Azərbaycan
dövləti elmin inkişafı üçün lazım
olan bütün addımları atır
Bütövlükdə, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işində konkret addımlar atılır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Elə etməliyik ki, akademiyanın bütün ehtiyacları təmin olunsun və maddi-texniki bazası daha da gücləndirilsin.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın
illik ümumi yığıncağındakı giriş
nitqindən
Bakı, 26 aprel
2011-ci il
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə bu ilin
payızında ölkəmizin dövlət müstəqilliyinin
bərpa olunmasının 20 illiyi təntənəli surətdə
qeyd ediləcək. Xalqımız həmin əlamətdar
hadisəyə böyük ruh yüksəkliyi ilə
hazırlaşır. Təbii ki, cəmiyyət həyatının
bütün sahələrində çalışan insanlar
ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində
qorunub saxlanılan, əbədiləşdirilən dövlət
müstəqilliyimizin ikinci onilliyinin də uğurla başa
çatmasını xüsusi bayram kimi qeyd edəcəklər.
Daim
xalqın önündə olan Azərbaycan elm ictimaiyyəti,
xüsusən, Milli Elmlər Akademiyamız da dövlət
başçısının sərəncamı ilə yubiley
tədbirlərinin həyata keçirilməsi
üçün digər dövlət orqanları ilə bərabər
məsul təşkilat kimi müəyyənləşdirilib. Alimlər
bu addımı Prezidentin akademiyaya göstərdiyi böyük
etimad kimi qəbul edirlər. Dövlət
başçısının akademiyanın illik ümumi
yığıncağına dəvət edilməsi və elm
adamlarımızın son bir ildə əldə etdiyi nailiyyətlər
barədə bilavasitə Prezidentin iştirakı ilə
hesabat vermək istəyi də məhz onlara göstərilən
etimadın cavabı kimi qiymətləndirilirdi. Eyni zamanda,
Prezidentin Elmlər Akademiyasına gəlişi akademiya
binasının 2007-ci ildən başlanan əsaslı təmir
və yenidənqurma işlərinin başa çatması ilə
də əlaqədar idi. Milli Elmlər Akademiyasının
prezidenti Mahmud Kərimovun söylədiyi bu əsaslandırmalarla
yanaşı dövlət başçımızın elm
adamlarına göstərdiyi qayğı və diqqətin
miqyasını aydınlaşdırmaq üçün
xüsusi bir siyahı tərtib etmək zərurəti yaranar. Ən
başlıcası isə odur ki, Prezident İlham Əliyev də
ulu öndər Heydər Əliyev kimi, vaxtaşırı
alimlərin qonağı olur, onların arzu-istəklərinin,
reallaşdırmaq istədikləri elmi layihələrlə
maraqlanır.
Heydər
Əliyev Azərbaycan tarixinin ən ağır dövrlərindən
olan 1993-cü ilin iyun ayında Milli Elmlər
Akademiyasının alimləri ilə görüşmüş,
cəmiyyətin bəlalardan, məhrumiyyətlərdən
xilas edilməsi üçün alimlərin nə
düşündüyünü şəxsən öyrənmişdi.
Prezident İlham Əliyev isə Azərbaycanın ən iti
sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə
özünəməxsus nüfuz qazandığı bir zamanda
alimlərin yanındadır, onların arzu-istəklərini
öyrənir. Ekspertlərin fikrincə, burada çox incə
bir məqam var. Yəni Azərbaycan dövləti həm
çətin məqamda, həm də xoş gündə elmə
güvənir, həm dövlətin zəif vaxtında, həm
də qüdrətli günlərində alimə, elmə
qayğı göstərir. Bu gün elə bir tədbir olmaz
ki, Prezident İlham Əliyev çıxış edərkən
"biz bütün inkişaf proqramlarımızı elmi
şəkildə əsaslandırırıq" ifadəsini
işlətməsin. Yəni cəmiyyət inkişaf etdikcə
elmə, alim təfəkkürünə daha böyük
ehtiyac yaranır. Prezident İlham Əliyev kosmosa ilk Azərbaycan
rabitə peykinin göndərilməsi üçün gedən
hazırlıq işlərindən tutmuş, hansısa ucqar kənd
məktəbində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə qədər
bütün məsələlərdə alimlərin üzərinə
böyük vəzifələr düşdüyünü
qeyd edir, onlara böyük etimad göstərir. Xüsusən,
müasir dünyanın ən aktual məsələlərindən
olan qloballaşma prosesinə münasibətdə - Azərbaycanın
bunun prosesindən kənarda qalmaması və
qloballaşmanın Azərbaycana mənfi təsir göstərməməsi
üçün elm adamlarının üzərinə
böyük vəzifələr düşdüyü qeyd
olunur.
