Xəzər dənizi
niyə geri çəkilir?
Xəzərin
taleyi iqlim dəyişikliyi və antropogen amillərin törətdiyi
təhlükələrlə üz-üzədir
Xəzər dənizi dünyanın ən böyük gölüdür. Sahəsi 371 min kvadrat kilometrdir. Bura 130 çay tökülür, amma buradan heç bir çay axmır. Bu qədər şirin su qəbul etməsinə baxmayaraq bu nəhəng göl duzludur. Ona görə ki, o, 50-60 milyon il bundan əvvəl mövcud olmuş, Atlantik və Sakit okeanları birləşdirən duzlu Tetis okeanının qalığıdır. Dördüncü geoloji dövrdə (1,8 milyon il bundan əvvəl) Xəzər və Qara dəniz artıq bu okeandan ayrılmışdılar və Kuma-Manıç çökəkliyi vasitəsi ilə bir-birləri ilə əlaqəli idilər. Geoloji tarixin sonrakı mərhələlərində irəliləmə və geriçəkilmələr nəticəsində hər iki dəniz bir-birindən ayrılmış və müxtəlif formalara düşmüşlər. Hətta müəyyən dövrdə Şimali Xəzərdə (Abşeron yarımadasından şimalda) su olmayıb.
Xəzər coğrafi, hidrometeoroloji və hidrobioloji xüsusiyyətlərinə görə şimal, orta və cənub hissələrinə bölünür. Dənizin şimalında orta dərinlik 6,2 metr, orta Xəzərdə 190 metr, cənubda isə 1025 metrdir.
Hazırda Xəzər dənizi Dünya Okeanı səviyyəsindən təqribən 27 metr aşağıda yerləşir. Bu dənizin ən böyük xüsusiyyətlərindən biri səviyyəsinin geniş diapazonda daim dəyişməsidir. Keçmişdə subasmalar və geriçəkilmələr dənizin sahilindəki bütün xalqların həyatına təsir edib. Rusiya alimi, tarixçi-etnoqraf, tarix və coğrafiya elmləri doktoru Lev Qumilyov "Xəzərin minillik tarixi" kitabında yazır ki, eramızın X əsrinə qədər Xəzər sahilində hökmran Xəzər xaqanlığı mövcud olmuşdur. Onun zəifləyib süquta uğramasında rolu olan amillərdən biri dənizin səviyyəsinin kəskin artması və ölkənin iqtisadiyyatına böyük ziyan vurması olub. 1830-1895-ci illərdə Xəzər dənizində orta səviyyə mənfi 26,6 metr təşkil edib. 1837-2000-ci illər arasında bu rəqəm mənfi 25,2 və mənfi 29 metr arasında olub. Arada fərq 4 metrə yaxındır. 1950-60-cı illərdə Xəzərin səviyyəsi düşəndə SSRİ miqyasında "Xəzər xilas edilməlidir" şüarı yaranmışdı. Lakin 1990-cı ildə səviyyə qalxanda problemlə əlaqədar tədbirlər "Biz Xəzərdən xilas olmalıyıq" şüarı altında həyata keçirilirdi.
Xəzərdə səviyyə dəyişmələrinin səbəbləri əsasən üç amillə bağlıdır: geoloji, antropogen və hidroiqlim. Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutunun (REA Cİ) alimi Dmitri Lilienberq "Xəzərin yerləşdiyi ərazidə yer qabığının hərəkəti" xəritəsində göstərir ki, Xəzər regionunda tektonik plitələrin hərəkəti əsasən horizontaldır, vertikal hərəkətlər isə bunların törəməsi kimi əmələ gəlir. Onun fikrincə, bu geoloji proseslər səviyyənin dəyişməsində 10-15 faiz rol oynaya bilər və bu cür dəyişmələr uzun geoloji dövr (milyon illər) ərzində baş verir. Dənizin müəyyən hissəsində suyun üstünü örtən neft ləkəsi antropogen amil kimi buxarlanmanın qarşısını alır və səviyyənin artmasına kömək edir. Xəzərin səviyyəsinə təsir göstərən digər antropogen fəaliyyət ona tökülən çaylardan kənd təsərrüfatı və digər məqsədlər üçün hədsiz istifadədir. Xəzər səviyyəsinin dəyişməsində antropogen amilin rolu 3-5 faizdir.
