Rusiya filosofları Astarada

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rusiyalı iştirakçları ilə Astara Pedaqoji Kollecində maraqlı görüşlər keçirilib.

Qonaqlar ulu öndər Heydər Əliyevin ruhuna ehtiram əlaməti olaraq onun abidəsini ziyarət etmiş və önünə tər çiçək dəstələri qoymuşlar. Heydər Əliyev Mərkəzində şəkil, stend və eksponatlara baxan qonaqlar Mərkəzə xeyli sayda kitab hədiyyə etmişlər. Respublikanın 30-dan artıq şəhər və rayonundan gəlmiş gənclərə missiyanın məqsəd və məramı barədə məlumat verilmişdir. Rusiya Təbiət Elmləri Akademiyasının akademiki professor Valentina Fedotova, Rusiya Federasiyası hökumətinin nəzdində Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun sosiologiya kafedrasının müdiri, sosioloji elmlər doktoru Nadejda Fedotova, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Qlobalistikada kim kimdir" elmi-təhsil layihəsi ekspert şurasının üzvü Ariz Gözəlov, Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Hacıyevanın gənclərlə təmasları maraqlı olmuşdur.

Qonaqlar Astarada olduqları günlərdə rayonun, eləcə də cənub zonasının tarixi və mədəniyyət abidələrinə baxmış, mənzərəli yerləri gəzmiş, xalqımızın adət-ənənələri ilə yaxından tanış olmuşlar. Qədim Miki kəndində uzun əsrlərin sınağından keçmiş maddi-mənəvi abidələr onlarda dərin təəssürat oyatmışdır.

Astara Pedaqoji Kollecində rusiyalı filosoflarla tələbə və müəllim kollektivinin görüşünü kollecin direktoru, əməkdar müəllim, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, fəlsəfə doktoru Əlihəsən Həmzəyev açmışdır. Sonra qonaqlar çıxış etmişlər. Onlar mədəniyyətlərarası dialoqun bəşəriyyəti xilas edəcəyini maraqlı fikirləri ilə əsaslandırmışlar.

Tədbirdə həmçinin kollecin şöbə müdirləri Əliheydər Həmzəyev, Nəsir Süleymanov musiqi müəllimi Aybəniz Dadaşova çıxış edərək dialoqun əhəmiyyətini dəyərləndirmişlər. Aprelin əvvəllərində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçdiyini vurğulayan tədbir iştirakçıları qeyd etmişlər ki, bu, Azərbaycanın paytaxtı Bakı şəhərinin həqiqətən də dünyanın mədəniyyət mərkəzlərindən biri olduğunu sübut etmişdir. Belə görüşlərin keçirilməsi çox faydalıdır müasir dünya üçün lazımlıdır. Doğrudan da, insanların daha çox ünsiyyət qurması və bir-birini yaxından tanıması zəruridir.

Rusiyalı filosoflar Azərbaycan haqqında həqiqətləri hər yerdə obyektiv təbliğ edəcəklərini söyləmişlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 1 may.- S. 7.