Erməni vəhşiliyinin
qanlı təzahürü
Bakı
qırğını
1918-ci ildə Bakıda daşnaklarla ittifaqa girən
bolşeviklər Şaumyanın fitvası ilə martın
14-də vətəndaş müharibəsi vəziyyəti
yaratdılar. Martın 24-də isə "Evelina" gəmisindəki
"Vəhşi diviziya" əsgərlərinin tərksilah
olunması partlayışa təkan verdi. Həmin hadisələrin
şahidi olmuş yazıçı Məhəmməd Əsəd
bəy "Qan seli" adlı sənədli hekayəsində
faktlara istinad edərək yazır: " Qadınlar,
uşaqlar və qocalar öz mənzillərində qətlə
yetirildilər. Sakinlərin sığınacaq tapdıqları
məscidlərdə qan su yerinə axdı. Kommunist və neft
maqnatı Styopa Lalayan bütün şəhərdə
müsəlman uşaqlarını axtarıb tapır,
onların qıçından yapışıb havada yellədir
və başlarını yola döşənmiş
çaylaq daşının üstündə əzirdi. Bu
yolla o, yüzdən çox uşaq
öldürmüşdü.
Süni şəkildə meydana çıxmış beynəlmiləl Bakı Sovetinin yaradılması Rusiyanın strateji maraqları ilə üst-üstə düşərək onun siyasi və iqtisadi mənafeyinə uyğun gəlirdi. Beynəlmiləl tərkibli Bakı Kommunası isə yerli əhalinin mənafeyinə xidmət etmədiyindən əyalətlərə nüfuz etmədən yalnız şəhərdaxili fəaliyyətlə kifayətlənirdi. Bakı Xalq Komissarları Sovetinə S.Şaumyanın rəhbərlik etdiyi dövrdə 1918-ci ilin mart qırğınının genişlənməsi, daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması bu hakimiyyətin gələcək perspektivi üzərindən qara xətt çəkdi. 1918-ci il martın 30-31-də Bakıda gedən şiddətli vuruşmada bolşeviklərin 6 min nəfərlik ordusu ilə birləşmiş erməni daşnaklarının 4 minlik quldur dəstəsi "Vəhşi diviziya" və müsəlmanların özünümüdafiə döyüşçüləri ilə vuruşurdu. N.Nərimanovun 1925-ci ildə Moskvada çap edilmiş "Məqalə və məktublar" kitabında bu qırğınla bağlı qənaəti belədir: "Müsəlman bolşevik olsaydı belə, daşnaklar ona aman verməyərək kefləri istəyən adamı öldürər, evləri dağıdıb xaraba qoyardılar. Bolşevizm bayrağı altında müsəlmanlara qarşı hər cür vəhşilik törədən daşnaklar nəinki kişilərə, hətta, hamilə qadınlara da rəhm etmirdilər". Mart qırğınının qismən də olsa qarşısının alınmasında və obyektiv təhlilində N.Nərimanovun tarixi rolu danılmazdır. On minlik dinc əhalinin qırğınına erməni daşnaklarının təhrikçi, gürcü menşeviklərinin müşahidəçi münasibətinə etiraz əlaməti olaraq bu dövrdə Tiflisdə yaşayan Məhəmməd Həsən Hacınskinin də daxil olduğu Zaqafqaziya Seyminin müsəlman fraksiyası və onun nazirləri 1918-ci il aprelin 3-də seymdən çıxmaq məsələsini qaldırdılar. Beləliklə, müsəlman fraksiyasının təzyiqi ilə Zaqafqaziya hökumətinin istefası əldə olunduqdan sonra yaranması labüd olan Azərbaycan Milli Şurasının Bakı hadisələrinə hərbi müdaxiləsi hüquqi cəhətdən təmin olundu.
