Soyqırımını türklər yox, ermənilər törədiblər

 

Bu gün, bəlkə də, dünyada ən çox işlənən söz "soyqırımı"dır. Ermənilər yalan və uydurmalarıyla az qala dünyanın yarısını inandırıblar ki, guya, türklər 1915-ci ildə 1,5 milyon erməni qırıblar. Ən ağrılı məsələ budur ki, 1 əsrdir ermənilər bu "soyqırımı"ndan danışıblar, türklər isə susublar. Türklər həqiqəti dünyaya göstərmək, ermənilərin uydurma və yalanlarının üstünü açmaq üçün əllərindəki tarixi faktlardan, yazılı qaynaqlardan və digər imkanlardan hələ də yetərincə istifadə etmirlər. Halbuki, əldə olan bütün faktlar ermənilərin soyqırıma məruz qaldıqlarını yox, onların dinc türk əhalisini soyqırımına məruz qoyduqlarını təsdiqləyir.

 

Soyqırımdan danışarkən mütləq iki məsələyə ayrıca diqqət yetirmək lazımdır:

1. Tarixi qaynaqlardan bilirik ki, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Azərbaycan iki yerə bölündükdən sonra indiki Ermənistan dövlətini yaratmaq məqsədilə Rusiya erməniləri Türkiyədən və Güney Azərbaycandan (İran) Quzey Azərbaycana köçürüldü. A.Qriboyedovun birbaşa rəhbərliyi və himayəsi altında kütləvi xarakter almış erməni köçü ilk dəfə Qarabağa gəldi. Sonra Azərbaycanın İrəvan, Zəngəzur, Zəngibasar, Göyçə, Qumru, Cəlaloğlu, Qarakilsə, Üçkilsə, Dağlıq Qarabağ, Gəncə s. bölgələrində yerləşdirildilər.

1915-ci ildə hələ bugünkü Ermənistan yaradılmamışdı və ermənilərin böyük əksəriyyəti məhz Azərbaycan torpaqlarında yaşayırdılar. Onların ümumi sayı 700 min nəfərdən çox deyildi. O zaman Türkiyə ərazisində ölkənin vətəndaşı kimi yaşayan ermənilərin sayı isə 250 min nəfərdən çox olmamışdır. Həmin dövrdə Türkiyənin ağır vəziyyətindən istifadə edərək onu daxildən parçalamaq üçün xaricdən çoxlu silahlı erməni dəstələri gəlir və yerli ermənilərlə birləşərək dinc türk əhalisini qırırdılar.

2. Tarixi faktlar aydın şəkildə göstərir ki, 1915-ci ildə Türkiyə ərazisində, həqiqətən, soyqırımı olmuşdur. Ancaq onu türklər yox, ermənilər törətmişlər. Əslində, soyqırımına dinc türk əhalisi məruz qalmışdır. Bu gün ermənilərin soyqırımı qurbanları saydıqları insanların nə az, çox - 90 faizi dinc türk əhalisi olmuşdur. Ermənilər özlərinin qətlə yetirdikləri dinc türkləri döyüşlərdə ölmüş ermənilərin sayının üstünə, gəlib tarixdə olmamış fantastik bir rəqəmdən danışırlar.

İndi keçək faktlara. Əvvəlcə, Rusiyanın Ərzurumdakı baş konsulu Mayevskinin bir fikrini xatırlatmağı lazım bilirik: "Əgər türklər, həqiqətən, bir sıra müxbirlərin qəzet və jurnal səhifələrində onların qələmə verdikləri kimi olsaydılar, Türkiyədə xristianların yaşayışı, doğrudan da, xristian təşviqatçılarının söylədikləri kimi olsaydı, heç bu günə qədər orda xristian qala bilərdimi?"

Məsələnin məntiqi açarı bax burdadır. Doğrudan da, əgər Türkiyə istəsəydi öz ərazisini xristianlardan çox asanlıqla qısa vaxtda təmizləyə bilərdi. Ancaq Türkiyə heç vaxt belə bir addım atmaq fikrində olmamışdır. Ermənilər isə cəmi 180 il bundan əvvəl ilk dəfə gəldikləri qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisini onun yeganə aborigen xalqı olan türklərdən tamamilə təmizlədilər. Dünya bunu görməmək üçün hələ gözləri yumulu qalıb.

