Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır
Enerji
təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin
milli təhlükəsizlik strategiyasının həlledici
elementi statusunda çıxış edir. Bu baxımdan bir
sıra nüfuzlu ekspertlərin "Müasir dünyanın
siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə
yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə
bölgüylə müəyyən ediləcək" fikri təsadüfi
sayılmamalıdır.
Bu
bir həqiqətdir ki, inkişaf etmiş ölkələrin
enerji təhlükəsizliyi sahəsində ciddi problemləri
mövcuddur. Onların bir çoxunun ümumiyyətlə
karbohidrogen resursları yoxdur (Yaponiya, Cənubi Koreya, Tayvan, bəzi
Avropa ölkələri və s.), digərlərinin malik
olduqları köhnə yataqlar isə tükənmək
üzrədir (Böyük Britaniya, Norveç, Niderland). ABŞ
isə dünya neft hasilatında 8 faizlik paya malik olmasına
baxmayaraq, istehlakda payı 24 faizdən artıqdır. Bu fikirlərin
təsdiqi kimi onu da qeyd edək ki, ABŞ Neft
Şurasının statistik məlumatlarında qeyd olunur ki,
1996-cı ildə neftə olan sutkalıq təlabat 71 milyon
barrel təşkil edirdisə, 2030-cu ildə bu göstəricinin
138 milyon barrelə yüksələcəyi
proqnozlaşdırılır ki, onun da 30 milyon barreli təkcə
ABŞ-ın payına düşəcəkdir.
Dünya
neft-qaz bazarı istehlakçılarının strukturunda da dəyişiklik
baş vermişdir. Əvvəllər 3 inkişaf etmiş
region neft və qazın əsas istehlakçıları hesab
olunurdu: Şimali Amerika (ilk növbədə ABŞ), Avropa
İttifaqı ( ilk növbədə Almaniya, Böyük
Britaniya, Fransa, İtaliya) və Şimal-Şərqi Asiya
(Yaponiya, Cənubi Koreya, Tayvan). Hazırda dinamik iqtisadi
inkişaf tempi ilə bağlı olaraq Çin, Hindistan,
Braziliya, Tailand və bir sıra digər dövlətlərin
karbohidrogen ehtiyatlarına olan tələbatı xeyli dərəcədə
artmışdır. Çin bu sahədə hətta
Yaponiyanı ötərək dünya neft istehlakında 9
faizlik göstəriciyə malik olmuşdur və yalnız
ABŞ-dan geri qalır.
Başqa bir məlumata əsasən, dünyada sənaye məhsulları istehsalında 80 faizlik paya malik olan böyük dövlətlər təxminən 20 faizə bərabər enerji ehtiyatlarına malikdirlər. Bir çox hallarda onlar bunu tarixi ədalətsizlik kimi dəyərləndirir və belə bölgünün aradan qaldırılmasının vacibliyini vurğulayırlar.
Bir sıra mütəxəssislərin fikrincə, gələcəkdə bu tələbə etiraz edən neft-qaz ölkələrinin "enerji millətçiliyi"ndə və hətta "enerji terrorizmi"ndə ittiham ediləcəkləri istisna deyildir.
Dünyanın müasir enerji xəritəsində mövcud vəziyyətin natamam təqdimatı belə təsdiqləyir ki, dünyada enerji resurslarına olan tələbat ilbəil artmaqdadır və bu strateji məhsulların təkrar istehsalının olmaması reallığı fonunda tələb və təklif arasında qeyri-mütənasibliyin dinamik olaraq artacağını proqnozlaşdırmaq mümkündür. Bu reallıq əsas enerji istehlakçılarını, o cümlədən Avropa ölkələrini alternativ enerji hasilatçıları axtarmağa sövq edir. Belə enerji mənbələri içərisində Xəzər regionu dövlətlərinin, xüsusilə də Azərbaycanın müstəsna mövqeyi vardır.
Bu bir həqiqətdir ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Hələ 1846-cı ildə, yəni Pensilvaniyada neft yataqlarının aşkar olunmasından (1859-cu il) 13 il əvvəl Azərbaycanda, Bibiheybət ərazisində ilk neft quyusu fontan vurmuşdur. Yeri gəlmişkən, dünyada sənaye üsulu ilə neft hasilatı ilk dəfə XIX əsrdə məhz Azərbaycanda həyata keçirilmişdir. Dünyada dəniz yataqlarından da ilk dəfə neft 1949-cu ildə Azərbaycanda çıxarılmışdır.
Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik olmuş, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirmişdir. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı olmuşdur. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində çox mühüm əhəmiyyətə malik və Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz" qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter almışdır. Həmin proses ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Bu gün ölkənin 1, 5 milyard tondan artıq
neft və 2 trilyon kubmetr qazdan ibarət enerji ehtiyatları və
7 kəmərlə Avropa və dünya bazarlarına
çatdırılır. Bunlardan 3-ü neft (Rusiya,
Gürcüstan və Türkiyə istiqamətləri),
4-ü isə qaz (Türkiyə, Gürcüstan, Rusiya və
İran istiqamətləri) kəmərləridir. Bunların
içərisində 2006-cı ilin mayında
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və 2006-cı ilin
sentyabrında Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin
istifadəyə verilməsi həm regional, həm də
Avropanın enerji təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1 milyon barrel, ildə 50
milyon ton neftin ixracını həyata keçirir. BTƏ boru
kəməri ilə isə ildə 25 milyard kubmetr qaz ixrac
edilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2010-cu ildə
ölkəmizdə 51,5 milyon ton neft, 27 milyard kubmetr qaz hasil
edilmişdir. Təkcə "Şahdəniz"
yatağında təsdiqlənmiş qaz yaraqları 1,2 trilyon
kubmetr təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin
təbirincə desək, bu o deməkdir ki, əgər Azərbaycan
ancaq öz təlabatını ödəsə və deməli
xaricə qaz ixrac etməsə, bu ehtiyatlar ölkəmizə
100 ilə kifayət edər. Digər yataqlardakı qaz
ehtiyatlarımız 300 milyard kubmetrdən artıqdır.
Bu gün
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında
enerji sahəsində əməkdaşlığı həyata
keçirmək və inkişaf etdirmək üçün
lazımi hüquqi-normativ baza formalaşmışdır.
1996-cı il aprelin 22-də Azərbaycan və Aİ
arasında "Tərəfdaşlıq və əməkdaşlıq
sazişi"nin imzalanması ilə əsası qoyulan bu
münasibətlər, 2004-cü ildə ölkəmizin
Aİ-nin "Avropa Qonşuluq Siyasəti"nə daxil edilməsi,
2006-cı ildə "Yaxın qonşuluq siyasətinə dair
fəaliyyət planı"na qoşulması ilə daha da inkişaf
etdirilmiş, elə həmin ilin 7 noyabr tarixində bu
addımların məntiqi nəticəsi olaraq hər iki tərəf
arasında "Enerji sahəsində strateji tərəfdaşlıq
haqqında memorandum" imzalanmışdır.
Onu da qeyd
edək ki, hələ 2004-cü ildə Azərbaycan Aİ ilə
sıx əməkdaşlıq edərək "Bakı
prosesi" adlanan təşəbbüs irəli
sürmüşdür. Bu təşəbbüs Qara və Xəzər
dənizlərinin sahilinə çıxan dövlətləri,
eləcə də Aİ-yə üzv ölkələri daha
geniş regional enerji əməkdaşlığına aid
problemləri müzakirə etmək məqsədilə bir
araya gətirmək məqsədi daşıyırdı. Digər
məqsəd regionda enerji tranziti və ticarətinin
asanlaşdırılması üçün imkanların birgə
araşdırılması idi.
Nəhayət,
2009-cu ilin may ayında Azərbaycanın da Aİ-nin "Şərq
tərəfdaşlığı proqramı"na qəbul
edilməsindən sonra bir sıra istiqamətlər üzrə,
xüsusilə də enerji sahəsində əməkdaşlığın
daha da dərinləşdirilməsi üçün yeni
imkanlar açılmış oldu.
Ümumən,
ölkəmiz qaz ixracı prosesində "Cənub dəhlizi"
layihəsinin həyata keçirilməsinə xüsusi əhəmiyyət
verir. "Cənub dəhlizi" dedikdə, bütün qərb
istiqaməti üzrə gedəcək layihələr nəzərdə
tutulur. Bu, həm Nabukko, həm Türkiyə-Yunanıstan-İtaliya,
həm də Transadriatik layihələrdir.
Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizin bu layihənin
reallaşmasında maraqlı olmasını
aşağıdakı amillərlə əsaslandırmışdır:
1. Azərbaycan
qazı üçün etibarlı, uzunmüddətli və
qanunlarla tənzimlənən bazar təmin edilmiş olur.
2. Xarici tərəfdaşlarımız
"Şahdəniz" yatağının ikinci fazasına
investisiya qoyuluşuna başlaya bilirlər. Bu, təxminən
20 milyard dollara yaxın investisiyadır.
3. Bu layihə
baş tutacağı təqdirdə ölkəmizin ümumi
qaz hasilatı 40 milyard kubmetri ötəcəkdir.
