Xalqımızın
qan yaddaşı
Hər
bir xalqın tarixində elə hadisələr olur ki, heç
vaxt yaddan çıxmır, unudulmur, gələcək nəsillərin
yaddaşına həkk olunur. 1918-ci ilin mart
qırğınları da xalqımızın tarixinə, onun
taleyinə qanlı hərflərlə
yazılmışdır. Doxsan üç il bundan əvvəl
xalqımıza qarşı ən dəhşətli təcavüzlərdən
biri törədilmişdir. Erməni daşnakları 3 gün ərzində
təkcə Bakıda 12 min azərbaycanlının həyatına
son qoymuş, qocaları, uşaqları, qadınları qətlə
yetirmiş, çoxlu tarixi abidəni məhv etmişlər.
Azərbaycanın
220 kəndi bütövlüklə, 400- dən çoxu isə
qismən dağıdılmışdır.Həmin günlər
bolşevik-daşnak birləşmələri Bakıda
"Kaspi" mətbəəsini, " Açıq
söz" qəzetinin redaksiyasını, " İsmailiyyə"
(hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
binası) binasını yandırmış, "Təzəpir"
məscidinin minarələrini top atəşi ilə
dağıtmışdılar.
Daşnak-bolşevik
hərbi birləşmələri təkcə Bakıda yox, eləcə
də Azərbaycanın Qarabağ, Quba, Naxçıvan,
Şamaxı bölgələrində, həmçinin Şərqi
Anadoluda, Cənubi Azərbaycanda da xalqımıza qarşı
soyqırımları həyata keçirmişlər.
1918-ci
ilin 31 mart qırğını ermənilərin çoxdan
hazırladıqları ssenarinin həyata keçirilməsi
idi. Belə ki, 1917-ci il Oktyabr inqilabından sonra
yaranmış Bakı Soveti daşnak-bolşevik Stepan
Şaumyanın rəhbərliyi ilə fəaliyyət göstərdiyinə
görə burada yerli əhalidən çox az adam təmsil
olunurdu. Şəhər Sovetində cəmləşmiş
daşnaklar və qeyri-millətlərin nümayəndələri
mart hadisələrinin törədilməsinin səbəbkarları
idilər. Bakı Sovetinin o dövrdə qorxduğu bir qüvvə
vardısa, o da azərbaycanlıların millətçi
qüvvələri idi. Mart ayının 9-da Azərbaycan
diviziyası qərargahının Bakıya gəlməsi
şaumyançıları bərk narahat etdi. Martın 30-da
diviziya komandirlərinin qanunsuz həbs edilməsi və şəxsi
heyəti azərbaycanlılardan ibarət olan "Evelina" gəmisinin
tərksilah olunması Bakıda yerli əhalinin böyük
narazılığına və həyəcanına səbəb
oldu. Bakıda azərbaycanlıların hərbi cəhətdən
zəif olduğunu bilən Stepan Şaumyan Bakını Azərbaycanın
paytaxtı etmək arzusunda olan müsəlmanlara dərs vermək
üçün əlverişli məqamın yetişdiyini
başa düşdü. Axı, başdan-ayağa daşnak
olan, ancaq bolşevik libasına bürünmüş
Şaumyan və onun havadarlarının məkrli məqsədi
Bakını erməniləşdirmək, yerli əhalini
buradan qovub çıxarmaq və beləliklə, sərsəm
"Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək
idi. Deməli, bu təxribat planlı şəkildə
qurulmuş və həyata keçirilmişdir. O dövrdə
Bakı Sovetinin mətbuat orqanları hazırladıqları təxribatı
əsaslandırmaq üçün azərbaycanlıları,
bir qayda olaraq, "burjuaziya" və "müsəlman əksinqilabçıları"
hesab edir və onlara qarşı "inqilabi" mübarizəni
zəruri sayırdı. Hələ mart
qırğınından əvvəl - martın 15-də
Şaumyan öz çıxışında deyirdi:
"Bakı Sovet Zaqafqaziyasında vətəndaş
müharibəsinin başlıca mərkəzinə və
istehkamına çevrilməlidir". Bu, bir daha göstərir
ki, mart soyqırımı - azərbaycanlıların, müsəlmanların
kütləvi qırğını Şaumyan və onun ətrafında
olan daşnak-bolşevik ermənilər tərəfindən
törədildi.
Ermənilər yaxşı bilirdilər ki, bizim maddi mədəniyyət abidələrimiz qədimliyimizin sübutudur, xalqımızın tarixi keçmişini, qəhrəmanlıq səhifələrini yaşadıb, varlığımızı və torpaqlarımızın əzəli sahibi olduğumuzu əks etdirir. Ona görə də Azərbaycanın dədə-baba yurdları xüsusi amansızlıqla xarabazara döndərildi, tarixi abidələr yerlə yeksan edildi.
Lakin sovet rejimi uzun illər boyu həmin müdhiş faciəni xalqımıza unutdurmağa çalışdı, bu hadisələr yeni nəsillərdən gizli saxlanıldı. Yalnız yenidən müstəqillik əldə etdikdən sonra, Azərbaycan xalqının ümummilli lideri, unudulmaz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanmış fərmanla erməni millətçiləri tərəfindən törədilmiş cinayətkar əməllərə siyasi qiymət verildi. Həmən tarixi sənəd ötən əsirlərdə azərbaycanlılara qarşı soyqırımı aktı barəsində indiki və gələcək nəsillərdə milli yaddaşın formalaşmasına, bu hadisənin dünya miqyasında düzgün qiymətləndirilməsinə və hüquqi qiymət almasına lazımı şərait yaratdı. Bundan sonra xalqımız sanki silkələndi, milli varlığını daha dərindən dərk etdi, ona qənim kəsilmiş erməni təcavüzkarlarına qarşı daha qətiyyətlə ümumxalq mücadiləsinə girişdi. İnsanlar daha aydın dərk etməyə başladılar ki, 1918-ci ilin martında ermənilər xalqımızın başına hansı bəlaları gətirmiş, qismətimizə necə ürəkbulandırıcı səhifələr yazmışdır.
Ulu öndərimizin təşəbbüsü ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi qan yaddaşımızın bərpasında çox böyük əhəmiyyətə malikdir. 1998-ci ildən etibarən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir. Azərbaycan xalqı, hər bir vətəndaşımız müdrik rəhbərimizin bu xidmətini həmişə minnətdarlıq hissi ilə xatırlayacaqdır.
Ulu öndər Heydər Əliyevin apardığı hüquq islahatları nəticəsində Cinayət Məcəlləsinə soyqırımı maddəsi daxil edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, soyqırımı dedikdə hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini məhv etmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma, qrupun bütövlükdə və ya qismən məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür.
Beynəlxalq sənədlərdə də bu əməllər soyqırımı cinayəti kimi tövsif olunmuşdur. Bu əsaslarla Ermənistan dövləti tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərə görə Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyır.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Prezident İlham Əliyevin hər il xalqımıza müraciəti bizi vətənpərvər olmağa, sıx milli birliyə, məqsədyönlü fəaliyyətə səsləyir.
Kəmalə
QULUBƏYOVA,
Ədliyyə
Nazirliyi Ədliyyə
Akademiyasının
əməkdaşı
Xalq qəzeti.- 2011.- 31 mart.- S. 4.