Tarixi faktlar
qondarma "erməni soyqırımı"nı rədd edir
(əvvəli qəzetin 22 aprel tarixli sayında)
XX əsrin əvvəllərində Osmanlı imperiyasının ən varlı təbəqəsinin arasında xeyli sayda erməni var idi. Özlərini gözə soxmağı bacaran, yaltaq, hər cür hiyləyə əl atmaqdan çəkinməyən bu millətin nümayəndələri müxtəlif yollarla imperiyanın yüksək vəzifələrində və hətta ordu rəhbərliyində də təmsil olunmaq imkanı qazanmışdılar. Erməni nazirlərin, ordu generallarının sayı hər keçən gün artırdı. Bütün bunlara baxmayaraq həmişə türklərə qarşı kin bəsləyən ermənilər xüsusən I Dünya müharibəsi başlanandan sonra daha da zəifləyən imperiyanın parçalanmasında fəal rol oynadılar. Buna baxmayaraq, Osmanlı hakimiyyəti yenə də onlara etibarını qoruyub saxlamışdı. Ta ki, ermənilərin törətdiyi iğtişaşlar kütləvi hal alanadək... Osmanlı hökuməti Vanda erməni hərbi birləşmələrinin bölgənin müsəlman türk əhalisini kütləvi şəkildə qətlə yetirməsindən sonra, onları Anadoludan ölkənin başqa bölgələrinə köçürmək qərarını müzakirə etməyə başladı. Əvvəlcə, erməni keşişləri, ziyalıları və millət vəkillərini toplayaraq bu cür hərəkətlərin bir daha təkrar olunmayacağına söz vermələrini istədilər. Ciddi cavab ala bilmədilər. Bundan sonra Osmanlı hökuməti 1915-ci il aprelin 24-də "təhcir qərarı"nı ("təhcir" sözü ərəbcə olub insanların bir yerdən başqa bir yerə köçürülməsi, yer dəyişdirilməsi deməkdir - R.Ə.) qəbul etdi. Bu qərar çərçivəsində erməni cəmiyyətləri, təşkilatları və komitələri bağlandı. Terror və təxribatla məşğul olan 235 nəfər həbs edildi. Həmişə həqiqətləri təhrif olunmuş formada dünya ictimaiyyətinə çatdıran ermənilər isə məhz bu tarixi "soyqırımı günü" olaraq qəbul edirlər.
Əslində, köçürülmə barədə qərar məhz ermənilərin, müsəlman türk əhalisinin və Osmanlı ordusunun təhlükəsizliyini təmin etmək üçün qəbul olunmuşdu. Çünki ermənilər əhalini ucdantutma qırırdılar. Qadına, qocaya, uşağa aman vermirdilər. Kişilərin böyük əksəriyyəti müharibəyə yollandığına görə, müsəlman türk kəndlərini müdafiə edəcək qüvvə, demək olar ki, yox idi. Ona görə də erməni quldur dəstələri ciddi maneəyə rast gəlmədən kəndləri talan edir, yandırırdılar. Ermənilər cənub-şərq vilayətlərində türk hərbi birləşmələrinə arxadan zərbə vururdular. Ordu üçün göndərilən silah-sursatı ələ keçirir, ərzaq anbarlarını qarət edirdilər. Vəziyyət o həddə çatmışdı ki, ölkə daxilində hərəkət edən qatarların təhlükəsizliyinə zəmanət vermək mümkün deyildi. Bu isə cəbhədə döyüşən ordunun çətin vəziyyətdə qalması ilə nəticələnirdi. Bundan başqa, Balkan ölkələrindən, Ermənistandan, Azərbaycandan və Qafqazın digər bölgələrindən yüzlərlə müsəlman Anadoluya üz tutmuşdu. Həmin dövrdə Anadolu onların sığınacaq yeri rolunu oynayırdı. Təkcə 1916-cı ildə Cənubi Qafqazdan Türkiyəyə gələn qaçqınların sayı 830 minə çatmışdı. Xüsusən, Ermənistanda ermənilər tərəfindən qarət olunan, minbir işgəncələrə məruz qalan, malını-mülkünü itirmiş türklər təbii olaraq bu millətin nümayəndələrinə nifrət bəsləyirdilər. Ona görə də onların arasında qarşıdurmaların olması qaçılmaz idi. Bunu nəzərə alan Osmanlı Orduları Baş Komandanlığı hökumətə təklif etdi ki, erməni silahlı quldur dəstələrinin olduğu bölgələrdəki erməni ailələri Ermənistana köçürülsün. Düzdür, Osmanlı imperiyası Ermənistana nəzarət etmirdi. Məqsəd erməniləri Anadoludan uzaqlaşdırmaq, yəni deportasiya etmək idi. İkinci təklif isə ermənilərin müharibə bölgəsindən arxa cəbhəyə köçürülməsi məsələsi idi.
