Ermənistanın
azərbaycanlılara qarşı soyqırımı və təcavüzkarlıq
siyasətinin mərhələləri
Son
iki əsrdə xalqımıza qarşı erməni millətçiləri
tərəfindən məqsədyönlü şəkildə
həyata keçirilən etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan
tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə
dolu çox ağrılı mərhələlərini təşkil
edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli
Azərbaycan ərazilərində ermənilərin
uydurduqları "Böyük Ermənistan" dövləti
yaratmaq olmuşdur.
Tarixi
faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə
malik olan Azərbaycanın Qarabağ bölgəsinin
dağlıq hissəsinə İrandan və Türkiyədən
çoxlu sayda erməni əhalisinin köçürülməsinə
XIX əsrin əvvəllərində
başlanmışdır. Bu dövrdə regionun zəngin təbii
sərvətləri üzərində nəzarəti ələ
keçirmək istəyən çar Rusiyası XVIII əsrin
sonu XIX əsrin əvvəllərində Türkiyə və
İrana qarşı müharibə apararkən "erməni
amili"ndən siyasi alət kimi istifadə etmişdir. XIX əsrin
əvvəllərində Qafqaz qoşunlarının baş
komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra, 19 saylı
raportunda yazırdı ki, Qarabağ özünün
coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə
də İranın qapısı hesab edilir, buna görə də
onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə
daha çox cəhd göstərməliyik. Belə bir məqsəd
tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də
Qarabağ xanı İbrahim xanla general Sisianov arasında
müqavilə imzalandı.
Qarabağ
xanlığı Rusiyanın tərkibinə daxil olan kimi
P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini
möhkəmlətmək üçün Cənubi
Qafqazın digər əyalətlərindən erməniləri
bura köçürməyə başladı.
Qarabağ
əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı
məlumat verən mühüm sənədə çar məmurları
Yermolov və Mogilyovski tərəfindən tərtib edilən
"Qarabağ əyalətinin təsviri"nə görə,
1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə,
o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366
erməni ailəsi olmuşdur. Yəni, hələ 1823-cü
ilə qədər Qarabağa köçürülənlərin
hesabına əyalətdə erməni ailələrinin
sayı 4 min 366-ya çatmışdır.
Qarabağın
dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə
çoxaldılması XIX əsrin 20-ci illərində,
xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən
işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü,
1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər
Rusiya-Türkiyə müharibələrinin gedişində, həm
də sonralar ermənilərin İran, Türkiyə və Cənubi
Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o
cümlədən Qarabağa köçürülməsi nəticəsində
burada onların sayı ilbəil artmağa başladı.
Çar
Rusiyasının Qafqazı işğal etməsini
N.N.Şavrov açıq söyləyir və bu məqsədlə
həmin əraziyə ilk dəfə başqa millətlərin
köçürülməsini yazırdı: "Biz müstəmləkəçilik
fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin
köçürülməsindən başladıq. Vətəndə
arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən
Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarında koloniyalar
yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və
müxtəlif imtiyazlar verildi".
Qarabağın
dağlıq hissəsinə əvvəlcə rəsmən
124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni
köçürülmüşdür. Ümumiyyətlə,
1828-1830-cu illər ərzində Qarabağın dağlıq
hissəsinə 200 min erməni
köçürülmüşdür. Bu faktları
N.N.Şavrov belə təsvir edir: "1828-1830-cu illər
müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox
İran və 84 min Türkiyə ermənisi
köçürüb, onları demək olar ki, ermənilər
yaşamayan Yelizavetpol və İrəvən
quberniyalarında, Tiflis, Borçalı, Axalsixi, Axalkalaki qəzalarının
ən yaxşı dövlət torpaqlarında yerləşdirdik.
Onların məskunlaşması üçün 200.000
desyatindən çox xəzinə torpağı
ayrılmış və onlar üçün müsəlmanlardan
2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı
satın alınmışdır. Həmin ermənilər
Yelizavetpol quberniyasının dağlıq hissəsi
(Qarabağın dağlıq hissəsi nəzərdə
tutulur - E.Ə.) və Göyçə gölünün
sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə
almaq lazımdır ki, rəsmi olaraq köçürülən
124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə
birlikdə onların sayı 200 min nəfərdən
çoxdur"
Bu
fakt onu göstərir ki, köçürülən ermənilər,
əsasən ermənilər yaşamayan və ya az erməni
yaşayan ərazilərdə yerləşdirildilər. Buradan
belə məlum olur ki, XIX əsrin əvvəllərinə,
xüsusilə Türkmənçay müqaviləsinə qədər
Azərbaycanın Gəncə və İrəvan
quberniyalarında ermənilərin sayı həddindən
artıq az olmuşdur.
Beləliklə,
Türkmənçay müqaviləsindən sonrakı iki ildə
çar Rusiyanın himayədarlığı nəticəsində
ermənilər Azərbaycanın müxtəlif yerlərində,
o cümlədən Qarabağın dağlıq hissəsində
məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə
olan bu diqqəti və himayədarlığı sonrakı illərdə
də özünü göstərirdi.
XIX əsrin
sonu - XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin
köçürülməsi davam etdirildi. Təkcə
1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya 400 min erməni
köçürülmüşdü. Bu barədə
N.N.Şavrov yazır: "1896-cı ildə general-adyutant
Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında
onların sayının 900 min nəfər olduğunu göstərmişdir.
1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə
çatmışdır, yəni bu müddət ərzində
ermənilər 400 min nəfərdən artıq
çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1
milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın
köklü sakinləri deyillər. Onları buraya biz
köçürmüşük".