Türkiyənin ərazisində baş vermiş bütün qanlı olayları ermənilər başlamışlar. Mayevski yazırdı: "Türkləri oradakı vəhşiliklərə görə nə cür günahlandırırlar- günahlandırsınlar, bir şeyi deməliyəm: Türkiyənin ayrı-ayrı şəhərlərində ermənilərlə müsəlmanların toqquşmasına dair şəxsən mənə bəlli olan şeylər bu inama gətirir ki, qan tökülməsinə hər yerdə yalnız ermənilərin öz təşəbbüsləri ilə başlanmışdır. Trapezund qırğınına da şəhərin küçələrində iki türk generalının - Bağrı paşa Həmdi paşanın yaralanması səbəb olmuşdur".

Ermənilər təkcə türkləri deyil, kürdləri eyni qəddarlıqla qətlə yetirirdilər. Onlar heç vaxt kürdləri və ləzgiləri türklərdən ayırmırdılar. Hətta türklərə böhtan atmaq üçün öz ermənilərini öldürməkdən belə çəkinmirdilər. (Sumqayıt hadisələrini də dünyaya göstərmək üçün məhz ermənilərin özləri hazırlamış və törətmişlər) İngiltərənin Türkiyənin Van vilayətindəki vitse konsulu mayor Vilyams 15 may 1896-cı il tarixli raportunda ermənilərin kürdləri qətlə yetirmələri barədə yazırdı: "Çatdırmağı özümə şərəf bilirəm ki, bu vilayətdə vəziyyət heç bir cəhətdən qənaətbəxş deyil. Son həftə ərzində erməni inqilabçıları iki dəfə kürdlərin üstünə hücum etmişlər. Birincidə üç kürd öldürülmüşikisi yaralanmış, ikincidə iki, ola bilsin, üç kürd öldürülmüşdür. Təsdiqlənmişdir ki, hər iki halda meyitlər dəhşətli dərəcədə təhqir olunub eybəcər hala salınmışdır".

Yazılı sənədlər və şəhidlərin xatirələri türklərin erməniləri öldürdüklərini təsdiqləmir. O zaman Ərzurumda yerləşən rus artilleriyasının polkovniki Tverdoxlebovun yazdıqlarından aydın olur ki, Türkiyədə öldürülən türklər - öldürən ermənilər olublar: "Bu hadisələrlə eyni vaxtda bizə soraqlar gəlirdi ki, Ərzincanda ermənilər dinc əhalini ən qatı vəhşiliklə qırır və sonra Ərzincana daxil olan türk qoşunlarından qaçırlar. Ordu komandanının məlumatlarına və hadisə yerindən gəlmiş rus zabitlərinin söylədiklərinə görə 800 nəfər türk öldürülmüş, ermənilərdən isə türklərin özünümüdafiəsi zamanı vur-tut bircə nəfər zərər çəkmişdir. Məlum oldu ki, Ərzurum yaxınlığındakı İlicə kəndində də silahsız dinc əhalini qırmışlar".

Arxiv sənədlərindən şahidlərin xatirələrindən bəlli olur ki, ermənilər təpədən-dırnağa kimi silahlanaraq nizami ordu şəklində türk kəndlərində, sözün həqiqi mənasında, soyqırımı törətmişlər. Onlar ordu şəklində, döyüş imkanı olmayan yerlərdə türkləri oğurlayır, aldadır, müxtəlif yollarla aparıb gizli zirzəmilərə doldurub öldürürlərmiş. Səhər işə gedən türklərin çoxusu evinə qayıtmırmış. Yolda-izdə silahlı erməni quldurlarının əllərinə düşən türklərin heç biri onların caynağından qurtara bilmirmiş. Belə vəhşiliklərdən birini gözlərilə görən rus zabiti Lipski türkləri ermənilərin əllərindən almaq istədikdə ermənilər silahı onun üstünə tuşlamışlar.

Rus ordusunda xidmət edən erməni zabitləri də ermənilərə kömək etmişlər. Lipski bu barədə Tverdoxlebova məlumat vermişdir. Tverdoxlebov özü bu hadisəni belə qələmə almışdır: "Mənə bildirdilər ki, kazarmada vətəndaşlardan heç kəs yoxdur. Mən axtarışa başlayan kimi kazarmadakı hamamda gizlədilmiş dəhşətli dərəcədə qorxmuş 70-dən çox türk tapdım. Tezliklıə qısaca istintaq apardım, hamının rəhbər kimi nişan verdiyi əsgəri həbs etdim, saxlanmış türkləri o saat buraxdım".

