Prezident İlham ƏLİYEV: Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etmək üçün hər bir rayonda və kənddə bütün problemlər həll olunmalıdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi,iqtisadiyyatın şaxələndirilməsi,regionların tarazlı inkişafı,əlverişli biznes mühitinin formalaşdırılması,sahibkarlığa hərtərəfli dəstək verilməsi istiqamətlərində son illər bir sıra mühüm tədbirlər həyata keçirilmiş,uğurlu nəticələr əldə edilmişdir. Dövlət başçımızın cənub bölgəsinə səfəri zamanı bunun bir daha şahidi olduq.

 

Respublika Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində əvvəlcə Masallı rayonunda olmuşdur.Burada rayon mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur. Prezident İlham Əliyevə abidənin ətrafında, şəhərdə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.Bildirilmişdir ki, Masallı şəhərinin mərkəzində ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur. Ümumi sahəsi 4 hektar olan parkın ərazisində Heydər Əliyev muzeyi inşa edilmiş, burada ümummilli liderin möhtəşəm abidəsi ucaldılmış, sakinlərin istirahəti üçün gözəl şərait yaradılmış, yeni yaşıllıqlar salınmış, iki böyük fəvvarə tikilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə də tanış olmuşdur.Burada dövlətimizin başçısına məlumat verilmişdir ki, Nizami Gəncəvi parkı 1967-ci ildə salınmışdır. Ümumi sahəsi 4500 kvadratmetr olan park uzun illər baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüşdur. 2011-ci ilin əvvəlindən parkda yenidənqurma və genişləndirmə işlərinə başlanılmışdır. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış və yeni fəvvarə inşa olunmuşdur. Park tamamilə abadlaşdırılmış və 500 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınmışdır. Parkın ətrafında milli memarlıq üslubunda 280 metr uzunluğunda hasar tikilmişdir. İstirahət mərkəzində mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə qurulmuş və digər müvafiq işlər görülmüşdür. Parkın ərazisində yerləşən rayon mədəniyyət evinin fasadı da yenilənmişdir. İdeoloji Mərkəzdə də yenidənqurma işləri aparılmışdır. Parkın yaxınlığındakı binaların fasadlarında aparılan təmir işləri tamamlanmaq üzrədir.

Prezident İlham Əliyev Masallı şəhərinin və rayonun qaz təchizatı sxemlərinə də baxmışdır. Bildirilmişdir ki, Dövlət proqramına əsasən rayon mərkəzində əvvəllər qaz almayan kommunal binalar da daxil olmaqla, şəhərin bütün yaşayış massivlərində birpilləli sistem üzrə qaz təsərrüfatının yenidən qurulması işləri aparılır. İndi Masallı şəhərində qazdan istifadə edən abonentlərin sayı 3300-ə çatır. Cari ilin sonunadək aparılan təmir-bərpa işlərinin tam başa çatdırılması və bununla da Masallı şəhərində 6 minədək abonentin qazla təmin olunması nəzərdə tutulmuşdur. Dövlət proqramı əsasında rayonun Muğan zonasında yerləşən 22 yaşayış məntəqəsində 6176 abonentin qazla təmin olunması məqsədilə birpilləli sistem üzrə həmin yaşayış məntəqələrinin layihə-smeta sənədləri hazırlanmışdır. Həmin kəndləri təbii qazla təmin edəcək 55 kilometr uzunluğunda daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır. Hazırda daşıyıcı kəmərin 3,5 kilometrlik hissəsi çəkilmişdir. İşlər tam başa çatdırıldıqdan sonra rayon üzrə abonentlərin sayı daha 9 minədək artacaqdır.

