Ağdaşda
inkişaf və yeniləşmə dinamik prosesə
çevrilib
Ən
başlıcası, adamların sabaha inamı ilbəil
güclənir
Ağdaş şəhərindəki mədəniyyət
və istirahət parkının əsası ötən əsrin
70-ci illərində ulu öndər Heydər Əliyev
respublikaya rəhbərlik etdiyi illərdə qoyulmuşdur.
Ancaq təəssüf ki, 80-ci illərin sonu, 90-cı illərin
əvvəllərində, həyatın bütün sahələrində
olduğu kimi, mədəniyyət və istirahət
ocaqlarına münasibət də kəskin dəyişdi. Hətta
həmin mərkəzlərin, onların yerləşdiyi ərazilərin
ayrı-ayrı adamlar tərəfindən zəbt edildiyi və
s. kimi təəccüb və təəssüf doğuran
hallar da olmuşdur.
Ağdaşdakı mədəniyyət və istirahət parkı da o illərdə baxımsızlıq və laqeydlik üzündən dağılıb gedirdi, işıqlandırma sistemi sıradan çıxmışdı. Park istirahət və əyləncə yerindən daha çox kriminal və içki düşkünlərinin toplandığı xəlvət bir məkana çevrilmişdi. Şəhərin mərkəzində yerləşən parkın bu acınacaqlı vəziyyəti, əlbəttə, istər yerli sakinlərdə, istərsə də qonaqlarda dərin təəssüf hissi yaradırdı. Ona görə də Ağdaş Rayon İcra Hakimiyyətinin yeni rəhbərliyi əsaslı fəaliyyətə şəhər mədəniyyət və istirahət parkının yenidən qurulmasından başladı. Qısa müddət ərzində park öz görkəmini tamamilə gəyişdi, müasir, yaraşıqlı bir məkana çevrildi. İnsanların normal istirahət və əylənməsi üçün hər cür şərait yaradıldı. Bundan başqa, burada ulu öndərin xatirə muzeyi, mərkəz yaradıldı. Bir sözlə, Ağdaş şəhər mədəniyyət və istirahət parkı günün müxtəlif vaxtlarında rayon sakinlərinin, eləcə də qonaqların ən çox sevdiyi, asudə vaxtlarını mənalı keçirmələri üçün gözəl bir məkana çevrildi.
Ancaq bu günlərdə rayona növbəti səfərim zamanı maraqlı bir mənzərənin şahidi oldum. Park yenidən qurulur, burada abadlıq və genişləndirmə işləri aparılırdı. Səki və meydanlar, fəvvarə və bulaqlar yeni formada qurulurdu, daha yaraşıqlı və müasir üslubda tikilirdi. Ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzdə də yenidənqurma işləri aparılırdı. Onu da əlavə edək ki, bu cür abadlıq və səliqə-sahman tədbirləri başqa küçə və meydanlarda, park və xiyabanlarda da gedirdi. Bu, əlbəttə, çox sevindiricidir və hər şeydən əvvəl, son illər Ağdaşda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin, dinamik inkişafın daha sürətli və davamlı olduğunu bir daha sübut edir.
Ancaq bizim demək isdədiyimiz mətləb başqadır: Ağdaşda həyatın axarı gurdur, yenilik, müasirlik axtarışları davam edir. Görülən işlərlə kifayətlənmək, görüntü yaratmaq, necə deyərlər, yerində saymaq ağdaşlılara yaddır. Rayon icra hakimiyyətinin, onun yerli strukturlarının öz iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində daha çox insan amilinə üstünlük verilir, elmi münasibət əsas götürülür.
