"Dəniz" qəzeti Xəzər gəmiçiliyinin 80 illik salnaməsidir

 

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin çoxminli kollektivi uzun illərdən bəri dənizçi və tərsanəçilərin sevimli nəşri olmuş "Dəniz" qəzetinin 80 illik yubileyini əlamətdar hadisə kimi qeyd edir. Bu münasibətlə Dəniz Akademiyasında keçirilən mərasimdə qəzetin keçdiyi şərəfli yol, mətbuat tariximizdə mövqeyi, gəmiçiliyin həyatında oynadığı rol layiqincə dəyərləndirildi.

Toplantını giriş sözü ilə açan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi informasiya və mətbuat şöbəsinin rəisi Vüqar Sadıqov "Dəniz" qəzetinin yaradıcı kollektivini təbrik etdi, gəmiçiliyin rəisi Aydın Bəşirovun təbrik məktubunu oxudu. Təbrikdə əksini tapmış Xəzər dənizçilərinin öz doğma qəzetlərinə səmimi münasibətləri qədirbilənlik nümunəsi kimi səsləndi: "Dəniz" 80 il Gəmiçilik rəhbərliyinin ən etibarlı köməkçisi olmuş, dənizçilərimizi və gəmi təmirçilərini yeni-yeni uğurlar qazanmağa ruhlandırmışdır. İnanırıq ki, qəzet öz ənənəsinə bundan sonra da sadiq qalacaq, müstəqil respublikamızın müstəqil dəniz donanmasının canlı salnaməsi mətbu sözlə davam etdirilcəkdir".

Uzun illərdən bəri "Dəniz" qəzetinə redaktorluq edən şair-publisist Rasif Tahirov nəşrin tarixi, fəaliyyəti barədə ətraflı məlumat verərək bildirdi ki, 1931-ci ilin aprelində "Ştorm" adı ilə nəşrə başlayan qəzetin 80 ildə 8796 nömrəsi işıq üzü görmüşdür. Sonrakı illərdə "Kaspi bolşeviki", "Xəzər kommunisti", ötən əsrin 60-cı illərindən "Xəzər dənizçisi" adı ilə buraxılan gəmiçilik qəzeti müstəqillik dövründən "Dəniz" adı ilə çıxır.

İlk sayından Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mürəkkəb və çoxşaxəli həyatına ayna tutan "Dəniz" bu gün də məramına, məqsədinə sadiqdir. Gəmiçiliyin tarixinin son 80 ilini öyrənmək, gəmilərimizin səfər coğrafiyası ilə tanış olmaq üçün arxiv künclərini araşdırmağa lüzum yoxdur. Müxtəlif illərdə Gəmiçiliyin nəbzinin necə döyündüyünü eşitmək üçün "Dəniz"in "dalğalarına" baş vurmaq kifayətdir. Gəmiçiliyin 1931-ci ildən sonrakı həyatı bütün dolğunluğu ilə qəzetimizin səhifələrində əks olunmuşdur. Başqa sözlə, ötən illərdə dənizçilərin, limançıların, yol işçilərinin həyatında elə bir mühüm hadisə olmayıb ki, "Dəniz"in gözündən qaçsın, səhifələrində əksini tapmasın.

Ölkə iqtisadiyyatında öz yeri olan, dövlət xəzinəsinə sanballı ayırmaları ilə seçilən, zəngin tarixə malik gəmiçiliyin uğurlarına bu illərdə hər kəsdən çox "Dəniz" sevinib və səhifələrinə sığmayan sevincini oxucuları - sorağı Dünya sularından gələn dənizçilər, nəqliyyat vasitələrinə ikinci həyat bəxş edən gəmi təmirçiləri, dənizdə dibdərinləşdirmə işləri görən yol işçiləri, şəhərimizin "Dəniz qapısı"nda dinc yüklər aşıran limançılarla bölüşməyə tələsib.

"Dəniz" təkcə xoş günün dostu olmayıb. Ən çətin, ən ağır vaxtlarında da gəmiçilərin qapısını döyüb, onlara arxa, dayaq durub. Hətta İkinci Cahan savaşı illərində də hövzə qəzeti nəşrini dayandırmamış, faşist təyyarələrinin bombardmanları altında cəbhəni yanacaq, döyüş sursatı, ərzaqla təchiz edən Xəzər dənizçilərini fədakarlığa ruhlandırmışdır. "Dəniz"in odlu-alovlu illərdə çıxan barıt qoxulu saylarından bəlli olur ki, təkcə 1942-ci ildə Xəzər donanmasının 46 gəmisi düşmən təyyarələrinin hücumuna məruz qalmış və bu qeyri-bərabər döyüşlərdə 53 dənizçi yaralanmış, 14 gəmi batmışdır.