Prezident İlham Əliyev Masallı şəhərinin planı, su təchizatı və kanalizasiya şəbəkələrinin, şəhərin içməli və çirkab sutəmizləyici qurğularının planları, eləcə də şəhərdə aparılacaq tikinti-abadlıq işləri zamanı istifadə olunacaq materiallar və avadanlıqların nümunələri ilə tanış olmuşdur.Dövlətimizin başçısına məlumat verilmişdir ki, illərdən bəri Masallı şəhərində mövcud olan içməli su və kanalizasiya problemlərinin həlli bu layihənin həyata keçirilməsi ilə aradan qalxacaqdır. Masallı şəhərinə içməli su nəqli 10 kilometrə yaxın məsafədən diametri 630 millimetr olan daşıyıcı xətt vasitəsilə həyata keçiriləcək və şəhər daxilində müxtəlif diametrli borularla paylanacaqdır. Su xətlərinin ümumi uzunluğu 125 kilometr, kanalizasiya xətlərinin ümumi uzunluğu isə 120 kilometr olacaqdır.

Prezident İlham Əliyev Masallı şəhərinin abadlaşdırılması planına da baxmışdır.Məlumat verilmişdir ki, şəhərdə 19 min 200 kvadratmetr sahənin abadlaşdırılması nəzərdə tutulmuşdur. O cümlədən Heydər Əliyev prospektinin yenidən qurulması planlaşdırılmışdır. Prospektin hər iki tərəfindəki tikililər sökülərək yol genişləndiriləcək, yaşıllıq zolaqları salınacaqdır. 8 min 400 kvadratmetr sahədə çəmənlik salınacaqdır. Dörd fontan qurulacaqdır. Prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunacaqdır. Bundan əlavə, prospekt boyu kommunal binaların fasadları müasir səviyyədə təmir olunacaqdır.

Masallı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev demişdir:"...Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülmüşdür. Rayonun inkişafına daim diqqət göstərilir. Bildiyiniz kimi, əvvəlki illərdə Olimpiya İdman Kompleksi tikilmişdir, göz xəstəxanasının filialı açılmışdır, digər layihələr icra edilmişdir. Şəhərdə abadlaşdırma, abadlıq-quruculuq işləri gedir. Ancaq indiki mərhələdə uzun illər həllini gözləyən məsələlər də artıq həll olunur. İlk növbədə qazlaşdırma layihəsi.

Gələn ilin sonuna qədər Masallının bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır. Bu, tarixi bir nailiyyət olacaqdır. Çünki heç vaxt Masallı kəndlərində qaz olmamışdır. Masallıya qazın verilməsinin bərpası bir neçə il bundan əvvəl başlamışdır. Şəhərin müəyyən hissəsini əhatə edirdi. İndi isə layihə hazırlanıb ki, nəinki şəhər, - mənə indi deyirlər, şəhərdə məsələ artıq həll olunub,- bütün kəndlərdə qaz təchizatı təşkil ediləcəkdir. Gələn ilin sonuna qədər bu layihə başa çatmalıdır. Beləliklə, hesab edirəm ki, biz böyük bir məsələnin həllinə nail olacağıq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə də tanış olmuş, yolun sxemini əks etdirən stendlərə baxmışdır.Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat vermişdir ki, Masallı və Astara rayonlarının ərazisindən keçəcək birinci dərəcəli yolun bu hissəsinin ümumi uzunluğu 22 kilometr, eni 27,5 metrdir. Yolun dördtərəfli aparıcı zolağının eni 5 metr olacaqdır. Yolun bu hissəsində 6 körpünün, 4 yolötürücünün və 133 suötürücünün inşası nəzərdə tutulmuşdur. Beynəlxalq standartlara tam cavab verəcək yolda müasir işıqlandırma sistemi, nəqliyyatın və piyadaların maneəsiz hərəkəti üçün lazımi şərait yaradılacaqdır. Dövlətimizin başçısının diqqətinə həmçinin çatdırılmışdır ki, yeni yolun istifadəyə verilməsindən sonra Masallı və Astara rayonlarını birləşdirən köhnə yolun istismarı da davam etdiriləcəkdir. Köhnə və yeni yolun qovşağında isə ötürücü yol keçidi inşa olunacaqdır. Bu yolun istifadəyə verilməsi Masallı və Astara ilə yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar və digər rayonların əhalisi üçün rahatlıq yaradacaqdır...

