisələri onların tələbatını ödəyə bilmir. Yeni inşa edilən müəssisələrdə ən azı ayrıca 300 nəfərlik zallar olmalıdır. Belə binalarda ayrı-ayrı kabinetlərin, informasiya texnologiyaları otaqlarının, kitabxanalarda isə yeni oxu zallarının olması vacibdir. Biz istəyirik ki, yeni binalar kompleks xarakterli olsun, daha doğrusu, əsl mənada mədəniyyət mərkəzinə çevrilsin. Məsələn, Binə qəsəbəsində Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olan yeni mədəniyyət müəssisəsi bu tipli obyektdir. Burada mədəniyyət mərkəzi, kitabxana və musiqi məktəbi fəaliyyət göstərir.

- Sizin təşkilat həm də turizm sahəsi ilə məşğuldur. Yəqin ki, qəsəbələrdə turizmin inkişafı ilə bağlı görülmüş işlər də çoxdur. Cənab Prezident 2011-ci ili "Turizm ili" elan edib və bununla bağlı xüsusi sərəncam da imzalayıb. Bakı və onun qəsəbələrinin çox gözəl turizm potensialı var. Bu istiqamətdə hansı işlər görülüb?

- Doğru deyirsiniz. Bakı şəhəri qəsəbələrinin turizm imkanları həqiqətən genişdir. Burada tarixi turizmin, dini turizmin, çimərlik turizminin, ekoloji turizmin inkişafı üçün hərtərəfli şərait vardır. Vaxtilə Bakının kəndlərində pioner düşərgələri fəaliyyət göstərirdi. Bu, əslində uşaq turizmi üçün çox sərfəlidir. Eyni zamanda, sanatoriyalar, pansionatlar da turizm üçün yararlıdır. Əvvəllər də bu kəndlər turizm üçün əhəmiyyətli məkan idi. Tarixi, dini abidələr, Yanardağ, Atəşgah, Qala Etnoqrafiya Qoruğu, Nardaran qoruğu və s. turistlərin böyük maraq göstərdiyi obyektlərdir. Turizmin bir neçə sahəsi inkişaf etmək ərəfəsindədir. Artıq bu kəndlərə turizm marşrutları müəyyən olunmuşdur. Məsələn, Bakı-Qala istiqamətində xüsusi turizm marşrutu işləyir. 2011-ci ildə biz Bakı kəndlərinin turizm potensialını işə salmaq üçün daha ciddi səylər göstərməyə çalışacağıq.

- Yəqin ki, Bakı şəhər qəsəbələrinin inkişafı ilə bağlı hazırlanacaq Dövlət Proqramında mədəniyyət sahəsinin inkişafı da nəzərə alınacaq. Sizin bu sahədə təklifləriniz olacaqmı?

- Bəli, biz artıq öz təkliflər paketimizi hazırlayıb təqdim etmişik. Bu məsələ ilə bağlı müşavirədə cənab Prezident demişdir ki, yeni Dövlət Proqramı hazırlanacaq və müvafiq dövlət qurumları təkliflərini verəcəklər. Əlbəttə, bunun çox geniş və əhatəli proqram olacağı şübhəsizdir. Bu Proqram 2011-2013-cü illəri əhatə edəcək. Cənab Prezidentin çıxışında da vurğulandı ki, mədəniyyət abidələrinin bərpası, yenidən qurulması, maddi texniki bazasının gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaq. Söz yox ki, bu da mədəniyyət sahəsində çalışan insanların iş şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması üçün imkanlar deməkdir. Bu gün yaradılacaq yeni mədəniyyət müəssisələri köhnə, yöndəmsiz klublar, kitabxanalar formasında deyil, müasir mədəniyyət mərkəzləri tipli müəssisələr olacaq. Artıq bizdə belə bir təcrübə vardır. Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən Zirə, Türkan, Binə qəsəbələrindəki mədəniyyət mərkəzləri buna əyani sübutdur. Belə müəssisələr əhalinin mədəni tələbatının ödənilməsi və istirahətinin təşkili üçün çox əhəmiyyətlidir.

Biz 2011-2013-cü illərdə qəsəbələrdə mədəniyyət müəssisələrinin yaradılması ilə bağlı təkliflər paketində bu məsələləri nəzərə almışıq. Məsələn, nəzərdə tuturuq ki, Rəsulzadə qəsəbəsində 11 saylı musiqi məktəbi üçün 300 yerlik yeni binanın tikintisi, Xocahəsən qəsəbəsi və Sulutəpə yaşayış sahəsində, 8-ci mikrorayon ərazisində, 8-ci Kilometr yaşayış sahəsində, Əhmədli qəsəbəsində hər biri 300 yerlik mədəniyyət mərkəzlərinin tikintisi həyata keçirilsin.

Bundan başqa, 20 və 21 saylı musiqi məktəblərinin əsaslı təmiri və texniki təchizatı, Hövsan qəsəbəsində 37 nömrəli musiqi məktəbinin əsaslı təmiri, eyni zamanda, burada M.Əliyev adına mədəniyyət evinin əsasında 300 yerlik yeni mədəniyyət mərkəzinin binasının tikintisi, Zığ qəsəbəsində mədəniyyət evinin əsaslı təmiri və onun əsasında mədəniyyət mərkəzinin yaradılması da nəzərdə tutulur.

Maştağa, Ramana, Zabrat, Ələt, Şağan qəsəbələrində də yeni mədəniyyət mərkəzlərinin yaradılması əsas məqsəd kimi qarşıda durur. Biz istəyirik ki, Nardaran Tarix və Mədəniyyət Qoruğunun ərazisində 300 yerlik yeni muğam-musiqi evi inşa edilsin. Mərdəkan qəsəbəsində 300 yerlik yeni mədəniyyət və turizm mərkəzinin (100 yerlik otel daxil olmaqla) tikilməsini, buradakı "Böyük Mərdəkan qəsri" və "Kiçik Mərdəkan qəsri"nin əsaslı təmiri və bərpasını da təklif etmişik. Eyni zamanda, Buzovna qəsəbəsində mədəniyyət evinin əsaslı təmir edilərək onun əsasında mədəniyyət mərkəzinin yaradılması da təkliflər paketinə daxil edilmişdir. Bir sözlə, perspektivdə görüləsi işlər çoxdur.

Prezidentin Bakı şəhərinin qəsəbələrinin inkişafına xüsusi diqqəti biz mədəniyyət sahəsi işçilərinin məsuliyyətini daha da artırır. Dövlət tərəfindən yaradılan bu şərait qəsəbələrin mədəni həyatını daha da zənginləşdirməyə böyük imkanlar açır. Bu münasibətə, bu qayğıya görə biz mədəniyyət işçiləri cənab Prezidentimizə öz dərin minnətdarlığımızı bildiririk.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 19 mart.- S. 5.