Bizcə, burada rayonun sosial-iqtisadi və mədəni inkişafını, dinamik yüksəlişi əks etdirən fakt, rəqəm və göstəriciləri bir daha yada salmaq yerinə düşər. Əbəs yerə deməyiblər ki, həqiqət yalnız müqayisədə üzə çıxır. Hər şeydən əvvəl, qeyd edək ki, 2010-cu il fevralın 12-si Ağdaş ictimaiyyəti üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar olmuşdur. Dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş musiqi məktəbində yaradılmış şəraitlə tanış olmuş, su-kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində şəhərə ilkin suyun verilməsini bildirən rəmzi açılış mərasimində, Ağdaş Olimpiya İdman Kompleksinin açılışında, eləcə də rayon mərkəzi xəstəxanasının və regional elektrik yarımstansiyasının təməlqoyma mərasimlərində iştirak etmişdi.
Rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən dövlət başçısı həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, Ağdaşda işlər yaxşı gedir, yeni obyektlər istifadəyə verilir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində bütün məsələlər öz həllini tapır.
Ağdaş səfərinin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il yanvarın 12-də Ağdaş rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif olunması barədə sərəncamlar imzalamışdır. Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öz əməyi ilə fərqlənən şəxslərin yüksək dövlət mükafatları ilə təltif olunması, dövlət başçısının rayonda aparılan quruculuq-abadlıq işlərinə, rayon sakinlərinə göstərdiyi diqqət böyük sevinc və minnətdarlıq hissləri ilə qarşılanmış, adamları gələcək naminə qurub-yaratmağa ruhlandırmışdır.
Ağdaş ənənəvi kənd təsərrüfatı rayonudur. Son illər aqrar sahənin inkişafı ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, fermerlərə güzəştli kreditlərin ayrılması məhsul istehsalının artmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamının tələblərinə uyğun olaraq 10188 istehsalçıya 2010-cu ildə becərilən əkin sahələrinə görə hesablanmış yardımın ödənilməsi təmin edilmişdir.
Ümumiyyətlə, ötən il kənd təsərrüfatı sahəsindən 96 milyon 186 min manat gəlir əldə edilmişdir ki, bu da 2009-cu ildəkindən 24 faiz çoxdur. 2010-cu ildə 15714 hektardan 37154 ton taxıl istehsal olunmuşdur. 50 faiz güzəştlə satılan yüksək reproduksiyalı buğda toxumunun əkildiyi 100,5 hektar sahədən 515 ton toxumluq buğda istehsal olunmuşdur. 2011-ci ilin məhsulu üçün 16148 hektar taxıl əkilmişdir. Onu da deyək ki, 2010-cu ildə "Aqrotexservis"in Ağdaş filialı üçün ayrılmış ərazidə inzibati bina, texnika və gübrələrin saxlanması üçün anbarlar tikilib istifadəyə verilmişdir.
"Aqrotexservis"
lazım olan avadanlıqlarla tam təmin olunmuşdur.
Hazırda rayonda kənd təsərrüfatı məhsulları
istehsalçıları mineral gübrələrin
alınması üçün başqa rayonlara getmir, yerli
"Aqroservis"in bazasından istifadə edirlər. 2010-cu
ildə istehsalçılara güzəştli qiymətlərlə
463,4 ton mineral gübrə satılmışdır. Hazırda
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin
filialı olan "Aqroservis"in balansında 10 şum
traktoru, 14 kombayn, 4 toxumsəpən, 5 otçalan və s. var.
İl ərzində
iri malın sayı 1002 baş artaraq 74594-ə,
xırdabuynuzluların sayı isə 1386 baş artaraq 90484-ə
çatmışdır. Bu dövrdə diri çəkidə
ət istehsalı 259,6 ton, fiziki çəkidə süd
istehsalı isə 879,9 ton artmışdır. Bakı şəhərində
keçirilən kənd təsərrüfatı məhsullarının
satış-yarmarkalarına fermerlər tərəfindən
245 tona yaxın yüksək keyfiyyətli məhsul
çıxarılmışdır.
2010-cu
ilin "Ekologiya ili" elan edilməsi rayonda bu sahəyə
diqqət və qayğını daha da artırmış, 30
mindən artıq ağac əkilmişdir. Rayon ərazisində
yaşıllıq zolaqlarının artırılması məqsədilə
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi
100 hektar sahədə meşə əkini, 2,5 hektar sahədə
isə ting səpini həyata keçirmişdir.