Azərbaycan
Respublikası Türkiyə, Bolqarıstan, Rumıniya, Avstriya
və Macarıstan kimi ölkələrin cəlb olunduğu
31 milyard kubmetrlik Nabukko layihəsinin reallaşmasında
maraqlı tərəfdir. İlkin mərhələdə
Avropa dövlətləri bu layihədə Azərbaycanı
tranzit ölkə kimi nəzərdən keçirirdilərsə,
sonralar əsas təchizatçı tərəfdaş kimi
qiymətləndirməyə başladılar. ARDNŞ kəmərin
istifadəyə verilməsinin birinci mərhələsində
onu 7 milyard kubmetr qazla təmin etməyə hazır
olduğunu dəfələrlə bəyan etmişdir. Nabukko
layihəsi üzrə tikinti işlərinə 2011-ci ildə
başlanılması, ilk qazın eyni adlı kəmərlə
Avropaya nəql olunmasına isə 2015-ci ildə start verilməsi
nəzərdə tutulur. Nəticədə 2006-cı ilin
statistik göstəricisinə görə, qaza olan illik tələbatının
böyük bir hissəsini Rusiya hesabına həyata
keçirən Bolqarıstanın (99 faiz) ,Yunanıstanın
(82 faiz), Avstriyanın (69 faiz), Türkiyənin (65 faiz),
Macarıstanın (64 faiz), Rumıniyanın (22 faiz),
İtaliyanın (31 faiz) və digər Avropa dövlətlərinin
Moskvanın qaz inhisarından sığortalanması
üçün əlavə imkanlar açılmış
olacaqdır. Ötən ilin oktyabr ayında Nabukko kəmərinin
Macarıstan və Rumıniya arasındakı 47 kilometrlik hissəsinin
çəkilib başa çatdırılması layihənin
həyata keçirilməsi prosesinə yeni stimul vermişdir.
Avropa
ölkələri Nabukko layihəsinə Rusiyadan olan 40 faizlik
qaz asılılığını zəiflətmək
üçün bir vasitə kimi baxırsa, Azərbaycan bu
prosesə ilk növbədə öz milli maraqlarından
çıxış edərək alternativ, etibarlı və
uzunmüddətli bazara malik olmaq kimi yanaşır, eyni zamanda
partnyorlarının maraqlarını nəzərə
alır. Başqa sözlə, bu prosesdə iştirak edən
hər üç tərəfin: təchizatçı, tranzit
və istehlakçı ölkələrin maraqlarının
və öhdəliklərinin qarşılıqlı olaraq
qorunması Azərbaycanın enerji ixracı siyasətinin fəlsəfəsini
təşkil edir.
Nabukko
layihəsinin reallaşması istiqamətində
ayrı-ayrı cəhdlərdən söhbət getdiyi halda,
Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə
reallaşmış layihə də vardır. Belə ki,
2007-ci ilin noyabr ayında Azərbaycan qazının Türkiyə-Yunanıstan
qaz kəmərinin istifadəyə verilməsi ilə Aİ
bazarına çatdırılması təmin edilmişdir.
Eyni zamanda qaz sahəsində 2002-ci ildə imzalanmış və
müddəti 2007-ci ildə başa çatmış Azərbaycan-Türkiyə
sazişinin ayrı-ayrı məsələlər, xüsusilə
qiymətlə bağlı (hər 1000 kubmetrə 120 ABŞ
dolları) yaranmış anlaşılmazlıqlarına
2010-cu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin
Türkiyəyə səfəri zamanı aydınlıq gətirilməsi
və bu istiqamətdə problemlərin öz hüquqi həllini
tapması, təkcə ikitərəfli əlaqələrin
sonrakı inkişafına deyil, həm də Nabukkonun
reallaşması perspektivlərinə xidmət göstərmişdir.
Bundan savayı, Azərbaycan hökumətinin 2009-cu ilin 16
oktyabr tarixində keçirilmiş iclası zamanı Prezident
İlham Əliyev "Ağ axın" boru kəmərinin
Azərbaycanın qaz ixracı üçün mümkün
variant olacağına dair fikirlər səsləndirmişdir.
Bu layihəyə əsasən, Azərbaycan və Türkmənistan
qazının Qara dənizin dibi ilə Rumıniyaya, sonra isə
Aİ-nin digər ölkələrinə
daşınmasını nəzərdə tutulur. "Ağ
axın" layihəsi də Xəzər akvatoriyası
qazının Avropaya nəql olunmasını nəzərdə
tutan Aİ-nin "Cənub dəhlizi" konsepsiyasının
bir elementidir.
