Savab əməllərin
ünvanı
"Uşaqların
xoşbəxt gələcəyi" İctimai
Birliyinin 15 yaşı tamam
oldu
Həyatda
xeyirxahlığı özü üçün gündəlik
yaşayış normasına çevirmək, savab əməllər
sahibi kimi tanınmaq çox az adama nəsib olur. Bu cür
insanlar barədə, adətən, belə deyirlər: o, savab əməlləri
ilə bu dünyada hörmət, axirətdə isə cənnəti
qazanmışdır....
Haqqında
söhbət açacağım "Uşaqların xoşbəxt
gələcəyi" İctimai Birliyinin təsisçisi və
rəhbəri Nərgiz Kərimova belə xoşbəxt
insanlardandır. Körpələrimizin sağlam həyatı
üçün əlindən gələni əsirgəməyən
bu Azərbaycan xanımının atdığı hər bir
addımı alqışlamamaq olmur. Fəaliyyətini sistemləşdirmək
üçün 1995-ci ildə "Uşaqların xoşbəxt
gələcəyi" İctimai Birliyini yaradan Nərgiz Kərimova
quruma xeyriyyəçiliyi ilə seçilən şəxsləri
bu nəcib işə yardım göstərməyə dəvət
edir. Qısa müddət ərzində ana nəvazişindən
, ana qayğısından məhrum olan və fiziki cəhətdən
qusurlu uşaqlara yardım göstərməyə
başlayır. Təşkilat uşaqların
sağlamlığına və sosial ehtiyaclarına
qayğı göstərmək üçün respublikamızda
və xaricdəki müxtəlif xəstəxanalar, klinikalar,
sağlamlıq və reabilitasiya mərkəzləri ilə
sıx əməkdaşlıq yaradaraq, ürək qüsuru,
böyrək çatışmazlığı olan, uşaq
siribral iflicindən və digər xəstəliklərdən əziyyət
çəkən və müalicəyə maddi imkanı
olmayan 450-dən çox uşağın əməliyyat və
ya müalicəsinin həyata keçirilməsini təmin
edir. Nərgiz xanımın rəhbərliyi ilə Ukrayna,
Rusiya və İranın xəstəxanalarına müalicəyə
aparılan uşaqlar sağalıb Vətənə
qayıtmışlar. Ukrayna xəstəxanaları ilə
qurulan sıx əməkdaşlıq sayəsində bu
respublikanın kardiologiya mərkəzinin tanınmış
kardioloqu Todurov həkim briqadası ilə Bakıya gələrək
265 uşağı müayinədən keçirmişdir.
Bütün bunlarla qane olmayan təşkilatın üzvləri il ərzində ölkəmizdə keçirilən bütün bayramlar ərəfəsində valideyn qayğısından məhrum olaraq uşaq evlərinə sığınmış körpələrə baş çəkir, onlara hədiyyələr verir, təbəssüm bəxş edirlər.
"Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyi həftədə bir gün 2, 3, 11 saylı uşaq evlərinə və Sarayda yerləşən ruhi-əsəb dispanserinə baş çəkərək onlara sevincli anlar yaşadır. Təşkilatın səyi sayəsində Nizami rayonunda 3 saylı lal-kar internat məktəbinin əsaslı təmirinə və məktəb binasına istilik sisteminin qoşulmasına vəsait ayrılıb. Birliyin son tədbirlərindən biri isə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Əziz bacım" kampaniyası olub. Bu kampaniya çərçivəsində fevralın 18-dən martın 6-dək kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaq evlərində böyüyən qızlara hədiyyələr toplanıb. Bu hədiyyələr 8 Mart - Beynəlxalq Qadınlar Günündə onlara təqdim edllib.
Xalqımızın milli bayramı olan Novruz günlərində də təşkilat öz xeyriyyəçilik ənənəsinə sadiq qalaraq uşaq evlərinə baş çəkib. Təşkilatın topladığı sovqatlar sayəsində uşaq evlərinə yardımlar paylanıb, qocalar evinə ziyarətlər təşkil olunub.
Novruz bayramı ərəfəsində ombudsman Elmira Süleymanova və təşkilat üzvləri bəstəkar Şəfiqə Axundovanın evində qonaq olublar. Şəhid Fərid Əhmədovu da unutmayan Nərgiz Kərimova və həmkarları şəhidin evinə gedərək onun valideynləri ilə görüşmüşlər.
Bu gün ölkəmizdə xeyriyyəçilik adı ilə yaradılan qurumlar çoxdur. Arzu edərdik ki, onların hamısı sözdə yox, əməldə bu nəcib işlə məşğul olsun. "Uşaqların xoşbəxt gələcəyi" İctimai Təşkilatı kimi.
İsmayıl CƏBİYEV
Xalq qəzeti.- 2011.- 1 may.- S. 7.