2009-2013-cü
illər üçün regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası istiqamətində
bir sıra tədbirlər həyata keçirilmişdir.
Ağdaş şəhərinin Heydər Əliyev prospekti və
10 küçəsi asfaltlaşdırılmış,
küçələrdə 600 ədəd müasir elektrik
dirəkləri quraşdırılmışdır. Ləki qəsəbəsinin
2 küçəsi, 10,5 km uzunluğunda Ağdaş - Pirəkə
və Orta Ləki yolu, Əmirarx-Güvəkənd kəndlərarası
yolu asfaltlaşdırılmışdır. Rayonda Olimpiya
İdman Kompleksi və musiqi məktəbi tikilib istifadəyə
verilmişdir.
Hazırda
100 çarpayılıq mərkəzi xəstəxananın və
220/110 kv-luq regional elektrik yarımsiansiyasının tikintisində
işlər sürətlə davam edir. Ağdaş qaz
istismarı sahəsi üçün yeni inzibati bina inşa
olunur. Ağdaş şəhərinin su-kanalizasiya sisteminin
yenidən qurulması layihəsi çərçivəsində
suqəbuledici qurğu, nasos stansiyası, su anbarları
magistral boru xətlərinin dəyişdirilməsi, eləcə
də su-kanal idarəsi üçün yeni inzibati binanın
və istehsal bazasının tikintisi başa
çatmışdır. Yaxın vaxtlarda layihənin ikinci mərhələsinin
icrasına başlanacaqdır. Rayonun 3 kəndində modul tipli
sutəmizləyici qurğular
quraşdırılmışdır.
Yeri gəlmişkən,
onu da qeyd edək ki, 2003-2010-cu illərdə rayonda ümumi məhsul
istehsalı 4,2 dəfə, sənaye məhsulu istehsalı 3,3
dəfə, kənd təsərrüfatı məhsulları
istehslı 3,1 dəfə artmışdır. Həmin
dövrdə tikinti-quraşdırma işlərinin həcmi
14,4 dəfə, əhalinin gəlirləri 10,7 dəfə, orta
aylıq əmək haqqı isə 10 dəfə yüksəlmişdir.
2010-cu ildə rayonda 185 milyon manatlıq ümumi məhsul, 6
milyon 129 min manatlıq sənaye və 97 milyon 525 min
manatlıq kənd təsərrüfatı məhsulu istehsal
olunmuşdur. Bu dövrdə orta aylıq əmək haqqı
10 dəfə artaraq 241 manata, əhalinin pul gəlirləri isə
10,7 dəfə artaraq 176,6 milyon manata
çatmışdır. Son yeddi ildə rayonda 5 min 219-u daimi
olmaqla, 13 min 689 iş yeri, o cümlədən 2010-cu ildə
740-ı daimi olmaqla 1617 iş yeri
açılmışdır.
Əhalinin
elektrik enerjisi ilə təminatı sahəsində bir sıra
tədbirlər həyata keçirilmiş, fərdi abonentlərə
538 ədəd sayğac quraşdırılmışdır.
Bundan başqa, 5,8 kilometr uzunluğunda 10 kilovoltluq, 9,4 kilometr
uzunluğunda 0,4 kilovoltluq hava xətləri, 44 ədəd
10/0,4 kilovoltluq transformator yarımstansiyası əsaslı təmir
olunmuşdur. 2010-cu ildə əhali bölməsi üzrə
istehlak olunmuş elektrik enerjisinin dəyəri 84,3 faiz ödənilmişdir.