Professor S.Əliyarlının tədqiqatlarından göründüyü kimi, mart döyüşlərində daşnak partiyasının hərbi alaylarının Bakı Soveti dəstələri ilə birgə çıxış etməsi böyük milli qırğına səbəb olmuşdu. Bu faciədən üç-dörd saat qabaq N.Nərimanov öz evində bir yığıncaq çağırmış, burada üzünü S.Şaumyana tutub söyləmişdi: "Hərgah bir iğtişaş başlansa, ayaq altda qalan fəqir-füqəra olacaq, həmin fəqir-füqəra ki, siz də, mən də onun yolunda işləyirik. Ona binaən, mən sizdən təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh ilə qurtarasınız". Şaumyan həyəcanı sülh ilə yatıracağına söz versə də, belə olmadı. Ola da bilməzdi, çünki "milli qırğın" bahasına "müsəlman əksinqilabını" boğmağı o, qabaqcadan qarşısına məqsəd qoymuşdu. O, özü bu barədə RSFSR XKS-ə 13 aprel 1918-ci il tarixli məktubunda yazmışdı: "Daşnaksütyun"un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik".
Onu da qeyd edim ki, Nərimanovun "ayaq altda qalan fəqir-füqəra olacaqdır" sözləri, tamamilə doğru çıxdı. "Hümmət" qəzetinin müxbiri yazmışdı: "Sülh gününün sabahı Çornıqorodda gömrük həyətinə getdim. Məqtulları (öldürülənləri) gördüm. Deyə bilərəm ki, bunların hamısı fəhlə sinfidir. Təzə Pirə gəldikdə yenə eyni mənzərə. Qəbiristana getdim və üstlərindəki neftli libaslarilə basdırılmaq üçün yan-yana düzülmüş məzlumlar yenə bu bədbəxt fəqirlər idi". Çox maraqlıdır, Şaumyan özü də "müsəlman yoxsulları böyük zərər çəkmiş", "vətəndaş müharibəsi nəticəsində yoxsul və evsiz-eşiksiz müsəlmanlar kütləsi zərər çəkmişdir" etirafı ilə bunu boynuna almışdır. Aprelin 3-də doktor Nərimanovun Şaumyan və Çaparidzeyə aşağıdakı məktubu çap olundu: ".... siyasi müharibə axırda milli müharibə yolu olubdur. Bu əhvalat Şura hökumətinə ləkə salıb, onu qara örtüklə bürüyüb. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir". Beləliklə, 1918-ci ilin ilk dörd ayı içərisində yerli türk-azərbaycanlı əhalisi üzərinə davam edən basqın və qırğınlar onun düşüncəsini köklü şəkildə dəyişdirə bilmişdi. Çünki basqın və qırğınlar tək Bakıda deyil, Şamaxıda, Qubada, Göyçay səmtində, Qarabağda, Naxçıvanda və başqa yerlərdə də baş verirdi. Şamaxı şəhəri və qəzasında qırğın Bakıdakı qədər böyük olmuşdu, üstəlik qalan yerli əhali Quba, Lənkəran və başqa bölgələrə qaçıb dağılmışdı. "Hümmət" qəzetinin 11-25 iyun nömrələrində öz vətənində qaçqın düşən minlərlə adamın siyahısı çap edilmişdi ki, ailə üzvləri bir-birlərini tapıb görüşə bilsinlər. Rəsmi məlumata görə, Bakıda öldürülənlərin sayı 12 min nəfər idi. Azərbaycan Xalq Cümhuriyyətinin fransızca çap etdiyi bu sənədə T.Svyatoçovski "Rusiya Azərbaycanı.1905-1920-ci illər" kitabında ayrıca istinad etmişdir.
Bu, uydurma
deyil, əsl genosid idi. Belə bir şəraitdə yerli azərbaycanlı
əhali üçün milli suverenlik qazanılması vəziyyətdən
yeganə çıxış yolu idi. Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması, bu cümhuriyyətin demokratik
xarakterdə olması, ilk növbədə, milli parlamentdə
təkcə siyasi partiyaların deyil, həm də Azərbaycanda
yaşayan azsaylı millətlərin deputat kürsülərilə
təmin olunmasında özünü göstərirdi. Belə
ki, 96 deputatdan yalnız 36-sı Müsavat partiyasının
payına düşürdü. Onlardan 12-si sosialistləri,
11-i İttihadı, 10-u Əhrarı təmsil edirdi. Bununla
yanaşı, Daşnaksütyun partiyasına 7 və erməni
milli cəmiyyətinə 4, rus icmasına 4 yer verilmişdi.