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda da olmuşdur. Dövlət başçısı burada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Bildirilmişdir ki, Azərbaycanın bütün bölgələri kimi, Astara rayonunun da inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı bütün respublikada olduğu kimi, Astaranın da inkişafında mühüm rol oynamışdır. Ümummilli liderin Vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonunun ictimaiyyəti daim ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür. Astarada inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun da açılışında iştirak etmişdir. Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məlumat vermişdir ki, dövlət başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi də bu qəbildəndir. Bildirilmişdir ki, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq onların daimi istifadə etdikləri Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması üçün Prezident İlham Əliyev 2010-cu il aprelin 21-də "Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Astara ictimaiyyətinin nümayəndələri ilə də görüşmüşdür. Prezident İlham Əliyev demişdir:"... Çox gözəl yoldur, bir neçə kəndi birləşdirir, 19 kilometr uzunluğu vardır. Astara sakinlərinin müraciətinə müsbət cavab verərək bu yolun inşasına Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır və bu yol tikilmişdir. Baxmayaraq ki, bu, kənd yoludur, gözəldir, bütün beynəlxalq standartlara cavab verir. İndi bütün kənd yollarımız bu səviyyədə olmalıdır. İndi kənd yollarının tikintisi ilə bağlı xüsusi proqram hazırlanır. Həm Bakıətrafı qəsəbələrdə, həm də bütün bölgələrdə buna böyük ehtiyac vardır. Çünki kənd yollarımız hələ ki, istədiyimiz səviyyədə deyildir"...

Prezident İlham Əliyev səfər çərçivəsində Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuş,Astarada Gənclər evinin və Astara qaz-kompressor stansiyasının açılışında iştirak etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq "Astara-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına ölkəmizdə energetikanın inkişafı və kiçik su elektrik stansiyalarının tikintisi barədə məlumat vermişdir:" Azərbaycanın elektroenergetika sistemi son bir neçə ildə həyata keçirilən kompleks tədbirlər nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hazırda respublikamızda ümumi generasiya gücləri 6500 meqavatı üstələyir və artıq ölkəmiz bir neçə ildir ki, elektrik enerjisi ixrac edir. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli müvafiq sərəncamı ilə külək və su elektrik stansiyalarının inşasının da respublikamızda geniş tətbiqi məqsədilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması barədə "Azərenerji" ASC-yə tapşırıq verilmişdir. Prezident İlham Əliyev 2010-cu ili respublikamızda alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılması istiqamətində kəskin dönüş ili elan etdikdən sonra ölkəmizdə bu istiqamətdə tədbirlər daha da genişləndirilmişdir".

Azərbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur. Dövlət başçısının diqqətinə çatdırılmışdır ki, kompleksin inşasına "Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli sərəncamına əsasən başlanmışdır. Beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanmışdır. Baş plana əsasən, müasir memarlıq üslubunda, səkkizguşəli ulduz formasında inşa ediləcək kompleksdə ikimərtəbəli əsas universal idman zalı korpusu olacaqdır. İdman zalında min nəfərlik tribuna, trenajor və məşq zalları, foye, qarderob, məlumat stolu, yeməkxana, inzibati otaqlar, tibb, məşqçi və hakim otaqları və s. yaradılacaqdır...

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olmuşdur. Prezident İlham Əliyev salyanlıları salamlayaraq demişdir ki,Salyan şəhərinin inkişaf planı hazırlanır... İndi əlavə vəsait ayrılacaqdır. Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir. Burada gözəl xiyabanlar, binalar tikiləcək, təmir işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaqdır. Qazlaşdırma, içməli su, kanalizasiya layihələri, sosial infrastruktur - bütün bu işlər planlarda vardır... İlk növbədə, qazlaşdırma aparılmalıdır. Çünki elektrik enerjisi ilə təminat normaldır. Ondan sonra içməli su, kanalizasiya, sosial infrastruktur layihələri icra edilməlidir. Biz bütün bu işləri kompleks şəkildə görəcəyik. İşlər başlayıb və əminəm ki, yaxın zamanlarda Salyanın yeni, gözəl siması yaradılacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 1 may.- S. 1.