Təbii
qaz yanacağı ilə təminatı
yaxşılaşdırmaq məqsədilə təmir-bərpa
işləri davam etdirilmiş, Ağdaş şəhərinin
küçələrində, rayonun Ləki qəsəbəsində
və 5 kəndində müxtəlif ölçülü
34280 metr uzunluğunda qaz xətləri yenisi ilə əvəz
olunmuşdur. Rayonda təbii qazla təmin olunan
yaşayış məntəqələrinin sayı 35-ə,
abonentlərin sayı isə 12378-ə
çatdırılmışdır. Hazırda Güvəkənd,
Əmirarx, Mürsəl, Tofiqi, Bəylik, Qoşaqovaq,
Hapıtlı, Ərəbocağı, Pirəkə və
Şıxlı kəndlərinə təbii qaz
yanacağının verilməsi üçün bərpa və
yenidənqurma işləri görülür.
Təhsil
sahəsində müvafiq dövlət proqramlarının həyata
keçirilməsi istiqamətində son 7 il ərzində
rayonda mühüm tədbirlər həyata
keçirilmişdir. Belə ki, yuxarıda qeyd olunan müddət
ərzində Prezidentin Ehtiyat Fondunun və Heydər Əliyev
Fondunun vəsaiti hesabına rayonun Kotavan, Pirəkə, Kükəl,
Yuxarı Ləki, Qaradeyn və Gürcuva kəndlərində
ümumilikdə 1564 şagird yeri olan 6 yeni məktəb
binası tikilib istifadəyə verilmişdir. Maqsud Şeyxzadə
adına texniki, təbiət və humanitar fənlər təmayüllü
gimnaziya, Muşfiq İsayev, 3 saylı şəhər, Ləki
qəsəbə 6 saylı şəhər orta məktəbləri
əsaslı təmir olunmuşdur. Bundan başqa, 3 saylı
şəhər orta, Güvəkənd, Dəhnəxəlil,
Mürsəl, Yuxarı Ləki kənd tam orta, Nehrəxəlil
və Yenikənd kənd ümumi orta məktəbləri
üçün 840 şagird yerlik 42 əlavə sinif
otağı tikilmişdir. Beləliklə, son 7 il ərzində
rayonda 3636 nəfər şagirdin təhsil şəraitinin
müasir standartlara uyğun şəkildə
yaxşılaşdırılması təmin olunmuşdur.
Ümumtəhsil məktəblərinin 13-də müasir
istilik sistemləri quraşdırılmışdır.
Əhaliyə
göstərilən səhiyyə xidmətinin səviyyəsinin
yüksəldilməsi məqsədilə mərkəzi rayon xəstəxənasının
cərrahiyə və travmatologiya şöbələrində,
doğum evində və Uşaq poliklinikasında əsaslı
və cari təmir işləri həyata keçirilmişdir.
Orta Ləki, Aşağı Ləki və Ərəb kəndlərində
yeni həkim ambulatoriyaları tikilmişdir. Mərkəzi xəstəxənaya
371,9 min manatlıq tibbi avadanlıq verilmişdir.
2010-cu il
fevral ayının 12-də ölkə Prezidenti tərəfindən
Ağdaş şəhərində 100 çarpayılıq
yeni xəstəxana binasının təməli qoyulmuşdur.
24 ay müddətinə istifadəyə verilməsi nəzərdə
tutulan bu sağlamlıq kompleksinin tikintisi sürətlə
davam etdirilir. Bundan əlavə, 9 kənddə sağlamlıq
mərkəzinin tikilməsi məqsədilə layihə-smeta
sənədləri hazırlanmışdır.
...
Ağdaşa səfərimdən qəlbimdə xoş,
unudulmaz, işıqlı duyğular var. Müxtəlif
ünvanlarda görüşdüyüm, söhbət etdiyim
insanları xatırlayıram, burada müşahidə etdiklərim,
şahidi olduqlarım, eşitdiklərim barədə
düşünürəm. Bəli, bu gün Ağdaşda
sakit, rahat həyat, yaradıcı, təşəbbüskar
ab-hava, sağlam mənəvi-psixoloji mühit, bir də sabaha
dərin inam və ümid var. Bu isə daha böyük uğurlara
aparan geniş, işıqlı və rahat yoldur.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 1 may.- S. 6.