Daxili işlər naziri Tələt paşa ermənilərin Osmanlı ərazisində qalmasını təkid etdi. Beləliklə, təhcir qərarı qəbul olundu. Qərara əsasən, ermənilər Osmanlı imperiyası ərazisindən kənarlaşdırılmayacaq, ancaq köçürüləcəkləri bölgələrdə yüzdə onu keçməyəcək şəkildə yerləşdiriləcəkdilər. Həmin dövrdə Suriya və Mesopatomiya Osmanlının tərkibində olduğu üçün ermənilərin bu vilayətlərə köçürülməsi daha məqsədəuyğun hesab edildi. Təsərrüfatla məşğul olan ermənilər əkin üçün əlverişli ərazilərə, sənətkarlar və digərləri isə şəhərlərə yerləşdirilirdi. Buralarda onlara yaşayış üçün hər cür şərait yaradılırdı. Əgər məqsəd bir etnik qrupun yox edilməsi idisə, onda nəyə görə bu insanlar üçün şərait yaradılırdı? Buradan da görünür ki, köçürülmədə məqsəd yalnız təhlükəsizliyin təmin edilməsi olub.
Xüsusi vurğulamalıyıq ki, təhcir qərarı yalnız üsyanda iştirak edən ermənilərə şamil edilirdi. Digərlərinə qətiyyən toxunulmamışdı. Məsələn, Şərqi Anadoluda yaşayan xristianlığın protestant məzhəbindən olan ermənilər elə yaşadıqları yerdə də saxlanılmışdılar. Həmin dövrdə İstanbulda 100-120 min civarında erməni olsa da, onların yalnız 2 mini məcburi qaydada şəhərdən çıxarılmışdı. Bunlar gizli erməni təşkilatlarının rəhbərləri və üzvləri idi. Əskişəhərdən çıxarılanlar isə Almaniyadan gətirilərək cəbhəyə yollanacaq silah-sursatı ələ keçirirdilər. Onların köçürülməsi əhalinin və dövlətin təhlükəsizliyi baxımından zəruri idi.
Osmanlı dövlətinin müttəfiqlərinin məğlub olması və nəticədə Osmanlının İngiltərə, Fransa, İtaliya və Rusiyaya uduzması sonda imzalanan Mondros müqaviləsi ilə işğalçı dövlətlərin Osmanlını öz aralarında bölməsi ilə nəticələndi.
İstanbulda yerləşən İngilis Ali Komissarlığı təcili olaraq erməni və yunanlardan ibarət bir komissiya yaratdı. Ermənilərin köçürülməsində fəal iştirak edən və "cani" adlandırdıqları vətənpərvər türklərin, xüsusi ilə "İttihat və tərəqqi" hökuməti üzvləri və "Təşkilatı-mahsusa" (Osmanlı imperiyasının xüsusi xidmət orqanları belə adlandırılırdı - R.Ə.) üzvlərinin siyahısını hazırlamağı tapşırdı. 1919-cu il martın 4-də ingilislərin tövsiyəsi ilə Mehmet Fərid paşa və ingilislərə rəğbət bəsləyən, əvvəllər də ingilis kəşfiyyatına işləyən şəxslərdən ibarət yeni hökumət quruldu. Həmin il martın 5-də "canilərin" siyahısı hökumətə verildi. Siyahıdakı 66 nəfərin ən qısa zamanda tutulması tələb edilirdi. Oyuncaq baş nazir Mehmet Fəridin göstərişiylə onlar dərhal həbs edilərək məhkəməyə gətirildilər.
İngilislərin ermənilərə hazırlatdıqları siyahıda üç valinin adı xüsusi vurğulanırdı və ermənilər onların edam edilməsinə çalışırdılar. Onlardan birincisi Diyarbəkir valisi, əslən azərbaycanlı olan doktor Rəşid bəy idi. İngilislər və ermənilər onu çox çətinliklə 1919-cu ilin yanvar ayında İstanbulda həbs etdilər.