Azərbaycan
Xalq Cümhuriyyətinin ağır, çox gərgin
keçən 23 aylıq varlığı sovet dövründə
olduğu kimi yalnız qara lövhə kimi təsvir
olunmağa, yalnız həqarətlə yad edilməyə əsla
layiq deyildir. Əksinə, bütün çətinliklərə
baxmayaraq, bu 23 ay bir sıra gərəkli işlərlə
yadda qaldı. Təkcə Bakı Dövlət Universitetinin
açılması buna sübutdur. Bununla butöv bir tarixi
xidmət yapıldı. 1919-cu ildə Azərbaycan Xalq
Cümhuriyyəti 50 minə yaxın qaçqını yerləşdirmək
üçün o ağır illərdə xəzinədən
18 milyon manat pul ayırmışdı (Ermənistandakı
yurd-yuvasından qovulub çıxarılan qaçqınlar Zəngəzurda
idilər, çünki o zaman Zəngəzur Azərbaycan
Respublikasının tərkibində idi). Bu pul
qaçqınların Mil düzünə
köçürülüb yerləşməsi və Gavur
arxın bərpa olunması işinə xərclənirdi.
Tariximizi, xüsusilə 1918-1920-ci illər tariximizi biz necə
də az öyrənmişik!
Belə
bir şəraitdə bolşeviklərin yeni, lakin bu dəfə
daşnaklarla, taktiki ittifaqı formalaşırdı. Sözdə
həmişə millətçiliyin hər cür təzahürünə
qarşı çıxan Şaumyan "Bakını Azərbaycanın
paytaxtı etmək xülyasına düşən"
müsəlmanlara tamamilə başqa münasibət bəsləyirdi.
Azərbaycan kəlməsi onun dilində həmişə məsxərə
ilə səslənirdi. Bolşeviklərin
inamsızlığı hətta "Hümmətə" də
sirayət etmişdi. Gəlir mənbələrindən məhrum
edilən və sıralarına yeni üzvlər qəbul edə
bilməyən təşkilat, öz mövcudluğunu
yalnız son dərəcə kiçik tiraja malik qəzetin
çapı ilə qoruyub saxlayırdı. Bunun əksinə,
bolşeviklər daşnaklara mülayim münasibət bəsləyir,
ermənilər də buna qarşılıqlı məhəbbətlə
cavab verirdilər. Rus kadeti A.Baykov Bakıda inqilab dövrü
haqqındakı xatirələrində erməni-bolşevik
münasibətlərini belə şərh edirdi: "Rus
inqilabı dövründə ermənilər Rusiyaya
bağlılıqlarını nümayiş etdirir,
mövcudluqlarının yeganə çarəsini Rusiyada
görürdülər. Özünüqoruma hissi ermənilərə
bolşeviklərə müqavimət göstərməməyi
və onlarla sövdələşməyə girməyi təlqin
edirdi. Ermənilər həmişə deyirdilər: Biz Rusiya əleyhinə
çıxanlarla birləşməkdənsə, hətta
bolşeviklərlə də olsa Rusiya ilə bir getməyi
üstün tuturuq. Bu fikrin başqa ifadə forması da
vardı: Bolşeviklər necə də olsa, rusdurlar, elə
buna görə də türklərdən
yaxşıdırlar". Daşnaksütyun Bakı Xalq
Komissarları Soveti ilə əlaqə yaratmağa
çalışırdı. Zaqafqaziya siyasətinin müəyyənləşdirilməsində
Şaumyan görkəmli daşnak liderləri ilə əlbir
fəaliyyət göstərirdi. Daşnaklarda isə bir erməni
tarixçisinin də qeyd etdiyi kimi, "Rusiyaya meyl kommunizmə
olan nifrətə üstün gəlirdi". Zaqafqaziyanın
başqa yerlərinə nisbətən Bakıda
daşnak-bolşevik qarşılıqlı anlaşması
işgüzar xarakter daşıyırdı, digər yerlərdə