Hidroiqlim amili Xəzər dənizinin səviyyəsinə öz təsirini əsasən dənizə axan çaylar və dəniz səthindən buxarlanma vasitəsi ilə göstərir. Belə ki, Xəzər dənizi və onunla birbaşa, yaxud dolayı yolla əlaqəsi olan çaylar birlikdə mavi tor şəklində 3,5 milyon kvadrat kilometr ərazini (dənizin suyığma hövzəsini) əhatə edir. Qlobal iqlim dəyişmələri bu çaylara elə təsir edir ki, digər amilləri kölgədə qoyur. Bu fakt və dənizdə buxarlanma birlikdə səviyyənin dəyişməsində 85-90 faiz rol oynayır. Yerin bu hissəsində baş verən iqlim dəyişiklikləri öz əksini Xəzərin səviyyəsində tapır. Ona görə də Xəzər Yer kürəsinin böyük ərazisinin iqlim indikatoru adlandırılır.
Xəzərətrafı ölkələrin hidrometeorologiya təşkilatlarının verdikləri son məlumatlara görə, ötən ilin may-iyun aylarında Xəzər dənizinin səviyyəsi anomal olaraq 30 santimetrdən çox enmişdir. Bu, yenə də dənizin ümumi suyığma hövzəsində baş vermiş anomal istiliklərlə, yəni iqlim dəyişmələri ilə izah olunur.
Xəzərdə şiddətli küləklər
olanda hətta şelf zonasında dalğaların
hündürlüyü 3 metrə çatır. Lakin Xəzəri
təlatümdə saxlayan küləklər son zamanlar xeyli
azalmışdır. REA Su Problemləri İnstitutunun alimi
professor Gennadi Panin, Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın
müxbir üzvü Ramiz Məmmədov və Qazaxıstan
Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun alimi İqor
Mitrofanov 2005-ci ildə Moskvada nəşr etdirdikləri "Xəzər
dənizinin müasir vəziyyəti" adlı kitabda
göstərirlər ki, Şimali və Orta Xəzərdə
şiddətli və qasırğalı küləklərin
intensivliyi və sürəti azalmış, il ərzində
20 gündən 15 günə düşmüşdür.
İstiqaməti isə qərb və şimal-qərbdən
şimal-şərqə keçmişdir.
Ekoloji durum
Xəzərin
2 milyon il ərzində axarsız olması, iqlim şəraiti
və duzlu tərkibi burada yalnız bu dənizə məxsus
olan ekoloji sistemin və 400 yerli canlı növünün
formalaşmasına səbəb olub. Dünyada nərə
balığının 90 faizi məhz Xəzərdədir.
Bu cür
zənginlik səbəbindən, üstəlik, əhali
artımı nəticəsində müasir dövrdə dənizin
sahillərində sıx məskən salınıb, əkin-biçin
işləri görülür. Lakin dəniz təbii zənginliyi
ilə sadə əhalini özünə cəlb etdiyi halda,
problemləri ilə alimlərin diqqətini çəkir. Dənizin
müasir vəziyyətini öyrənən mütəxəssislər
onun həyəcan doğuran problemlərini aşkarlayır.
Belə
ki, 1997-ci ildə Abşeron yaxınlığında külli
miqdarda suiti cəsədi sahilə
çıxmışdır. Onların kütləvi
ölüm səbəbi politoksikoz və qızılcadır.