1873-cü ildə Azərbaycanda dünyaya gələn Rəşid bəy Gülhanə Hərbi Tibb Məktəbini bitirmiş, təbib yüzbaşı (tibb xidməti kapitanı - R.Ə.) kimi orduya getmişdi. 1909-cu ildən sonra ordudan tərxis olunmuş, müxtəlif vilayətlərdə yüksək səviyyəli dövlət məmuru kimi çalışmışdı. Erməni özbaşınalıqlarının başladığı bir zamanda həmyerlimiz Diyarbəkir valisi təyin olunmuşdu. Diyarbəkirə təzə gəldiyi illərdə günlərlə müşahidələrini bu şəkildə qələmə almışdı: "Hərbi sursat anbarları və digər mühüm obyektlər demək olar ki, ermənilərin nəzarəti altındadır. Erməni keşişi məndən öncəki valinin ən yaxın adamı və müşaviri olubmuş. Yüksək təhsilli ermənilər kənd - kənd gəzərək erməniləri məlumatlandırmaqda və dövlət əleyhinə bölücü fəaliyyət həyata keçirməkdədirlər. Erməni keşişlər mouzələrində "Qurtuluş günü gəldi. Hazırlaşın! Lazım gələrsə mal-qaranızı satın, silah alın. Əgər qələbə qazansaq, müsəlmanların malı və sərvəti bizə qalacaqdır", - deyərək, erməni xalqını zəhərləməkdədirlər. Erməni məhəllələrində orduya buraxılmayan və ordudan qaçan erməni fərariləri gizlədilməkdədir. Ermənilər polis və jandarmanın bu məhəllələrə girməsinə izn verməməklə, qorxmadan dövlətə və hökumətə qarşı gəlməkdədirlər".
Tabeliyində ancaq 25-30 jandarma və 50-60 əsgər olan Rəşid bəy problemi kökündən həll etməkdə qərarlı idi. O, əvvəlcə ermənilərin öndə gələn zəngin və ziyalılarını bir yerə toplayaraq, fərariləri və aralarındakı silahlı insanları hökumətə təslim etməyi xahiş edir. Ancaq ermənilər bu xahişi rədd edirlər.
Rəşid bəy raportunda daha sonra bunları yazır: "Bir gün anidən erməni məhəlləsinə daxil olub 500 fərarini yaxaladıq və hökumətə təslim etdi. Bundan başqa, evlərdə axtarışlar zamanı ermənilərin hökumət əleyhinə planlarını, proqramlarını və bir orduya yetəcək qədər silah-sursat ələ keçirdik. Planlardan anlaşılır ki, bölgənin bütün müsəlman əhalisi öldürülməli imiş. Ələ keçirilən şəhər və qəsəbələrdə barrikadalar və qərargahlar qurulacaq, rus ordusu bu bölgələrə yaxınlaşanda şəhərdəki hökumət binaları da ələ keçiriləcəkdi".
Sürgün fərmanı ilə əlaqədər əmrin Diyarbəkir valiliyinə gəlməsindən sonra Rəşid bəy nə lazımdırsa edir və ermənilərin təhlükəsiz köçürülməsini təşkil edir. Ancaq Osmanlıda yeni hökumət qurulduqdan sonra Anadoludakı valilər İstanbula çağırılır və bir qismi həbs edilir. Həbs edilməmişdən qabaq, yeni hökumətdə yüksək vəzifəli bir məmurla Rəşid bəy arasında belə bir söhbət oldu. "Məmur : - Sizin ixtisasınız həkimdir və siz insanları yaşatmalısınız. Bəs necə oldu ki, siz bu günahsız insanları (erməniləri nəzərdə tutur - R.Ə.) vilayətdən sürərək ölümün qucağına atdınız?"
Məmurun bu sualından əsəbiləşən Rəşid bəy sərt bir tonda: "Həkim olmağım mənə milliyətimi unutdurmaz. Rəşid ixtisasca həkimdir. Ancaq həkim Rəşid hər şeydən öncə dünyaya bir türk olaraq gəlmişdir. Millətim hər şeydən üstündür. Diyarbəkirə təyin edildiyim gündən bəri o bölgədəki ermənilərin xaricdən və daxildən necə yardım gördüklərini, rifah və bolluq içində yaşadıqlarını, bunun qarşılığında isə dövlətimizə və millətimizə qarşı kin və nifrət bəslədiklərinin şahidi oldum. Əgər siz bu həqiqətləri bilsəydiniz bu gün mənə bu sualı verməzdiniz. Şərqdəki ermənilər türklərə qarşı o qədər kin və nifrət bəsləyirlər ki, əgər onlar köçürülməsəydilər, Anadoluda canlı olaraq tək bir türk qalmayacaqdı. Vali olduğum müddətdə vilayətimdəki erməniləri yaxından tanımaq imkanı qazandım. Ermənilər çox yüksək səviyyədə təşkilatlanmış və silahlanmışdılar. Əgər gec tərpənsəydik Anadoluda indi bir türk belə tapmaq mümkün olmayacaqdı. İndi vicdanım rahatdır". Rəşid bəyin bu cavabından sonra məmur yerə baxdı və susdu.