erməni siyasətçiləri menşeviklərlə əlaqələr
yaratmağa daha çox üstünlük verirdilər. 1918-ci
ildə qışın sonlarına yaxın Bakı müsəlmanları
erməni qoşunlarının şəhərdə
toplanmasından narahat olmağa başladılar. Kənd yerlərindəki
vəziyyətin əksinə olaraq, şəhərdə Azərbaycan
qüvvələri yaxşı silahlanmış daşnaklarla
müqayisədə xeyli zəif idilər. Taleyin istehzasına
bax ki, erməni birləşmələrinin cəbhəyə
yola düşəcəyi güman edilirdi, lakin dəmiryol
qovşaqları müsəlman silahlı dəstələri tərəfindən
dağıdıldığından bu mümkün
olmamışdı. Yerli müsəlman və erməni milli
şuralarının daşnak qüvvələrinin şəhərdən
köçürülməsi haqqındakı müşavirələri
uğursuz nəticələndi, çünki Bakı
müsavatçıları dəmiryol hərəkətinə
mane olan qüvvələrə nəzarət edə bilmirdi.
Qorxuya düşən müsəlmanlar şəhəri
sürətlə tərk etməyə başladılar. Təbii
ki, bu əhali tarazlığına mənfi təsir göstərə
bilərdi, lakin Bakı Sovetindəki bolşeviklər vəziyyəti
nizama salmaq üçün heç nə etmədilər. Əgər
əvvəllər bolşeviklər onları
süpürüb bir kənara ata biləcək "tatar-erməni"
qırğını və vətəndaş müharibəsindən
uzaqlaşmağa çağırırdılarsa, indi iki millət
arasındakı toqquşmaların öz xeyirlərinə
olduğunu aydın başa düşürdülər.
Çünki potensial cəhətdən bolşeviklər
üçün daha təhlükəli olan azərbaycanlılar
Bakıda hərbi cəhətdən hələ zəif idilər;
digər tərəfdən, hətta daşnakların qələbəsi
də şəhərdə erməni azlığının
daimi hakimiyyəti ilə nəticələnə bilməzdi.
Şaumyanın
çıxışlarında şiddətli
çarpışmaların labüdlüyü daha tez-tez nəzərə
çarpdırılırdı. O, martın 15-dəki nitqində
demişdi: "Bakı Soveti Zaqafqaziyada vətəndaş
müharibəsinin başlıca mərkəzinə və
istehkamına çevrilməlidir". O, Zafkomla bir sırada
"müsəlmanların millətçi bəy və xan
partiyalarını" da inqilabın əsas düşmənlərindən
sayırdı. Bolşeviklər həm də seymdəki fikir
ixtilafından və milli rəqabətin doğurduğu gərginlikdən
ürəklənirdilər. Bolşeviklər özlərini vətəndaş
müharibəsinə hazırlayırdılar, həmin
müharibənin nəticələri onları Bakının və
uzun müddətə bütün Zaqafqaziyanın əsl sahiblərinə
çevirə bilərdi. Şaumyan bunu nəzərə alaraq
Rusiya XKS-dən əlavə hərbi sursat xahiş etdi və
istədiyinin yerinə yetirilməsinə nail oldu, lakin Lenin ona
qətiyyəti tədbirliliklə əvəz etməyi
möhkəm şəkildə məsləhət
görürdü. Öz diribaş şagirdinin tələskənliklə
iş görəcəyindən açıq-aşkar ehtiyat eləyərək
o, Şaumyana xatırladırdı ki, "bu vaxta qədər
biz imperialistlər arasındakı ziddiyyət1ərə,
mübarizəyə və ixtilaflara görə xilas ola
bilmişik. Bu ixtilaflardan öz xeyrinizə istifadə etməyi
bacarın. İndiki məqamda biz diplomatiyanı öyrənməliyik".