Ümumiyyətlə,
Qarabağın dağlıq hissəsinə ermənilərin
köçürülməsi bölgədə demoqrafik vəziyyətə
ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin
siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min
841 ailədən 29 min 350-nin azərbaycanlı, 18 min
616-nın isə erməni ailəsi olduğu bildirilir. 1917-ci
ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin
hesabına artaraq ümumi əhalinin 46%-ni, azərbaycanlılar
isə 51 %-ni təşkil etmişdir.
1917-ci
ilin "Kavkazski kalendar" məcmuəsinin
yazdığına görə Qarabağda 199 min azərbaycanlı
(58,3%) və 142 min erməni (41,7%) yaşayırdı. Göründüyü
kimi çar Rusiyasının himayəsi sayəsində
süni surətdə ermənilərin mərhələ-mərhələ
köçürülüb Qarabağda yerləşdirilməsinə
baxmayaraq azərbaycanlılar həmin torpaqların əzəli
sakinləri olmaqla yanaşı, bütün dövrlərdə
çoxluq təşkil etmişlər.
"Kavkazski
kalendar"ın salnamələrində verilən statistik məlumatlar
sübut edir ki, Ermənistanın indiki ərazisində də əvvəllər
azərbaycanlılar ermənilərdən xeyli çox
olmuşdur. Məsələn, 1886-cı ildə Gəncə
(Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı
326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 %),
91-i kürd kəndi (27,8%) və yalnız 81-i erməni kəndi
(24,8%) olmuşdur.
1889-cu
ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi
ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci
ildə isə Zəngəzurun əhalisi 142 min nəfər
olmuşdur ki, onlardan 71,2 mini (50,1%) azərbaycanlı, 63,6 min nəfəri
isə (44,8%) erməni olmuşdur.
Ermənistan
Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr
olunmuş statistik məcmuəsində göstərilir ki,
1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər
əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27
min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı
olmuşdur (yəni əhalinin 85,2%-i). Z.Kirokodyanın 1932-ci
ildə İrəvanda nəşr olunmuş "Sovet Ermənistanının
əhalisi 1831-1931" kitabında da qeyd edilir ki, İrəvan
quberniyasının İrəvan, Eçmiəzdin, Yeni Bəyazid,
Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının
Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis
quberniyasının Lori-Pəmbək (Borçalı
mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən
2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda
yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı
olmaqla yanaşı, eləcə də xanlığı idarə
edən 40 nəfərin hamısı azərbaycanlılar
olmuşlar.
İrəvan
quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində
olan qəzalarında, xüsusilə İrəvan qəzasında
azərbaycanlı əhalinin sayı xeyli çox olmuşdur. Məsələn,
qəzada olan 99 min nəfərdən 62,6 mini azərbaycanlı
(66%), 36,4 min nəfəri erməni (34%) olmuşdur.
İrəvan
quberniyasının Eçmiəzdin, Yeni Bəyazid, Sürməli
qəzalarında isə azərbaycanlılar əhalinin
üçdə birini təşkil etmişdir. 1916-cı il
yanvarın 1-nə olan məlumata görə bu ölkələrdə
əhalinin etnik tərkibi yenə azərbaycanlıların
xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında
74,2 min nəfər və ya 48%, Zəngəzur qəzasında
119,5 min və ya 53,3%, Yeni Bəyazid qəzasında 50,7 min nəfər,
Sürməli qəzasında 45 min nəfər azərbaycanlı
olmuşdur. Bu rəqəmlər əyani surətdə
sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində
indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar
əksəriyyət təşkil etmişlər.
Erməni
millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə
Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə
"Qınçaq", 1890-cı ildə isə Tiflisdə
"Daşnaksütyun" partiyalarını yaratdılar. Bundan
sonra, ermənilərin "Böyük Ermənistan"
yaratmaq iddiaları yeni mərhələyə qədəm
qoydu.
XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında qarşıya qoyduğu "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.
Belə ki, 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi "Ermənistan dövləti"ni qurmaq üçün etnik təmizləmə aparmışlar.
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra "Daşnaksütyun" partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladı. İlk addım kimi özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən maskalanmış daşnaklar, əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıraraq sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirdilər. Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaza fövqəladə komissar təyin edilən daşnak S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təçkilatçısı və rəhbərinə çevrildi.
Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur.
1918-ci ilin əvvələrində, yəni mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu və onun başçılığı ilə 1918-ci ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədildi.
Belə ki, həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12-15 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşlər.
Ermənilərin basqını nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 162 kənd dağıdılmışdır ki, onlardan 35-i indi mövcud deyil.
Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələrini aşkar edən faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş və sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir.
Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir.
Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 mindən çox azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Eyni zamanda Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında (şəhərlə birlikdə) 16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı amansızlıqla öldürülmüşdür.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 565 min azərbaycanlı öldürülmüş və doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Kirokodyan özünün "Sovet Ermənistanının əhalisi 1831-1931" kitabında təsdiq edərək yazır ki, "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".
Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, Qarabağda 157, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiəzdin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmişdir.
Azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra fövqəladə istintaq komissiyası yaradılmış və ermənilərin törətdikləri bu cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919 və 1920-ci il martın 31-də iki dəfə ümummilli matəm günü kimi qeyd edilmişdir) mart ayının 31-nin matəm günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.
"Böyük Ermənistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.
Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.
Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.
Lakin bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.
Belə ki, 1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiasında olan Ermənistan parlamentinin gizli göstərişinə əsasən iki həftə ərzində, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur.
Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək, 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan sılahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək, Dağlıq Qarabağ bölgəsinin (4,4 min km.) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdilər. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazılərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxartdı.
Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində ) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir. 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, ümummilli liderin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanı Ermənistan ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.
Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu vurğulamışdır.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyası Beynəlxalq münasibətlər
və xarici siyasət kafedrasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2011.- 30 mart.- S. 3.