Azərbaycanın dənizçilik həyatının salnaməsi olan "Dəniz" bu gün də dalğalar qoynunda gecə-gündüz səfərlərə çıxan, daşıdıqları milyonlarla ton dinc yüklərlə məmləkətimizin iqtisadi tərəqqisinə təkan verən, yad sularda müstəqil Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandıran Xəzər dənizçilərinin fədakar əməyindən, işə vicdanlı münasibətindən, yüksək mənəvi keyfiyyətlərindən, taleyini dəniz nəqliyyatı ilə bağlayanların sağlamlığı, istirahəti, təhsili ilə bağlı gəmiçilikdə həyata keçirilən mühüm tədbirlərdən eyni səmimiyyətlə söz açır.

"Dəniz"i bu yaşa çatdıranlar olub. Elə buna görə vaxtı ilə hövzə qəzetində çalışanları bu gün böyük minnətdarlıq duyğuları ilə xatırlayır, dünyasını dəyişənlərin isə ruhu qarşısında baş əyirik. Jurnalistlər Ağabala Mikayılzadə, Hüseyn Hüseynov, Yusif Süleymanov, Hacıağa Cümşüdlü, Nadir Babayev, Qulam Səlimov, Nadir Zeynalov, Mürsəl Cavadov, Məmməd Novruzov, yazıçılar Cəmşid Əmirov, Oruc Vəliyev, şairlər Zeynal Cabbarzadə, Əli Nəzmi, İbrahim Göyçaylı, Şəmşad Rza, felyetonçu Əsəd Əyyub, mütərcimlər Məmmədəli Qayıbov, Vəli Hacıoğlu və başqaları gözlərinin nuru, ürəklərinin istisi ilə "Dəniz"in ömrünə ömür calamışlar. A. Babayev, Ə. Ələkbərov, M. Ağayev, Q. Səlimov, S.Hüseynov, F. Mustafayev müxtəlif illərdə qəzetin yaradıcı kollektivinə rəhbərlik etmişlər. Yazmağın incəliklərinə "Dəniz"də yiyələnmiş bir çox qələm sahibi sonralar respublikamızda çıxan müxtəlif qəzet və jurnallarda çalışmışdır. "Dəniz"in səhifələrində müntəzəm çıxış edənlər arasında tanınmış yazarlar da kifayət qədərdir.

Bu gün də "Dəniz" qəzetində istedadlı jurnalistlər az deyil. Məhz onların fədakarlığı və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin qayğı və diqqəti sayəsində "Dəniz" müntəzəm işıq üzü görür. Gəmiçiliyin rəisi Aydın Bəşirov qəzetin yaradıcı kollektivinin problemlərinə həssaslıqla yanaşır.

Rasif Tahirov sonda bildirdi:

- 80 il qəzet üçün kiçik tarix deyil. Bu 80 ildə "Dəniz" çox qasırğalardan, tufanlardan keçsə də, əhdinə dönük, sözünə xilaf çıxmayıb. Ulu öndər Heydər Əliyev jurnalistikanı çox vacib peşə, mətbuatı isə cəmiyyətin güzgüsü, həqiqətin carçısı hesab edirdi. Düz sözü həmişə uca tutan "Dəniz" qəzetində də çiyinlərinə düşən məsuliyyəti həmişə dərk ediblər. "Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacaq və müdafiə edəcəyik". Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin dilində səslənən bu sözlər isə həm də 80 yaşlı "Dəniz"in sabahına təminatdır.

Yubiley mərasimində Yeni Azərbaycan Partiyası Səbail rayonu "Xəzər dənizçiləri" ərazi təşkilatının sədri İzafət Məmmədov, Dəniz Akademiyası humanitar fənlər kafedrasının müdiri Rəftar İmanov, akademiya kitabxanasının müdiri Firəngiz Rzayeva və başqa çıxış edənlər "Dəniz" qəzetinin kollektivini təbrik etdilər, doğma qəzeti ərsəyə gətirənlərə uğurlar arzuladılar.

Ötən 80 ildə redaksiyamızla sıx əlaqədə fəaliyyət göstərmiş "Dəniz" qəzetinin ünvanına mərasimdə "Xalq qəzeti" redaksiyası adından da xoş sözlər söyləndi.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 1 may.- S. 6.