Burdan aydın olur ki, Türkiyədə dinc türk əhalisinin soyqırımına, əslində, rus ordusunda xidmət edən erməni əsgər və zabitləri rəhbərlik etmişlər. Hətta vicdanlı rus zabitləri ermənilərin bu azğınlıqlarının vəhşiliklərinin qarşısını ala bilməmişlər. Bir çox rus əsgər və zabitləri isə ermənilərə kömək etmişlər. Ermənilərin dinc türk əhalisinə qarşı törətdikləri soyqırımın dəhşətlərini görən ruslar hətta rus ordusunun Ərzurumdan çıxarılmasına çalışırdılar. Onlardan biri Tverdoxlebov olmuşdur. O yazırdı: "Ermənilərin vəhşiliklərinə qarşı durmağa gücümüz çatmırdı və onların yaramazlıqlarının bir dəqiqə olsa, bizim adımıza çıxılmasını istəmirdik".

Ermənilər türklər haqqında min cür yalan uydurur, böhtanlar düşünür, bütün bunlarla öz iyrənc əməllərini ört-basdır eləməyə çalışırdılar. Tverdoxlebov yazırdı ki, ermənilərin dediklərini yoxlayarkən onların hamısının yalan böhtan olduğu öz təsdiqini tapırdı. Ermənilərin dinc türk əhalisinə qarşı vəhşilikləri və azğınlıqları o həddə çatmışdı ki, ordu komandanı Odişelidze Ərzurum şəhərində mühasirə vəziyyəti və sahə məhkəməsi yaratmışdı. Polkovnik Morslini Ərzurum qalasının komendantı, ermənilərdən isə bir nəfəri tribunalın sədri qoymuşdu.

Ancaq bütün bunlar da ermənilərin vəhşiliklərini ört-basdır etmirdi. Bir nəfər də cinayət törədən erməni tutulmur, sahə məhkəməsi demək olar ki, fəaliyyət göstərmirdi. Halbuki rus ərgər və zabitləri sahə məhkəməsinə kifayət qədər cinayətlər törətmiş erməniləri nişan verirdilər. Sahə məhkəməsi isə onların heç birini həbs etmirdi. Türklər bunun səbəbini çox gözəl bilirdilərruslara da deyirdilər. Bunu da Tverdoxlebovun sözlərilə desək yaxşı olar:" Türklər qətiyyətlə deyirdilər ki, erməni ermənini heç vaxt edam etməz. Biz görürdük ki, bu işdə "it itin ayağını basmaz" rus atalar sözü doğrudur".

Valli adlı bir tarixçi isə yazırdı ki: "1915-ci ilin aprelində erməni inqilabçıları Van şəhərini ələ keçirdilər və "Daşnak" partiyasının iki lideri - AramVazelin komandanlığı altında şəhərdə erməni ştabı yaratdılar. Mayın 6-da onlar şəhəri bütün müsəlmanlardan təmizləyərək rus ordusuna təhvil verdilər". Başqa bir tarixçi - S. Şou yazırdı: "Bitlis - Muş Qars - Ərzurum istiqamətlərində irəliləyən rus ordusunu silahlı nizami erməni kolonları müşayiət edir, yollarındakı hər şeyi dağıdır, insanları qırırdılar. Bu zaman bir milyondan artıq müsəlman əhalisi qaçmağa məcbur olmuş, yüz minlərlə adam ermənilər tərəfindən tikə-tikə doğranmışdı".

Ayının bütün oyunları bir armudun başında olan kimi, ermənilərin əsas məqsədi XX yüzilliyin başlanğıcında yaranmış ağır və qarışıq vəziyyətdən istifadə edərək Türkiyənin ərazisində Rusiyanın köməyi ilə erməni dövləti yaratmaq idi. Onlar rus silahı ilə dinc türk əhalisini ona görə vəhşicəsinə qırırdılar ki, həmin ərazilər türklərdən təmizlənsinlər. Tverdoxlebovun yazdığına görə, doktor Zavriyevin əlinə bir sənəd düşmüşdü. Onun Ərzuruma gəlməyindən əvvələ aid olan bu sənəddən məlum olur ki, ermənilərin məqsədi Türkiyədə rus zabitlərinin əli ilə "Muxtar Ermənistan" yaratmaqdan başqa bir şey deyilmiş. Rus zabitlərindən bir çoxları ermənilərin hərəkətlərindən şübhələnərək məqsədlərini başa düşürlərmiş. Məhz bu vəziyyəti araşdıran doktor Zavriyev zabitlər arasındakı narazılığın səbəblərini doğru başa düşmüş, onların Türkiyədən qayıtmaq istədiklərini söyləmişdir. Çünki artıq rus zabitləri başa düşürdülər ki, "ermənilər nə istəyirlər və rus zabitləri onlaraüçün lazımdır".