Şaumyan əmin idi ki, azərbaycanlılarla açıq
ixtilafda Bakı daşnakları bolşeviklər
üçün heç bir qorxu törətməyəcək,
əksinə, xeyli dərəcədə ikincilərin
mövqeyini müdafiə edəcəklər. Buna görə
də o, qətiyyəti diplomatiyadan üstün tuturdu.
Martın ortalarında sovet qüvvələri Bakının
mühasirəsini yarmaq üçün qoşun göndərmək
təşəbbüsünü irəli sürdü. Lənkərana,
Şamaxıya və Muğan bölgəsinə göndərilən
sovet qoşunları həmin əraziləri müsəlman
partizanlarından təmizlədi. Şəhər daxilində
Bakı Sovetinin təcavüzkar mövqeyi müsəlmanlar
arasında gərginliyi daha da gücləndirdi.
Partlayışı doğuran hadisə martın 24-də
Bakı limanındakı "Evelina" kəmisində olan
"Vəhşi diviziya" əsgərləri tərksilah
edilərkən baş verdi. Müsəlmanlar bir gecə ərzində
barrikadalar qurdular, ertəsi gün isə Bakı məscidlərində
etiraz mitinqləri keçirildi. Nərimanov
çalışırdı ki, böhran sülh yolu ilə həll
edilsin, çünki o, "siyasi müharibə"nin
çox asanlıqla iki millət arasında qırğına
çevrilə biləcəyindən qorxurdu. Azərbaycan siyasi
dairələrinin nümayəndələri A.Çaparidze ilə
görüşdülər, lakin sovetin əsgərlərinə
atəş açıldıqdan sonra bu danışıqlar dərhal
kəsildi. Bu xəbəri eşidən A.Çaparidze Nərimanova
zəng vurdu: "Biz sizin təkliflərinizi qəbul etdik,
lakin əgər müsəlmanlar özləri siyasi müharibəyə
başlayırlarsa onda biz nə edə bilərik?". Sonralar
Şaumyan etiraf edəcəkdi: "Biz süvari birləşmələrimizə
qarşı ilk silahlı basqına qarşı hər cür
hazırlıq görmüşdük və dərhal
bütün cəbhə boyu hücuma başladıq".
10 min azərbaycanlının
Bakı Sovetinin 6 min nəfərlik qoşun hissələri ilə
üz-üzə gəldiyi məqamda həlledici söz
daşnakların 4 min nəfər, yaxud bundan bir az çox,
son dərəcə yaxşı silahlanmış hərbi hissələrinin
kimin tərəfində dayanacağından asılı idi.
Ermənilər əvvəlcə tam neytral qalacaqlarını
bildirdilər. Azərbaycanlılar belə bir inamla
döyüşə girdilər ki, daşnaklarla
vuruşmayacaqlar. Lakin martın 31-də daşnaklar sovet
qüvvələrinə qoşuldular. Belə bir qüvvətli
hərbi koalisiya ilə bacarmayan azərbaycanlılar ertəsi
gün atəşi dayandırdılar. Bakı Sovetinin inqilabi
müdafiə komitəsi "əksinqilabçı bəylərin
Müsavat partiyası ətrafında birləşən cinayətkar
planlarını" tənqid edərək təəccüb
doğuracaq şəkildə mülayim azərbaycanlılara
bir ultimatum verdi: Bakı Soveti hakimiyyətinin qeyd-şərtsiz
tanınması və onun sərəncamlarına tam tabelik.