Rəşid bəy 1919-cu il yanvarın 25-də yol taparaq İstanbuldakı həbsxanadan qaçır. İstanbuldakı ingilis ali komissarı edam etmək məqsədi ilə tutdurduğu Rəşid bəyin qaçdığını eşidəndə qəzəbindən bağırır. Tərcüməçisini baş nazirin yanına göndərərək, ultimatum verir: "Bu hadisə çox təhlükəli bir haldır. Bu, yalnız türk hökumətinə deyil, bizlərə qarşı da təhqirdir. Bu, türk oyunudur. Əgər cani yaxalanmasa, hökumət məsuliyyətdən yaxa qurtara bilməyəcəkdir".
Bundan sonra İstanbul polisi yüksək hazırlıq vəziyyətinə gətirilir. Hər yerdə Rəşid bəyi axtarırlar. O, gizləndiyi evdən Beşiktaşa - ailəsini görməyə gedərkən erməni Qriqorun rəhbərliyi altında olan polis dəstəsi tərəfindən tələyə düşür. Artıq ələ kəçəcəyini başa düşən qəhrəman həmyerlimiz təslim olmayıb özünü öldürür. O, əvvəldən sanki şəhid olacağını bilirmiş. Çünki şəhid olandan sonra axtarışlar zamanı cibindən vəsiyyətnamə çıxır. Vəsiyyətnamədə yazırdı: "Çox sevdiyim həyat yoldaşım və uşaqlarım. Həbsdən qaçdığım üçün bütün İstanbul polisi məni axtarır... Ələ keçməmək üçün son anda intihar etməyi düşünürəm. Artıq həyatımın heç bir dəyəri olmadığına inanıram. Ancaq mən həyatımın geri qalanını millətimə və sizlərə həsr etmək istəyərdim. Qismət beləymiş. Sizləri və gələcəyinizi düşünmədim"...
Türkiyə Cümhuriyyətinin Dövlət Arxivində yüzlərlə belə maraqlı faktlar, "erməni soyqırımı"nı təkzib edən əsaslı sənədlər mövcuddur. Dünya birliyi həqiqətən də heç bir siyasi məqsəd güdmədən, ikili standartlara yol vermədən tarixi gerçəkliklərə aydınlıq gətirmək istəyirsə, onda Türkiyənin arxivləri bütün tarixçilərin, mətbuat nümayəndələrinin üzünə açıqdır, buyursunlar bizim kimi araşdırsınlar. Yox, əgər söhbət Türkiyəni təzyiq altında saxlamaqla hansısa siyasi-iqtisadi məqsədlərinə çatmaq, Ermənistan sərhədlərinin açılmasını təmin etmək və bu kimi digər məsələlərdən gedirsə, onda çox yanlış bir yoldadırlar. Görünür, onlar ən azından Türkiyəni və türk xalqını hələ də yaxşı tanımayıblar. Unudurlar ki, I Dünya müharibəsi illərində məğlubiyyətə uğrayan Türkiyənin üzərinə 5 imperiyanın ən güclü orduları hücum etmişdi. Ölkəni aralarında bölmək istəyirdilər. Ancaq türk xalqı onlara həddini bildirdi. Mənəm-mənəm deyən bütün ordular məğlubiyyətlə qarşılaşdılar. Canlarını zorla xilas edərək, arxalarına belə baxmadan gəldikləri yerə qayıtdılar. Bu, Türkiyəni, türk xalqını tanımaq istəyən bütün dövlətlər üçün yaxşı dərs olacaq bir hadisədir. Bu baxımdan qondarma "soyqırımı"nın mahiyyətini dəyişdirmək üçün bir-biri ilə uzlaşmayan hadisələr arasında oxşarlıqlar tapmağa çalışmaq və bu yolla nəyəsə nail olmaq birmənalı şəkildə mümkün deyil.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 1 may.- S. 5.