Bir sözlə, bu gün Azərbaycan dövləti müstəqilliyinin ilk illərində olduğu kimi, kor-koranə deyil, elmi şəkildə əsaslandırılmış prinsiplərlə idarə olunur. İdarəetmənin elmi metodlarından məhrum olan Ermənistandan fərqli olaraq Azərbaycan tərəqqinin xüsusi modelini - Azərbaycan nümunəsini formalaşdırmışdır. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi dayanır. Aprelin 26-da akademiyada keçirilən illik ümumi yığıncaqda bu arqumentlər dönə-dönə yada salındı, konkret faktlarla qeyd edildi.
Prezident İlham Əliyev öz giriş nitqində alimlərin diqqətini bir tarixi məqamın üzərinə yönəltdi: "...Siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdü. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparıldı". Bəs bəzi diletantların ləğv etmək, bağlamaq istədiyi Azərbaycan Milli Elmlər Akademiyasına bugünkü münasibət necədir? Həmin sualın cavabını da Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz giriş nitqi əsasında veririk: "2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra Elmin İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda müxtəlif qrantlar verilir ki, biz Azərbaycanda elmi araşdırmaları stimullaşdıraq". Cəmi 20 il ərzində Azərbaycan elminə göstərilən iki münasibət göz qabağındadır.
Yığıncağın açılış anlarında AMEA-nın prezidenti Mahmud Kərimovun söylədiyi giriş sözündə bugünkü Azərbaycan dövlətinin elmə münasibəti daha aydın şəkildə qeyd olunurdu: "Xüsusi olaraq qeyd etmək istərdim ki, son illərdə akademiyanın elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, binalarının əsaslı təmiri və yenidən qurulması intensiv hal almışdır... Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının, Milli Azərbaycan Tarixi muzeyinin, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əsaslı təmirini misal gətirmək olar".
Mahmud Kərimov iclasdakı çıxışında günümüz üçün əlamətdar olan daha bir məsələyə - ötən il Azərbaycan Respublikasının Dövlət mükafatlarının verilməsi ənənəsinin bərpa olunmasına toxunmuş və həmin mükafatlardan ikisini akademiyanın təmsilçilərinin almasını fəxrlə yada salmışdır: "...Qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin tarixində ilk dəfə verilən Azərbaycan Respublikasının Dövlət mükafatlarını "Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı" elmi nəşrlər silsiləsinə görə Geologiya İnstitutunun əməkdaşları, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə isə Ədəbiyyat İnstitutunun əməkdaşları almışlar. Fərəhli haldır ki, laureatlara Dövlət mükafatlarını Azərbaycan Respublikasının Prezidenti şəxsən özü təqdim etmişdir".
Bir sözlə, Azərbaycan dövləti öz elminin inkişafı, tərəqqisi üçün heç nəyi əsirgəmədiyi kimi, alimlərimiz də müstəqil Azərbaycanın adına layiq elmi nailiyyətlərə, yeni nəticələrə imza atırlar. Region ölkələrinin əksər alimləri Azərbaycanda elmə göstərilən qayğını və diqqəti özləri üçün əlçatmaz hesab edirlər. Azərbaycan alimləri isə bu gün onlar üçün yaradılmış şəraitin gələn il, sonrakı illərdə daha yüksək səviyyəyə qalxacağına əmindirlər. Bunu söyləyən alimlər Prezident İlham Əliyevin alimlərdən gələn istənilən təşəbbüsü, təklifi dəstəkləməsinə istinad edirlər. Prezident özü də akademiyadakı giriş nitqində bu məsələyə toxunmuşdu: "Elmin İnkişaf Fondunun yaradılması, Azərbaycan Elminin İnkişafı üzrə Strategiyanın və Dövlət Proqramının qəbul edilməsi də alimlər tərəfindən verilmiş təşəbbüslər idi".
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 1 may.- S. 1.