Xəzərin yerli növ suitiləri hazırda tükənmək
üzrədir və qırmızı kitaba
salınmışdır. Bu heyvan Xəzərin ən
böyük canlısıdır və yem zəncirinin
başında duraraq dənizin ekoloji durumunun indikatoru rolunu
oynayır. Yem zəncirini zəiflədən faktorlardan biri
odur ki, 2001-ci ilin yaz və yay fəsillərində Xəzərdə
250 min ton kilkə və yaxud bu növ balıq
ehtiyatının 40 faizi məhv olmuşdur.
Bundan əlavə,
1990-cı illərin əvvəllərində Qara və Azov dənizlərindən
Xəzərə Mnemiopsis leidyi meduzası daxil olmuşdur. O,
xeyli canlıları, həmçinin balığın
kürüsünü yeyir. Zərbə isə yenə də ən
sonda yemi azalan suitiyə dəyir.
Son illər
anomal (çoxillik orta qiymətdən çox) istilər nəticəsində
termoklinin (suyun normadan artıq temperatur qatının) dərinliyi
artmışdır ki, bu da müəyyən temperatura öyrəşmiş
fauna üçün müsbət hal deyildir. Həmin istilər
nəticəsində Cənubi Xəzərin böyük bir ərazisində
xlorofilin (oksidləşmənin, çürümənin) əmələgəlməsi
yüksək həddə çatmışdır. Bunun nəticəsində
isə oksigeni məhdudlaşdıran evtrofikasiya (yosun və
mamır örtüyünün əmələ gəlməsi)
hadisəsi müşahidə olunur.
Xlorofilin əmələ gəlməsinə temperaturun artmasından əlavə çaylardan və sahillərdən gələn çirkablar da təsir edir. Məsələn, Qafqazın ən iri çayları olan Kür və Araz Azərbaycanda qovuşana qədər regionun və ona yaxın ölkələrin saysız-hesabsız çaylarını mavi tor şəklində özlərində cəmləşdirirlər. Nəticədə Avropanın heç də kiçik olmayan hissəsinin "çirki" Kür çayı vasitəsilə Xəzərə çatdırılır. Avropanın ən böyük çayı olan Volqa daha böyük həcmdə çirkab gətirir. O, materikin 20 faiz ərazisini (1400000 kvadrat kilometr) yuyaraq ildə 241 kub kilometrlik həcmlə Xəzərə tökülür və dənizə axan suların 82 faizini təşkil edir.
Bundan əlavə, Xəzərin sahillərindəki şəhərlərdə kanalizasiya birbaşa dənizə axıdılır. Təkcə onu qeyd edək ki, İran sahilində 6 milyon insan yaşayır və orada dənizə tökülən çirkabı təmizləyən heç bir qurğu yoxdur.
Dənizin bütün ətrafında səhralaşma
prosesi intensivləşmişdir. Belə ki, zəif səhralaşmış
ərazilər mülayimə, mülayimlər güclüyə,
güclü səhralaşmış ərazilər isə
şiddətliyə çevrilmişdir. Bunun göstəricilərindən
biri odur ki, vaxtilə Bakının Zirə qəsəbəsindəki
dəniz sahilində qarpız yetişdirmək
üçün qazılmış geniş xəndəklər
suyun altında qalaraq yararsız hala
düşmüşdür. Bunlar həm iqlim dəyişmələri,
həm də Xəzər dənizinin "oynağan" səviyyəsinin
qalxmasının nəticəsidir.
Neft - təbii sərvət və ...
Xəzər
dənizi nəhəng iqtisadi mülkiyyətdir. Bu dəniz
olduqca əliaçıqdır. Aldığı yalnız
çayların gətirdiyi tərkiblərdir. Verdiklərinə
isə nəinki ətrafında, dənizlərin və
okeanların o tayında da ehtiyac duyulur. Xəzərdə 50
milyard barellik neft ehtiyatı var. Onun təxminən 50 faizi
Qazaxıstanın payına düşür. SSRİ
vaxtında aparılmış rəsmi hesablamalara görə,
çıxarılan, emal və nəql olunan neftin 2 faizi itkiyə
gedir. Hazırda neftlə əlaqədar olaraq dənizdə ildə
10 min gəmi reysi qeydə alınır. Bundan əlavə, Xəzərin
səviyyəsi qalxdığı dövrlərdə sahillərdəki
neft və kanalizasiya quyuları suyun altında qalıb. Bunlar dənizin
ekoloji sisteminə ciddi təsir edən digər amillərdir.