"Vəhşi diviziya"nın və digər müsəlman
birləşmələrinin, bunun ardınca isə erməni
qüvvələrinin şəhərdən
çıxarılması. Bakı-Tiflis və Bakı-Petrovsk
dəmiryol xəttinin yenidən açılması
bolşevik mərkəziyyəti ilə ilk hərbi
toqquşmada azərbaycanlılar hədsiz olmasa da, hər halda
xeyli qurban verdilər. Hadisələrin əsl faciəli
davamı ultimatumun qəbulundan sonra, daşnak - bolşevik
ittifaqının şəhərin müsəlman hissələrində
qarətlər, yanğınlar, qətllər törətməsi
ilə baş verdi. N.Nərimanov ürəyinə daman qara
fikirlərin reallaşdığını gördü. Onun
münaqişənin ikinci dövrü haqqındakı qeydləri
təkcə müəllifin daşnaklara qəzəbini ifadə
etmir, həm də müsəlmanlar əleyhinə
bolşevik-daşnak alyansına münasibətini bildirirdi:
"Müsəlman hətta bolşevik olsaydı belə, ona
aman vermirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir
bolşevik tanımırıq, təkcə elə müsəlman
olmağın kifayətdir". Onlar kefi istədikləri
adamı öldürür, evləri dağıdır, xaraba
qoyurdular. Bolşevizm bayrağı altında daşnaklar
müsəlmanlara qarşı hər cür vəhşiliyə
yol verirdilər. Nəinki kişilərə, hətta hamilə
qadınlara da rəhm etmirdilər".
Vuruşma
aprelin 2-si gecəyədək sakitləşmədi.
Şaumyanın hesablamasına görə, 3 min adam
öldürülmuşdü. Minlərlə sağ
qalmış müsəlman vahimə içərisində
şəhərdən qaçırdı. Onların milli
şurası və siyasi təşkilatları
buraxıldı, rəhbərləri isə Gəncədə,
yaxud Tiflisdə sığınacaq tapdılar. Bakı
böhranı seymdə gərginliyi daha da artırdı.
Zaqafkomun daxili işlər komissarı Ramişvili bolşeviklərin
Zaqafqaziyada hücuma keçdiklərini bildirdi, lakin
görüləcək əks-tədbirlər haqqında
heç nə demədi. Bundan əlavə, menşevik parlament
fraksiyası guya Azərbaycan partizanlarının fəaliyyətini
bəhanə edərək, həm bolşeviklərin hərəkətini,
həm də "Bakıya kənardan hücumları" pislədi.
Bu aşkar qərəzsizlik Ramişvilinin "qardaş
qırğınını" dayandırmaq üçün
vasitəçilik məqsədi ilə Bakıya gəlməsinə
şərait yaratmalı idi. Lakin gözlənildiyi kimi,
bolşeviklər vasitəçilik təşəbbüsünü
rədd etdilər. İnqilabi müdafiə komitəsinin
cavabı milli məsələni yalnız sinfi
qarşıdurma nöqteyi-nəzərindən qiymətləndirmək
cəhdi kimi səciyyəvidir: "Hər hansı sülh
nümayəndəliyinin heç bir məqsədi
olmayacaqdır. Bakıda heç bir qardaş
qırğını baş verməmişdir. Bakı
hüdudlarındakı vətəndaş müharibəsi əksinqilabçı
bəy və xanlara qarşı çevrilmişdir və indi
də davam edir".
Axırda
Zaqafkom qarışıq gürcü - Azərbaycan qüvvələrini
topladı və İmam Qotsinskinin Dağıstan polku
şimaldan şəhər üzərinə yeridikdə
onları Tiflis-Bakı dəmiryol xətti boyunca şərqə
yönəltdi. Zəif əlaqələndirilən və
azsaylı qüvvə ilə həyata keçirilən bu
hücum Bakı Soveti qoşunları tərəfindən
asanlıqla dayandırıldı və onların əks -
hücumları nəticəsində aprelin sonuna doğru
Bakı quberniyasının böyük bir hissəsi Sovet
hakimiyyətinin əlinə keçdi.
"Döyüşün nəticələri bizim
üçün əladır" - deyə Şaumyan aprelin
13-də Xalq Komissarları Sovetinə məlumat verirdi. Hadisələrin
gedişini təsvir etdikdən sonra o, sevinclə bildirirdi:
"Bakıda bizim bolşevik təsirimiz güclü idi və
biz indi sözün əsl mənasında vəziyyəti
öz əlimizə almışıq". Bu coşğunluq,
çox güman ki, Şaumyana onun 1905-ci ildə çarizmin
müsəlman-erməni qırğınından öz xeyrinə
istifadə etməsini necə pislədiyini unutdurmuşdu. Onun
azərbaycanlılara qarşı silah işlədənlərə
belə bir təkliflə müraciət etməsinin
özü şübhəlidir.