Azərbaycan
Prezidenti İlham Əliyev 2009-cu ilin sentyabr ayında Strateji Tərəfdaşlıq
Sazişi imzaladığı Buxarestdə Rumıniya Prezidenti
Trayan Besesku ilə ilk dəfə "Ağ axın" layihəsini
müzakirə etmişdir. Eyni zamanda Azərbaycanın mayeləşdirilmiş
qazının Qara dəniz vasitəsilə Rumıniyaya nəqlinə
dair də müzakirələr aparılmışdır. Bu
müzakirələrin məntiqi nəticəsi olaraq, 13 aprel
2010-cu il tarixində Azərbaycan, Gürcüstan və
Rumıniya arasında qaz nəqli üzrə memorandum
imzalanmışdır. Sənədə əsasən, Azərbaycan
qazı mayeləşdirilmiş halda Qara dəniz üzərindən
ixrac olunacaqdır. Layihənin dəyəri 2-4 milyard avro təşkil
edir. Onun reallaşması dövründə Rumıniyanın
7 milyard kubmetr qaz alacağı proqnozlaşdırılır.
Bu göstəricinin sonralar 20 milyard kubmetrə
çatdırılmasının mümkünlüyü
haqqında da mülahizələr vardır. Rumıniyadan savayı,
bir sıra digər Avropa dövlətləri, xüsusilə də
Nabukkoda iştirak edən ölkələr bu layihəyə
maraq göstərirlər. Hətta bir sıra kütləvi
informasiya vasitələrində bu layihə Nabukkoya alternativ
kimi təqdim olunur.
Azərbaycanın
Avropa ölkələri ilə inkişaf edən enerji siyasəti
digər dövlətlərə qarşı yönəlməmişdir.
Ölkəmiz bu istiqamətdə həm Rusiya, həm də
İranla əməkdaşlıq kursunu həyata keçirir.
Bu siyasət respublikamızın enerji nəqlində prioritet
verdiyi diversifikasiya (şaxələndirmə) xəttindən
qaynaqlanır.
Məlum
olduğu kimi, Azərbaycan 2001-2006-cı illərdə Rusiyadan
qaz idxal etmişdir. Əvvəlcə 1 milyard kubmetr səviyyəsində
olan idxal, sonradan 4,5 milyard kubmetrədək
çatmışdır. Əməkdaşlığın
ilkin mərhələsində qazın 1000 kubmetrini Azərbaycana
48 dollara satan Rusiya, sonradan qiyməti 110 dollara
qaldırmış, lakin həmin qiymət 2006-cı ildə
235 dollara çatdırıldıqda Azərbaycan Rusiya
qazının idxalından imtina etməli olmuşdur.
2009-cu il
oktyabrın 14-də isə ARDNŞ 2010-cu il yanvarın 1-dən
etibarən ilkin olaraq Rusiyaya illik 500 milyon kubmetr həcmində
qaz satmaq haqqında Qazpromla saziş imzalamışdır. Bu
razılaşma 2009-cu il iyunun 29-da Prezidentlər İlham Əliyev
və Dmitri Medvedevin iştirakı ilə Bakıda hər iki
şirkət rəhbərinin imzaladığı iki ölkə
arasında qaz ticarətinə dair sazişin əsas prinsiplərinin
məntiqi davamı idi. Sonra bu rəqəm 1 milyard kubmetrə
çatmış, bu ilin 2-3 sentyabr tarixində Prezident
D.Medvedevin Bakıya səfəri zamanı Rusiyaya satılan
qazın həcminin 2011-ci ildən 2 milyardkubmetrə
çatdırılması haqqında müqavilə
imzalanmışdır. Sonrakı illərdə
satışın həcminin artırılması haqqında
da razılıq əldə edilmişdir.
Zənnimizcə,
bu hadisənin özü də Nabukkonun reallaşmasında
maraqlı olan avropalı partnyorları daha qətiyyətli və
çevik olmağa sövq etməlidir. Bu prosesdə passiv
gözləmə və seyrçi mövqedə dayanmaq
avropalı tərəfdaşların enerji təhlükəsizliyi
sahəsində uzağagedən planlarına adekvat deyildir.
Beləliklə,
Azərbaycan Respublikası Avropa ölkələri ilə
qarşılıqlı faydalı və çoxşaxəli
münasibətlərə malikdir. Azərbaycan öz gələcəyini
Avropa ailəsinin tamhüquqlu üzvü kimi görür və
bu məqsədə doğru inamla irəliləyir. Bu yolun daha
səmərəli və uğurlu qət edilməsində bir
sıra amillərin, xüsusilə enerji sahəsində
sıx əməkdaşlığın rolu danılmazdır.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının
Geostrateji Araşdırmalar Mərkəzinin
direktor
müavini, tarix üzrə fəlsəfə
doktoru, dosent
Xalq qəzeti.- 2011.- 29 mart.- S. 1.