Ermənilərin bu niyyətlərinin Türkiyə ərazisində baş tutmadığını çox-çox sonralar rus şərqşünası İqor Perenov belə dəyərləndirmişdi: "Türkiyə ərazisində özlərinə dövlət qurmaq planları puça çıxandan sonra ermənilər Rusiyanın köməyi ilə bunu Azərbaycan torpaqlarında reallaşdıra biliblər. Paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olan Ermənistan Respublikası, uydurmaları nəzərə almasaq, erməni tarixində ilk dövlət qurumu idi".

Bəli, XX yüzilliyin ilk 20 ili ərzində ermənilərin rus ordusunun silahı ilə Türkiyədə və Azərbaycanda törətdikləri qırğınların bircə məqsədi vardı: yerli türk əhalisini qırıb onun torpağında erməni dövləti qurmaq! Türkiyə ərazisində buna nail olmasalar da, Azərbaycan ərazisində bugünkü Ermənistan dövlətini yaratdılar. Ondan sonra da etnik təmizləmə apardılar. Bu gün Ermənistanda həmin torpaqların yerli xalqı olan Azərbaycan türklərindən bir nəfər qalmamışdır.

Hazırda Türkiyənin, Rusiyanın və digər ölkələrin arxivlərində ermənilərin uydurduqları soyqırımı haqqında yetərincə sənədlər var. Dünyanın bir çox vicdanlı alimləri bu soyqırımın, olmadığı haqqında əsərlər yazmışlar. Məsələn, fransız tarixçisi Jorj de Malveril yazırdı ki, "ədalət naminə demək lazımdır ki, bu insan itkilərinə görə türkləri günahlandırmaq olmaz. Bütün bunları on illər ərzində də aparılmış təbliğat nəticəsində beyinləri, guya, qırğınlar soyqırım törətməklə Türkiyə ərazisində müstəqil dövlət qurmağa inam zəhərilə zəhərlənmiş Türkiyə erməniləri törətmişlər".

Hazırda dünyada ermənilərin "soyqırımı" iddialarının heç bir əsası olmadığını, onun uydurulduğunu, həqiqətdə isə ermənilərin 1,5 milyondan çox dinc türk əhalisini vəhşicəsinə qırdıqlarını və əsl soyqırımı onların törətdiklərini bilən alimlər var. Onların bir araya toplanması, beynəlxalq konfrans keçirilməsi, Türkiyədə və Azərbaycanda ermənilərin törətdikləri soyqırım faktlarının üzə çıxarılması artıq vaxtı çatmış bir məsələdir.

Ermənistan prezidenti Sarkisyanın "Qara bağ" kitabının müəllifi britaniyalı jurnalist Tomas de Vaaluya dediyi aşağıdakı sözlər birbaşa ermənilərin vəhşiliyiniquduzluğunu, Türkiyədə Azərbaycanda dönə-dönə soyqırımı törətdiklərini təsdiqləyir: "Xocalıya qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Lakin biz bu stereotipi sındıra bildik".

Çox böyük faktdır. Bir ölkənin prezidentinin dinc əhaliyə qarşı törədilmiş soyqırım cinayətini təsdiqləyən bu sözləri ermənilərin kimliyini ortaya qoymuşdur. Deməli, Türkiyədə də, Azərbaycanda da bütün bu soyqırımı dəhşətlərini ermənilər özləri törədib, onu həyasızlıqla türklərin boynuna atıblar. Bütün dünya yaxşı bilir ki, onlarla terrorçu erməni təşkilatı var, heç bir terrorçu türk qurumu yoxdur. Bu gün Ermənistan dövlətini təkcə Sarkisyanın yuxarıdakı sözlərinə görə terrorçu dövlət adlandırmaq olar. Bəs görəsən, bunu nəyə eləmirlər? Kimi nəyi gözləyirlər?

İllər boyu cinayətkar ermənilər dünyanı qara-qışqırıqla, hay-küylə günahsız türkün üstünə qaldırıblar, türklər də susub gözləyiblər. Nə qədər günahkarların başını sığallayıb, günahsızları cəzalandırmaq olar? Bu gün bütün tarixi faktlar və sənədlər ermənilərin qabağına qoyulmalıdır, dünyaya göstərilməlidir. Hamı bilməlidir ki, soyqırımı olub, ancaq onu türklər ermənilərə qarşı yox, əksinə, ermənilər türklərə qarşı törədiblər!

 

 

İslam SADIQ,

şair-publisist

 

Xalq qəzeti.- 2011.- 29 mart.- S. 4.