Gənc aktyorun uğurlu debütü

 

Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Koroğlu" operasının növbəti tamaşası oynanıldı. Koroğlu rolunda debüt olaraq gənc aktyor Ramil Qasımov çıxış etdi. Tamaşaya dəvətli qonaqlar sırasında respublikanın tanınmış elm, incəsənət xadimləri, eləcə də aktyorun yaxın dost-tanışları iştirak etdi. 70 ildən artıq bir vaxtda səhnədən düşməyən və hər zaman öz məzmun və baxımlılığı ilə geniş tamaşaçı auditoriyasının dərin rəğbətini qazanmış bu opera Azərbaycan vokal məktəbinin banisi, SSRİ xalq artisti, professor Bülbülün xatirəsinə ithaf olunmuşdu. Üç pərdəli, beş şəkilli operanın libretto müəllifi Hidayət İsmayılzadə, şeirlərin müəllifi isə Məmməd Səid Ordubadidir.

 

Bülbüldən sonra Lütfiyar İmanov, Adil Məlikov, Şirzad Hüseynov kimi görkəmli vokal ifaçıları Koroğlu rolunda çıxış etsələr də, respublika Mədəniyyət və Turizm Nazirliyi, eləcə də opera rəhbərliyi daim səhnədə yeni "Koroğlu"lar təşəbbüsündə olmuş gənc istedadlara diqqət və qayğı göstərmişlər. Elə bu səbəbdən də son illərdə Ülvi Qılınc, Həsən İnami, Samir Hacıyev kimi gənc aktyorlarımız Koroğlu roluna dəvət almış və uğurla çıxış etmişlər. Bu gün xalq qəhrəmanı roluna gənc aktyor-vokalçı Ramil Qasımovun irəli çəkilməsi də təsadüfi deyildir. Tamaşaçılar onu Musiqili Komediya Teatrında oynadığı çoxsaylı rollardan, eləcə də peşəkar müğənni kimi konsert salonlarından yaxşı tanıyırlar.

Koroğlu obrazı istər musiqi baxımından, istərsə də aktyor oyunundan çox çətin partiya olduğunu açıqlayan tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev Ramil Qasımovun bir neçə aylıq gərgin məşqlər sayəsində bu rolun öhdəsindən layiqincə gəldiyini və tamaşanın uğurlu keçəcəyinə böyük inam bəslədiyini dedi. Hərbi vətənpərvərlik ruhunda yazılmış bu operaya vaxtilə böyük önəm verən SSRİ-nin dövlət başçısı Stalin dahi Üzeyir bəyə və Koroğlu rolunun ifaçısı Bülbülə Vətənin ən yüksək fəxri adlarını vermişdir. Digər tamaşalardan fərqli olaraq rejissor, demək olar ki, tamaşanın əksər mizanlarını olduğu kimi qoruyub saxlamağa çalışmışdır. Koroğlu deyəndə, mütləq Qırat yada düşür. Koroğlunu Qıratsız təsəvvür etmək mümkün deyil.

Tamaşaçılar bu rolda Bülbülün Qıratın belində səhnəyə şahanə gəlişinin, qılınc oynadıb, saz çalmağının çox şahidi olmuş, dağları lərzəyə gətirən dəli nərəsini eşitmişlər. Təəssüf ki, ondan sonrakı ifaçılarda bu, o səviyyədə alınmamışdır. Bir sözlə, hər oxuyan Molla Pənah olmadığı kimi, hər ifaçı da, Bülbül ola bilmədi. Kiminin səsi, kiminin nəfəsi, kiminin zahiri görünüşü bu rolu tamamlamağa imkan vermədi. Bu gün Vətən bizdən məhz Koroğlu tək doğma torpaq, yurd-yuva təəssübünü çəkən vətənpərvər qəhrəmanlar tələb edir. Bu baxımdan Koroğlu obrazını yaradan gənc istedadlara hələ böyük ehtiyacımız var.

Gözəl aktyor oyunu, səhnə və musiqi tərtibatı, tamaşanın daha baxımlı, yaddaqalan etdi. Tamaşada İlahə Əfəndiyeva - Nigar, xalq artisti Şahlar Quliyev - Həsən xan, əməkdar artistlərdən Əkrəm Poladov - Alı, Gülyaz Məmmədova - xanəndə, Əli Əsgərov - İbrahim xan, aktyorlardan Əliəhməd İbrahimov - təlxək, Fərid Əliyev - Həmzə və digərləri çıxış etmişlər.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 29 mart.- S. 5.