SSRİ
1991-ci ildə süquta uğrayandan sonra Xəzəryanı
ölkələrin sayı ikidən beşə
çatdı. İndiyəcən Xəzərin hüquqi
statusu müəyyən edilməyib və Xəzərsahili
dövlətlər 1970-ci ildə təsdiq olunmuş sektor
bölgüsünü dövlət sərhədi kimi qəbul
edirlər. Siyasətçilər Xəzərin statusu
uğrunda mübarizə apardıqları halda alimlər həmişəki
kimi, dənizin sərvətlərini və problemlərini
"sərhədsiz elm" prinsipi ilə öyrənməkdə
davam edirlər.
Konkret tədbirlər
XXI əsrdə
dənizin problemləri elə bir həddə çatdı
ki, ətrafındakı bütün ölkələr onun
bölünməsi yox, qorunması uğrunda konkret addımlar
atmalı oldular. Nəhayət, 2003-cü il noyabrın 5-də
5 Xəzəryanı dövlət "Xəzər dənizinin
dəniz ətraf mühitinin mühafizəsi haqqında"
Çərçivə Konvensiyasını (Tehran
Konvensiyasını) imzaladı. Sənəddən məqsəd
Xəzərin ətraf mühitinin bərpası, bütün
çirklənmələrdən qorunması və təbii
ehtiyatlarından səmərəli istifadə edilməsidir. Tehran
Konvensiyası 2006-cı ilin avqustunda qüvvəyə mindi.
Xəzərin
Azərbaycandakı sahil xəttinin ümumi uzunluğu 825
kilometrdir və onun 660 kilometri zəngin kurort-rekreasiya
ehtiyatlarına malik olması ilə dənizin digər sahillərindən
fərqlənir. Hətta SSRİ Nazirlər Soveti 1983-cü ildə
"Xəzər dənizi sahillərində Ümumittifaq əhəmiyyətli
kurort bazasının yaradılması" haqqında qərarında
həmin sahil xəttinin bu xüsusiyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycan əhalisinin yarıdan çoxu - təqribən 5
milyondan çox insan Xəzər sahillərində
yaşayır. Ölkənin paytaxtı Bakı şəhəri
bilavasitə sahildə yerləşir.
Prezident
İlham Əliyev 13 iyun 2008-ci il tarixdə "Xəzər dənizinin
çirklənmədən qorunması üzrə əlavə
tədbirlər haqqında" sərəncam
imzalamışdır. Sənədə əsasən, modul
tipli çirkli su təmizləyici qurğuların
quraşdırılması və istifadəyə verilməsi
üçün 2 milyon manat ayrılmışdır. Qurğular
artıq bəzi sahilyanı kənd və qəsəbələrdə
quraşdırılıb və fəaliyyət göstərir.
SSRİ
dağılana qədər Xəzəri öyrənən elmi
təşkilatlar SSRİ Elmlər Akademiyasının
müvafiq institutları, həmçinin müəyyən
nazirliklər və müəssisələr idi. AMEA-nın
vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə
2010-cu ildə çap olunmuş AMEA-nın "Elm"
jurnalında qeyd edir ki, İttifaq süquta uğrayandan sonra, tədqiqatlar
üçün maliyyə
çatışmazlıqlarının baş
qaldırması, Xəzərin hüquqi statusu barədə qərarsızlıq,
təbiətlə bağlı kriminal vəziyyətin
inkişafı və s. amillər nəticəsində Xəzəri
öyrənən təşkilatların fəaliyyət səviyyəsi
aşağı düşdü. Ona görə də, bu
gün Xəzəri tədqiq edən beynəlxalq elmi təşkilatın
yaradılması ən vacib məsələlərdən
biridir.
