Elmə göstərilən
diqqətin bariz nümunəsi
Azərbaycan Prezidenti İlham Əliyev
xalqın gələcəyinin elm və təhsillə
bağlı olduğunu çıxışlarında dəfələrlə
vurğulamış, cəmiyyətdə dünya təhsil
sisteminə inteqrasiyanı vacib saymışdır.Bu diqqət
və qayğının nəticəsi olaraq Azərbaycan Milli
Elmlər Akademiyası ötən illərdə
özünün yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Elmin, təhsilin inkişafı üçün
dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin
ildən-ilə artırılması, bu sahədə
çalışan müəllimlərin əməkhaqlarında,
tələbə, magistr və aspirantların təqaüdlərində
özünü göstərən əsaslı artımlar bu əhəmiyyətli
sahəyə dövlət başçısı tərəfindən
göstərilən qayğının bariz ifadəsidir.
Xatırladaq ki, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 108,6 milyon manata yüksəlmişdir. Bu rəqəm 2010-cu illə müqayisədə 5,6 faiz və ya 5,8 milyon manat çoxdur. 2011-ci ildə büdcədən elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil edir. Elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Yeri gəlmişkən, elmin, təhsilin milli inkişafdakı müstəsna rolunu daim yüksək dəyərləndirərək "Elm, təhsil millətin gələcəyidir" - deyən ümummilli lider hələ respublikaya rəhbərliyinin birinci dövründə bu sahələrin davamlı yüksəlişinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikanın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən möhtəşəm izlərinə çevrilmişdir. Bu illərdə respublikada təhsilin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, elmin inkişafı, kəşflərin, ixtiraların iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsasını təşkil etmişdir.
1997-ci ilin 31 yanvarında ulu öndərin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra Elmlər Akademiyasının yeni mərhələsi başlanmışdır.Həmin görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunub onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına "Azərbaycan Milli Elmlər Akademiyası" statusu verilmiş, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əməkhaqları artırılmış, 2002-ci ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalanmış, böyük öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Möhtərəm Prezident İlham Əliyevin bu günlərdə AMEA-nın illik ümumi yığıncağında iştirakı və alimlər qarşısında dərinməzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələrini verməsi, habelə akademiyanın binasında aparılan yenidənqurma, abadlıq işləri ilə yaxından tanış olması bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir.
Prezident İlham Əliyev elmin inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulundan artırılmışdır. 2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncam isə yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşımışdır.
Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının 2005-ci ildə xüsusi sərəncamlar imzalaması, görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların, Prezident təqaüdünün və mənzillərin verilməsi cənab İlham Əliyevin bu sahəyə yüksək qayğısının əyani təzahürüdür. Akademiyanın 60 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək... Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır".
Onu da qeyd edim ki, İlham Əliyev 2007-ci ilin əvvəllərindən başlayaraq elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Dövlət başçısının 23 yanvar 2007-ci il tarixdə imzaladığı sərəncamla AMEA sistemində çalışan vətəndaşların məvacibləri 50 faiz qaldırılmış, eləcə də fevral ayının 1-dən aspirantların təqaüdündə əsaslı artım baş vermişdir. Cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir. 2008-2009-cu dərs ili qarşısında AMEA sistemində çalışanların məvaciblərinin 25 faiz, 2010-cu ildə isə orta hesabla 10 faiz artırılması da elmi intibaha xidmət etmişdir.
AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması məsələləri də Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən illərdə akademiyanın Mərkəzi Elmi Kitabxanasının yeni binasının inşasına başlanmış, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, akademiyanın rəyasət heyətinin binasında, habelə akademiyanın əsas binasında təmir işləri başa çatdırılmışdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Tarix Muzeyi və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təmiri və yeni avadanlıqların alınması üçün 5 milyon manat, arxeoloji qazıntıların davam etdirilməsi üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna 1 milyon manat, əşyaların bərpası və yeni materialların alınması üçün Tarix Muzeyinə 1 milyon manat vəsait ayrılmışdır.
Dövlət başçısı İlham Əliyevin 16 mart 2011-ci il tarixli "Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı da muzeyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, eksponatların bərpası və yenilərinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Tarix Muzeyinə 1 milyon manat vəsait ayrılmışdır.
Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.
Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.
Elmin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Buna görə də elmi ictimaiyyətimiz cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin icrası üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.
Kərim KƏRİMOV,
AMEA-nın müxbir üzvü,
geologiya-mineralogiya
elmləri doktoru
Xalq qəzeti.- 2011.- 1 may.- S. 3.