Gəncliyə
diqqət gələcəyə qayğıdır
"Gəncliyə qayğı
dövlətin gələcəyinə qayğıdır"
prinsipini rəhbər
tutan dövlət proqramlarının həyata
keçirilməsi nəticəsində gənclərimizin nəinki
ölkə daxilində, eləcə də beynəlxalq aləmdə
öz bacarıq və qabiliyyətlərini uğurla
nümayiş etdirmələrinə hərtərəfli şərait
yaradılmışdır. Minnətdarlıq hissi
ilə qeyd edirik ki, gəncliyə belə
bir diqqət respublikamızda yaradılmış ictimai-siyasi sabitlik, sağlam demokratik cəmiyyət quruculuğunun
məntiqi nəticəsidir. Bu gün Azərbaycan gəncləri
ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni
həyatında fəal rol oynayır,
dövlətimizin idarə olunmasında yaxından iştirak edirlər.
Ölkə
gənclərinin hərtərəfli inkişafını daim
diqqətdə saxlayan Prezident İlham Əliyevin bu günlərdə
imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı haqqında sərəncam gənclərə
olan diqqət və qayğının təzahürüdür.
Biz bunu ulu öndər Heydər Əliyevin gənclər siyasətinin
davamı və yeni inkişaf mərhələsi kimi qiymətləndiririk.
Yeni
dövlət proqramı layihəsinin
hazırlandığı ərəfədə ölkə rəhbərinin
respublikamızın müxtəlif sahələrində
uğurlar qazanmış bir qrup gənci və tələbə
gənclər təşkilatının nümayəndələrini
qəbul edərək geniş görüş keçirməsi,
dövlət gənclər siyasəti haqqında mövqeyini
bir daha açıqlaması, gənclərin arzu, istək və
təkliflərinin proqramda mütləq əksini və həllini
tapacağına dəstək verməsi bizi ürəkdən
sevindirdi. Azərbaycanda yeni Gənclər Fondu və Bakı
şəhərində beynəlxalq standartlara cavab verəcək
Gənclər Mərkəzinin yaradılması ideyası barədə
Prezidentin verdiyi tapşırıqlar müasir Azərbaycan gənclərinin
inkişafı baxımından xüsusi əhəmiyyət kəsb
etməklə, hər birimizdə gələcəyə
böyük inam və nikbinlik hissi yaratmışdır.
Görüşdə
gənclərin məşğulluğunun, yaşayış
şəraitinin, sağlamlığının və intellektual
səviyyəsinin daha da yaxşılaşdırılması,
ölkəmizdə yaradılmış çoxsaylı sənaye
müəssisələri və digər beynəlxalq səviyyəli
müasir obyektlərdə işləyəcək gənc, hərtərəfli
hazırlığa malik texniki kadrların hazırlanması
istiqamətində Prezident İlham Əliyevin verdiyi
tapşırıqlar biz laçınlı məcburi
köçkün gəncləri də ürəkdən
sevindirdi. Məmnunluq hissi ilə qeyd edirik ki, ölkəmizdə
idmanın inkişafına yüksək önəm verilməsi
gənclərimizin sağlam, güclü və gözəl
böyüməsində əhəmiyyətli rol oynayır, həmçinin
çoxsaylı idmançılarımız ölkəmizə
yüzlərlə şərəfli qələbə gətirirlər.
Prezidentin
gənclərlə görüşdə Dağlıq
Qaradağ probleminə dair qəti və dəyişməz
mövqeyini bir daha açıqlaması, bu istiqamətdə
böyük uzaqgörənliklə və məharətlə
apardığı daxili və xarici siyasət müharibə
meydanında yüzlərlə şəhid vermiş, beş
Milli Qəhrəmanı olan laçınlı məcburi
köçkün gənclərdə də işğal
olunmuş torpaqlarımızın azadlığı
uğrunda mübarizə əzmini artırır, onları hər
an döyüşə hazır olmağa səfərbər
edir. Laçınlı məcburi köçkün gənclər
qəti əmindirlər ki, tezliklə Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında zəfər
bayrağımız Şuşada, Laçında və digər
işğaldan azad ediləcək tarixi torpaqlarımızda
dalğalanacaqdır.
Bu
gün hər bir azərbaycanlı kimi, biz gənclər də
Azərbaycan dövlətinin vətəndaşı
olmağımızdan şərəf duyur və ölkəmizin
daha da çiçəklənməsi naminə bütün
qüvvə və bacarığımızı sərf etməyə
hazırıq.
Laçınlı
məcburi köçkün gənclər adından:
Gülnar ƏLİYEVA,
Orxan CƏBRAYILOV,
Xaliq MUSAYEV və başqaları
Xalq qəzeti.- 2011.- 1 may.- S. 3.