Proqnoz
Sovet alimləri
30 il ərzində Aral dənizinin problemlərini öyrənirdilər
və sonda o, təsərrüfat baxımından itirildi. Səbəb
dənizə axan çayların üzərində çoxlu
bəndlərin qurulması və nəticədə dənizə
axan suların azalması idi. Bu gün, aydın olduğu kimi,
Xəzərin səviyyəsi ilə bağlı ən ciddi
proseslər əsasən çaylardan ibarət olan
suyığma hövzələrində cərəyan edir. Belə
ki, qlobal istiləşmələr çayların suyunu
azaldır və eyni vaxtda kənd təsərrüfatında
suya olan tələbat artır.
Qlobal istiləşmənin təsirinin üstünlüyünü sübut edən digər fakt da vardır: G.Panin 2008-ci ildə "Xəzərin ətraf mühiti" Beynəlxalq Proqramına verdiyi məlumatda bildirir ki, 1937-1969-cu illərdə Xəzərə tökülən çayların üzərindəki bəndlərə görə dənizin çay suyu ilə təminatında 201 kubkilometr azalma müşahidə olunmuşdur. 1951-1990-cı illərdə isə təkcə Volqa çayının Xəzərə axıtdığı suda 63,7 kubkilometr azalma baş vermişdir. İnanmaq olar ki, son illər qlobal istiləşmənin nəticəsində kənd təsərrüfatında çay sularından istifadə genişlənmiş və G.Paninin göstərdiyi rəqəmlər artmışdır. Xatırlayaq ki, belə bir vəziyyətə baxmayaraq bu, antropogen amil kimi, dənizin səviyyəsinin dəyişməsində 3-5 faiz rol oynayır. Belə olan halda təsiri 85-90 faizlə qiymətləndirilmiş qlobal istiləşmənin nə qədər ciddi problem olduğunu anlamaq asan olur.
Sonda qeyd edək ki, R.Məmmədov və AMEA Coğrafiya İnstitutunun keçmiş əməkdaşı mərhum Abbas Hümbətov 1996-cı ildə İranda keçirilmiş konfransa təqdim etdikləri "Xəzər dənizinin səviyyəsinin uzunmüddətli proqnozu" adlı materialda səviyyənin 2010-cu il üçün mənfi 26,6 metr təşkil edəcəyini proqnozlaşdırmışlar. Bu gün Xəzərin səviyyəsi ona yaxın - mənfi 26,7 metrdir. Həmin proqnoza görə, 2040-cı ildə Xəzərin səviyyəsi mənfi 27,8 metr, 2050-ci ildə isə mənfi 27,9 metr olacaqdır. R.Məmmədov hesab edir ki, ümumən Xəzərdə problemlərin həlli istiqamətində görülən tədbirlər dəryada damlaya bənzəyir. Hazırkı durumda Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər. Birgə kompleks tədbirlər görülməzsə bu təhlükə reallaşacaq.
Azərbaycan hökuməti bu təhlükəni nəzərə alaraq, onun qarşısının alınmasında öz səylərini getdikcə artırmaqdadır. Dövlət başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 29 aprel 2011-ci il tarixində imzaladığı sərəncamdan da bunu aydın görmək olar. Həmin sərəncamın ikinci bəndində deyilir: "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".
Xəzərin problemlərinə belə elmi yanaşma digər Xəzərətrafı dövlətlər tərəfindən də göstərilməlidir. Xəzəri itirmək olmaz, o, planetimizin nadir incisidir.
Səid HÜSEYNOV,
AMEA Geologiya İnstitutunun
mətbuat katibi, elmi tədqiqatçı-jurnalist
Xalq qəzeti.- 2011.- 1 may.- S. 5.