Bakı
üzərindən təhlükə sovuşan kimi, inqilabi
müdafiə komitəsi daşnaklara xatırlatdı ki,
ultimatumun şərtləri onlara da aiddir. Erməni milli
şurasına əmr olundu ki, öz hərbi qüvvələrini
Sovetin qoşunları ilə birləşdirsin,
axtarışlar aparılmasını, həbslər
keçirilməsini və vergi yığılmasını
dayandırsın". Daşnaklar bu təkliflə
razılaşdılar və Sovet öz tələblərində
o qədər də sərtlik göstərmədi,
çünki əvvəla, bolşeviklər başqa bir etnik
icmaya-müsəlmanlara nifrət bəsləyirdilər, digər
tərəfdən isə, daşnak tərəfkeşliyi
Sovetin, hakimiyyəti əlində saxlaması üçün
həlledici şərt idi. Bolşeviklər öz ənənəvi
rəqib və düşmənlərinin qalan
dayaqlarının ləğv olunmasında da qətiyyətlə
hərəkət etdilər. Menşevik qəzeti ilə birlikdə
bütün burjua mətbuatı bağlandı. Başqa bir əmrlə
şəhər duması buraxıldı. Həmin dövrdə
Duma artıq hakimiyyəti tam əlinə keçirmiş
sovetlərin faydasız alternativindən başqa bir şey
deyildi.
Aprelin 25-də Bakı Xalq Komissarları Soveti adı ilə şəhərdə və quberniyanın bütün ərazisində hakimiyyəti əlinə alan idarəetmə mexanizmi yaradıldı. Əslində bu, Lenin hökumətinin yerli forması idi. Bolşeviklər hələ də sovetdə azlıq təşkil etmələrinə baxmayaraq, Bakı XKS-də 12 vəzifədən 9-nu tutdular, onların sol eser müttəfiqləri isə öz mövqelərini qismən itirdilər. Başqaları ilə birlikdə komissarların siyahısında Şaumyanın (XKS sədri və xarici işlər komissarı), A.Çaparidzenin (daxili işlər) tanış adları, həmçinin Nərimanov (ictimai təminat), müsəlman sol eser "əkinçi" təşkilatının nümayəndəsi Mir Həsən Vəzirov da var idi. Onların həmin vəzifələrə təyin edilməsi bir tərəfdən qırğından sonra bolşeviklərin müsəlman əhalisi ilə barışmaq cəhdindən, digər tərəfdən ermənilərlə tarazlıq yaratmaq ehtiyacından irəli gəlirdi. Hümmətçilərdən, "ədalət" və "əkinçi" təşkilatlarının nümayəndələrindən təşkil olunmuş müsəlman sosialist bürosu Bakı müsəlmanlarının yeganə səsi kimi tanınırdı. Bakı Xalq Komissarları Soveti öz fəaliyyətini bu büronun müsəlman əhalisinin rifahı və təhlükəsizliyi ilə bağlı tələbləri ilə uyğunlaşdırmağa çalışırdı, bu isə erməni əhalisi arasında qəzəb hissini gücləndirirdi. Buna baxmayaraq, müsəlmanların qeyzlənmiş kütləsi bolşeviklərin bu işlərinə az əhəmiyyət verirdi. "Mart günləri"ndən sonra Azərbaycan rəhbərləri muxtariyyət hüququndan daha çox, ayrılmaqdan danışır və ümidlərini Rusiya inqilabına deyil, Türkiyənin yardımına bağlayırdılar.
Süleyman MƏMMƏDOV,
əməkdar elm xadimi, tarix elmləri
doktoru, professor
Xalq qəzeti.- 2011.- 31 mart.- S. 3.